
RAHAT, ASAN DEMƏK DEYİL
"Qəbələ" klubunun yeni baş məşqçisi Yuri Syominin "R+"a müsahibəsi
Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
"Qəbələ" klubunun yeni baş məşqçisi Yuri Syomin ölkəmizdə işləməyə razılıq verəndən sonar, Rusiya mətbuatı daim onu diqqətdə saxlayır. Vaxtı ilə Moskvanın "Lokomotiv" klubuna rəhbərlik edən mütəxəssisin Azərbaycanda çalışması birmənalı qarşılanmadı. Bəziləri başqa klubların onunla maraqlanmadığını əsas gətirərək, belə qərar qəbul etdiyini dedi. Rusiya mətbuatı əsas səbəb kimi, "Qəbələ" klubu tərəfindən həddən artıq yaxşı şərtlər təklif olunduğunu bildirdi. Syomin özü isə heç bir şərh verməyərək, yeni komandasında işə başlayacağı vaxtı gözləyir. Onunla söhbət etməyi çoxdan planlaşdırsaq da, məşqçi müsahibəni münasibətlər rəsmiləşəndən sonra verəcəyini dedi. Nəhayət, Qəbələdə işləyəcəyi dəqiqləşən Yuri Syomin "R+"a müsahibə verməyə razılıq verdi.
- Bir qədər gözlənilməz alındı, sizin "Qəbələ" klubuna baş məşqçi təyin olunmağınızı heç kim gözləmirdi...
- Burda gözlənilməz heç bir şey yoxdu. Maraqlı təklif oldu və biz razılığa gəldik. Diqqətlə "Qəbələ"nin iddialarına baxdım. Böyük infrastrukturu var. Rəhbərliyin futbolun inkişafına dair baxışları mənim xoşuma gəldi. Artıq müqavilə imzalamışıq. İyunun 25-də növbəti möv-sümə hazırlığa başlayırıq.
- Moskvada və Kiyevdə işləmisiniz. Qəbələdə çalışmaq sizə çətin olma-yacaq?
- Çoxları düşünür ki, Azərbaycanda çalışmaq asandır. Amma fikrimcə, elə deyil. Burda futbolu sevirlər və bilirlər. Hər bir məşqçidən nəticənin tələb olunması normaldır. Futbol üçün vacib olan şərait var. Qəbələnin yaxşı bazası və stadionu var. Daha bir böyük stadion isə inşa olunmaqdadır. Məncə, bizə işləmək rahat olacaq.
- Axı Qəbələ paytaxt deyil, adətən, əcnəbilər paytaxtdan kənarda işləmək fikrini yaxına buraxmır...
- Qəbələ gözəl təbiətə malik şəhərdir. Şəxsən mən çox bəyəndim. Əgər orda gözəl baza və şərait varsa, niyə işləmək istəməyim? Əsl mütəxəssis şəraitə uyğunlaşmağı bacarmalıdır. İşlədiyim yerlərdə heç vaxt paytaxt söhbəti olmayıb. Əsas şərait və rəhbərliyin dəstəyidir.
- Səmimi olsanız, deyə bilərsinizmi, sizi Azərbaycana gətirən səbəb nədir?
- Bəlkə də inanmayacaqsınız, amma deyə bilərəm. İlk növbədə, komandanın yüksək hədəflərə can atması məni sevindirdi, ikincisi, burada gözəl yerlər çoxdur. Azərbaycan Rusiyaya yaxındır, hər gün təyyarə reysləri var. Həm də bura varlı yerdir (gülür).
- Rusiya ilə müqayisədə Azərbaycan futbolunun səviyyəsi haqda nə düşünürsünüz?
- Belə nəticələr çıxarmaq üçün yerli futbolu əsaslı öyrənmək lazımdır. Buna isə vaxt gərəkdir. Ancaq istənilən halda, hansı çempionat olur-olsun, hər yerdə ciddi hazırlaşmaq, fikirləşərək komandanı komplektləşdirmək, böyük məsuliyyət lazımdır. Hər çempionat özünəməxsus çətindir. Məşqçilik karyeramın əvvəlində Düşənbənin "Pamir" klubunda işləyirdim və onda komanda axırıncı yerdə idi. Ancaq həmin vəziyyətdən birgə çıxdıq. "Lokomotiv"ə gəldiyim zaman I liqada oynayırdı. Sonradan uğur qazanmağı bacardıq. Buna görə indiki işim mənə tanışdır və maraqlıdır. Futbolun inkişafına vaxt lazımdır.
- "Qəbələ" klubunun şəraiti yaxşı olsa da, komanda avrokuboklara vəsiqə qazana bilmir. Rəhbərliyin sizdən tələbi nə olub?
- Əgər yüksək şərait yaradılırsa, deməli, tələb də olunmalıdır. Komandanın yüksək yerlər uğrunda mübarizə aparması üçün çalışacağam. Məşqçinin qarşısında həmişə ciddi vəzifələr durur. Onlara çatacağına inanmayanda məşqçi yerini dəyişməli olur. "Qəbələ"də döyüşkən komanda yaratmaq üçün şərait var. Bizə sadəcə işləmək lazımdı.
- Bura gəlməzdən öncə kiminləsə məsləhətləşmişdiniz?
- Bir həftə çox fikirləşdim. Sizin veteranlarla söhbət də etdim. Onların əksəriyyəti "Qəbələ" variantını qəbul etməyimi istəmişdi. Mən də bunları götür-qoy edib müqavilə imzalamağa qərar verdim.
- Siz Qəbələyə gələn kimi, Rusiya KİV yazdı ki, vətəninizdən çoxlu sayda futbolçu dəvət edəcəksiniz...
- Heyəti gücləndirmək üçün əcnəbi futbolçuların dəvət olunması təbiidir. İlk öncə məni yerli futbolçuların vəziyyəti maraqlandırır. Mənim üçün əsas azərbaycanlı futbolçular olacaq. Əgər hansısa mövqeyə yerli futbolçu olmasa, onda legioner barədə düşünmək olar. İndiki halda Rusiya mətbuatında hər yazılan doğru informasiya deyil.
- Rus jurnalistlər, həmçinin qeyd edirdi ki, sizin başqa təklifiniz olmadığı üçün Azərbaycana gəlmisiniz...
- Düzü, təkliflər var idi, amma çox deyildi. Əksər təkliflər sadəcə təklif kimi səslənmişdi. Konkret danışıq və şərtlərin müzakirəsi olmamışdı. "Qəbələ" ilə görüşdə bütün detallar həll olunduğu üçün digər variantlar arxa plana keçdi.
- Azərbaycanda əcnəbi məşqçilərin çoxu uğur qazana bilmir. Bu sizi qorxutmur?
- Qətiyyən. Mənə sizin futbolunuz və mədəniyyətiniz maraqlıdır. Oxşar cəhətlərimiz çoxdur. "Qəbələ" ilə uğur qazanmaq mümkündür. Bunu sübut etmək üçün bir qədər zamana ehtiyac var.
- Çempionatımızın oyunlarını izləmisiniz?
- Bir neçə oyunu canlı izlədim. Son baxdığım kubokun finalında "Xəzər-Lənkəran"la "Neftçi"nin görüşü oldu. Maraqlı futbol gördük. Ölkədə çempionluğa oynayan 4-5 komanda var, onlarla bərabər səviyyədə yarışsaq, istəyimizə çatarıq. Çox istərdim, yaxşı hücumçumuz olsun. Qələbə qazanmaq istəyən komandanın forvarda ehtiyacı var.
- Komandanızda ulduz futbolçu görəcəyik?
- Ulduzdan çox yaxşı oynayan futbolçuya ehtiyac var. Ulduz futbolçuların bəziləri əvvəl qazandığı ad-sanla yaşayır. Mənə isə indiki dövrdə fayda verə bilər futbolçu lazımdı.
- Onda Arşavin "Qəbələ"də olmayacaq yəqin...
- Andrey yaxşı futbolçudur. Amma onun məsələsi müzakirə olunmayıb. Hazırda heyəti gücləndirmək üçün danışıq apardığımız futbolçular var. Lakin onların arasında Arşavin yoxdur.
- Komandanı komplektləşdirmək üçün nə qədər zaman lazımdır?
- Təlim-məşq toplanışından sonra bu suala dəqiq cavab vermək olar. İndiki halda "Qəbələ"nin çempionata hazır olması vacibdir. Avqusta qədər yaxşı və mübariz komanda formalaşdırmalıyıq. Dəyişiklikləri özünüz hiss edəcəksiniz. "Qəbələ"yə yeni nəfəs verərək uğur qazanmaq istəyirəm.
- Əsas hədəfləriniz nə olacaq?
- Layiqli mübarizə apararaq yüksək yerlər tutmaq. Bura avrokuboklara vəsiqə qazanmaq da daxildir.
MƏSLƏHƏT GÖR: