
DÜŞÜNMƏYƏ VADAR EDƏN UĞUR
Azərbaycan boksçuları Minskdən dörd medalla qayıtdılar
Müəllif: Nadir XOSROVOĞLU Bakı
Minskdə keçirilmiş boks üzrə 40-cı Avropa Çempionatı Azərbaycan yığması üçün əsl sınaq oldu. Bu yarış baş məşqçi Vladimir Zolotaryov üçün millimizin sükanı arxasında ilk böyük turnir olduğundan nəticə çox vacib idi. Digər tərəfdən yığma üzvlərinin London Yay Olimpiya Oyunlarından sonra hansı vəziyyətdə olması maraq doğururdu. Yekunda dəri əlcək ustaları onlara bəslənilən ümidləri doğrultdu. Turnirə 10 boksçu ilə yollanan Azərbaycan milli komandası 4 medal qazandı: Məhəmmədrəsul Məcidov (+91 kq) Vətənə çempion kimi, Teymur Məmmədov (91 kq) gümüş, Salman Əlizadə (49 kq) və Elvin Məmişzadə (52 kq) isə bürünc medalla döndü.
İlkin mərhələdə iki boksçumuz mübarizəni dayandırdı: 75 kq çəki dərəcəsində Elnur Süleymanov və 81 kq-da Rauf Rəhimov elə startdaca uduzdular. Lakin qalan səkkiz idmançımızın dörddə bir finala vəsiqə qazanması nikbin proqnozlara əsas verirdi. Dəri əlcək ustalarımızdan 4-ü yarımfinala çıxmaqla qarşıya qoyulan minimum vəzifənin öhdəsindən gəldi.
Elvin İsayev (60 kq), Tamerlan Abdullayev (69 kq), Samir Məmmədov (56 kq) və Heybətulla Hacıəliyev (64 kq) rəqiblərinin öhdəsindən gələ bilmədilər. Əvəzində Salman Əlizadə (49 kq) gürcü Dato Nanaviyə heç bir şans vermədi. Dəqiq zərbələrlə rəqibini çətin vəziyyətə salan boksçumuz yığmanın hesabına ilk medalı yazdırdı. Amma Salman iki il əvvəl Antalyada qazandığı çempion titulunu qoruya bilmədi - finala gedən yolda o, irlandiyalı Patrik Barnsa məğlub olaraq, bürünclə kifayətləndi. Xatırladaq ki, Avro-2010-da (Moskva) 48 kq çəkidə Elvin Məmişzadə həlledici döyüşdə məhz bu irlandiyalı boksçuya yenilərək ikinci yeri tutmuşdu.
Elvin Məmişzadə üçün Belarus səfəri də tam ürəkaçan olmadı. Belarusa qızıl medal üçün gəldiyini deyən boksçu yarımfinalda uelsli Endryu Selbi ilə bacarmadı və o da Minskdən bürünclə qayıtmalı oldu. Yeri gəlmişkən, 52 kq çəkidə Avropa çempionu adını elə Uels təmsilçisi qazandı.
Elvin Məmişzadənin yarımfinalda uduzmasını hakimlərin Uels idmançısına rəğbət bəsləməsiylə əlaqələndirirlər. Görüşdən sonra Azərbaycan Boks Federasiyası hakimlər komitəsinə etiraz edərək nəticəyə baxılmasını tələb etsələr də, şikayət təmin olunmayıb.
Finalda millimizin iki aparıcı üzvü - London Olimpiadasının bürünc mükafatçıları Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) yarışmaq imkanı qazandı. Yarımfinalda Teymur "Baku Fires"dan yaxşı tanıdığımız Denis Poyatskiyə qalib gəldi. Lakin həlledici döyüşdə rusiyalı Aleksey Yeqorova məğlub olan Teymur da çempionluq titulunu qoruya bilmədi. Hələ birinci raundda əli zədələnən idmançımızın istədiyi kimi mübarizə aparmaq gücündə olmadığı aşkar göründü. Nəticədə, hakim növbəti raundda görüşü dayandırıb qələbəni rəqibə verdi.
Teymur Məmmədovun da Salman Əlizadə kimi titulunu qoruya bilməməsi (Son Avropa Çempionatında hər ikisi qızıl medal qazanmışdı) bir sıra suallar yaratsa da, bütövlükdə nəticəni qənaətbəxş saymaq olar. Əlizadə stabil çıxış etsə də, böyük yarışlarda qələbə qazanmaqda çətinlik çəkir. Lakin Minskdə məğlub olmasına baxmayaraq, irland boksçuyla bərabər səviyyədə mübarizə apardı. Teymur Məmmədova gəlincə, gümüş medal da pis nəticə deyil. Əli zədələnməsəydi, boksçumuzun finalda da qələbə qazanmaq şansları böyük idi.
Dünya çempionu Məhəmmədrəsul Məcidov isə şəxsi kolleksiyasına Avropa çempionluğunu da əlavə etdi. Ən ağır çəkidəki təmsilçimizin yarımfinaldakı rəqibi, belaruslu Viktor Zuyev zədələndiyindən idmançımız finala mübarizəsiz çıxdı. Finalda isə Məcidov Rusiya yığmasının üzvü Sergey Kuzminə qalib gələrək qızıl medal həsrətinə son qoydu. Üç raund güzəştsiz mübarizə aparan Məcidov qitənin ən güclüsü olduğunu sübut etdi. Məhəmmədrəsul Məcidovun Avropa çempionu olmasında onun bəxtinin gətirməsi də böyük rol oynadı. Püşkə əsasən mübarizəyə dörddə bir finaldan qoşulan boksçu, yarımfinalda da mübarizəsiz qalib elan olundu. Ona görə onun qələbəsi qətiyyən arxayınlaşmağa əsas vermir.
Beləliklə, boksçularımız Belarus paytaxtında 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanaraq, Avropa Çempionatını komanda hesabında dördüncü yerdə bitirdi. İlk üçlükdə isə Rusiya, İrlandiya və Ukrayna kollektivləri qərarlaşdı. Bununla, boksçularımızın müstəqillik illərində Avropa Çempionatlarında qazandıqları medalların sayı 17-yə çatdı. Onlardan 4-ü qızıl, 6-sı gümüş və 7-si bürünc əyarlıdır.
Əlbəttə, Avropa Çempionatında 4 medal qazanmaq yaxşı nəticədir. Lakin döyüş baxımından bəzi çatışmazlıqların olması da unudulmamalıdır. İlk olaraq qitə birinciliyində bütün komandaların optimal heyətlə iştirak etmədiyini nəzərə alaq. Yəni oktyabrdakı Dünya Çempionatı tam başqa səviyyədə olacaq. Mundialda dünyanın bütün ölkələrindən iştirakçı olacaq və hər biri qızıl medal qazanmaq üçün sona qədər mübarizə aparacaq.
Avropa Çempionatında Samir Məmmədovla Heybətulla Hacıəliyevin erkən məğlub olması məşqçiləri ciddi düşündürməlidir. Son illər heç bir nəticəylə yadda qalmayan Samirin millidəki çıxışları göz qabağındadır. Eyni zamanda Hacıəliyevin də ümidləri doğrultmadığı qeyd olunmalıdır. Tamerlan Abdullayevə gəlincə, onun məğlubiyyətində əsas səbəb təcrübəsizlik oldu. Abdullayevin Minskə yollanacağı son anda dəqiqləşdiyindən rinqdəki səhvləri ona bağışlamaq olar.
Qeyd edək ki, Avropa Çempionatı yeni qaydalarla zəngin oldu. Belə ki, qitə birinciliyi bir sıra yeniliklərlə yadda qaldı. Minskdə döyüş zamanı boksçuların xalları hər raund başa çatdıqdan sonra açıqlandı. Xallar da peşəkar boksdakı kimi hesablanıb və qalib üç hakimin verdiyi ballara əsasən müəyyənləşib.
MƏSLƏHƏT GÖR: