12 Mart 2025

Çərşənbə, 13:03

“MÜNAQİŞƏ ÇOX UZANDI”

ABŞ dövlət katibinin sabiq köməkçisi Devid Merkelin R+ jurnalına müsahibəsi

Müəllif:

02.07.2013

Devid Merkel beynəlxalq siyasət sahəsində böyük xidmət dəftərçəsinə malikdir. O, ABŞ-ın Nümayəndələr Palatası və Senatında beynəlxalq məsələlər üzrə məsləhətçi olub, Birləşmiş Ştatların maliyyə naziri köməkçisinin beynəlxalq əlaqələr üzrə müavini postunu tutub. Bundan başqa, Merkel ABŞ Milli Təhlükəsizlik Şurasında Avropa və Avrasiya üzrə direktor, ABŞ dövlət katibi köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini də işləyib. Hazırda Devid Merkel Amerikanın Con Hopkins Mərkəzinin transatlantik münasibətlər üzrə ekspertidir.

- Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı ilə ciddi şəkildə məş-ğul olur. Bununla yanaşı, enerji sahəsi Azərbaycan iqtisadiyyatının lokomotivi olaraq qalır. Bu gün Qərb ictimaiyyəti Bakıdan Xəzər hövzəsindən Avropaya qaz nəqli üçün yeni marşrutun açılmasında vacib qərarlar gözləyir. Siz Azərbaycanın enerji siyasətini necə qiymətləndirirsiniz?

- Azərbaycan   İlham Əliyevin rəhbərliyi altında regionun lideri olduğunu nümayiş etdirir. Bu, enerji sahəsinə də aiddir. Respublika Avropaya qaz nəqlilə bağlı strateji qərar qəbul edib. Azərbaycan enerji resursları mənbələrinin şaxələndirilməsi işində əsas oyunçudur. Onun enerji siyasəti azərbaycanlıların sosial rifahlarının çiçəklənməsinə nəzərəçarpacaq təsirlər göstərir. Ümumilikdə isə ölkənin və onun lideri İlham Əliyevin Avropada, həmçinin qlobal enerji meydanında rolu getdikcə artır.

- Enerji siyasəti Azərbaycanın Avropa və Avroatlantik strukturlara inteqrasiyası ilə bağlı strateji kursunun göstəricisidir. Azərbaycanın indiyədək sadiq qaldığı bu kursu dəyişə biləcəyini düşünmək üçün əsaslar varmı?

- Azərbaycan dünyanın müxtəlif regionlarının kəsişməsində yerləşir: Yaxın Şərq, Avropa, Asiya. Bu istiqamətlərdən hər birilə əlaqələrin inkişafı öz bəhrəsini verir.

Doğrudur, Azərbaycan Qərblə, Avroatlantik məkanla sıx əməkdaşlıq qurmaq öhdəliyi götürüb. Bununla yanaşı, Şərq və Cənubdakı ölkələrlə müsbət münasibətlərin qurulması da onun maraqlarına uyğundur.

Bakı məsələlərə öz təhlükəsizliyi və çiçəklənməsinin təmin olunması nöqteyi-nəzərindən yanaşır. Bu, kiminləsə münasibətlərin inkişafında ən yaxşı yoldur.

- İranda yeni prezident seçildi. Bunun Tehranla dünya ictimaiyyəti arasında münasibətlərin yaxşılaşmasına imkan verəcəyini düşünürsünüzmü?

- Ümid hər zaman var. Amma real olaraq ciddi dəyişikliklər gözləmirəm. Fikrimcə, İran üçün Əhmədinejaddan sonrakı dövr digər dövlətlərlə münasibətlərə sıfırdan başlamaq, Azərbaycanla və əksər dünya ölkələrilə münasibətləri normallaşdırmaq üçün yaxşı imkan olacaq. "5+1" formatında danışıqlar prosesində irəliləyişlərin olacağına da ümid etmək istərdim.

- ABŞ-ın İran siyasətində Azərbaycanın yeri nədən ibarətdir?

- Hər şeydən öncə düşünürəm ki, əksəriyyət İran probleminin diplomatik yolla həllinə ümid edir. Bu, daha çox ehtimal olunan ssenaridir. Mən Obama administrasiyasının fəaliyyətində hərbi ssenari üçün zəmin görmürəm. Fikrimcə, ABŞ Azərbaycandan ümumilikdə region və konkret olaraq İran haqqında çox şey öyrənə bilər. Azərbaycan regional problemlərdən çox məlumatlıdır. Bu baxımdan da, Azərbaycan-Amerika məsləhətləşmələrinin vacib olduğunu düşünürəm.

- Siz ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə daha ciddi cəlb olunmasına tərəfdarsınız. Amma görünən odur ki, Azərbaycan ərazilərinin işğalı ilə bağlı problemin həlli hələ ki, Obama administrasiyasının prioritetləri sırasına daxil deyil. Vaşinqton münaqişənin həlli üçün danışıqlar prosesində irəliləyişlərə hansı yolla nail ola bilər?

- Düşünürəm ki, bu münaqişə çox uzandı. Onu əbədi olaraq dondurulmuş hesab etməməliyik. Azərbaycanda güclü sabitlik müşahidə olunmaqdadır. Onu əsas götürərək növbəti addımlar atılmalıdır. Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin real olaraq irəli aparılması üçün yeganə imkan ABŞ-ın bu məsələ ilə ciddi şəkildə məşğul olmasıdır. Vaşinqton bunu ən yüksək səviyyədə həyata keçirməlidir. Fikrimcə, Azərbaycan, Ermənistan və Rusiya da bunu gözləyir. Şübhəsiz ki, dövlət katibi Kerri Suriya, İran və Şimali Koreya problemlərilə ciddi şəkildə məşğul olacaq. Bu səbəbdən də, mən və bir sıra digər ekspertlər ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini irəli aparmaq üçün yüksək rütbəli diplomat təyin etməsinə tərəfdarıq.


MƏSLƏHƏT GÖR:

602