Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
Qış transfer dövründə futbol klublarımız çox xərcə düşməməyə çalışdı. Əksər komandalar azad agent statusu olan (başqa klubla bağlılığı olmayan) futbolçuları heyətə cəlb etdi. Yaxşı futbolçuların qış transfer dövründə müqaviləsi olur. Ona görə klublar əsas transferləri yay dövründə həyata keçirirlər. Amma bu qış transfer dönəmində Azərbaycan futbolu səs-küylü transfersiz qalmadı. İddialı "Qəbələ" klubu vaxtı ilə Rusiya yığmasının ulduz isimlərindən olan, ötən ili Portuqaliyanın "Portu" klubunda keçirən Marat İzmaylovu Azərbaycana gətirdi. Ölkəmizə gəldiyi ilk günlərdə mətbuatı yaxın buraxmayan futbolçu jurnalistlərlə ünsiyyət yaratmaqda maraqlı olmadığını göstərdi. Yeni komandasında debüt edəndən sonra mövqeyini dəyişən Marat İzmaylov "R+"un oxucularına Azərbaycana gəlməsinin əsl səbəbini və karyerası haqda danışıb. Onu da qeyd edək ki, futbolçu mövsümün sonuna qədər icarə əsasında "Qəbələ"nin şərəfini qoruyacaq.
- Marat, mövsümün ilk yarısında "Portu"nun heyətində cəmi 27 dəqiqə oynayıb nəzərdən itdiniz. Portuqaliya KİV-i sizin, hətta karyeranızı başa vura biləcəyinizi yazırdı. Bu, həqiqətdir?
- Mən işdən "Portu"nun icazəsi ilə azad olmuşam. Klub qarşılıq verib güzəştə gedərək, şəxsi məsələlərin həlli üçün müəyyən vaxt verdi. Heç kim təxmin etmirdi ki, məşqsiz və oyunlarsız vaxt belə uzun çəkəcək. O zaman kəsiyində başıma müxtəlif fikirlər gəlirdi. Ancaq mən növbəti dəfə bu fikrin üstünə gəlirdim ki, futbol mənim həyatımdır. Karyeramı bitirmək haqda ciddi düşünməyə hələ hazır deyiləm. "Portu" və "Qəbələ"yə minnətdaram. Bu klublar futbola qayıtmağıma şans veriblər. İndi çox şey özümdən asılıdır: yüksək səviyyədə oynayacağam və ya yox.
- Belə çıxır ki, "Portu"da sizə belə bir şans verə bilməyiblər?
- Şans vermək istəyirdilər. Ancaq futbolçu üçün idman formasını təcrübədən keçərək yığmaq ən yaxşısıdır. "Portu"da, hazırda çox oyun vaxtına ümid etmək çətin idi. Portuqaliyada qalsaydım, az oynayacaqdım. Mən isə meydanda olmaq istəyirəm. Bilirəm ki, Azərbaycanda da asan olmayacaq. İlk məşqlərdən əmin oldum ki, "Qəbələ"də yaxşı komanda var.
- "Lokomotiv"də rəhbərliyi altında oynadığınız Yuri Syominlə ilk görüş necə keçdi?
- Yuri Pavloviç hamıya ata kimi yanaşır. Onunla işləmiş, demək olar ki, hər futbolçu bunu təsdiq edə bilər. Ancaq aramızda olan məşqçi və futbolçu məsafəsi, biz on il qabaq son dəfə bir yerdə işləyərkən necə olubsa, eləcə də qalıb.
- Syomin olmasaydı, "Qəbələ" variantını gözdən keçirərdiniz?
- Reallıqla yaşamaq lazımdır. Hazırda komandanın baş məşqçisi Yuri Syomindir. Dəqiq söyləyə bilərəm ki, Yuri Pavloviç bu məsələdə əsas rol oynayıb. Keçid haqda sual eynən yarım gün ərzində həll edildi. Biz telefonla söhbətləşdik və söhbətdən bir saat sonra mənə bilet təqdim etdilər ki, növbəti səhər mən Bakıya uçum.
- Siz düşünmədiniz?
- Demək olar ki, dərhal qərar verdim. Futbol üçün dəlicəsinə darıxmışdım. Yuri Palıçın məni bir insan və futbolçu kimi tanıması da az əhəmiyyət kəsb etmir. Bunu böyük futbola qayıtmağa bir şans kimi nəzərdən keçirirdim. Bu səbəbdən, dərhal razılaşdım. Nə narahat edirdi? Bazanın və meydanların keyfiyyəti. Bu, Syomindən soruşduğum yeganə sual idi. Məşqçi inandırdı ki, Azərbaycanda bununla bağlı problemlər yoxdur və mən dərhal qərara aldım ki, getmək lazımdır.
- On il ərzində Syomin çox dəyişib?
- Cəmi 10-15 gündür, komandadayam. Buna görə də mühakimə etmək asan deyil. Ancaq cüzi fərqi indi də görürəm: Syominin yanaşması daha avropasayağı olub.
- Bu, nədə əksini tapır?
- Futbol təmrinləri çoxalıb. "Qəbələ"dəki məşqlər "Portu" və "Sportinq"də öyrəşdiyim məşqlərdən çox da fərqlənmir.
- "Qəbələ" və paytaxt Bakı hansı təəssüratları oyatdı?
- Heç nə görməmişəm. Məşqlər və bərpa ilə məşğul oluram. Şəhərə çıxmağa imkan olmayıb. Hava limanından gələndə Bakının Avropa şəhərlərinə bənzədiyini gördüm.
- Bazada yaşayacaqsınız, ya ev kirayələyəcəksiniz?
- Bütün komanda beşulduzlu oteldə yaşayır. İstək müqabilində otelin nəzdində olan kottecdə də qalmaq olar. Ancaq mən mehmanxanada nömrə seçdim.
- Oyun təqvimini, çempionatdakı vəziyyəti öyrənmisiniz?
- Təqvimə göz yetirməmişəm. Kiminlə nə vaxt oynamaq, onsuz da fərq etməz. Yalnız bir şey istəyirəm: oyunlar mümkün qədər tez-tez olsun. Bilirəm ki, hər oyun xüsusidir. "Qarabağ" və "Neftçi" bizim kimi çempionluq uğrunda mübarizə aparır. Demək olar ki, hər oyunda qızıl xallar oynanılır.
- Təcrübəniz imkan verir ki, Azərbaycanda hər oyunda meydanda olasınız?
- Hər gün hazırlaşıram. Ancaq hər şey məşqçinin ixtiyarındadır. Fiziki vəziyyətimə gəlincə, yumşaq desəm, daha yaxşı olmağı istərdim. Ancaq, əgər məşqçi etibar etsə, mütləq surətdə can qoyacağam.
- Hansı mövqedə oynayacağınızı artıq bilirsiniz?
- Təxmin edirəm ki, mövqeyim yeni olmayacaq: Sol və ya sağ hücumameyilli yarımmüdafiəçi. Yaxud hücumçuların arxasında. Üçündən biri.
- Yəqin, Azərbaycana gəlişinizdə maliyyə şərtləri xüsusi rol oynayıb?
- Bura qazanc dalınca gəlməmişəm. "Qəbələ"yə icarə haqda söhbət düşəndə, maliyyə sualı mənim üçün onuncu idi. Mənim üçün indi əsası, komandaya çempionluğu və kuboku qazanmağa kömək etməkdir. Özümün isə əvvəlki səviyyəmə qayıtmağımdır.
- Çoxları üçün sizin Azərbaycana gəlişiniz əsl sürpriz oldu..
- Dediyim kimi hər şey ani baş verdi. Ölkənizdə futbola böyük diqqət yetirilir. Azərbaycan millisinin Rusiya ilə son oyunları yığmanızda da yaxşılığa doğru dəyişikliyin olduğunu göstərir. Hazırda Azərbaycanda bir neçə məşhur futbolçular çıxış edir. Ona görə bura gəlişimi normal qəbul edirəm.
- Mövsümün sonunda "Qəbələ" sizə yeni müqavilə təklif etsə, qərarınız necə olacaq?
- İlk növbədə, özümü doğrultmalıyam. "Qəbələ"nin çempion olması üçün çalışacam. Hazırda şanslarımız yüksəkdir. İdeal formamı bərpa etməyə çalışacam. Komandanın qələbələrində pay sahibi olmalıyam. Çox istəyirəm ki, mövsümü titulla başa vuraq. Çempion olsaq əla olar. Ondan sonra burda qalıb-qalmayacağım barədə danışmaq mümkündür.
ONUN HAQQINDA
Marat İzmaylov 1982-ci ilin sentyabrın 21-i Moskvada anadan olub. Moskva Dövlət Bədən Tərbiyəsi Akademiyasında təhsil alıb. 1999-cu ildə Moskvanın "Torpedo" klubunun tərkibində 17 yaşlı futbolçular arasında Rusiya çempionu olub və ən yaxşı hücumçu seçilib.
2000-ci ildə Marat "Lokomotiv" klubuna keçib və bu komanda ilə 2002 və 2004-cü illərdə Rusiya çempionu, 2005 və 2006-cı illərdə isə bürünc mükafatçı olub.
2007-ci ildə Portuqaliyanın "Sporting" klubuna keçən İzmaylov elə ilk mövsümdə ölkə kuboku və Superkubokunu qazanıb. "Sporting"də 6 mövsüm keçirib və 2013-cü ildə "Portu"ya transfer olunub. Bu klubda ilk mövsümdə o, Portuqaliya çempionu olub.
Rusiya millisinin tərkibində M.İzmaylov 34 oyun keçirib və 2 qol vurub. O, 2006-cı il Dünya Çempionatının final mərhələsində, 2004 və 2012-ci illərdə keçirilən Avropa çempionatlarının final mərhələlərində iştirak edib.
MƏSLƏHƏT GÖR: