Müəllif: Nurlanə QULİYEVA Bakı
Azərbaycanı XXI əsrdə ölkə üçün əsas iqtisadi hadisələrdən biri - "böyük qaz"ın Transanadolu qaz boru kəməri ilə Avropaya nəqlinin başlamasından cəmi 6 il ayrır. SOCAR prezidenti Rövnəq Abdullayevin sözlərinə əsasən, Avropanın enerji təhlükəsizliyi problemini həll etmək qabiliyyətində olan boru kəmərinin real istismarının 2019-cu ildə başlanmasına ümid etməyə bütün əsasları var. Eyni zamanda, layihənin uzunmüddətli olması üçün bütün ilkin şərtlər də mövcuddur - məhz bu illərdə Azərbaycanda digər ən iri qaz yataqlarında hasilat işləri başlanılacaq. Bütün bunlar keçən həftə artıq 20 ildir ki, nəinki regionun energetikasının bugünü və gələcəyi, həm də dünya tendensiyaları üçün ciddi müzakirə meyanına çevrilən "Xəzər neft və qaz" konfransında məlum olub.
Boru kəmərlərinin döyüşü
Beləliklə, Azərbaycanın qaz sektorunda, əslində, ölkənin rolunu dünyanın energetika xərtiəsində möhkəmləndirəcək və onu Avropaya qaz nəql edən aparıcı ixracatçılardan birinə çevirəcək əlamətdar layihələrə başlanmasının konkret vaxt çərçivələri səsləndirilib və təsdiqlənib.
"Transanadolu qaz boru kəməri vasitəsilə ilk qaz 2019-cu ildə nəql olunacaq, bu qaz kəməri layihəsi üzərində artıq 2 ildir işlər gedir", -deyə konfransda R. Abdullayev bildirib. Onun müavini Süleyman Qasımovun sözlərinə görə, başlanğıc gücü ildə 16 mlrd kubmetr olacaq (6 mlrd Türkiyə üçün, 10 mlrd Avropa üçün) TANAP layihəsinin bilavasitə tikinti işləri 2014-cü ildə başlayacaq. Beləliklə, artıq 2023-cü ildə qaz kəmərinin gücü ildə 23 mlrd kubmetrə, 2026-cı ilə kimi isə 31 mlrd kubmetrə kimi artırıla bilər. Bundan başqa, TANAP layihəsində bp, TOTAL və "Statoil" şirkətinin iştirakına dair SOCAR-ın apardığı danışıqlarda müəyyən irəliləyişlər var.
Amma, təbii ki, TANAP-ın ətrafındakı bugünkü intriqa qazın vurulma müddətinə deyil, qazın Türkiyədən Avropaya hansı boru kəməri ilə nəql olunacağına aiddir. Artıq elan edilib ki, marşrutun seçimi iyunun sonunda məlum olacaq, SOCAR Azərbaycan qazının Avropada potensial alıcıları ilə kommersiya danışıqlarını yekunlaşdırır - qazın qiymətlərinə olan təkliflərin və qazın tranzitinin tarifləri üzrə qiymətləndirmələr aparır.
Xatırladaq ki, gündəmdə 2 boru kəməri marşrutu var - "Nabucco West" və TAP. Hər birinin həm müsbət, həm də mənfi tərəfləri var, bununla belə hər iki layihənin rəhbərliyi qələbələrinə əmindir. Məsələn, "Nabucco Gas Pipeline International GmbH"in idarəedici direktoru Reynhard Mitçek jurnalistlərə bildirib ki, onların layihəsi "boru kəmərlərinin döyüşünü" udacaq, çünki layihə nəinki "Şahdəniz" konsorsiumu üçün, həm də satıcı və alıcıları üçün daha yaxşı qərar və ən cəlbedici konsepsiya təmin edir. Onun fikrincə, "Nabucco West"in əsas üstün cəhətlərindən biri - rəqibinin TAP-ın tranzit ölkələrinə qaz nəql edə bilməsidir, lakin TAP ("Transadriatik" qaz kəməri) "Nabucco West" ölkələrinə qaz nəql edə bilməz. "Biz yunan, alban, italiyan şirkətləri üçün də qazın nəqlini təklif edə bilərik, belə ki, interkonnektor boru kəmərləri ya artıq mövcuddurlar, ya da Bolqarıstandan Yunanıstana, Serbiyaya, Makedoniyaya və s. ölkələrə marşrutlar üçün planlaşdırılır", - deyə R. Mitçek bildirdi.
Onun sözlərinə görə, "Şahdəniz"in tərəfdaşları ilə səhmdar razılaşması üzrə danışıqlar yekunlaşıb, konsorsium qanunu dəqiqləşdirən kimi o, qüvvəyə minəcək, qaz kəmərinin birbaşa tikintisi isə 2015-ci ildə başlaya bilər.
Yekun nəticədə "Nabucco West" qalib gələcəyi halda, Avropa ölkələrinin qaza olan tələbatının 10 fazini ödəyə biləcək ki, bu da hazırkı layihənin əsas məqsədidir.
"Bizim məqsədimiz Avropanın qaz bazarının tələbatını tam həcmdə ödəmək deyil, onun diversifikasiyasıdır", - deyə R. Mitçek bildirərək əlavə edib ki, "Nabucco West"in keçəcəyi tranzit ölkələrin qaza olan tələbatı 2030-cu ilə kimi 43 mlrd kubmetr təşkil edəcək. Onların qonşu dövlətlərini nəzərə almaqla, bu tələbat 246 mlrd.-a kimi artacaq.
Xatırladaq ki, "Nabucco West" boru kəmərinin gücü ildə 10 mlrd kubmetr təşkil edir, 20 mlrd.-a kimi genişlənmə imkanları ilə, tələbat və təklifdən asılı olaraq.
Hər halda,"Şahdəniz" yatağının işlənməsi üzrə konsorsiumun hansı layihə ilə işləmək qərarını bilmək üçün cəmi 2-3 həftə gözləmək lazımdır. Amma iyunun üçüncü ongünlüyündə Azərbyacan Prezidenti İlham Əliyev Avropa Komissiyasının prezidenti Joze Mauel Barrozunun dəvəti ilə Brüselə səfər edəcək. "Düşünürəm ki, bu görüş Cənub Qaz Dəhlizi məsələsində bizi irəli aparacaq", - deyə Avropa Birliyinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Rolan Kobia bildirib.
Yeri gəlmişkən, onun sözlərinə görə, qaz alıcıları, daha doğrusu, Aİ Cənub Qaz Dəhlizini çoxmərhələli layihə kimi nəzərdən keçirir. "Biz ümid edirik ki, bu boru kəməri Azərbaycan qazı və digər yataqları ala biləcək, o, eləcə də türkmən və Şimali İraq qazını cəlb etmək perspektivlərinə də malikdir", - deyə o, bildirib. R . Kobia əlavə edib ki, bu konteksdə "regionda qazın nəqli üçün daha irimiqyaslı və şaxələnmiş infrastrukturun tikintisi qaçılmaz olacaq".
"Bundan asılı olaraq, biz Azərbaycan və Türkmənistanla Transxəzər qaz kəmərinin tikintisi üzrə danışıqları davam etdirəcəyik. Ümid edirik, bu sahədə də razılığa gələ biləcəyik", - deyə R. Kobia bildirib. Bu hissə ilə ABŞ dövlət katibinin energetika diplomatiyası üzrə köməkçisinin müavini Amos Hohşteyn də həmrəydir. "ABŞ Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasında maraqlıdır. Qaz "Şahdəniz"dən Avropaya nəql olunduqdan sonra, onun Türkmənistan və Şimali İraqdan da nəqlolunma perspektivləri mövcuddur", - deyə A. Hohşteyn hesab edir.
Yeni dalğa
Bununla da həm ABŞ, həm də Avropa Azərbaycan qazının dünya bazarlarına nəqli və hasilatı üzrə layihələri dəstəklədiklərini, eləcə də Azərbaycanın bu layihələrdə tranzit ölkə qismində iştirakını bir daha bəyan etmiş oldular. Buna baxmayaraq, ölkənin bu prosesin birinci hissəsinin öhdəsindən gələcəyinə heç bir şübhə yoxdur; Azərbaycanda qarşıya 2015-ci ilə kimi qazın illik hasilatını, laylara vurulan qazın həcmi nəzərə alınmadan və ancaq "Şahdəniz"in hesabına 20 mlrd kubmetrə qədər çatdırmaq məqsədi qoyulub.
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional direktoru Qordon Birrelin sözlərinə görə, bu yataqda işlənmələr başlayandan 42 mlrd kubfut qaz və 88 mln barrel (12 mln ton) kondensat hasil edilib. "Mərhələ-1" çərçivəsində illik hasilatın ən yüksək stabil səviyyəsinin gündəlik həcmi 966 milyon standart kubfut qaz və 55 min barrel kondensat təşkil etmişdi", - deyə o, vurğulayıb. "Mərhələ-2" yatağının işlənmələrinə toxunaraq, Birrel qeyd edib ki, bu mərhələdə Xəzərdə ilk dəfə olaraq sualtı hasilat üzrə xüsusi texnologiya da tətbiq olunacaq.
Buna baxmayaraq, "Mərhələ-2" çərçivəsində ilk qazın hasilatı 2018-ci ildə başlayacaq və onun illik həcmi 16 mlrd kubmetr təşkil edəcək.
Yəni 20 mlrd kubmetr - bu, ancaq birinci mərhələdir. 2019-cu ildə TANAP-ın buraxılması ilə praktiki olaraq paralel şəkildə SOCAR öz gücü hesabına "Babək" perspektivli strukturdan qaz hasilatına başlamaq niyyətindədir. Xüsusilə, artıq 2016-cı ildə SOCAR-ın tabeliyinə bu və digər strukturlarda axtarış-qazma işləri keçirməsinə imkan verəcək və onları istismara buraxacaq yeni müasir qazma avadanlıqları daxil olacaq.
Elə məhz 2019-cu ildə "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının blokundakı dərin laylarda ümumi ehtiyatı 300 mlrd kubmetr dəyərləndirilən birinci qazın hasilatı planlaşdırılıb. "AÇG"də dərin laylarda qazın hasilatı üzrə müqavilələrin hazırlanması yekunlaşır, onun qaralama variantı nəzərdən keçirilmək üçün tərəfdaşlarımıza təqdim olunub. Bu, "risk services contract" olacaq", - deyə öz növbəsində R. Abdullayev bildirib.
Qeyd edək ki, məhsulun bölünməsinə (PSA) dair müqavilələrdən fərqli olaraq, RSC layihələrdə bütün hasil ediən karbohidrogenlər SOCAR-ın balansına ötürülür, o, artıq enerji resurslarının satışından hasil edilən vəsaitləri layihə iştirakçıları arasında paylaşdırır. "Reuter"in bu sualını şərh edərkən, SOCAR-ın nümayəndəsi bildirib ki, Dövlət Neft Şirkəti bu sxemi təməl olaraq götürür, lakin əcnəbi tərəfdaşları maraqlandıracaq bir sıra mexanizmlər də əlavə edir. O cümlədən şirkət quyuların qazılması üçün xərcləri də ödəməyə hazırdır. Onun sözlərinə görə, Azərbaycan tərəfindən RSC müqavilələrini PSA əvəzinə və daha sonra isə Xəzərdə bu və ya digər yataqların individual xüsusiyyətləri hesabına tətbiq ediləcək.
SOCAR-ın kompleks tədbirlər planına uyğun olaraq, şirkət 2025-ci ilə kimi "Qarabağ" (hasilatın başlanma vaxtı 2020-ci ildədir, ehtiyatları - 20 mlrd kubmetr qaz və 20 mln ton kondensat) və "Əfşari" (2023-cü il, 13 mlrd kubmetr qaz və 17 mln ton neft) dəniz yataqlarının hasilat işlərini müstəqil şəkildə həyata keçirmək niyyətindədir. Bundan başqa, R. Abdullayevin də xatırlatdığı kimi, Azərbaycanın çoxlu qaz yataqları və perspektivli strukturları, Transanadolu qaz kəməri üzrə gələcəkdə nəql oluna biləcək qazı var; məsələn, lap bu yaxınlarda qaz ehtiyatı 600 mlrd kubmetr təşkil edən "Ümid" və "Abşeron" yataqları açılıb. Bu yataqların hasilatı, görünür, xarici şirkətlərin cəlb olunması ilə aparılacaq.
Necə deyələr, bu da son deyil. "bp Azerbaijan" şirkətinin kəşfiyyat üzrə vitse-prezidenti Qriqori Rayli əmindir ki, gələcəkdə Azərbaycanda yeni qaz yataqlarının tapılması mümkündür, ümumilikdə isə Xəzərin hövzəsi çox şeyləri vəd edir. Bu ümidlərin sübutu üçün sadəcə olaraq düzgün kəşfiyyat işləri aparmaq lazımdır. Odur ki, Azərbaycanın qaz gələcəyinin tablosu parlaq tonlarla dolğunlaşıb və nəinki regionda, həmçinin dünya miqyasında da kifayət qədər tanınacağına söz verir.
MƏSLƏHƏT GÖR: