
"ERMƏNİSTAN İŞĞAL ETDİYİ ƏRAZİLƏRDƏN ÇIXMALIDIR"
Tehran Universiteti dünya araşdırmaları problemləri fakültəsinin professoru Bəhram Əmir Əhmədilanın "R+"a müsahibəsi
Müəllif: Almaz Mahmud BAKI
İyunun 14-də İranda keçirilmiş prezident seçkiləri bütün dünyanın diqqət mərkəzində idi. Qonşu ölkənin yeni prezidenti islahatçı dairələrə yaxınlığı ilə seçilir və bu səbəbdən, onun ölkəsinin daxili və xarici siyasətinə yeniliklər gətirəcəyi gözlənilir. Tehran Universitetinin dünya araşdırmaları problemləri fakültəsinin professoru Bəhram Əmir Əhmədilanla söhbətimiz də İranın yeni prezidenti və dünya birliyi ilə gələcək münasibətləri barədə oldu.
– İranda yeni prezident seçilib. Həsən Ruhaninin seçilməsi ölkənizin gələcəyinə necə təsir göstərəcək?
–Həsən Ruhani böyük təcrübəyə malik İran siyasi xadimlərindəndir. O, İranın Ali Rəhbəri yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru olub. Həsən Ruhani hüquq elmləri doktorudur, xaricdə təhsil alıb, uzun illər İranın müxtəlif diplomatik missiyalarının tərkibində xarici ezamiyyətlərdə olub və bu səbəbdən, demək olar ki, bütün planların öhdəsindən gələ bilər. O, öz cıxışlarında bildirib ki, İranın planlaşdırma təşkilatını bərpa edəcək, qadınların qanuni hüquqlarını müdafiə edəcək və İran xalqının milli kimliyini gücləndirəcək. İlk növbədə isə o, iqtisadi vəziyyəti yaxşılaşdıracağını, milli valyutanın gücünün artmasına zəmin yaradacağını, dünya mədəniyyətləri ilə münasibətləri gücləndirəcəyini və qonşu ölkələrə dostluq münasibətlərinə yüksək qiymət verəcəyini deyib. H.Ruhani milli dəyərləri dini məfkurə çərçivəsində önə çəkəcək, canlandıracaq, azadlıq və bəşəri prinsipləri yeridəcək. O, söz verib ki, beynəlxalq aləmdə İranın moqeyini gücləndirsin.
– Nəticə olaraq, İran xalqı onun prezidentliyindən nə gözləyə bilər?
– Təbii ki, istənilən prezident İran İslam Respublikası Konstitusiyası çərçivəsində və ona aid vəzifələrə uyğun işləməlidir. Ona şeçkidə səs verən İran ziyalıları, gənclər, tələbələr, qadınlar və bir sözlə, bütün mədəni cəmiyyət onun İran xalqına dinclik, sabitlik, təhlükəsizlik və güvən verməsini gözləyir. İran xalqı dünya xalqları ilə dostluq və mədəni, iqtisadi əməkdaslıq, isbirliyi istəyir. Bu sırada bütün qonşu ölkələrlə yaxşı münasibətlərin olmasına, onlarla get-gəl və mehriban əlaqələrin qorunmasına çalışmaq lazımdır. İran xalqı qonşu ölkələrlə dinc yaşamağın tərəfdarı və hər hansı bir ölkənin daxili işlərinə müdaxilənin əleyhdarıdır.
- Bu gün İran regionda baş verən siyasi proseslərdə nə dərəcədə fəaldır və hazırda cərəyan edən hadisələr onun maraqlarına cavab verirmi?
- İran regionda baş verən hərbi, siyasi konfliktlərin aradan qaldırılmasını istəyir. İranın məqsədi odur ki, biz region dövlətləri özümüz öz problemlərimizi həll edək. Biz istəmirik ki, başqa dövlətlər, regiondan kənarda olan ölkələr bizə sahib olsunlar və problemlərimizi aradan qaldırsınlar. Bizim öz problemlərimizi həll etmək potensialımız var. Məsələn, Dağlıq Qarabağ məsələsi İran, Rusiya, Türkiyə və Azərbaycanın yerləşdiyi regionun problemidir. Necə olur ki, Fransa və ABŞ-ın iştirakı ilə ATƏT-in Minsk qrupu yaradılır və problemin həllinə cəhd edilir? 20 il keçib, bəs niyə həll edə bilməyiblər? Necə ola bilir ki, bizim burada heç bir rolumuz olmur? Bir şeyi ki birlikdə edə bilərik, niyə işbirliyimiz olmasın? İran bütün beynəlxalq təşkilatlarda, rəsmi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edir. İran hər yerdə deyib ki, Qarabağ və onun ətrafındakı yeddi rayonun hamısı Azərbaycan torpaqlarıdır və işğal olunub. Ermənistan bu işğal olunmuş ərazilərdən çıxmalıdır.
- Bəs belə olan halda İran niyə Ermənistana yardımlar edir, ona hərtərəfli dəstək olur?
– Siz Ermənistanla qonşu ölkəsiniz, əraziləriniz işğal olunub və onlarla müharibə aparırsınız. Ermənistan İranla da həmsərhəddir. Ermənistan da, İran da müstəqil dövlətlərdirlər. Necə ki sizin ABŞ-la, İsraillə əlaqələriniz var və bunun bizə aidiyyəti yoxdur. Biz Amerikanı özümüzə düşmən bilsək də, buna görə sizi qınamırıq. İsrail müsəlman dövlətlərini işğal edib. Necə ki Ermənistan sizin torpaqları işğal edib. Bu məsələləri kənara qoysaq, İran Azərbaycandan çox razıdır.
– Amma rəsmi Bakı İrana qarşı hücumda Azərbaycan ərazisindən istifadə olunmasına yol verməyəcəyini bəyan edir...
– Hörmətli Prezident, cənab İlham Əliyev müxtəlif beynəlxalq təşkilatlarda bunu həmişə deyir ki, Azərbaycan dövləti icazə verməyəcək ki, hər hansı xarici dövlət Azərbaycan torpağından İrana hücum etsin. Biz bunu çox yaxşı bilirik. İranı dünyanın hər yerindən siyasi, iqtisadi cəhətdən mühasirəyə alıblar, amma Azərbaycan bizi dəstəkləyir. Biz də Azərbaycanı dəstəkləyirik. Bizim möhtərəm prezident Mahmud Əhmədinejad Azərbaycanda deyib: “Azərbaycanın məsələsi, İranın məsələsi, Azərbaycanın təhlükəsizliyi, İranın təhlükəsizliyidir”.
– Beynəlxalq ictimaiyyət bu gün İranın nüvə silahı yaratmasına qarşıdır. Əslində, İran nə istəyir?
– İran müstəqil bir dövlətdir. İstəyir ki, bütün beynəlxalq təşkilatlar çərçivəsində öz hüquqlarından istifadə etsin. Bu hüquq nədən ibarətdir? Nüvə texnologiyasına malik olmaq hər bir BMT üzvünün hüququdur. Biz də o hüquqdan istifadə etmək istəyirik. Amma dünyada çox az dövlətlər var ki, bu texnologiyaya malikdir. Səbəbi də bu istiqamətdə monopoliya yaradılmasıdır. Buna görə də İranla müxalifətə giriblər. Amma demək olar ki, 10 il ərzində heç nə edə bilməyiblər. Bir rəsmi sənəd göstərsinlər ki, İran gedib nüvə bombası düzəldib. Heç bir sənəd yoxdur. İran istəyir ki, bu zülmün qarşısında dayansın və öz haqqından istifadə etsin. Amma onlar istəmirlər. Bizi nüvə silahı əldə etməyimizə görə ittiham etmək istəyirlər. Necə ki İraqda Səddam Hüseyn rejimini kütləvi qırğın silahlarına görə ittiham etdilər. Amma heç bir sənəd olmadı və nəticədə oranı dağıtdılar.
– İsrail-İran arasındakı gərginliyi necə şərh edərdiniz? Bu, nəyə gətirib çıxara bilər?
– Necə ola bilər ki, kiçik bir ölkə olan İsrail İrana basqın etsin? Haradan basqın edəcək? Göydən? Hansı ölkələrdən keçəcək? O, İranın sərhədlərinə çatana kimi ballistik silaha sahib olan İran onları məhv edər. Amma İran müharibə etmək istəmir. Yalnız əgər bizə güclü təhdidlər olarsa, İran müharibəyə başlayar. İran sahib olduğu silahlara özünümüdafiə məqsədilə yanaşır. Bizim heç bir ölkənin ərazisində gözümüz yoxdur. Bizim yalnız bir məqsədimiz var: müstəqil xarici siyasət sahibi olaq və dünyada öz rolumuzu oynayaq.
– Öz fəaliyyətinizdə bizim regionla bağlı hansı araşdırmalar aparmısınız? Bölgəmiz sizə necə görünür?
– İllərdir ki, mən Qafqaz üzrə mütəxəssisəm. İranda ilk mütəxəssisəm ki, 1988-ci ildə elmi jurnalda Qarabağ və Azərbaycan məsələsindən yazmışam. O zaman İranda heç kim Qarabağın harada olduğunu belə bilmirdi. Bilirsiniz, İranda heç vaxt istəmirlər ki, Azərbaycanın problemi olsun. Görürük ki, Azərbaycan gəlirlərinə görə, dünyada ilk yerlərdən birini tutur. Şərqdəki qonşumuz Əfqanıstandan daim bizə qaçaq gəlir, narkotika, tiryək, heroin daşınır və oradan bizə təhlükə yaranır. Amma bir qonşumuz da var - Azərbaycan kimi. Günbəgün iqtisadi, elmi, siyasi cəhətdən inkişaf edir. Bu, çox gözəldir. Yaxşı qonşu öz qonşusunun inkişafına sevinəcək, ən azı ona görə ki, bunun ona ziyanı olmayacaq.
– İranda yaşayan azərbaycanlıların öz ana dillərində məktəbləri yoxdur. Bu, o demək deyilmi ki, bu ölkədə yaşayan 30 milyondan çox azərbaycanlının hüquqları pozulur?
– İranda dörd vilayət var ki, bunlar da Şərqi və Qərbi Azərbaycan, Zəncan və Ərdəbildir. Qərbi Azərbaycanın bir hissəsinin sakinləri kürdlərdir. Rəsmi statistikada burada 13 milyon əhalinin yaşadığı göstərilir. İranda elə ola bilməz ki, kimsə deyə, türkəm və mənə buna görə iş vermirlər, yaxud işdən qovurlar. Bura onun öz vətənidir. Dil söhbətinə gəlincə, vaxtilə ruslar sizə təzyiq edib ki, gərək mənim dilimi öyrənəsiz. Amma heç bir rus gəlib Azərbaycan, qazax, qırğız, uyğur dillərini, yaxud gürcü və erməni dillərini öyrənməyib. Bu oldu işğalçı bir dövlət. Gəldi, torpağınızı işğal etdi, sizə hökumət yaratdı. Qoymadı ki, milli diliniz inkişaf etsin. İndi gələk İrana. İranda fars dili 1100 ildir işlənir. Firdovsinin əsərləri 1000 il bundan əvvələ aiddir. amma oxuya bilirik. Heç bir çətinlik də yoxdur. Məsələn, ingilislər dörd əsr bundan əvvələ aid Şekspirin yazdığını oxuya bilmir. Gərək müasir ingilisə çevirib oxuyalar. İran etniklərinin isə bir-biri ilə danışmaq üçün müştərək dilləri var. Bununla belə bizim Azərbaycanda analar öz dilində uşaqlara layla, sayaçı deyirlər, mərsiyyələr oxuyurlar. Bütün türk ailələrində azərbaycanca danışırlar. Bizim fars dilinə qarşı hissimizlə sizin rus dilinə olan hissiniz bir deyil. Bunları bir-biri ilə müqayisə etmək olmaz. Bütün Azərbaycan, Kürdüstan, Bəlucistan, Xorasan - bunların hamısı bir böyük İran ailəsidir, İran xalqlarıdır.
MƏSLƏHƏT GÖR: