
"ABŞ BU REGİONDA SÜLHƏ NAİL OLMAĞA CƏHD EDİR"
ATƏT-in Minsk Qrupunun ilk həmsədri Kerri Kavanonun "R+"-a müsahibəsi
Müəllif: Almaz MAHMUD Bakı
Kerri Kavano ATƏT-in Minsk Qrupunun ilk amerikalı həmsədri olub. Müxtəlif vaxtlarda bir neçə ölkədə, o cümlədən Rusiya, Almaniya, Gürcüstan, İtaliya və İsveçrədə ABŞ-ın maraqlarını təmsil edib. İndi K.Kavano ABŞ-ın Florida ştatında məşhur Kentyki Universitetinin Beynəlxalq Ticarət və Diplomatiya üzrə Petterson adına Məktəbə rəhbərlik edirdi.
- Bu yaxınlarda Bakıda ABŞ-dan 360 nümayəndənin iştirak etdiyi "Azərbaycan-ABŞ: Gələcəyə baxış" adlı beynəlxalq forum keçirildi. Sizcə, bu tədbir hər iki ölkə üçün nə deməkdir?
- Mən düşünürəm ki, bu forum çox əhəmiyyətlidir və bir çox amerikalıya Azərbaycanı daha yaxşı anlamağa imkan verdi. Onların əksəriyyəti bu ölkədə heç vaxt olmayıb, bir çoxu buradakı iqtisadiyyatı, siyasəti yaxşı bilmir. Mənə gəldikdə isə mən fərqli bir ölkə gördüm. Səbəbi də odur ki, ABŞ-ın ATƏT-in Minsk Qrupundakı həmsədri zamanı mən bir neçə dəfə Azərbaycanda olmuşam. Mən işlədiyim zamanla indi fərqlər çoxdur. Beləliklə, mənim ölkənizlə əlaqələrim daha əvvələ aiddir. Mənim üçün bu səfər, baş verən dəyişiklikləri görmək, dostlarla, həmkarlarla, hökumətlə və Xarici İşlər Nazirliyi ilə əlaqələri yeniləmək baxımından əhəmiyyətlidir və mən bunu ötən bir neçə gündə etdim. Digər tərəfdən prezidentin çıxışı da maraqlı oldu. O, Dağlıq Qarabağ münaqişəsindən danışdı. Hesab edirəm ki, bu problem sülh yolu ilə öz həllini tapacaq.
- Minsk Qrupunun sabiq həmsədri kimi hansı nəticələrə nail oldunuz?
- Mən Minsk Qrupunun həmsədri olanda Azərbaycan yenicə müstəqillik qazanmış ölkə idi. Çətinliklər çox idi. Biz də çox gərgin çalışırdıq. O zaman paket, mərhələli kimi təklif olunan layihələr üzərində işləyir və tərəflərin mövqeyini öyrənirdik. Mən o zaman Ku-Vest danışıqlarında da fəal iştirak etmişəm.
- Azərbaycan ABŞ-ı Əfqanıstan, İraq və Kosovo əməliyyatlarında dəstəklədi. Bəs, ABŞ Azərbaycanı necə dəstəkləyir? Ən azından Dağlıq Qarabağ probleminin həllində bunu görmək olurmu?
- ABŞ Azərbaycanı bir neçə istiqamətdə dəstəkləyir. Bunlardan ən əsası Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. Elə ilk vaxtdan ABŞ bu regionda sülhə nail olmağa cəhd edib. O zaman da, indi də problemin sülh yolu ilə həll edilməsi istiqamətində təzyiqləri artırmağa çalışır. Siz bunu eks-dövlət katibi Hillari Klintonun Azərbaycana olan səfərlərində də gördünüz.
- ABŞ-Azərbaycan münasibətlərini necə qiymətləndirərdiniz?
- Mən düşünürəm ki, əlaqələr hər il daha da yaxınlaşır və yaxşılaşır. Mən onun müsbət tərəflərini görürəm. Düşünürəm ki, münasibətlər "Azərbaycan-ABŞ-gələcəyə baxış" forumuna gələn nümayəndə heyətinin tərkibində də özünü göstərdi.
- Azərbaycanın belə çətin regionda xarici siyasətini necə qiymətləndirərdiniz?
- Hesab edirəm ki, Azərbaycanın dəyərli siyasəti var. Bütün hallarda Azərbaycan özü qərar verir. Reallıq ondan ibarətdir ki, Rusiya qonşudur. Başqa bir reallıq isə ondan ibarətdir ki, ABŞ və Azərbaycan strateji tərəfdaşdır.
MƏSLƏHƏT GÖR: