
İLK ÇEMPİON
Azərbaycanlı şahmatçı "R+"a müsahibəsində Xantı-Mansiyskdə mübarizədən danışdı
Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən sürətli şahmat üzrə Dünya Çempionatı azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun qələbəsiylə başa çatdı. İsveçrə sistemiylə 15 turdan ibarət çempionatın sonunda həmyerlimiz 11.5 xalla bütün rəqiblərini qabaqladı. 20 ölkədən 58 şahmatçının iştirak etdiyi turnirdə qızıl medal qazanan Ş.Məmmədyarov bu turnirdən sonra Mixail Talın xatirinə yarışda iştirak etmək üçün Moskvaya gedib. Şahmatçımız "R+"-un suallarını telefonla cavablandırdı.
- Bir daha təbrik edirik. Uğur qazanacağını gözləyirdinmi?
- Sözün düzü, yarışdan əvvəl qələbəyə inanırdım. Amma son turda artıq inamım qalmamışdı. Çünki, son turdakı görüş çox çətin alındı. Həmin partiyada qələbə şanslarım az olduğundan Yan Nepomnyaşenin qalib gələcəyini gözləyirdim. Son tur olduğundan çoxlu sayda risk etdim və sonda qələbə qazandım. Şad oldum ki, Xantı-Mansiyskdə keçirilən Dünya Çempionatındakı qələbə mənimlə yanaşı, çoxsaylı şahmat azarkeşlərini də sevindirdi. Turnirdən sonra sosial şəbəkədə çoxlu sayda təbriklər oxudum. E-mail poçtuma və şəxsi telefonuma aldığım məktublar məni daha da həvəsləndirdi. Gərgin məşqlər və ardıcıl yarışlar zamanı bizim qələbəmizi daim arzulayan şəxslərin olduğunu unuduruq. Halbuki Azərbaycanda şahmat çox sevilir və hər bir yarışımız diqqətdə saxlanılır. Bu qədər təbrikdən sonra əminliklə deyə bilərəm ki, növbəti yarışlar zamanı hər bir insanın gücü mənə əlavə stimul verəcək.
Sözsüz ki, bu təkcə mənim deyil, bütün Azərbaycan şahmatının və idmanının uğurudur. Əlbəttə ki, qələbədə dəyərli şahmat həvəskarlarının və azarkeşlərin də böyük payı var. Sürətli şahmat üzrə Dünya Çempionatındakı qələbəm gələcəkdə iştirak edəcəyim yarışlara daha yaxşı hazırlaşmağa kömək edəcək. Fikrimcə, ən əsası bu turnirdə Azərbaycan təmsilçisinin uğur əldə etməsi oldu. Etiraf etməliyəm ki, uğurumda mənimlə çalışan hər bir kəsin rolu var. Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasına eləcə də menecerim Rüstəm Nəcəfova təşəkkür etmək istərdim.
- Ötən il analoji yarışda 3-4-cü yerləri bölüşdürdün. Bu dəfə isə 1-ci yerə sahib çıxdın. Fikrimcə, sən sürətli şahmatda ən güclülərdənsən.
- Mən həmişə rapidi yaxşı oynamışam. Əlbəttə, fikirləşirdim ki, blits turnirləri daha yaxşı oynayıram. Çalışacam ki, klassik şahmatda da sözümü deyim.
- Teymur Rəcəbov sosial şəbəkədəki səhifəsində bu yarışda ən güclü şahmatçıların iştirak etmədiyini yazıb. Sənin fikrini bilmək maraqlı olardı..
- Bilirsiniz, şahmat mövsümü çox gərgin qrafiklə zəngindir. Ötən il keçirilən yarışda da ən güclülərin çoxu iştirak etmədi. Amma bu turnirə marağı azaltmadı. Hər halda dünya çempionu olmaq istəyənlər Xantı-Mansiyskə gəlmişdi. Təşkilatçılar hamının iştirak etməsi üçün çox çalışdılar. Kimsə iştirak etməyibsə, bu artıq onun işidir.
- Azərbaycan şahmatçılarının çoxu klassik şahmatdan fərqli sürətli şahmatda daha uğurlu çıxış edir. Bunun sirri nədədir?
- Biz Bakıda görüşəndə hər zaman sürətli şahmat oynayırıq. Axşamlar bir yerə yığışanda şahmat yanımızda olur. Əvvəllər şənbə-bazar günləri bağda, ya da şahmat klubuna toplaşanda öz aramızda yarış keçirirdik. Özü də bütün güclü qrossmeysterlər həmin mübarizədə iştirak edirdilər. Bəlkə, ona görə sürətli şahmatı yaxşı oynayırıq.
- Səhv etmirəmsə, böyüklər arasında ilk qızıl medaldır...
- Azərbaycan şahmatının uğurları çox olub. Fərdi yarışlarda ilk qızıl medaldır. Təbii ki, yeniyetmələr və gənclər arasında dünya və Avropa yarışlarında qızıl medalımız çox olub. Mən özüm elə gənclər arasında dünya çempionu olmuşam. Amma böyüklər arasında ilk dünya çempionluğudur.
- Demək olar, sən arzularından birini reallaşdırdın?
- Əlbəttə, sözsüz ki, bununla arzularım bitmir. Qarşıda bizi çoxlu sayda çətin və məsuliyyətli yarışlar gözləyir. Onlarda da qələbə qazanmaq istərdim.
- Rusiya mətbuatına müsahibəndə ölkədə yol polisi işçilərini aldatdığını demisən. Bu doğrudan belədir?
- (gülür) Sürətlə sürəndə maşını yol polisi işçiləri məni saxlayır. O zaman deyirəm ki, dünya çempionuyam. Sadəcə demirəm ki, bu çempionluğu yeniyetmələr arasında qazanmışam. Bundan sonra polis saxlasa, səmimi olaraq deyəcəm ki, rapid üzrə çempionam. Yol polisi işçiləri idmançılara çox kömək edirlər. Bu mənada onlara çox sağ ol deməliyəm.
- Gələn il titulunu qorumaq fikrin varmı?
- Gələn il yarış Dubayda olacaq. Həmin yarışda da iştirak etmək istəyirəm. Titulumu qorumaq lazımdır. Ümumiyyətlə, FİDE-nin keçirdiyi bu yarışları yüksək qiymətləndirirəm. Məncə, bu yarışlar şahmat dünyasına lazımdır.
- Adətən, qələbəni xüsusilə qeyd edirlər. Yəqin, sən də Moskvada qeyd etmisən?
- Son tur ərəfəsində gecəni yatmamışdım. Dostlarla futbola baxırdıq. Hazırda bütün fikrim növbəti yarışdadır. Moskvada keçirilən Mixail Talın xatirə turnirində iştirak edirəm. Bakıya, yəqin ki, iyulun sonlarında gələcəm. Ardıcıl yarışlar zamanı istirahətə vaxt az olur. Qələbəni qeyd etmək fikrim yoxdur.
- Sürətli şahmat çempionu oldun. Klassik şahmatda bu uğuru təkrarlamaq realdırmı?
- Azərbaycan şahmatçılarının hamısı klassik şahmat üzrə dünya çempionu olmaq istəyir. Sadəcə klassik şahmatda reqlament bir qədər başqadır. Orada iddiaçılar turnirində iştirak etməlisən və sonra çempionluq matçına çıxmalısan. 3 il əvvəl iddiaçılar turnirində iştirak etmişəm və çox gərgin turnir olduğunu görmüşəm. Sözsüz ki, əsas məqsədimiz şahmat tacını Bakıya qaytarmaqdır. Bu məqsəd üçün təkcə mən yox, bütün şahmatçılarımız çalışırlar.
- İlin sonunda klub və yığma komanda da vacib yarışlar olacaq.
- SOCAR klubunun heyətində Avropa Kubokunda iştirak edəcəyik. Ötən il İsraildə keçirilən yarışda qələbə qazandıq. Bu dəfə titulumuzu qorumalıyıq. Eyni zamanda milli komandamız Avropa Çempionatında mübarizə aparacaq. Həmin yarış da bizim üçün çox vacibdir. Bir sözlə, hələlik istirahətə vaxt yoxdur. Amma inanın, uğur qazananda yorğunluq yox olur. İnsan daha çox çalışmaq istəyir.
MƏSLƏHƏT GÖR: