
MÜŞFİQİN ƏBƏDİ BAHARI
"Xalq Bank" ASC-nin layihəsi çərçivəsində böyük Azərbaycan şairi Mikayıl Müşfiqin "Seçilmiş əsərləri" işıq üzü görüb
Müəllif: Zöhrə FƏRƏCOVA Bakı
Bu dünyada hər şey dəyişir, bir görkəmdən başqa bir görkəmə, bir biçimdən başqa bir biçimə dolur. Amma o, dəyişmir. Nəsillər doğulur, böyüyür, ona həsrətlə boylana-boylana yanından ötüb-keçir, üzü qocalığa doğru yol alırlar. O, isə həmişə gəncdir. Hər zaman 29 yaşındadır. Ömrü bahar çağındadır. Elə arzuları da, istəkləri də... Bəlkə, buna görə əbədi sevgisi - Dilbər Axundzadə də onsuz illərində yazırdı: "...Müşfiqlə keçirdiyim qısa həyatımı ömrümün bahar fəsli kimi xatırlayıram".
Anadangəlmə şair
Mikayıl Müşfiq 1908-ci ilin 5 iyununda Bakı şəhərində dünyaya göz açıb. Əsli Xızıdandır. Babası Molla İsmayıl dövrünün tərəqqipərvər adamlarından biri idi. Atası Mirzə Əbdülqədir də savadlı adam idi. Mollaxananın müasir təhsillə ayaqlaşmadığını görən Mirzə Əbdülqədir Bakının dağlıq hissəsində yarıköhnə, yarıyeni üsulla məktəb açdı. Gündüzlər gənclərə, axşamlar isə yaşlılara savad öyrətdi. Həmin məktəbdə oxuyanlardan biri də yazıçı-dramaturq Cəfər Cabbarlı oldu.
Xoşxasiyyət, xeyirxah, əliaçıq adam idi Mirzə Əbdülqədir. Böyük ailəsində tək işləyən olsa da, kasıb tələbələrdən təhsil haqqı almazdı. Övladlarının təhsilinə də xüsusi diqqət yetirirdi Mirzə Əbdülqədir. Ancaq ən kiçiyini - Mikayılı nə gözüdolusu görməyə, nə də təhsili ilə məşğul olmağa ömrü vəfa etdi. 46 yaşında dünyadan köçdü. O zaman Mikayıl 6 yaşındaydı. Bu, onun həyatında ikinci böyük itki idi. Anası Züleyxa hələ Mikayıl 6 aylıq olanda vəfat etmişdi...
Atalarının vəfatından sonra Mikayıla, bacıları Böyükxanım, Balacaxanım və qardaşı Mirzəyə nənələri Qızqayıtla dayıları Cavad yiyə durdu. Öz uşağı olmayan dayısı arvadı Güllü xanım da onlara doğma balaları kimi baxdı. Amma qohumları doğma analarının yerini tuta bilmədilər. Mikayıl Müşfiq uşaqlıqdan çəkdiyi ana həsrətini, xiffətini 1927-ci ildə misralara düzdü.
8-9 yaşında getdiyi molla məktəbini sevmədi Mikayıl. Elə birinci gün evə gələn kimi mollanın dərs deməyini, mollaxananı lağa qoydu. Mollaxana haqqında dediyi həcvi eşidən qohumları təşvişə düşdülər, nənəsi Mikayıla öyüd-nəsihət verdi: "Ay bala, yetim uşaqsan, özünu də, bizi də işə salarsan. Molla eşidər sənə küfr oxuyar: deyər, oxşayıb oxşamışlarına. Mollaxananı heç atan Mirzə Əbdülqədirin də görməyə gözü yox idi".
1915-ci ildə onu rus-tatar məktəbinə qoydular. İbtidai təhsilini burda aldı. Dördüncü sinfi bitirəndən sonra Bədəl bəy Bədəlbəylinin məktəbinə daxil oldu. Yeddinci sinfi də həmin məktəbdə oxuyub, başa vurdu.
Anadan şair doğulmuşdu Mikayıl. Hələ kiçik yaşlarından söz qoşmağı var idi. Hazırcavab, mehriban, maraqlı söhbətlər edən, dərslərini yaxşı oxuyan, yoldaşlarına kömək eləməkdən zövq alan bu qarabəniz oğlan müəllimlərinin sevimlisi idi. Məktəbdən evə şeir deyə-deyə gəlirdi. Yoldaşları da onun şeirlərini nəğmə kimi oxuyurdular.
1927-ci ildə o, Ali Pedaqoji İnstitutuna (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti - Z.F.) daxil oldu. 1931-ci ildə həmin məktəbi bitirdiyi gün həyatının ən gözəl günü oldu... Gözəl Dilbəri o gün gördü... Tələbə yoldaşı Fəramuş qaynı qızını tələbələrin buraxılış mərasiminə gətirmişdi. Bu ortaboylu, enlikürək, qaragöz, qaraqaş, iti baxışlı gənci qaynı qızı ilə tanış etdi: "Tələbə yoldaşım Mikayıl Müşfiqdir", - dedi. Qız adını çox eşitdiyi gənc şairi ilk dəfə görürdü. Əmisi İdris Axundzadənin Müşfiqlə yaxın dost olduğunu da həmin gün öyrəndi. Sonralar da əmisigilə qonaq gələn, tanınmış şairlər Hüseyn Cavid, Əhməd Cavad, Abdulla Şaiq və başqalarının söhbətlərindən Mikayıl Müşfiq adını tez-tez eşitdi.
O illərin gənc şairləri arasında Müşfiqin yeri başqa idi. Fitrətdən verilən qabiliyyəti o qədər saf, bənzərsiz, qüdrətli idi ki, bunu görməzlikdən gəlmək olmazdı. Ona çatmaq, bərabərində dayanmaq isə mümkünsüz idi. 1926-cı ildə ilk dəfə "Gənc işçi" qəzetində ilk şeri dərc olunandan sonra dövri mətbuatda müntəzəm çıxış edirdi. Şair ilhamı sevgi ilə, həyat eşqi ilə coşub-daşırdı. Sovet rejimi isə digər şairlər kimi Müşfiqdən də bir məcraya sığmağı, kolxoz quruculuğuna, traktora, pambığa həsr olunan şeirlər yazmağı tələb edirdi.
...Bahar günündəki tanışlıq artıq böyük məhəbbətə çevrilmişdi. Dilbərin eşqi ilə şeirlər qoşurdu Müşfiq. 1932-ci ilin aprelində nişanlandılar. Hüseyn Cavid həyat yoldaşı Müşgünaz xanımla, Abdulla Şaiq həyat yoldaşı Şahzadə xanımla, Əhməd Cavad həyat yoldaşı Şükriyyə xanımla, məşhur müğənni Bülbül şagirdi Eloğlu ilə, Səməd Vurğun, Süleyman Rüstəm, Mir Cəlal, Rəsul Rza həyat yoldaşı Nigar xanımla, Məmməd Rahim həyat yoldaşı Mələk xanımla nişan mərasimində iştirak etdilər. Toydan sonra Çadrovu (indiki Mirzağa Əliyev - Z.F.) küçəsində, bazarın qabağında Müşfiqin kirayələdiyi balaca evdə yaşadılar. Maddi sıxıntıları olsa da, xoşbəxt idilər. Bakı şəhərindəki 18 saylı orta məktəbdə dərs deyən Müşfiq həm də "Azərnəşr"də redaktor işləməyə başladı. Amma o, şair ömrü yaşayırdı. Həyatı da, sevgisi də, mübarizəsi də şeirləri idi.
Müşfiqin günəşi
... Deyirlər, o, daha çox istedadının qurbanı olub. Paxıllığını çəkirdilər. Müfiqin günəş kimi işıq saçan şairlik istedadında görünməz olmuşdular. Onu gedər-gəlməzə yola salmaq istəyirdilər. Müşfiq də belələrinə barəsində danoslar yazmaq, böhtanlar yağdırmaq üçün sanki mövzu verirdi. Doğrudur, Sovet hakimiyyətinin uğurlarından bəhs edən şeirlər də yazırdı. Amma yenə də onu məhəbbətdən, sevgidən daha çox yazmaqda günahlandırırdılar. Ən böyük "suçu" isə Hüseyn Cavid, Əhməd Cavad kimi milli əqidəli, azad düşüncəli şairlərlə dostluq etməsi idi. Azərbaycan ədəbiyyatının bu üç istedadlı şairinin həyatına qara xətti bir gecədə çəkdi o vaxtkı Sovet hakimiyyəti. 1937-ci ilin 4 iyun gecəsi üçünü də eyni vaxtda həbs etdilər. Müşfiq 1109 nömrəli dustaq oldu.
Hələ həbsinə hazırlıq getdiyi günlərdə ona doğru sürünən qara kölgələri hiss etmişdi. "NKVD"də onların həbslərinə illər öncə hazırlıqlara başlamışdılar. Beş il idi qələmdaşlarının bir çoxu Müşfiqə quyu qazırdılar ki, "NKVD" istənilən anda onu asanlıqla yıxa bilsin. Nəhayət, 1937-ci ilin iyununda arzularına çatdılar. Yenə Müşfiqə qarşı böhtan dolu məqalələr yer aldı mətbuatda. Bəziləri KQB zirzəmisindən, bəziləri azadlıqdan Müşfiqə qarşı böhtan dolu ifadələr verirdilər. Onların arasında Müşfiqin yaxın dostları da vardı. Dövr mürəkkəb idi. Xislətində şeytanlıq olanlara meydan verilmişdi. Belələri Müşfiqin bir də gün işığına çıxmaması üçün hər cür iftiraya əl atırdılar. Kimi də can qorxusundan, ailəsinin müsibətlərə düçar ediləcəyindən ehtiyatlanıb, haqqa nahaq deməli olurdu. Bəziləri də KQB zindanlarında verilən ağlasığmaz işgəncələrdən təngə gəlib, şəri təsdiqləmək zorunda qalırdı, sağ qalmaq üçün deyil, zülmdən qurtulmaq, ölmək üçün özünə belə böhtan atırdı. Həyat dolu Müşfiqi də həbsxanada belə günə saldılar. Ölümü əzabların sonu kimi qarşıladı. Azərbaycanda Sovet hakimiyyətini yıxmaq məqsədi ilə fəaliyyət göstərən, silahlı üsyan hazırlayan antisovet təşkilatın üzvü olduğunu "etiraf etdi". Hərbi kollegiya İsmayılzadə Mikayıl Müşfiq Əbdülqədir oğlunu ən ağır cəzaya -güllələnməyə məhkum etdi. Hökm 5 yanvar 1938-ci ildə yerinə yetirildi. Əhməd Cavad, Seyid Hüseyn və başqaları kimi ona da bir məzarı belə qıymadılar. Nargin adasında güllələyib, cansız bədənini Xəzər dənizinə atdılar...
Müşfiq həbs ediləndən az sonra böyük qardaşı Mirzə, bacıları Böyükxanım və Balacaxanım, 16 yaşlı əmisi oğlu Yunis Dağlı sovet rejiminin amansız qanunları ilə üz-üzə qaldılar. Şairin gözəl Dilbərinin də taleyi qara gəldi. Müşfiqin həbsindən sonra onun dostları, yoldaşları Dilbərdən uzaq qaçdılar. Qorxurdular. Xalq düşməninin ailəsi ilə əlaqə saxlayanları incidirdilər. "Müşfiqli günlərim" kitabında Dilbər Axundzadə yazırdı: "Bir nəfər yaxın və qayğıkeş adam yox idi ki, çətinə düşəndə üstünə gedəydin". Ancaq hələ ruhdan düşmürdü. İlk dəfə o gün sındı ümidinin qanadları. Müşfiqlə son görüşü ürəyinə dağ üstündən dağ çəkdi. Od baxışlı Müşfiqini həbsxanada nə hallara salmışdılar?! Kədərli, küskün baxışlarında aydın sezilən ümidsizliyi gizlətməyə çalışır, Dilbərin könlünü almaq üçün: "Tezliklə qayıdacağam evimizə", - deyirdi.
"1937-ci ilin axır günü, saat iki radələrində qapının zəngi çalındı. Qapını açdım. Bir qonşu rus qadını, iki nəfər də rus kişisi özlərini içəri soxdular. Nəzakətsiz-filansız dedilər ki, sən həbs olunursan. O vaxt 23 yaşım var idi". Həbs olunduğu günü belə xatırlayırdı Dilbər. Yadıma Seyid Hüseynin həyat yoldaşı Ümugülsümün Bayıl təcridxanasında gizli-gizli yazdığı, sonra evə göndərməyə fürsət tapdığı gündəlik düşdü. Ümugülsüm yazırdı ki, qonşu kamerada haray qopdu, dedilər, Müşfiqin arvadı Dilbərdir, dəli olub...
Ona görə Dilbəri həbsxanadan buraxmalı oldular. O qədər işgəncə vermişdilər ki, ağlını başından almışdılar. Bəlkə də, ondan əl çəkməyəcəkdilər. Dilbər yenidən ailə qurdu. Amma qəlbi də, ruhu da bir an Müşfiqdən ayrılmadı. Müşfiq sevgisi, Müşfiq həsrəti ona şeirlər yazdırdı.
Müşfiqdən "Yenə o bağ olaydı", "Oxu tar", "Maralım", "Yaşa könül", "Sənə qurban", "Küləklər" kimi saf duyğuları, sevgini tərənnüm edən şeirlər yadigar qaldı. Şairin ömrünü baharında donduranların onun əsərlərini məhv etməyə gücləri yetmədi. Bu şeirlərdə bahar qəlbli bir şairin sevdası qaldı...
Mikayıl Müşfiq dövrünün böyük mütəfəkkiri idi. Bu gün onun xatirəsi yazdığı şeirlərdə yaşayır. Və elə etmək lazımdır ki, gənclik onu tanısın, xatırlasın. "Xalq Bank"ın çoxillik "Xalq Əmanəti" layihəsinin əsas məqsədi də bu xeyirxah missiyaya öz töhfəsini verməkdən ibarətdir. Böyük Mikayıl Müşfiqin bu layihə çərçivəsində nəşr edilmiş "Seçilmiş əsərləri" iyunun 4-də geniş ictimaiyyətə təqdim olunub. "Xalq Əmanəti" layihəsi çərçivəsində işıq üzü görmüş sayca səkkizinci nəşr olan şairin əsərlərindən ibarət bu toplu, təqdimat mərasimindən sonra Müşfiq istedadının heyranlarına hədiyyə edildi. "Xalq Əmanəti" silsiləsindən olan kitablar ali və orta təhsil müəssisələrinə, uşaq evlərinə və kitabxanalara, fondlara, dövlət qurumlarına, Azərbaycandakı xarici nümayəndəliklərə, ölkəmizin xaricdəki səfirlikləri və konsulluqlarına bağışlanır, Azərbaycan mədəniyyətini dəyərləndirən insanlar arasında pulsuz paylanır. "Xalq Əmanəti" layihəsi - Azərbaycan xalqının böyük mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsi işinə böyük töhfədir.
MƏSLƏHƏT GÖR: