14 Mart 2025

Cümə, 22:36

PSİXOLOJİ TERROR

Bu dəfə erməni millətçiləri Rusiyanın tanınmış türkoloq -alimini hədəfə aldılar

Müəllif:

25.06.2013

Erməni psixoloji terror maşını yenidən işə düşüb. Erməni millətçiləri öz amplualarındadırlar - damğa vururlar, danlayırlar, təzyiq edirlər.

Bu dəfə onların hücumuna tanınmış türkoloq-alim Mixail Meyer məruz qalıb. Hörmətli alim Rusiyanın "Kultura" dövlət kanalında gedən "Türk marşı" verilişində "erməni soyqırımı" haqda həqiqəti söylədiyi üçün Ermənistan KİV və ictimai təşkilatlarının hədəfinə çevrilib. Qeyd edək ki, söhbət tanınmış jurnalist Sergey Medvedyevin "Faktın hakimiyyəti" silsiləsindən olan növbəti verilişindən gedir.

Alim qəti şəkildə deyib ki,  "Soyqırım  kartı ilə Antanta oynamaq istəyirdi. Onlar müsəlmanların günahkar olması, xristian ermənilərin isə heç bir günahının olmaması mövzusundan çox güclü istifadə edirdilər. Əslində isə orada hər iki tərəfdə qırğın olmuşdu. Madam ki, əhalinin müəyyən hissəsi sağ qalıb, onda söhbətin milyon yarımdan ("soyqırımı"na məruz qalanlar nəzərdə tutulur - red.) getdiyini söyləmək olmaz. Çoxları aclıqdan, xəstəliklərdən ölüb". (Video).

Verilişdən dərhal sonra "Qolos Armenii" qəzetində bir-birinin ardınca professor Meyeri ədəbsizlikdə, erməni kartı ilə oynamaqda, hətta ölkənin siyasi kursuna təzyiq göstərməkdə günahlandıran məqalələr yer almağa başlayıb. Bu, sırf erməni ostrakizmidir: bir nəfəri itaətsizliyə görə elə təqib etmək lazımdır ki, başqaları bundan dərs alsınlar. Bu yerdə istər-istəməz, sadəcə, Los-Ancelesin UCLA Universitetində Türkiyənin tarixini öyrənən kafedra yaratmaq istədiyi üçün professor Stendford Şounun evinə bomba atılması hadisəsi yada düşür.

Yeri gəlmişkən, erməniəsilli Amerika tarixçiləri olan Ronald Qriqor Syuni, Corc Burnutyan, Robert Hyus, Riçard Ovannisyan, Nina Qarsoyan, onun tələbələri olan Levon Avdoyan, Robert Bedrosyan, Robert Tomson, Ceyms Rassel, Piter Kaui və digərlərinin də hansı təqib və təzyiqlərə məruz qaldıqları yaxşı məlumdur. Ermənistanın elm ətrafında dolaşan və saxtakarlığın müdafiəsi  ilə məşğul olan nümayəndələri amerikalı həmkarlarını qeyri-vətənpərvərlikdə günahlandırır, onlara "xalq düşməni", "revizionist", "psevdoermənişünas" damğaları vururlar. Vaxtilə bunu Nyu-Yorkun Ay Data komissiyasındakı debatlar zamanı professor R.Syuni də açıq şəkildə dilə gətirmişdi: "Ermənistan alimləri millətçi düşüncələrə çox bağlanıblar. Siz ortaya alternativ mövqe qoyursunuzsa, çox kobud, qərəzli tonda tənqid olunursunuz. Ən xırda fikir ayrılığı belə hücumlarla müşahidə olunursa, insanlar necə arqumentasiyalar səsləndirə, fərqli düşünə və elmi inkişaf etdirə bilərlər?" (Armenian Reporter 2001-ci il 3 fevral).

Nüfuzlu amerikalı tarixçi Bernard Lüisin başına gələnlər isə bütün dünyada erməni saxtakarlığının müdafiəsi mexanizminin necə müntəzəm şəkildə işlədiyini göstərir. 1985-ci ilin martında 69 amerikalı tarixçi ABŞ Konqresinə Osmanlı İmperiyasının arxivləri açılmadan "erməni soyqırımı"na dair qətnamənin qəbul olunmaması çağırışı ilə müraciət etdilər. Müraciəti imzalayanlar arasında B.Lüis də var idi və müraciət məhz onun adı ilə adlandırıldı. Nə qədər paradoksal səslənsə də, ABŞ-da baş vermiş hadisəyə Fransa Mülki Məhkəməsi sərt reaksiya göstərdi, görkəmli alimi "erməni soyqırımı"nı inkar etməkdə təqsirləndirərək 1 frank cərimə etdi. Üstəlik, məhkəmənin qərarına əsasən, alim özü haqda çıxarılan bu hökmü ödənişli şəkildə "Le Monde" qəzetində çap etdirməli idi. Amma cənab B.Lüisi təqdir etməmək olmur: o, hətta belə çətin anda da "erməni soyqırımı"nın baş verdiyinə dair heç bir ciddi sübutun olmadığını bəyan etdi.

Erməni millətçiləri Qərb alimlərini cəsarətlərinə, obyektivliklərinə görə bu cür təqib edir. Odur ki, rus professor M.Meyerin psixoloji və fiziki təhlükəsizliyini təmin edəcək ciddi müdafiəyə ehtiyacı var.

Bəs erməniləri bu qədər təşvişə salan nədir? 

Birincisi, "soyqırımı" haqda obyektiv fikrin Rusiyanın dövlət telekanalının efirindən səsləndirilməsidir.

İkincisi, bunu sıradan bir ekspertin yox, Asiya və Afrika Ölkələri İnstitutunun prezidenti, Osmanlı tarixi üzrə tanınmış mütəxəssis, MDU professorunun söyləməsi ola bilər! Bu, həqiqətən də ciddi məsələdir!

Mixail Meyerin çıxışından yuxarıda göstərdiyimiz kiçik bir sitat bizə düşünmək üçün ciddi mövzu verir. Birincisi, tanınmış rus türkoloqu 1,5 milyon erməninin soyqırıma məruz qaldığına dair iddiaların əsassız olduğunu açıq və qəti şəkildə dilə gətirir. Məsələ ondadır ki, bu fikri məsələnin mahiyyətindən dəqiqliklə xəbərdar olan tarixçi səsləndirir.

İkincisi, tezis "erməni soyqırımı"nı 1995-ci ildə parlament səviyyəsində tanımış bir ölkənin dövlət kanalından səslənir.

Bu nə deməkdir? Tarixi həqiqətin daşıyıcıları olan obyektiv alimlərlə populist siyasətçilər arasında qüvvələr balansı dəyişir? Yoxsa bu, 2015-ci il ərəfəsində siyasi istiqamətin dəyişməsidir? Necə olsa da, bu veriliş elmi həqiqətin daşıyıcıları, tarixi obyektivlik tərəfdarları və 18 il əvvəl Rusiya Dövlət Dumasında "soyqırım"a səs vermiş siyasətçilər arasında münaqişənin göstəricisidir. Belə çıxır ki, 1995-ci ildə Dövlət Dumasında "soyqırımı" haqqında qətnamənin qəbuluna heç də problemdən xəbərdar olan insanlar, tarixçilər yox, tarixi ədalətin zəfər çalması naminə deyil, siyasi konyuktura maraqlarından çıxış edən siyasətçilər səs veriblər.

Bir daha təkrar edirəm ki, bu, ciddi məsələdir! Məsələni daha da ciddiləşdirən bu cür anti-soyqırımı bəyanatını ilk dəfə olaraq RUSİYA elminin nümayəndəsinin səsləndirməsidir. Bu, Rusiyanın öz tarixində erməni terroru, ermənilərin XIX əsrin sonları, XX əsrin əvvəllərindəki destruktiv separatçı əməlləri  ilə bağlı ağ ləkələri üzə çıxarmaq qərarına gəldiyini göstərirmi?

Soyqırımın inkarı haqda indiyədək Rusiya yazıçıları, jurnalistləri danışsalar da, alimlər susublar. Yalnız tarix elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Sergey Arutyunov 2011-ci ilin aprelində "Qolos Armenii"yə açıqlamasında demişdi: "Rəsmi olaraq bu, məhvetmə əmri olmayıb. Rəsmi olaraq erməni əhalinin Mesopotomiyadan çıxarılmasına, bunun hərbi əməliyyatlarsız gerçəkləşdirilməsinə göstəriş verilmişdi".

"Qolos Armenii" erməni ictimai təşkilatları adından M. Meyeri və "Kultura" kanalını məhkəməyə verməklə hədələyir. Belə olan təqdirdə, ermənilər onlarca mərhum və hazırda sağ olan Qərb alimini, ictimai xadimini, ruhanisini, yazıçısını da məhkəməyə verməli olacaqlar. Çünki Jorj de Malevil, Mixael Günter, Castin Makkarti, Filip Marsden, Norman Stoun, Kerem İsxak, Eberhard Jakel, Edvard Erikson, Yozef Korbeyc, Qvin Dayer, Bertil Duner, Arend Yan Boekestijn, Albert Jan Amateo, Jil Vaynşteyn, Katbert Frensis Dikson-Conson, Tyerri Zarkon, Robert F.Zeydner, Endryu Manqo, Maykl Radu, Maykl Reynolds, Ceremi Solt, Skott Teylor, Elizabet-Enn Uil, Brayan Qlin Uilyams, Bryus Feyn, Devid Corc Hoqart, Edvard C.Erikson, Malkom Edvard Yapp və digərləri də "erməni soyqırımı" haqda iddiaların əsassız olduğunu dəfələrlə bəyan ediblər.

"Soyqırımı" ideyasının himayəçilərinə onların siyasi patriarxı Boqos Nubar Paşanı da (ölümündən sonra) məhkəməyə vermələrini məsləhət görərdik. O, 1919-cu ildə Paris sülh konfransında erməni nümayəndə heyətinin rəhbəri kimi bu bəyanatı səsləndirmişdi: "...Müharibənin başlanğıcında Türkiyə hökuməti ermənilərə muxtariyyət təklif etdi, əvəzində, onlardan Qafqazın Rusiyaya qarşı qaldırılmasını istədi. Ermənilər isə bu təklifi rədd etdilər və birmənalı olaraq Antantanın tərəfini tutdular - ondan xilas gözləyirdilər. Ermənilər müharibənin ilk günlərindən müttəfiqlərinin tərəfində vuruşurdular və bütün cəbhələrdə barışıq imzalananadək, bu, belə olub".

Əslində, Meyer "Kultura" kanalında elə eyni fikirləri səsləndirib. Odur ki, erməni tərəfi alimi məhkəməyə verərkən əvvəlcə öz yanaşmasının səbəbini izah etsin. Belə çıxır ki, Meyerin etdiyi ədəbsizlikdir, Boqos Nubarın sözləri isə incə siyasət?

Sağlam düşüncəli cəmiyyət nüfuzlu rusiyalı alimə qarşı kampaniyaya başlayanların cavabını verməyə qadirdir. Odur ki, həqiqət tərəfdarına və erməni saxtakarlığına qarşı çıxanları "Kultura" kanalının forumunda iştiraka çağırırıq.(Forum)



MƏSLƏHƏT GÖR:

638