15 Mart 2025

Şənbə, 00:42

ÜSTÜ BƏZƏK ALTI TƏZƏK

Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağın iqtisadiyyatı haqqında miflər və gerçəkliklər

Müəllif:

18.06.2013

"Ermənistan" ümumerməni fondunun şurası 2013-cü ildə telemarafonun gedişində toplanılacaq vəsaitin Kəlbəcər rayonundan keçən Vardenis-Ağdərə yolunun təmirinə xərclənəcəyini bəyan edib. İrəvan Azərbaycanın işğal altındakı regionunu Ermənistanla birləşdirən infrastrukturun yaradılması ilə, ilk növbədə, Dağlıq Qarabağda öz mövqelərini gücləndirməyə ümid edir. İkincisi, bu yol vasitəsilə Ağdərə və Kəlbəcərdən faydalı qazıntıların, ilk növbədə, qızıl və misin oğurlanaraq daşınması daha asan olacaq. Hazırda Ermənistan Kəlbəcər rayonunun Heyvalı kəndindəki yatağın istismarı ilə məşğuldur. Buradan hasil olunan qızıl işlənməsi üçün Araverdi Zənginləşdirici Metallurgiya Zavoduna daşınır. Bir sözlə, yolun bərpası yataqdan zavoda daşımaların daha rahat şəkildə həyata keçirilməsini təmin edəcək.

İşğal olunmuş ərazilərdən qeyri-qanuni qızıl və mis hasilatını "Beyzmetals" şirkəti həyata keçirir. Onun sahibi erməniəsilli rusiyalı sahibkar V.Meclumyandır. Bu şirkət tanınmamış "Dağlıq Qarabağ Respublikası" iqtisadiyyatının "dayağı"dır. 2011-ci ilin 10 ayı ərzində "Beyzmetals" 8,3 milyon dollar "vergi" ödəyib. İlk baxışdan infrastrukturun yaradılması və "Beyzmetals"ın fəaliyyətini Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində elan edilmiş "DQR"də dayanıqlı iqtisadiyyatın formalaşdırılması cəhdləri kimi, qiymətləndirmək olar. Reallıqda isə vəziyyət, yumşaq desək, göründüyü kimi aydın deyil.

İşğal altındakı regionun "Dağlıq Qarabağ Respublikası"nın iqtisadiyyatı, əslində, həcminə görə çox kiçikdir. Burada əsas əhəmiyyət daşıyan hər hansı sektoru müəyyənləşdirmək çətindir.

Ümumilikdə isə Ermənistan KİV-in məlumatına görə, "Dağlıq Qarabağın iqtisadiyyatı" kənd təsərrüfatına əsaslanır. Onun əsasında bölgədə torpaqların paylanılması həyata keçirilib. Həmin mənbələrə inansaq, hazırda 30 min insan kənd təsərrüfatı sektorunda çalışır, 15 min fermer təsərrüfatı mövcuddur. 1999-cu ildən başlayaraq, separatçı region guya özünü taxıl ilə tam təmin edir. Lakin bir məqam qeyd olunmalıdır: kənd təsərrüfatına büdcədən ayrılmaların artımına baxmayaraq, burada taxılçılıq bumunun izi-tozu belə yoxdur. İndi Azərbaycanın işğal olunmuş torpaqlarında mədən bumu yaşanır və Ağdərə-Vardenis yolunun bərpası məsələsi də bunu təsdiqləyir. Separatçı rejim məmurlarının digər sevimli sahəsi "elit mənzillər"in tikintisidir. Amma bu işə də şəxsi deyil, dövlət investisiyası xərclənir.

Yeri gəlmişkən, büdcə haqqında. Onun əsas hissəsini Ermənistandan gələnilki "dövlətlərarası kredit" təşkil edir. Halbuki, Ermənistanın iqtisadi vəziyyəti bunsuz da acınacaqlıdır. Həm Ermənistanda, həm də separatçı rejimdə yaxşı başa düşürlər ki, hər iki tərəfin səmimi istəyi olsa belə, bu "kredit"i heç kəs heç zaman geri qaytarmayacaq. Qarabağ rejiminin Ermənistandan gələn dotasiyaları geri qaytarmaq imkanı sadəcə, yoxdur.

Məsələn, "DQR"in 2011-ci il büdcəsi"nə nəzər saldıqda görürük ki, onun gəlir hissəsi 168 milyon dollar təşkil edib. Hesab edək ki, ümumi "vergi" yığımı 12,4 milyon, "nəhəng şirkətlərdən" yığılanlar, isə təxminən, 20 milyon dollar olub. Aydın olur ki, yerdə qalan 148 milyon dollar Ermənistan və erməni diasporunun maddi yardımından ibarətdir. 2011-ci ildə Ermənistanın separatçılara ayırdığı "dövlətlərarası kredit" 91,8 milyon dollar olub. Göründüyü kimi, dotasiyalar olmadan Dağlıq Qarabağdakı separatçı rejim öz tələbatlarını ödəyə bilməz. Çünki onun gəlir mənbələri son dərəcə məhduddur.

Dağlıq Qarabağın bütün "maliyyə sistemi" Ermənistandan tam asılı vəziyyətdədir. Maliyyə axınının istiqamətləri və onun qaydaları Ermənistan mərkəzi bankı tərəfindən tənzimlənir. Regionda yalnız erməni banklarının filialları fəaliyyət göstərir. Orada Ermənistan valyutası - dram işləyir. Separatçı rejim dövriyyəyə "Qarabağ dramı"nın buraxıldığını elan etsə də, reallıqda o, yalnız ekzotika axtaran kolleksionerlər üçün maraq kəsb edə bilər.

Göründüyü kimi, "Qarabağ iqtisadiyyatı" müstəqil şəkildə işləmək iqtidarında deyil və tamamilə İrəvandan gələn xarici siyasətdən, həmçinin erməni diasporundan asılıdır. Bu dəstək olmadan regionun öz iqtisadiyyatını inkişaf etdirə biləcəyini düşünmək sadəlövhlük olardı. Dağlıq Qarabağ faktiki olaraq, Ermənistan iqtisadiyyatına inteqrasiya olunub. İşğal altındakı ərazilərdə istehsal olunan cüzi miqdarda məhsullar yalnız Ermənistanda satılır, beynəlxalq bazarlara çıxarılanlar isə Ermənistan istehsalı adı altında təqdim edilir.  Bununla nə qədər uzağa getmək olar?

Bu gün Ermənistan iqtisadiyyatının özü heç də ən yaxşı dövrünü yaşamır. İstehsalda kollaps yaşanır, gəlir gətirən azsaylı sənaye müəssisələri isə Rusiyanın mülkiyyətindədir. İndi özü müflisliyin astanasında olan ölkədən asılılıq Qarabağ erməniləri üçün yalnız mənfi fəsadlar yarada bilər. Onların erməni diasporundan daim yardım alacaqlarını düşünmək də sadəlöhvlük olardı. Nə zamansa diaspor da Qarabağda pullarını havaya sovurmaqdan bezəcək.



MƏSLƏHƏT GÖR:

542