25 Noyabr 2024

Bazar ertəsi, 09:38

İNVESTİSİYA NÜMAYİŞİ

SOCAR Rusiya və İsraildə neft hasilatını hədəfləyib

Müəllif:

18.06.2013

Neft müqavilələri və iri enerji layihələrinin reallaşması nəinki ölkənin inkişafına təsir göstərdi, həm də Azərbaycanın beynəlxalq bazarlarda investisiya ekspansiyaları həyata keçirməsinə imkan yaratdı. Bu prosesin öncülləri Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Azərbaycan Dövlət Neft Fondu (ADNF) oldular. 

Azərbaycanın sosial sahəsinə böyük yatırımlardan savayı, artıq neçə illərdir ki, Dövlət Neft Fondu Bakıda təşəbbüs göstərilən regional iqtisadi layihələri fəal şəkildə maliyyələşdirir, SOCAR-ın layihələrinə vəsaitlər ayırır. Son vaxtlar ADNF xaricdə daşınmaz əmlak alınmasına  da fəal şəkildə sərmayə qoymağa başlayıb. Bunun üçün vaxt da ideal seçilmişdi - Avropada davam edən iqtisadi böhran şərtlərində əmlakın qiyməti ucuzlaşmışdı. Nəticədə ADNF Moskvada Puşkin meydanında 133 mln. dollara "Qalereya Aktyor" (Aktyorlar Qalereyası) ofis-ticarət mərkəzini, Londonda 177, 35 mln. funt-sterlinqə və Parisdə 135 mln. avroya danışmaz əmlakı aldı.  

Fondun planlarına - Cənub-Şərqi Asiya regionunda kommersiya təyinatlı daşınmaz əmlaka sərmayə yatırmaq, Sinqapur, Çin, Yaponiya, Cənubi Koreya, Honkonq, eləcə də Avstraliyada imkanların öyrənilməsi daxildir. ADNF bu məqsədlərə       1 mlrd. dollara kimi vəsait ayırmağa hazırdır.  Fondun son nailiyyəti Rusiyanın ən iri banklarından biri - VTB-nin səhmlərinin 2,95 faizini əldə etmək oldu. ADNF bankın 500 mln dollar məbləğində səhmlər zərfini aldı.

SOCAR da öz növbəsində ölkə daxilində neft-qaz hasilatı probleminin həllinə yönəlmiş şirkətdən dünya bazarının aparıcı oyunçusuna çevrilməsinə qədər inkişaf yolu keçib.  

Əgər 5 il bundan öncə SOCAR ancaq neft və neft məhsullarının satış bazarını genişləndirməyə çalışırdısa, son dövrlər təkcə qonşu ölkələr deyil, eləcə də Avropaya fəal investisiya yatırımları ilə diqqəti cəlb edir. Türkiyə, Gürcüstan və Ukrayna ilə yanaşı, Azərbaycan Dövlət Neft Şirkəti Rumıniya və İsveçrənin də iqtisadiyyatına sərmayə yatırır. 

SOCAR-ın ən böyük yatırımı Türkiyədə "Petkim" neft-kimya kompleksinin alışı ilə bağlıdır. Bu səhmlərin əldə edilməsinə 2 mlrd. dollar yatıraraq, şirkət qardaş ölkə üzrə özünün investisiya strategiyasını qurdu. Bunun ardınca şirkət Türkiyəyə daha 1,8 mlrd. dollar həcmində sərmayə yatırdı. Bu vəsaitlər "Petkim"in istehsalat imkanlarının genişləndirilməsi, yeni neft emalı zavodu STAR-ın tikintisi üzrə ilkin işlər, eləcə də neft məhsulları və təbii qazın topdansatış sisteminə yönəldilmişdi. 

Sonrakı 5 il Türkiyədə (TANAP Transanadolu qaz kəməri layihəsinin tikinti işləri istisna olmaqla) sərmayələrin həcmi 8 mlrd. dolları təşkil edəcək. Bu vəsaitin 5,5 mlrd dolları STAR NEZ-nin, 1,5 mlrd. dolları - elektrik stansiyasının, 350 mln. dollar konteyner limanının tikintisinə və 585 mln. dollar isə "Petkim" kompleksinin istehsalatının genişləndirilməsinə sərf olunacaq. 

Qalan digər ölkələrdə SOCAR diqqəti, əsasən, yanacaqdoldurma stansiyası şəbəkələri vasitəsilə neft məhsullarının satışına yönəldib. İlk növbədə, Gürcüstana, təxminən, 1 mlrd. dollar vəsait yatırmaqla, şirkət qonşu ölkədə 100-dən çox yanacaqdoldurma stansiyası açdı, Kulevi limanını, ölkənin və eləcə də SOCAR-ın idarəçiliyində olan qaz kəmərlərinin bir hissəsinin yenidənqurma işlərini həyata keçirdi.  

Ukraynada yanacaqdoldurma stansiyası şəbəkələrinə yatırılan sərmayə 180 mln. dollar təşkil edir. Bu vəsait hesabına 34 yanacaqdoldurma stansiyaları açılıb və neft məhsullarının topdansatış sistemi təşkil edilib. Növbəti iki ildə YDS (yanacaqdoldurma stansiyaları)  şəbəkələrinin sayını 100-120-yə çatdırmaq üçün 150 mln. dollar sərmayənin yatırılması ehtimal edilir. Amma SOCAR-ın investisiya ekspansiyası MDB ölkələri ilə məhdudlaşmadı. 

Şirkətin Qərbi Avropada ən böyük nailiyyəti Amerikanın İsveçrədəki "ExxonMobil" neft nəhənginin bölməsi olan "Ecco Schweiz"in alınması oldu. Bu şirkətin səhmlərinə 330 mln. dollar ödəyərək, SOCAR 160 YDS-dən ibarət şəbəkə, neft məhsullarının topdansatışı üzrə bölmələri, şirkətin sənaye və topdan alış müştərilər üçün yanacaq marketinqi ilə məşğul olan bölməsini, Vangen-Oltenddə qaz dolduran zavodu, Cenevrə və Sürix hava limanlarında aviasiya yanacaqdoldurma məntəqələrini və s. əldə etdi. Hal-hazırda şirkət İsveçrəyə daha 110 mln. dollar sərmayə yatırıb. 

SOCAR-ın hələ ki, ən az sərmayə yatırdığı ölkə Rumıniyadır - 14 YDS-dən ibarət şəbəkəyə 25 mln. dollar yatırılıb. Cari ildə daha 30 mln dollar sərmayə yatırılacağı və yanacaqdoldurma məntəqələrinin sayının 38-ə çatdırılacağı güman olunur.  

İnvestisiya sərmayələrinin perspektivləri Yunanıstanda da mövcuddur - SOCAR DEPA qaz şirkətinin səhmlərinin özəlləşdirilməsinə 3 iddiaçıdan biridir. Hələlik şirkətin özəlləşdirilməsinə dair tender davam edir, artıq bu ilin yayında açıqlanması gözlənilən nəticələr ətrafında fəal danışıqlar aparılır. 

Amma bütün bu sərmayələr, əsasən, neft məhsullarının emalı, onların topdan və pərakəndə satışı sahəsində reallaşdırılıb. Neft şirkətinin əsas fəaliyyəti hər zaman neft və qazın hasilatı ilə bağlıdır. Əgər şirkət resurslar hasil etmirsə, o, nüfuzlu "neft" şirkəti adını almayacaq. SOCAR-ın bütün hasilat fəaliyyəti bu vaxta qədər ancaq Azərbaycanda qurulub, lakin bu sahədə də əhatə dairəsinin genişlənməsi gözlənilir. 

"İnterfaks" agentliyinin məlumatına görə, Kalmıkiya (Kalmyeraltı sərvətlər) respublikasının yeraltı sərvətlər üzrə idarəsi karbohidrogenlərin kəşfiyyatı və hasilatı məqsədilə Xəzər dənizinin yeraltı sərvətlərindən istifadə hüququna dair hərracda iştirak etmək üçün ərizə alıb. 

Agentlik nümayəndəsinin sözlərinə görə, yeganə ərizə SOCAR-ın törəmə strukturu olan "SOKAR Rus" MMC-dən alınıb. Hərrac iyunun sonunda keçiriləcək, hələlik Rusiyanın Yeraltı Sərvətlər üzrə Federal Agentliyi hərracın keçirilmə şərtlərinə və tələblərinə, qərarların qəbul edilməsinə uyğunluğu haqda "SOKAR Rus" MMC-nin sənədləri ilə tanış olur.    

Yeraltı sərvətlərdən istifadə hüququna görə ilkin ödəniş 516,5 mln. rubldur (16,2 mln dollar).

Xəzərin Azərbaycan hissəsinin sahəsi 100,4 kv.km-dir, proqnozlaşdırılan ehtiyatlar - 4,697 mln. ton, hasil edilən neft isə 0, 378 mln. tondur.

"Bizim üçün bu, Rusiyaya ilk addımdır. Biz Moskvada "SOKAR Rus" törəmə şirkətini açmışıq və onun vasitəsilə Rusiya bazarında irəliləyəcəyik", - deyə "R+"a SOCAR-ın nümayəndəsi bildirib. Bununla belə, şirkəti Rusiyada neft məhsullarının emalı və satış sahəsi maraqlandırmır.

"Pərakəndə satış və YDS şəbəkəsi - daha çox şirkətin tanınmasına yardım edəcək, reklam xarakteri daşıyacaq. Rusiya isə bizə məhz upstrime üçün (hasilat sektoru) lazımdır",- deyə şirkətdən bildiriblər. Daha sonra şirkətdən əlavə ediblər ki, Xəzər sahəsinin ehtiyatları böyük olmasa da, məhz Kalmıkiyada aparılacaq uğurlu işlər Rusiyada hasilat fəaliyyətinin genişlənməsinə zəmin ola bilər. 

SOCAR-ın xaricdə upstrime sahəsində daha bir istiqaməti İsrailin dəniz şelfində "Şemen" layihəsində iştirakından ibarətdir. "Bu layihənin operatoru Azərbaycanın "Caspian Drilling Company Ltd" (CDC) şirkətidir. MMC-nin 92,5 faizi SOCAR-a məxsusdur. "Şemen strukturunda qazma işləri aparılır", - deyə SOCAR-dan bildirilib. Bundan başqa, CDC zəlzələ kəşfiyyat işlərinin aparıldığı "Oz" strukturunda israilli tərəfdaşları ilə birgə lisenziyaya malikdir. Zəlzələ kəşfiyyat işlərinin nəticəsindən asılı olaraq, axtarış quyularının qazılması haqda qərar verilə bilər. 

Şirkətin planlarında Amerika bazarına da giriş qeyd olunur - artıq ABŞ-da SOCAR-ın bölməsi açılıb, bazarın imkanları öyrənilir. Hazırkı halda sərmayə yatırımı da mümkündür. Belə ki, xam neftin Amerikaya satışı çoxdan reallaşdırılır. Bakı-Tiflis-Ceyhan boru kəməri işə düşdüyü andan Azərbaycan nefti ABŞ-a nəql edilir. 

Beləliklə, SOCAR dünyanın hər yerində neft sektorunun bütün sahələrində praktiki iştirakını genişləndirərək, tədricən iri neft şirkətləri ilə yanaşı bir sırada durur.



MƏSLƏHƏT GÖR:

415