
PARADLA QARABAĞA
Azərbaycan Ermənistanı sülhə məcbur etmək kursu götürüb
Müəllif: Fuad HÜSEYNZADƏ Bakı
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 95-ci ildönümü ötən həftənin çərşənbə günü Bakının baş meydanı olan "Azadlıq" meydanında miqyaslı hərbi paradla qeyd edildi. Paradda bütün növ qoşunlara, hərbi birləşmələrə, xüsusi təyinatlı təlim idarələrinə və qanunla nəzərdə tutulmuş digər silahlı birləşmələrə aid, təxminən, 5 min hərbçi iştirak edib. Paradda 300-dək hərbi texnika və silah sistemi, 100-dən artıq hərbi təyyarə və vertolyot, 40-dək gəmi də nümayiş etdirilib.
Paraddan əvvəl çıxış edən dövlət başçısı, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev bunun Azərbaycan ordusunun sahib olduğu silah-sursatın kiçik bir hissəsi olduğunu bildirib. Ordu quruculuğunun Azərbaycan üçün ən vacib məsələ olduğunu deyən prezident bunu ölkənin qonşu Ermənistanla müharibə şəraitində yaşaması, uzun illərdir aparılan sülh danışıqlarının hələ də heç bir nəticə verməməsilə izah edib. Azərbaycan ordusunun texniki təchizatı və nizam-intizamı artıq bu gün Silahlı Qüvvələrə Ali Baş Komandanın ölkənin ərazi bütövlüyünün bərpası əmrini yerinə yetirməsi imkanı verir. Lakin Azərbaycan sülhsevər ölkə olaraq, münaqişənin sülh yolu ilə həlli potensialından sonadək yararlanmaq niyyətindədir. Qarşı tərəfə ciddi təzyiq vasitələri əldə etmədən isə buna nail olmaq çətindir.
Azərbaycan bunu bacarıb. Dövlət başçısının da dediyi kimi, bu gün Azərbaycan iqtisadi inkişaf və hərbi sahədə quruculuq miqyasına görə, region ölkələrilə yox, dünyanın aparıcı ölkələrilə bir cərgədə dayanır. Sırf hərbi sahədən danışsaq, müdafiə xərcləri həcminə görə dövlət büdcəsində ilk yerdədir. Həqiqətən də, hərbi quruculuq sahəsində inkişaf templəri o həddə çatıb ki, onu hələ ki, Azərbaycan torpaqlarını sülh yolu ilə işğaldan azad etmək istəməyən Ermənistandakı analoji vəziyyətlə müqayisə etmək mümkün deyil. Son 10 ildə Azərbaycanın hərbi xərcləri dəfələrlə artıb. Statistikaya fikir verin: 2003-cü ildə 163 milyon dollar, 2013-cü ildə 3,7 milyard dollar. Artım 22,6 dəfədən çoxdur. Müqayisə üçün qeyd edək ki, bu il üçün Ermənistanın hərbi büdcəsi cəmi 451 milyon dollardır. Əgər bu ölkənin ümumilikdə dövlət büdcəsi 2 milyard dollardırsa, artıq sözə ehtiyac yoxdur.
Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı çıxışında Azərbaycanın bu vəsaitləri hara xərclədiyini qismən açıqlayıb. Onun sözlərinə görə, son illər ərzində yüzə yaxın hərbi və nəqliyyat vertolyotu, onlarla döyüş təyyarəsi, müasir hava hücumundan müdafiə qurğuları, tanklar və di- gər zirehli texnikalar, artilleriya qurğuları alınıb və bunlar "istənilən düşmən hədəfini vurmağa qadirdir". "Bu proses davam etdirilir. Növbəti illərdə də hərbi xərclər ümumi büdcəmizdə üstünlük təşkil edəcək", - deyə prezident bildirib.
Bununla yanaşı, dövlət başçısı Azərbaycanın yalnız xaricdən müasir silahlar almaqla kifayətlənmədiyini, öz müdafiə istehsalatına da böyük diqqət ayırdığını söyləyib. Ölkədə onlarla hərbi zavod fəaliyyət göstərir. Onlar 750 adda hərbi təyinatlı məhsul, o cümlədən atıcı silahlar, qumbaraatanlar, minamyotlar, aviasiya bombaları, zirehli texnika, pilotsuz uçuş aparatları istehsal edir. Üstəlik, artıq müdafiə sənayesi sahəsində yeniliklərin nümayiş olunduğu müxtəlif beynəlxalq sərgilərdə mütəmadi olaraq yer alan Azərbaycan silahlarına xaricdə də ciddi tələbat var.
Ermənistanda bəziləri hesab edir ki, Qarabağ münaqişəsinin həlli prosesində zaman onların xeyrinə işləyir. Lakin inkişaf göstəriciləri bunun əksini göstərir. Azərbaycan Prezidenti də çıxışında bu məqama diqqət çəkib. "Sirr deyil ki, Azərbaycan gündən-günə güclənir, Ermənistan gündən-günə zəifləyir. Bizim iqtisadi gücümüz müqayisəedilməz dərəcədə artıb. Düş- məni istənilən istiqamət üzrə bir neçə dəfə, bəzi istiqamətlər üzrə 10 dəfədən çox üstələyirik və bu fərq getdikcə böyüyəcək", - deyə İlham Əliyev Dağlıq Qarabağda status-kvonun əbədi olaraq qorunub saxlanacağına ümid bəsləyənlərə xəbərdarlıq edib.
Prezident Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həllində tarixi və siyasi amillərin, beynəlxalq hüquq normalarının, hərbi-iqtisadi gücün öz sözünü deyəcəyinə əminliyini ifadə edib: "Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək. Dağlıq Qarabağda, digər işğal edilmiş torpaqlarda, Xankəndində, Şuşada Azərbaycan bayrağı dalğalanacaq". İlham Əliyev Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına heç zaman imkan verməyəcəyini, Bakının bu mövqeyinin güclü hərbi potensialla daha da möhkəmləndiyini qeyd edib.
Daha sonra paradda nümayiş edilən yerli və xarici istehsal olan hərbi texnika Ali Baş Komandanın sözlərinin tam təsdiqi sayıla bilər. Paradda Azərbaycan istehsalı olan pilotsuz uçuş aparatları, zirehli texnika, ZRK raket qurğuları, HHM sistemləri nümayiş etdirilib. S-300 "Favorit" qurğuları, T-90S tankları, həmçinin aviasiya - müasirləşdirilmiş MiQ-29, Su-25, Mi-17, Mi-24, Ka-32 vertolyotları və sair də nümayiş olunub. Həmin gün bəzi texnika nümunələri Azərbaycanda ilk dəfə nümayiş etdirilirdi.
Şübhəsiz ki, hərbi texnika nümayişi heç də yalnız Azərbaycanda diqqətlə izlənilmirdi. Ermənistan rəhbərliyi Azərbaycanın hərbi gücünün artmasından narahatlığını gizlətmir. "Azərbaycanın silahlanması Ermənistanı narahat etməyə bilməz", - deyə Ermənistanın müdafiə naziri Seyran Ohanyan İrəvanda, demək olar ki, Bakıdakı paradla eyni vaxtda keçirilən "KTBT-nin siyasi-təhlükəsizlik oriyentirlərinin formalaşdırılması"na dair ikinci forumunda açıq şəkildə bildirib.
Yeri gəlmişkən, KTMT haqqında. Erməni nazirin təlaşını başa düşmək olar. Yerli mətbuatın yazdığına görə, Ermənistan "müttəfiq Rusiyanın düşmən Azərbaycana", təxminən, 1 milyard dəyərində yeni tanklar və digər texnika satması haqda xəbərdən düşdüyü şokdan hələ də ayılmayıb. Deyəsən, İrəvan strateji tərəfdaşı olan Rusiyadan bu "satqınlığı", həqiqətən də, gözləmirdi. Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlarda güzəştə getməməsi böyük ölçüdə KTMT və Rusiyanın münaqişədə status-kvonun qorunub saxlanılmasının qarantı kimi çıxış edəcəyinə əminlikdən irəli gəlir. Ermənistanın KTMT-də iştirakında əsas məqsəd də təşkilatdan belə zəmanətin alınmasıdır. Amma son illərdə Azərbaycan KTMT-nin Mərkəzi Asiyadan olan üzvlərilə, eyni zamanda Belarusla münasibətlərini kifayət qədər möhkəmləndirib və strateji tərəfdaş səviyyəsinə çatdırıb. Bu, öz-özlüyündə o deməkdir ki, həmin ölkələr sıx siyasi və iqtisadi münasibətlər qurduqları Azərbaycanla Ermənistanın üzündən silahlı münaqişəyə getmək istəməyəcəklər. Belə olan şəraitdə Ermənistan son dayağı olaraq Rusiyanı görürdü. Lakin sən demə Rusiya Azərbaycana böyük həcmdə silah-sursat satır. Bu silah-sursatın təyinatı isə heç kimdə şübhə doğurmur.
Ermənistan rəhbərliyinin bütün bunlardan çıxarmalı olduğu nəticə aydındır. Ermənistan Azərbaycanla nə hərbi, nə də iqtisadi baxımdan çəkişmək iqtidarındadır. Müharibənin bərpa olunacağı təqdirdə, Ermənistan işğal etdiyi Dağlıq Qarabağa və digər Azərbaycan torpaqlarına görə təkbaşına cavab verməli olacaq. Kənar dəstək olmadan baş verəcək müharibədə isə Ermənistanın hansı aqibəti yaşayacağı bəllidir. Belə olan təqdirdə, erməni xalqının və ümumilikdə Ermənistan dövlətinin gələcəyini bəzi qeyri-real millətçi ideyalar uğrunda qurban verməyə dəyərmi? Sual ritorikdir.
Paradların keçirilməsinin məqsədəuyğunluğu haqda nə desələr də, onlar kifayət qədər nümunəvidir. Bakıda və İrəvanda keçirilən paradlar yalnız iki ölkənin hərbi potensialının müqayisəolunmazlığını göstərmir. O, iki ölkənin müstəqillik dərəcəsini də nümayiş etdirir. Azərbaycan yalnız öz imkanlarına arxalanır, paraddan parada daha ciddi hərbi güc nümayiş etdirirsə, Ermənistan ictimaiyyətə göstəriləcək insanları və texnikanı güclə tapır. Bu ölkədə vəziyyət o qədər kritikdir ki, son zamanlar İrəvanda keçirilən paradlarda Ermənistan ordusu ilə yanaşı, bir qayda olaraq, Gümrüdəki 102-ci hərbi bazanın rus hərbçiləri və texnikası da nümayiş etdirilir.
Müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin ilk paradı 1919-cu ildə keçirilib. Növbəti paradlar uzun illər sonraya, respublikanın yenidən müstəqillik qazandığı dövrə təsadüf edir: 1992-ci il, 2008-ci il, 2011 və nəha-yət, sayca beşinci paradın keçirildiyi 2013-cü il. Silahlı Qüvvələrin yaradılmasının 95-ci ildönümü günü Azərbaycanda səsləndirilən əsas arzu isə bir idi : növbəti paradın işğaldan azad edilmiş Qarabağda keçirilməsi...
MƏSLƏHƏT GÖR: