Müəllif: Turan ŞAKİR Bakı
Abgül Ərzulla oğlu Mirzəliyev Azərbaycan muğamının gənc simalarından biridir. 27 noyabr 1986-cı ildə Şamaxı rayonunun Şıxzərli kəndində anadan olub. Həyatını muğam sənətinə bağlayan Abgül, 2007-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən "Muğam müsabiqəsi"ndə iştirak edib və ikinci yeri qazanıb.
2009-cu ildə Asəf Zeynallı adına Musiqi Kollecini bitirib, Bakı Musiqi Akademiyasına qəbul olunub və xanəndə Zabit Nəbizadədən dərs alıb. "Sübhün səfiri" filmində aktyor kimi yer alıb.
Jurnalımıza müsahibəsində Abgül öz yaradıcılığı, ustadları, həmkarları, ümumiyyətlə, muğam sənətilə bağlı fikirlərini bölüşüb.
- Adətən, gənclər estrada, pop musiqisinə daha çox maraq göstərirlər. Necə oldu ki, Siz muğam kimi ağır musiqi janrını seçdiniz?
- Muğama marağım uşaq vaxtından var idi. Düzdür, digər adını çəkdiyiniz janrları da çox sevirəm. Amma muğam mənim üçün daha əzizdir. Və elə o marağın sayəsində də bu janrı öyrənməyə çalışmışam. Bu həvəs və sevgi ilə də 2005-ci ildə Şamaxı Humanitar Kollecinə daxil oldum və orada Camal Dadaşovdan dərs aldım. 2007-ci ildə isə Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Muğam televiziya müsabiqəsində iştirak üçün sənədlərimi təqdim etdim və Şamaxıdan iştirak üçün oraya qəbul edildim. Elə bu müsabiqə sayəsində də kollecdəki təhsilimi köçürmə yolu ilə Asəf Zeynallı adına Musiqi Kollecində Zabit Nəbizadənin sinfində davam etdirdim. Müsabiqə başa çatdıqdan sonra isə konservatoriyaya daxil oldum və oradakı təhsilimi də uğurla başa vurdum. Ustadlarımızı dinləmişəm və onlardan nəsə öyrənməyə çalışmışam. Ağırlığa gəlincə isə muğam çox sanballı musiqidir. Onu ifa etmək də gənc üçün məsuliyyətli bir şeydir. Bunlara baxmayaraq, ifaçı gənclər olaraq, muğamı dinləyən gəncləri gördükdə isə daha da həvəslənirik. Bir şeyi də qeyd edim ki, əgər insanın qanında az da olsa, azərbaycanlı qanı varsa, vətənini sevirsə, o insan mütləq muğamı da sevir.
- Ustad xanəndələrin əksəriyyəti elə hesab edir ki, solo ifa edib efirə çıxan gənclərlə muğam müsabiqəsində efirə çıxan gənclər arasında fərq var. Onların fikrincə, xanəndənin otuz ilə gedəcəyi yolu muğam müsabiqəsinin gəncləri dörd, altı ay ərzində keçirlər. Bu sizin üçün də belə oldumu?
- Bu sözdə həqiqət var. Məsələn, biz gənclər dərsdə istər "Bayatı-şiraz"ı, istər "Rast"ı və yaxud da digərlərini öyrənirik amma onu tamaşaçılara təqdim etmək şansımız olmur. Amma bu müsabiqə sahəsində öyrəndiyimizi göstərmək və bir həftə ərzində yeni muğam öyrənmək şansını əldə etdik. Çalışırdıq ki, gələn çıxışımıza kimi yeni qəzəllər, muğamlar öyrənək. Elə bunun üçün də həm öz adımdan, həm də digər gənc həmkarlarım adından Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya təşəkkürümü bildirirəm. Bu müsabiqə bizim üçün böyük məktəb, hətta deyərdim ki, akademiya oldu.
- Muğam müsabiqəsinə qatılmasaydınız, qısa müddət ərzində bu qədər populyar ola bilərdinizmi?
- Xeyr inanmıram ki, muğam müsabiqəsindən kənarda bu qədər qısa müddətə xalq tərəfindən belə tanınardıq. Ustadlarımızın da dediyi kimi, müsabiqə bizə çox böyük şanslar verdi. Ən böyük arzum da odur ki, Allah səsimə dəyməsin və bu sənətə olan sevgimi ürəyimdə azalmağa imkan verməsin. Güc versin ki, bu sənətdən qazanc kimi yox, sənət kimi istifadə edim. Muğama uşaq vaxtından əlçatmaz bir zirvə kimi baxmışam. Şükür Allaha ki, bu sənətə əlim çatıb.
- Müsabiqədə ən uğurlu çıxışınız hansı olub?
- Mənim üçün bütün çıxışlarım həyəcanımla, məsuliyyətimlə yadda qalıb. Amma xalqımız tərəfindən gələn münasibətlərə və fikirlərə bax-dıqda hiss edirəm ki, "Şirvan şikəstəsi" daha yaddaqalan olub.
- Xalq artisti Əlibaba Məmmədov müsahibələrindən birində müsabiqədən çıxan gənclərin bir neçəsini tənqid edib. Onun fikrincə, müsabiqədən sonra həmin ifaçılar öz üzərlərində işləmir, fikirlərini ev, maşın almaq kimi məsələlər məşğul edib. Bir gənc olaraq, siz necə düşünürsünuz?
- Mən Əlibaba müəllimin fikri ilə tamamilə razıyam. O, böyük sənətkardır. Bizə də həmişə məsləhət görüb ki, özümüzə xidmət haqqında yox, sənətə xidmət haqqında düşünək. Çünki bu dünyadan köçəndə sənət insanı yaşadır. Amma bir məqamı da qeyd edim ki, muğamda digər janrlara nisbətən elə də gəlir yoxdur. Çünki az adam el şənliklərində bütün toyu muğama, xalq mahnılarına qulaq asır. Adətən, bir-iki ifa ilə yekunlaşdırırıq. Digər tərəfdən isə sənət adamıyıq, bizə ev də, maşın da lazımdır.
- Gənc muğam ifaçılarının əksəriyyəti estrada janrında da mahnılar ifa edir. Bəs, siz necə, belə bir fikriniz varmı?
- Mən estradanı da sevirəm. Şərt deyil ki, hamı muğam ifa etsin. Əsas odur, müğənni professional ifa təqdim etsin. Amma müəyyən fikirlər olur ki, deyirlər, deyəsən, artıq muğama gücü çatmır, estrada oxumağa üz tutub. Bu, o demək deyil ki, es- trada asan janrdır. Sadəcə, sizin də bayaq qeyd etdiyiniz kimi muğam bir az ağır sənətdir. Elə ona görə də insan müəyyən dərəcədə tənqidlərdən çəkinir. Lentə yazdırmasam da, el şənliklərində estrada mahnıları da ifa edirəm.
- "Sübhün səfiri" filmində də rol almısınız. Təklif kim tərəfdən gəldi?
- Nadir Axundov mənə bildirdi ki, belə bir film var və səni də ora çəkmək istəyirlər. Mən də məmnuniyyətlə qəbul etdim və orada Səttar rolunu ifa etdim. Amma bir məqam var ki, oradakı ifamı bəyənmirəm. Çünki mən orada fonoqram ifa etmişdim. Düşündüm ki, fonoqramı özləri orada qoyacaqlar. Amma filmi izlə-yəndə gördüm ki, canlı ifamı olduğu kimi yerləşdiriblər. Əgər öncədən xəbər edilsəydi, daha hazırlıqlı gedərdim, çıxış edərdim. Yenə də belə bir filmə dəvət etdikləri üçün təşəkkürümü bildirirəm. Bu bir tarixdir. Amma hər halda insan da istəyər ki, tarixdə qalanda da yaxşı qalsın.
- Sizcə, gənc yaşda püxtələşmiş muğam ifası göstərmək mümkündürmü?
- Bilirsiniz, bu suala elə də geniş cavab verə bilməyəcəyəm. Çünki adama deyərlər sən əlli yaşına çatmısan ki, deyəsən hansı yaşda daha püxtələşmiş ifa göstərmək olar? Amma bir şeyi deyə bilərəm ki, ustadlarımızın fikrinə görə xanəndə otuz yaşa kimi öyrənir, otuzdan əlli yaşa kimi ifa edir, əlli yaşından sonra isə müəyyən istiqamətləri bilir. Təbii ki, yaş ötdükcə muğama daha çox bağlanırsan, onu dərk edirsən. Bir dəfə Alim Qasımovun dərslərindən birində ondan xahiş etdim ki, mənə "Zabul" muğamını öyrətsin. Ustad sənətkar isə bunun üçün yaşımın az olduğunu bildirdi. Dedi ki, bu muğamı ifa etmək üçün ən azından gərək otuz yaşım olsun. Çünki onu hiss etmək lazımdır. Ustadımızla razılaşdım. Çünki yaş ötdükcə muğamı daha yaxşı hiss etmək olur.
- Xarici ölkələrdə tez-tezmi səfərlərdə olursunuz?
- Müsabiqədən sonra daha tez-tez xarici ölkələrdə olurdum. İndi bir az azalsa da, yenə müəyyən səfərlərə, dövlət dəvəti ilə gedirik. Xarici tamaşaçıların da bizim musiqimizi sevə-sevə dinlədiklərinin şahidi olmuşam. Muğama olan maraq sonsuzdur. Xüsusilə də Cənubi Azərbaycanda Təbrizdə tamaşaçıların münasibəti tamamilə fərqlidir. Orada bizim ifaçıların hamısını tanıyırlar. Avropa ölkələrində isə Alim Qasımovu xüsusilə tanıyırlar. Ümumiyyətlə, xarici dövlətlərdə səhnəyə çıxanda tamaşaçılar iki musiqiçi və bir ifaçının səhnədə nə edəcəklərini maraqla gözləyirlər sonda isə bəyəndiklərinin şahidi olursan. Bu bizim muğamın sehridir.
- Solo konsert vermək haqqında düşünürsünüzmü?
- Belə bir fikrim var. Amma müəyyən maliyyə problemləri var, onlar həll olunarsa, inşallah o da olar. Düşünürəm ki, bu imkanım olarsa, tamaşaçılara maraqlı ifalar təqdim edə bilərəm.
MƏSLƏHƏT GÖR: