15 Mart 2025

Şənbə, 00:36

QİTƏDƏ İKİNCİ

"Ardıcıl 5-ci dəfə Avropadan medal qazanmağımız uğurlarımızın təsadüfi olmadığını göstərir"

Müəllif:

11.06.2013

Azərbaycan bədii gimnastları Vyanada keçirilən Avropa çempionatında gümüş medal qazandılar. Dünya Kubokunda layiqincə çıxış edən zərif cinsin nümayəndələrinin ardınca Avropa Çempionatında qrup hərəkətləri üzrə millimiz fəxrü kürsünün ikinci pilləsinə yüksəldi.  Qitə birinciliyində həm rəqabət, həm də favoritlərin sayı digər turnirlərdən fərqlənir. Bu mənada gimnastlarımızın çətin sınaqdan qalib ayrıldığını söyləmək olar. Avstriyadakı uğurlu nəticə və gimnastikanın hazırkı vəziyyətiylə bağlı millimizin baş məşqçisi Mariana Vasilyeva "R+"a danışdı.

- Vyanadakı qitə birinciliyində belə uğur qazanacağınıza inanırdınızmı?

- Sözün düzü, çox sevinirəm. Ardıcıl 5-ci dəfə Avropa Çempionatından medalla qayıdırıq. Bu çox böyük nəticədir. Azərbaycan adına gimnastlarımız gərgin rəqabətdən alnıaçıq çıxdılar. Uğurlarımızın təsadüfi olmadığı artıq təsdiqlənib. Azərbaycanda gimnastika inkişaf edir və buna görə də bütün yarışlarıda yüksək nəticələr qazanırıq. 

- Qrup hərəkətləri üzrə komandamız yalnız Rusiyadan geri qaldı...

- Rusiya gimnastikada dəbi diqtə edən ölkədir. Qitə birinciliyində yalnız Rusiyadan geri qalmaq bu ölkə ilə rəqabət aparmaq deməkdir. Komandamdan çox razı qaldım. Qrup hərəkətləri üzrə komanda gümüş qazandı. Marina Durunda və Lalə Yusifova öz çıxışları ilə artıq böyüklər arasında mübarizə aparmağa hazır olduqlarını göstərdilər. Fərdi çıxışlarda qitədə 4-cü olduq. Ötən il də bu nəticəni göstərmişdik. 

- Növbəti Avropa Çempionatı 2014-cü ildə Bakıda keçiriləcək. Bu yarışdan nə gözləyirsiniz?

- Biz bu yarışa daha ciddi hazırlaşmalıyıq. Çünki doğma divarlar arasında istənilən yarış azarkeşlərimiz üçün bayramdır. Gələn qitə birinciliyində də layiqli çıxış edəcəyimizə inanıram.

- Avropa Çempionatından əvvəl Dünya Kubokunda uğurlu çıxış etmişdiniz. Demək olar ki, komandamız stabil olaraq nəticə qazanmaqda davam edir?

- Dünya Kubokundakı çıxışımızdan razı qaldım. Xüsusilə qızların finalda 10 gürzlə hərəkətlərini yüksək qiymətləndirirəm. Olimpiya çempionları olan Rusiya, Belarus və İtaliya kimi komandalar bizi qabaqladı. İlk dəfə Dünya Kubokunda gimnastımız gümüş medal qazandı. Nəzərə alsaq ki, komandamız çox gəncdir, onda uşaqların gələcəkdə daha böyük uğur qazanacağını söyləmək olar. Çoxnövçülükdə 4-cü yeri tutduq. Üstəlik, gimnastımız Marina Durundanın çıxışını çox bəyəndim. 

- Gimnastikanın Azərbaycanda inkişaf sürətindən razısınızmı?

- Azərbaycanda gimnastikanı çox sevirlər. Əksər regionlarda məktəblərimiz fəaliyyət göstərir. Bakı 2014-cü ildə Avropa, 2019-cu ildə isə Dünya Çempionatına ev sahibliyi edəcək. Bu, ölkədə gimnastikaya olan marağı daha da artıracaq. Komandamıza yaradılan şəraitə görə Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyinə təşəkkür etmək istərdim. Şəxsən federasiya prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirirəm. 

- 2015-ci ildə Bakıda ilk Avropa Olimpiya Oyunları keçiriləcək. Gimnastika da orada olacaq idman növləri sırasındadır...

- Azərbaycanın tarixdə ilk dəfə Avropa Olimpiya Oyunlarını keçirməsi böyük hadisədir. Əminəm ki, mötəbər yarış yüksək səviyyədə keçiriləcək. Gimnastikanın idman növləri sırasında olması həm sevindirici, həm də məsuliyyətdir. Biz bütün yarışlara səylə hazırlaşırıq. Əlbəttə, doğma Bakıda baş tutacaq turnirə xüsusi həvəslə hazırlaşacağıq.

- Hazırda Gimnastika Kompleksinin inşası davam etdirilir. Bu arena haqda fikrinizi bilmək istərdik...

- İlin sonunda Bakıda Avropanın ən yaxşı gimnastika kompleksinin inşası başa çatacaq. Bu arena, sözün əsl mənasında, qitədə ən yaxşılardan olacaq. Orada həm məşq, həm də yarış keçirmək üçün hər cür şərait yaradılacaq. Bu kompleks işimizi asanlaşdıracaq. Artıq daha gözəl arenada məşq edəcəyik. Üstəlik, xarici komandalar da paytaxtımızda hazırlıq keçə biləcək. Azərbaycana gələrək burda məşq etmək istəyən yığmaların sayı olduqca çoxdur. Sevinirəm ki, gimnastikamızın belə gözəl arenası olacaq.

- Azərbaycan gimnastikasında yeniyetmə və gənclər arasında yeni adlar var. Perspektivli idmançılardan kimi xüsusilə qeyd edə bilərsiniz?

- Bu il yeni olimpiya mövsümü başlayır. Buna görə də yeniyetmələrin arasında yeni adların meydana çıxması təbii haldır. Qızlarımız bir sıra yarışlarda uğurlu çıxış etməklə özləri haqda müsbət fikir formalaşdıra biliblər. Lalə Yusifova yeniyetmələr arasında ikiqat Avropa Çempionatının mükafatçısıdır. Marina Durundanın son çıxışları bizləri sevindirməyə bilməz. Gənc yaşda olmasına baxmayaraq, dünya reytinqində ən güclü 8 idmançının sırasına düşməsi onların uğurlu gələcəyindən xəbər verir. Qızlarımız həm Dünya Kubokunun mərhələ yarışlarında, həm də Qran-pri turnirlərində inamlı çıxış edirlər. Mütəxəssislərin çoxu onların dünya gimnastikasında layiqli yer tutacağını söyləyir. Tezliklə Avropa birinciliyinin bürünc mükafatçıları Nilufər Niftəliyeva və Gülsüm Şəfizadə onlara rəqabət yaradacaq. Bu qızlar hər yarış daha yaxşı çıxış etməklə düzgün yolda olduqlarını göstərirlər. 

- Komandaya seçim zamanı hansı problemlərlə rastlaşırsınız?

- Son illər bir qayda olaraq, qızlarımız qazandığı nəticələrlə bizi sevindirir. 2009-cu ildən başlayaraq 2012-ci ilə qədər 14 yeniyetməmiz Avropa birinciliklərində gümüş və ya bürünc medala layiq görülüb. Bu nəticələr gələcək haqda nikbin düşünməyə əsas verir. Amma milli komandaya seçim zamanı bəzi problemlərlə rastlaşırıq. Adətən, yığmaya 12 yaşında olarkən cəlb olunurlar. Bəzən gimnast bu yaşda lazımi formada olmur. Nəticədə 2-3 il ərzində onunla məşq edərək lazımi səviyyəyə çatdırırıq. Bu isə əlavə vaxt itkisi sayılır. Azərbaycan Gimnastika Federasiyasına təşəkkür edirəm ki, məşqçilər üçün ölkədə həm yerli, həm də beynəlxalq kurslar təşkil edib. Fikrimcə, bu, məşqçilərin inkişafına kömək olacaq və ilkin hazırlıqda özünü göstərəcək. Yeni gimnastika kompleksi istifadəyə veriləndən sonra, orada seçimlərin daha erkən aparılmasını istəyirəm. Arenada 5-8 yaşlarında qızları seçərək, onlara xüsusi hazırlıq keçmək çox yaxşı olardı. 



MƏSLƏHƏT GÖR:

450