
TEATR BOŞALDI
Siyavuş Aslan ölümündən iki gün əvvəl "Şərəf" ordeni ilə təltif olunmuşdu
Müəllif: Məhərrəm ZEYNALOV Bakı
İyulun 27-nə keçən gecə Siyavuş Aslan dünyasını dəyişdi. Dahi aktyorla vida mərasimi Azərbaycan Akademik Dram Teatrının səhnəsində keçirildi. "Yerinin doldurulması mümkün olmayan itki", bəzən, şablon səslənir, amma başqa söz tapmaq da olmur. Onu tanıyanlar, eləcə də onun haqda az məlumatlı insanlar, sadəcə filmlərilə, tamaşaları ilə tanış olanlar üçün Siyavuş Aslan, sanki, ailə üzvü, son dərəcə doğma bir insan idi.
"O, hər zaman ürəyimizdə yaşayacaq. Rolları onu ölümsüzləşdirib. Bu, Azərbaycan mədəniyyəti üçün yerinin doldurulması mümkün olmayan itkidir", - deyə aktrisa Zərnigar Atakişi-yeva bildirib.
Dahi aktyorla bağlı həmkarı Həmidə Ömərovanın fikirlərisə belədir: "Əlbəttə, ki, Siyavuş Aslanın ölümü teatrımız və kino sənətimiz üçün böyük itkidir. Həm teatrımız itirdi, həm kinomuz. Həyat yoldaşı Ofeliya Əfqanın vəfatından sonra Siyavuş Aslanın səhhətində problemlər yaranmışdı. Çünki xanımına, sevgisinə çox bağlı idi. Mən "Yol əhvalatı" filmində Siyavuş Aslanla birlikdə çəkilmişəm və orada o, mənim atamı oynayıb. "Hicran"ın böyük üçlüyü getdi. Allah rəhmət eləsin! O, dahi incəsənət xadimi idi. Yaxınlarına, pərəstişkarlarına başsağlığı verirəm".
"Ömrünün sonunadək teatra qayıtmaq arzusunda idi. Arzulayır və ümid edirdi", - deyə Azərbaycan Akademik Dram Teatrının direktoru İsrafil İsrafilov xatırlayır: "Bu, bizim üçün, Siyavuş Aslanı tanıyanlar üçün, onun milyonlarla pərəstişkarı üçün böyük itkidir".
Ağır xəstəlik və dostlar
Son illərdə aktyor xəstə idi. O, çəkilişlərə qatılmırdı və teatr üçün çox darıxırdı. 2009-cu ildə teatrda qızğın mübahisədən sonra (mübahisəsiz teatr mümkün deyil) Siyavuş Aslan insult keçirdi. O vaxtdan, demək olar ki, heç bir rol oynamırdı. Sonradan aktyor bir qədər özünə gəlmişdi. Elə həmin 2009-cu ildə o, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Jan Anuyun "Antiqon" tamaşasında oynamaq istəyirdi. Lakin 2011-ci ilin avqustunda Siyavuş Aslan daha bir insult keçirdi. Bu dəfə o, xəstəxanaya yerləşdirildi. Üstəlik, aktyor şəkərli diabet və hipertoniyadan da əziyyət çəkirdi. Son ayları o, evində keçirirdi. Siyavuş Aslanın oğlu Eldarın bildirdiyinə görə, aktyor vaxtını televizora baxmaqla keçirir, dünyada baş verənlərlə maraqlanır, teatr üçün isə çox darıxırdı. Bu dövrdə ona dostları Firəngiz Mütəllimova, Mehriban Xanlarova, Arif Quliyev, Bəhram Osmanov, Mərahim Fərzəlibəyov kimi dostları, qardaşı Rəsul tez-tez zəng vururdu. Təbii ki, onun üçün öz tamaşaçıları çatışmırdı.
"Dostum Yaşarın səsi üçün darıxıram", - deyə Aslan ötən il bildirmişdi: "Amma bilirəm ki, ağır xəstədir və buna görə mənə zəng eləmir". Bu sözlərin üzərindən, təxminən, 2 ay keçdi, onun dostu, digər dahi aktyor Yaşar Nuri dünyasını dəyişdi.
Qohumları Siyavuş Aslanın səhhətinin normallaşdığını bildirirdilər. Lakin mayın sonlarında o, yenidən ağırlaşdı və aktyor xəstəxanaya yerləşdirildi. İyunun ortalarında S. Aslan xəstəxanadan evə buraxıldıqda həkimlər onun səhhətinin "orta ağır" olduğunu bildirirdilər. Artıq xəstəlik xroniki xarakter almışdı.
...Həmin gecə "təcili yardım" stansiyasına zəng daxil oldu. Aktyorun oğlu Çingiz Aslanovun sözlərinə görə, həkimlər özlərini çatdıra bilmədilər...
Yaradıcılıq yolu
Siyavuş Aslan 1935-ci il sentyabrın 5-də doğulub. Yaradıcılığa həvəskar dramatik dərnəkdə başlayıb. 1954-cü ildə 19 yaşlı həvəskar aktyor Musiqili Komediya Teatrının estrada truppasına qəbul edildi, daha sonra Quba Dram Teatrında çalışmağa başladı. Komediya sahəsində bacarığı və estrada aktyoru təcrübəsi Siyavuş Aslanın köməyinə yetdi və o, Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyoruna çevrildi.
Orada aktyor bir çox unudulmaz teatr obrazları yaratdı və zamanla layiq olduğu pilləyə ucaldı - teatrın bədii rəhbəri oldu. Bir çox aktyorlar ona komik Lütfəli Abdullayev məktəbinin təsirinin olduğunu düşünürdü. Onlar kino və teatrda birlikdə çalışıblar.
1984-cü ildən Siyavuş Aslan Akademik Dram Teatrında çalışmağa başlayıb. Eyni zamanda o, televiziya tamaşalarında da çəkilir, əsasən, komik, daha dəqiqi, tragikomik rollar oynayırdı. Aslanın oynadığı belə tamaşaların sayı yüzdən çoxdur.
Siyavuş Aslan teatr və kinoda uzun illər ərzində saysız-hesabsız obrazlar yaradıb. Zaman keçdikcə o, daha müxtəlif planlı rollar canlandırmağa başlayıb, onun işlərində personajların fərqliliyi, komik aktyorlardan fərqlənən dərinlik hiss olunurdu. Bu rollara görə onun mükafatı isə ümumxalq sevgisidir.
Aslanın çəkildiyi işləri, şübhəsiz ki, gələcək nəsillər də sevəcək. "Əhməd haradadır?", "Bəyin oğurlanması", "Romeo mənim qonşumdur", "Yay gününün xəzan yarpaqları", "Arzu", "Burda səni cənnət gözləmir" filmləri, "Hicran", "Hamlet", "Ah, Paris, Paris!", "Hökmdarın qızı", "Mənim sevimli dəlim", "Varlı qadın" və s. kimi tamaşalar belə işlərdəndir.
Siyavuş Aslan 1974-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1982-ci ildə xalq artisti adlarını alıb. İyunun 25-də - ölümündən 2 gün əvvəl o, "Şərəf" ordeni ilə də təltif edilib.
MƏSLƏHƏT GÖR: