12 Mart 2025

Çərşənbə, 13:20

"Cazoqolik"

Radioaparıcı Rahib Azəri Bakı, yaxşı musiqi, bir də radio haqqında

Müəllif:

02.07.2013

Bu valehedici insanın səsini hər bazar günləri radio-kanallardan birinin dalğalarında eşitmək olar. Rahib Azərinin həyatı radio həyatından az fərqlənir - o, sadədir, xoş ünsiyyət qurur, pozitiv əhval-ruhiyyə saçır və deyir ki, onun həyatında ən yaxşı şeylər təsadüfən baş verib.  Bugünkü gün Rahib Azəri - Azərbaycanın ən peşəkar radioaparıcılarından biridir.

- Bizim dövrümüzdə radio populyarlığına görə əhəmiyyətli dərəcədə televiziyadan geri qalır. Bu KİV-dən hansı sizin üçün birinci sıradadır?

- Şəxsən mənim üçün radio həmişə birinci yerdə olub. Hesab edirəm ki, radio televiziyadan qat-qat maraqlıdır. Demək olar ki,  mən artıq 19 ildir ki, radio efirində yaşayıram və verilişlərimdə səslənən musiqilərdən hədsiz dərəcədə zövq alıram. Axı, efirdə yaxşı  keyfiyyətli musiqi səslənirsə, aparıcı da məğzinə görə maraqlı danışırsa, onda belə radioverilişlər televiziya verilişlərindən daha aktual və faydalıdır. Mən radiodan başlamışam və televiziyadansa, özümü orada daha azad hiss edirəm. Kamera mənə təzyiq göstərmir və mən fantaziya qura bilirəm. Televiziya bu imkanları bir az məhdudlaşdırır. Ona görə də mənim üçün radio teleefirdən həmişə prioritet olacaq.

- Buna baxmayaraq, siz televeriliş də aparırsınız. Onun haqda danışın.

- Biz bir çoxlarımızın yanından ötərkən bu ərazilərdə nələrin baş verdiyi haqda heç düşünmədiyi abidə və tikililərin tarixini danışırıq. Layihə çərçivəsində  biz Azərbaycan kinosuna həsr olunmuş verilişlər seriyası da hazırlamışıq. Bu şəkildə mən çoxdankı arzumu həyata keçirə bildim - bizim kinematoqrafiya haqda veriliş hazırlamaq. Mart ayında biz teleizləyicilərə "26 Bakı komissarları" əfsanəvi filmi haqda danışdıq. Yeri gəlmişkən, bu, paytaxta Türkiyə qoşunlarının daxil olması və Bakını erməni millətçiləri və bolşeviklərindən xilas edən 1918-ci il mart hadisələrindən bəhs edən yeganə kinofilmdir. Hər verilişdə biz izləyicilərlə birgə nəsə yeni bir şey haqda öyrənirik. Məsələn, mən əvvəllər bilmirdim ki, Maştağada suyu son dərəcə təmiz və şəffaf olan daha bir ovdan var. Ovdana düşərkən ehtiyalı olmaq lazımdır. Çünki su o qədər şəffafdır ki, onu sezməyərək ayaqlarını islada bilərsən. Bir də bilmirdim ki, əgər memar Zivərbəy Əhmədbəyova Təzə Pir məscidinin müəyyən hündürlüyə qalxmasını qadağan etməsəydi, məscidin minarəsi daha hündür ola bilərdi. Sən demə, o vaxt Bakıda ən hündür nöqtə Aleksandr Nevski kilsəsinin günbəzi olmalı imiş. Ondan hündür tikmək qadağan olunmuşdu. Murtuza Muxtarov artıq Əmircanda Əhmədbəyova məscidin layihəsini sifariş edəndən sonra, memar arzusunu reallaşdırdı və minarəni 60 metr hündürlüyə qaldırdı. Bu şəkildə minarə paytaxtda ən hündür nöqtəyə çevrildi. Yeri gəlmişkən, bu yaxınlarda verilişimizin bir neçə süjetini Antalyanın tarixi abidələrinə həsr edərək  Azərbaycanın sərhədlərini aşmışıq. Yaxın planlarda - Azərbaycan üzrə səyahət var. Bizim insanların tanıması üçün ölkəmizin tarixini və gözəlliyini göstərmək istəyirik.

- Maraqlıdır, hansı televerilişlər sizin ürəyinizcədir? Boş vaxtınızda nəyə baxırsınız?

- Məsələ burasındadır ki, mən ekran qarşısında çox az vaxt keçirirəm. Əsasən, Rusiya kanallarına baxıram. Mən ümumtəhsil, xəbərlər, tarixi və idman verilişlərini xoşlayıram. Keyfiyyətli kinonu və "Discovery"ni sevirəm. Yerli kanallar, əsasən, məni qane etmir. Şou-biznes, ümumiyyətlə, maraqlandırmır, ancaq yerli xəbərlərə baxıram.

- Jurnalistikaya necə düşdünüz?

- Hələ Neft və Kimya İnstitutunun tələbəsi olarkən jurnalist olmaq qərarına gəldim. Məni maqnitofonu qabağa əyərək informasiya əldə edən insanın obrazı cəlb etdi. Həmin vaxt ekranlara Eldar Quliyevin jurnalistlər haqda çəkdiyi ilk film "Əsas müsahibə" çıxırdı və mən bu obraza bir az vuruldum. Məktəbdə və institutda diskotekaları mən aparırdım, 1983-cü ildə isə Çingiz Mustafayevlə tanış oldum, onunla çalışdım. 1994-cü ildə ANS açılanda, uğurlu karyeramı qurdum. Yeri gəlmişkən, həmin zamanda mən iki idarədə-"Puskonaladoçnoye" (Quraşdırma Sazlama İdarəsi) və "Liftmontaj"da rəis müavini işləmişəm. Lakin bu vaxta qədər "ixtisasımı dəyişdiyimə" görə peşman olmadım. Axı, radio - elə mənim üçün əsl həyatdır! Pult arxasına keçirəm, "sürünkəci" açıram və mənim hisslərim "efirə "süzülür"- əsl ləzzətdir! Karyeramın ilk yarımili mən həftədə iki dəfə efirə çıxırdım və buna görə simvolik qonorar alırdım. 1995-ci ilin  yanvar ayından radioda "məskən saldım". Bəlkə də, Cənubi Qafqaz və Orta Asiyada heç kim 18 ildən artıq müddətdə fasiləsiz çalışması ilə öyünə bilməz.

- Caza necə gəldiniz? Radioverilişi niyə məhz bu musiqiyə həsr etmək fikrinə düşdünüz?

- Caza gəlişim bir anın içində olmadı. Əvvəlcə rok-musiqi, sonra yüngül disko var idi. 5 il müddətində mən radioda "Retro" verilişini aparırdım. Həmin vaxt əlimə Rafiq Babayevin "Nostalgiya" əsəri keçdi. Mən cazın muğamla sintezini dinlədim və tam mənası ilə bu musiqiyə vuruldum. Bu sintez vasitəsilə də mən caza gəlib çıxdım. Düşünürəm, caz və muğama yaş ötdükcə yaxınlaşırsan. Bir sözlə, anladım ki, məhz cazla məşğul olmaq istəyirəm. Belə mən "cazoqolik" oldum. Mənim üçün bu, həzz aldığım işdir. Hesab edirəm ki, yaxşı və keyfiyyətli musiqi haqda çox və sıx-sıx danışmaq lazımdır. Axı, bu musiqini seçilmiş insanlar, mədəni və ziyalılar dinləyir.

- Müasir Azərbaycan cazmenlərindən kimi böyük zövqlə dinləyirsiniz?

- Belələri Bakıda kifayət qədərdir. Yaxın dostum Emil Əfrasiyab, eləcə də İsfar Sarabski, Salman Qəmbərov, Cəmil Əmirov, Rain Sultanov, Etibar Əsədli, Elbəy Məmmədzadənin musiqilərini dinləyirəm. Qeyri-ənənəvi musiqi alətlərində ifa edən istedadlı musiqiçilərin bütöv bir nəslinin olması da fərəh doğurur. Belələrindən biri - vibrafonda ifa edən Əli Vəzirovdur.

- İçərişəhərin sakini və mətbuat katibi kimi şəhərimizin dəyişən xarici görünüşü sizi narahat etməyə bilməz. Belə dəyişikliklərə necə baxırsınız?

- Birmənalı olaraq, Bakı ildən-ilə daha da gözəlləşir. XX əsrin əvvəllərində, neft bumu dövründə də şəhər fəal şəkildə xarici görünüşünü dəyişirdi və bəzən bu proses də hamının xoşuna gəlmirdi. Birmərtəbəli binaları görməyə öyrəşənləri beşmərtəbəli "təpəciklərin" tikilməsi özlərindən çıxarırdı. İndi də eyni şey baş verir. Bu gün paytaxtımız avropasayağı müasir görünür. Lakin ötən əsrlərin iki arxitektura binaları arasında yersiz təpəciyin "böyüməsini" anlaya və qəbul edə bilmirəm. Bu, sözsüz ki, şəhərin simasını korlayır və ümumi ansambla uyğun gəlmir. Bir də insanların şəhərə və tarixə olan münasibətləri mənə toxunur və təhqir edir. Əslində, isə biz əcdadlarımızın bizə qoyduqlarına hörmətlə yanaşmalıyıq.

- Sizin üçün Bakı hansı musiqi ilə assosiasiya olunur?

- Akif İslamzadədən Qız qalasının onun üçün nə məna kəsb etdiyini soruşanda, o, cavab verib - bu, Vaqif Mustafazadənin musiqisidir. Mənim üçün də Bakı Vaqifin və Rafiq Babayevin musiqisi ilə assosiasiya olunur. Onların melodiyaları insanın ruhunu riqqətə gətirir və əbədi olaraq yaddaşda qalır...



MƏSLƏHƏT GÖR:

605