14 Mart 2025

Cümə, 23:38

PÜŞK UĞURLU OLDU, DÜŞƏRLİ DƏ OLACAQMI?

Azərbaycan komandaları avrokubokların ilkin mərhələsində rəqiblərini məğlub etməlidir

Müəllif:

02.07.2013

Ötən həftə Azərbaycan futbol həvəskarlarının diqqəti İsveçrənin Nyon şəhərinə yönəlir. Məhz, bu şəhərdə 2013-2014-cü il mövsümünün püşkatma mərasimi keçirilib. Püşk bu dəfə Azərbaycan futbolçularının qarşısına Albaniya, Finlandiya, Makedoniya və Malta komandalarını çıxarıb. Çempionlar Liqasında çıxış edəcək "Neftçi" Albaniyanın "Skenderbeu" kollektivi ilə qarşılaşacaq. Avropa Liqasında mübarizə aparacaq "Qarabağ" Makedoniyanın "Metallurq", "İnter" Finlandiyanın "Mariehamn", "Xəzər-Lənkəran" isə Maltanın "Slima" klubu ilə üz-üzə gələcək. Gəlin, rəqiblərlə tanış olaq.

 

"Neftçi" "Skenderbeu"ya qarşı

1994-cü ildən qitəmiqyaslı turnirlərdə çıxış edən "Neftçi" tarixində ilk dəfə Albaniyanın "Skenderbeu" komandasıyla qarşılaşacaq. Bu klublarımızın ilk alban rəqibidir. "Skenderbeu" Bakının "İnter" komandasıyla ötən mövsüm yoxlama görüşündə gücünü sınayıb. Görüş qolsuz başa çatıb. 

Komanda ev oyunlarını Korça şəhərindəki 12 min azarkeş tutumuna malik "Skenderbeu" stadionunda keçirir. "Neftçi"nin rəqibinin avrokuboklardakı təcrübəsi çox deyil. Albaniya təmsilçisinə avrokuboklarda mərhələ adlamaq nəsib olmayıb. 2011-ci ilin yayında ÇL-də debüt edən komanda bizə yaxşı tanış olan Kipr APOEL-nə uduzaraq mübarizəni dayandırıb. Ötən mövsüm isə "Skenderbeu" Macarıstanın "Debretsen" komandasına məğlub olub. Alban komanda UEFA reytinqində 336-cı pillədədir. "Neftçi" sözügedən siyahıda 227-cidir. Maraqlıdır ki, Albaniya təmsilçisi "Neftçi" kimi ardıcıl 3 mövsümdür ki, daxili birincilikdə rəqib tanımır. "Skenderbeu" futbolçuları əzmkar kollektiv kimi diqqəti cəlb edir. "Debretsen"i evdə məğlub edən komanda "Neftçi"yə də gücünü göstərməyə çalışacaq. İstənilən halda Azərbaycan çempionu görüşün favoritidir və onu məğlub etməyi bacarmalıdır.

 

Köhnə tanışlar

Gümüş mükafatçı "Qarabağ"ın rəqibi "Metallurq" da mövsümü ikinci yerdə bitirib. 1964-cü ildə yaradılan klub Makedoniyanın ilk milli çempionatının iştirakçısıdır. Lakin həmin 1992-93-də 15-ci olan Skopye təmsilçisi aşağı dəstəyə yuvarlanıb və yalnız 15 ildən sonra, 2008-ci ildə elitaya qayıdıb. O vaxtdan isə Makedoniyanın güclü klubları sırasındadır. Son üç mövsümü gümüş medalla tamamlayan skopyelilər 2011-ci ildə ölkə kubokunu və Superkuboku qazanıb. Rəqibləri 3 min nəfərlik arenada qəbul edir.

 Makedoniya təmsilçisinin avrokuboklarda debütü məhz Ağdam futbolçuları ilə olub: avroliqanın 2010/11 mövsümündə Tofiq Bəhramov adına Respublika Stadionunda 1:4 hesablı məğlubiyyətin ardınca doğma meydanda 1:1 edərək mübarizəni dayandırıb. Makedonlar, yəqin ki, "Qarabağ"dan qisas almaq istəyəcək. Amma Qurban Qurbanovun komandası heyətdə də dəyişikliklərə baxmayaraq Makedoniya təmsilçisinə qalib gəlməlidir. Büdcəsinə və futbolçularının ustalıq səviyyəsinə görə "Qarabağ" "Metallurq"u üstələyir. Ağdam təmsilçisi ilk mərhələni keçdiyi təqdirdə, Polşanın "Pyast" komandasına rəqib olacaq. 

 

 "İnter" Avroliqanın debütantını    sınağa çəkəcək

Paytaxtın "İnter" klubuna Finlandiyanın "Maryehamn" komandası qismət olub. Rəqib Finlandiyanın Aland adalarının mərkəzi Mariehamn şəhərini təmsil edir. 1919-cu ildə yaradılsa da, ölkə çempionatında yalnız 1945-ci ildən çıxış etməyə başlayıb. Uzun illər aşağı divizionda yarışıb, nəhayət, 1977-ci ildə yüksək liqada oynamaq hüququ qazanıb. Lakin uğurun davamı gəlməyib və yenidən aşağı liqalarda çıxış edib.

 "Mariehamn" üçün ikinci dirçəliş dövrü yaxın dövrə aiddir - komanda 2004-cü ildən elitada mübarizə aparır. Ötən çempionatı IV yerdə bitirib, hazırda davam edən birincilikdə 24 xalla yenə IV pillədə qərarlaşır. "Ev" oyunlarını 4 min nəfərlik arenada keçirir. 

"İnter"in rəqiblərinin heyətində Finlandiya yığmasının üzvləri və legionerlər var. Amma Azərbaycan klubu fin səddini keçməlidir, çünki rəqib avrokuboklarda debüt edir. Azərbaycan çempionatının bürünc medalçısı üçün minimum məqsəd 2 mərhələ adlamaq olmalıdır. "Bankirlər" rəqibi düzgün qiymətləndirməli və onlardan güclü olduqlarını meydandan sübut etməlidir. "İnter" Avropa Liqasının ikinci mərhələsinə vəsiqə alacağı təqdirdə, "Kelje" (Sloveniya) - "Tromse" (Norveç) cütünün qalibiylə mübarizə aparacaq. 

 

"Xəzər-Lənkəran" da mərhələni keçməlidir

Avropa Liqasına ölkə kubokunun finalçısı kimi vəsiqə əldə edən "Xəzər-Lənkəran"ın rəqibi "Slima Uonderers" Maltanın ən titullu klubudur. 1909-cu ildə təsis olunan komanda 26 dəfə ölkə çempionu olub, 20 dəfə kuboka yiyələnib ki, hər ikisi Maltada mütləq rekorddur. Lakin 8 ildir çempionluğa, 4 ildir kuboka həsrətdir.

"Slima" qitəmiqyaslı turnirlərdə 82 oyun keçirməklə də ölkəsində hamıdan öndədir. Sonuncu qələbə 2003-cü ildə qazanılıb. Avrokuboklar tarixində ən böyük 5-ci hesab "Slima"nın oyununda qeydə alınıb: 1982-ci ildə "Xəzər-Lənkəran"ın baş məşqçisi Con Toşakın oynayan-məşqçi olduğu "Suonsi" (Uels) maltalıları 12:0 hesabı ilə məğlubiyyətə uğradıb. Rəqibləri ilə Ta-Qali şəhərinin eyniadlı stadionunda (18 min) oynayan komanda ötən mövsümü 3-cü pillədə bitirməklə adını avrokubok iştirakçıları sırasına yazıb. UEFA reytinqində "Slima" 403-cü, "Xəzər-Lənkəran" 322-ci yerdədir.

Con Toşakın komandasının bəxti daha çox gətirib. Rəqibi zəif komanda adlandırmaq istəməzdim. Amma "Xəzər-Lənkəran" Malta təmsilçisini keçməyə borcludur. Büdcəsi, futbolçuları və məşqçisinin titullarına görə rəqibi üstələyən cənubluların uğursuzluğu bağışlanmayacaq. "Xəzər-Lənkəran" mərhələni keçsə İsrailin "Makkabi" (Hayfa şəhəri) klubuna rəqib olacaq. 

Nyondakı püşk klublarımızın üzünə güldü, amma düşərli olacağını zaman göstərəcək. 


MƏSLƏHƏT GÖR:

487