
MAFİYA ÖLMƏZDİR
Ermənistanda hakimiyyət kriminal qrupların əlindədir
Müəllif: NURANİ Bakı
Nəzarət palatasının hesabatı Ermənistan parlamentində son dərəcə qızğın müzakirələrə səbəb olub. Müzakirələr zamanı Ermənistanın müxalifətdən olan tanınmış siyasətçisi, erməni milli konqresinin parlament fraksiyasının üzvü Nikol Paşinyan ironiya ilə deyib: "Ermənistan ictimaiyyəti, əlbəttə ki, prezident Serj Sarqsyanın korrupsiya ilə mübarizə aparacağına inanır. Hələ bilmək olmaz bu mübarizə hansı nəticələri verəcək, yəni, onun ailə üzvlərinin imkanı daha nə qədər artacaq". Hakim Respublika Partiyası üzvlərinin ölkədə "oğurluğun" Levon Ter-Petrosyanın prezidentliyi dövründə başladığına dair fikirlərinə cavabında isə Paşinyan bildirib ki, həmin 1990-cı illərdə Serj Sarqsyan korrupsiya ilə mübarizə aparmalı olan əsas strukturlara rəhbərlik edib - əvvəlcə Dövlət Milli Təhlükəsizlik İdarəsinə, sonra isə daxili işlər və milli təhlükəsizlik nazirliklərinə. Nəticədə, onun qardaşı Aleksandr Sarqsyan adi fəhlədən zəngin bir şəxsə, bəzi məlumatlara görə isə hətta multimilyonçuya çevrilib. Bu fikirlərinin sonunda da Paşinyan gülümsəyərək əvvəlki cümləsini təkrar edib: "Ermənistan ictimaiyyəti Serj Sarqsyanın korrupsiya ilə mübarizə aparacağına inanır. Hələ bilmək olmaz bu mübarizənin nəticəsi necə olacaq, yəni, Aleksandr Sarqsyanın, Ermənistanın Vatikandakı fövqəladə və səlahiyyətli səfiri Mikael Minasyanın imkanları nə qədər artacaq. Sonuncu Serj Sarqsyan ailəsinin üzvü olan kimi, milyonçuya çevrilib və bütün varidatını, əlbəttə ki, "yalnız qanuni yolla" əldə edib".
Mübahisəni kifayət qədər nümunəvi saymaq olar. Nəzərə almaq lazımdır ki, Ermənistanda leqal biznes imkanları çox azdır. Bir neçə həftə əvvəl Ermənistanda iqtisadi xəbərlərin əsasını Vedibasara, yəni Ararat vadisinə dolu düşməsi təşkil etdikdə, mətbuata şok xəbərlər çıxmışdı: məlum olmuşdu ki, dolunun bütün mənalarda zərbə vurduğu kənd təsərrüfatı Ermənistanda emal sənayesini 2, filiz-mədən sənayesini isə 8 dəfə üstələyir.
Halbuki, Ermənistanda kənd təsərrüfatı üçün əlverişli olmayan torpaqların üstünlük təşkil etdiyi məlumdur - dağlıq, qayalıq və s. Sovet İttifaqı dönəmində bu ölkə iqtisadiyyatının əsasını filiz və dağ mədən sənayesi, eləcə də metallurgiya kombinatları təşkil edib. Bu gün Ermənistanda kənd təsərrüfatı emal sənayesini 2, filiz-mədən sənayesini isə 8 dəfə üstələyirsə, bu, yerli iqtisadiyyatın faciəvi durumda olduğunu göstərir.
Ermənistanın müstəqil analitikləri isə hələ 2010-cu ildə hökumətin narkobiznesə yaxşı himayədarlıq etdiyini bildirirdilər. Yeri gəlmişkən, Ermənistan parlamentindəki söz atışması Azərbaycanda, Azərbaycan və İran da daxil olmaqla, bir neçə ölkə vasitəsilə narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olmağa çalışan qrupun ifşası ilə eyni vaxta təsadüf edib. Bunu təsadüfi simvolik də saymaq olar. Qrupun daşımağa çalışdığı narkotik maddələr... Azərbaycanın işğal altındakı torpaqlarında - Qarabağda yetişdirilibmiş. Əməliyyat nəticəsində saxlanılan qaçaqmalçılar bu bizneslə Ermənistan hərbçilərinin məşğul olduqlarını bildiriblər. Odur ki, Ermənistan hakimiyyətinin gizlətməli olduğu məqamlar ortadadır. Aydındır ki, bu ölkəyə əsas gəliri heç də Texutun mis mədənləri gətirmir. Xatırladaq ki, narkotik biznesində hər 1 dollar 12 min dollaradək gəlir gətirir. Söhbət qanuni hakimiyyətin və beynəlxalq təşkilatların nəzarətindən çıxarılmış ərazilərdə salınmış narkotik plantasiyalardan gedirsə, bu gəlir xeyli artır.
Dəfələrlə mətbuatda yazıldığı kimi, Ermənistanda hakimiyyətdə olan "Qarabağ klanı" "baza kapitalı"nı, ilk növbədə, Azərbaycanla müharibədən və əvvəlcə Yuxarı, sonra isə Aşağı Qarabağdakı Azərbaycan kəndlərinin talanından toplayıb. Bundan başqa, heç kimin tanımadığı "kvazidövlət" şəraitində "Qarabağ klanı" heç bir halda leqal biznesdən pay əldə edə bilməzdi. Bu üzdən o, qeyri-leqal bizneslə əlaqələr qurub.
Ermənistanın zərgərlik sənayesi ilə bağlı vəziyyət deyilənlərə bariz nümunədir. Bir neçə il əvvəl Ermənistanda almazın təraşlanması, az qala, yerli iqtisadiyyatın əsas ümidi elan edilmişdi. Hər kəs bu sahənin perspektivindən ağızdolusu danışırdı. Erməni diasporunun "almaz biznesi"ndə geniş imkanları və əlaqələri var idi. Üstəlik, almaz daşınma zamanı böyük xərc tələb etmirdi. Lakin çox keçmədi, ermənilərin təraşlanma ilə yox, ən yaxşı halda, bazara afrikalı qiyamçı qruplaşmalar tərəfindən çıxarılan qeyri-leqal almazların "yuyulması" ilə məşğul olduqları üzə çıxdı. Ermənilər, hətta terror təşkilatlarının bu sahədəki bizneslə bağlı sifarişlərini də yerinə yetirməyə başladılar. Nəticədə, investorlar Ermənistanı tərk etdi, sözügedən sahə "bağlandı", sevincdolu ümidlərdən isə heç nə qalmadı.
Bütün bunlarla yanaşı, Ermənistan üçün ən qorxulu olan başqa məqamdır: indi İrəvanın, Gümrünün, Gorusun, Vanadzorun küçələrində elə həmin üsullardan istifadə olunur. Bu şəhərlərdəki vəziyyət qanqsterlər arasındakı savaşların tüğyan etdiyi "qədim Çikaqo"nu yox, kriminal mübahisələr nəticəsində cinayətkarlarla korrupsiyalaşmış məmurlar arasındakı əlaqələri üzə çıxarmış "Kuşevskaya qəsəbə"sini xatırladır. Günahkarlar isə hakimiyyətdən dəstək almış, uzun illər ərzində cəzasız fəaliyyət göstərmiş banda üzvləri imiş. Əslində, Ermənistanda hakimiyyət də, ən xırda biznes də heç "qanuni oğru"ların da yox, birdən-birə böyük pulun, nüfuzun dadını görmüş kiçik kriminal qrupların əlindədir. Qədimdən siyasi terror ənənəsinə malik Ermənistanda Kalaşnikov avtomatı bəziləri üçün bütün problemlərin həlli üçün ən yaxşı vasitədir. 2008-ci il martın 1-də Ermənistan xüsusi təyinatlıları prezident seçkisinin nəticələrinin saxtalaşdırılmasına etiraz edənləri atəşə tutur, 2013-cü ildə keçiriləcək seçki ərəfəsində isə Vardan Sedrakyan adlı prezidentliyə namizəd digər namizəd, hələ Sovetlər dönəmindən tanınmış dissident Paruyr Ayrikyana qarşı sui-qəsd sifariş edir.
Eyni üsuldan siyasi, iqtisadi problemlərin, mülk mübahisələrinin həllində də istifadə olunur. Merlərin, qubernatorların yaxın qohumlarının iştirakı ilə baş verən atışmalar heç kimi təəccübləndirmir. Gümrünün meri Vardan Qukasyanı atışmalarla qeydə alınmış bir neçə "insident"dən sonra belə, vəzifəsindən güclə ayırırlar, nüfuzunu isə o, yenə də qoruyub-saxlayır. Hökumət Syunikin qubernatoru Suren Xaçatryanın evində baş verən və Gorus şəhərinin meri vəzifəsinə namizədin ölümü ilə nəticələnmiş atışmanı sonadək araşdırmağa tələsmir. Ermənistanın adi sakinləri isə kriminal özbaşınalığın əleyhinə "çamadanlarla səs verir" və sadəcə, ölkəni tərk edirlər.
MƏSLƏHƏT GÖR: