25 Noyabr 2024

Bazar ertəsi, 10:23

İNDİKATOR

20 il ərzində "Caspian Oil&Gas" sərgisində dünyanın 70 ölkəsindən 5,6 mindən artıq şirkət iştirak edib

Müəllif:

11.06.2013

Ötən həftə 20 illik yubileyini qeyd edən beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası ("Caspian Oil and Gas") sərgi və konfransı bir daha Azərbaycanın investisiya cəlbedici ölkə qismində, Xəzəryanı regionda stabil və etibarlı tərəfdaş adını sübut etdi. 

1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması ərəfəsində ilk "Caspian Oil&Gas" sərgisi Azərbaycan və onun imkanlarını xarici qonaqlara açdı. Hər il sərgi və onunla bərabər konfrans dünyanın enerji sektorunun önəmli simalarını bir araya toplayırdı - iri şirkətlərin rəhbərləri, nazirlər, neft-qaz sektoruna cavab verən beynəlxalq maliyyə şirkətlərinin və banklarının nümayəndələri burda idilər. Ümumilikdə, 20 il ərzində "Caspian Oil&Gas" sərgisində dünyanın 70-dən çox ölkəsindən 5 min 600 şirkət iştirak edib. Britaniyanın ITE şirkəti və onun Azərbaycan tərəfdaşı "ITECA Caspian"nın təşkil etdiyi XX beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgisində dünyanın 28 ölkəsindən 386 şirkət iştirak edirdi. 

Bakı "Ekspomərkəz"in üç pavilyonu ilə yanaşı,  tədbir həm də açıq sahədə keçirilirdi. Keçən illə müqayisədə sərgi ekspozisiyasının sahəsi 22% artırılmışdı. Lakin onun 20% içtirakçıları ilk dəfə idi ki, iştirak edirdilər.  

Azərbaycan Prezident İlham Əliyevin də "Caspian Oil&Gas" sərgisinin iştirakında qeyd etdiyi kimi, bütün bu statistika da tədbirin regiondakı miqyasının əhəmiyyətini sübut edirdi.  

"20 il keçməsinə baxmayaraq, sərgi öz əhəmiyyətini itirməyib, əksinə, onun əhəmiyyəti daha da artıb. Baxmayaraq ki, əsas neft və qaz müqavilələri artıq imzalanıb, xarici şirkətlər uzun illər ərzində Azərbaycanda uğurla fəaliyyət göstərirlər, sərginin əhəmiyyəti artmaqdadır. Əlbəttə, ənənəvi olaraq Amerika Birləşmiş Ştatları Prezidentinin və Böyük Britaniya  nazirinin göndərdikləri təbrik məktubları da sərginin nə qədər böyük əhəmiyyət kəsb etdiyini bir daha sübut edir", - deyə İlham Əliyev bildirib.

Sərginin Azərbaycanın neft-qaz sektorunun inkişafı üçün çox böyük dəstəyi, çox böyük əhəmiyyəti olub. 1994-cü ildə ilk sərgi keçirilərkən Azərbaycan haqqında dünyada o qədər də böyük bilgilər yox idi. Yəni, neft dünyasında fəaliyyət göstərən şirkətlər bilirdilər ki, Azərbaycan qədim neft ölkəsidir, ancaq ölkəmizin real potensialı və gələcək inkişaf planları haqqında kifayət qədər məlumatları yox idi . Bu yubiley tədbirində Azərbaycanda fəaliyyət göstərən və xüsusilə ilk illərdə - 1990-cı illərin ortalarında bizə inanmış, Azərbaycana investisiya qoymuş və beləliklə, iqtisadi inkişafa təkan vermiş bütün şirkətlərə xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Azərbaycan bundan sonra da öz strateji tərəfdaşları ilə uğurla işləyəcək, fəaliyyət göstərəcəkdir", - deyə Prezident qeyd edib. 

Həqiqətən də, əgər əvvəllər, xüsusən Azərbaycanda diqqətə Xəzərin enerji resurslarının hasilatı yönəlirdisə, son illərdə birinci mövqeni qazın nəql olunması, enerji təhlükəsizliyinin təmin edilməsi, ekloji sahədə əməkdaşlıq  durur.  

Bu sərgi də, konfrans da istisna olmadı - müzakirələr, əsasən, Cənub Qaz Dəhlizinin, xüsusilə də Transanadolu qaz kəmərinin (TANAP) reallaşması ətrafında aparıldı. 

Prezident İlham Əliyevin sözlərinə görə, TANAP layihəsi Cənub Qaz Dəhlizinin uğurlu icrası üçün əsas şərtdir.

Bu layihənin başlanması o deməkdir ki, Cənub Qaz Dəhlizi reallaşacaq. Çünki bildiyiniz kimi, Cənub Qaz Dəhlizi ilə bağlı müzakirələr uzun illərdir davam edir.   Müzakirələrdən başqa real addımlar atılmır. Belə olan halda biz gördük ki, Azərbaycan bu dəfə əsas məsuliyyəti öz üzərinə götürməsə, çox güman ki, bu danışıqlar hələ bir neçə il də davam edəcək. Ona görə də Azərbaycan bu böyük məsuliyyəti öz üzərinə götürüb. Bu gün TANAP layihəsinin icrası üçün heç bir əngəl yoxdur", - deyə dövlət başçısı bildirib.

Bununla da İlham Əliyev qeyd edib ki,  tranzit ölkələr və Avropa istehlakçıları Cənubi Qaz Dəhlizi layihəsinin reallaşmasında israrlıdırlar. 

2011-ci ilin əvvəlində Azərbaycanla Avropa İttifaqı arasında Cənub Qaz Dəhlizi ilə bağlı strateji tərəfdaşlıq üzrə memorandum imzalanmışdı. Bu memorandum uğurla icra edilir. 

"Bu layihə Avropanın enerji xəritəsinə yeni məqamlar gətirəcək.  Yəni enerji xəritəsini biz birgə tərtib edirik. Əlbəttə, biz bütün məsuliyyəti çox yaxşı dərk edirik. Qürur hissi ilə deyə bilərik ki, Azərbaycanda verilən qərarlar, o cümlədən, bu sərgilər zamanı aparılan danışıqlar və qəbul edilən qərarlar dünya miqyasında böyük əhəmiyyətə malik olan hadisələrə çevrilir", - deyə Prezident İlham Əliyev bildirib. 

Yeri gəlmişkən, "Caspian Oil&Gas" sərgisi daha çox aralarında 1997-ci ildə "Şahdəniz" yatağının hasilatına dair razılaşmanın da olduğu, neft müqavilələrinin imzalandığı yerə çevrilib. 

XX yubiley sərgisi də öz ənənəsinə sadiq qaldı - tədbirin açıldığı gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) yeni nəsil üzən qazma qurğusunun tikintisi ilə bağlı müqavilənin imzalanmasını elan etdi.

Müqavilə CDC şirkəti ilə (92%-i SOCAR-a məxsusdur) Sinqapurun "Keppel Fels" şirkəti arasında imzalandı. SOCAR prezidenti Rövnəq Abdullayevin sözlərinə görə, "Bu unikal qurğu suyun 1000 metr dərinliyində işləmək və 12 min metr dərinlikdə quyu qazmaq imkanına malik olacaq. Bu qazma qurğusu "Ümid" strukturunda və ehtiyatı ondan 2 dəfə artıq olan "Babək" strukturunda quyuların qazma işlərinin davam etdirilməsi üçün lazımdır.  O, qeyd edib ki, SOCAR-ın işçi qrupu 6-cı nəsil yarımdalma qazma qurğusunun (YAQ) tikintisi üzrə də danışıqlar aparır, və ola bilər  ki, tikinti işləri paralel şəkildə aparılsın. Onun sözlərinə görə, 6-cı nəsil YQQ-nın tikintisi, orta hesabla, 1 mlrd dollar qiymətləndirilir.  

Son vaxtlarda Azərbaycan şirkətlərinin təqdim olunmasına böyük diqqət ayrılır, hər il onların sayı sərgidə artır. bp şirkəti artıq ikinci ildir, "Alıcı ilə tanış ol" ayrıca seksiyasını keçirir. Bu tədbir çərçivəsində 90-dan artıq Azərbaycan şirkəti öz məhsullarını və xidmətlərini xarici şirkətlərə təqdim edə və özlərinə yeni tərəfdaşlar tapa bildilər. 

Növbəti ildə isə Bakı təkcə "Caspian Oil&Gas" sərgisinin deyil, həm də MDB neft qaz sammitinin qonaqlarını qəbul edəcək. Bu mötəbər forum ənənəvi olaraq Parisdə keçirilir, iclasları həmçinin London, Dubay, Sankt-Peterburqda baş tutur. 2014-cü ilin aprel ayında isə ilk dəfə olaraq Bakıda  da keçiriləcək. Əvvəllər keçirilən sivilizasiyaların dialoqu, Davos forumu və digər nüfuzlu tədbirlərlə birgə, neft-qaz sammiti də diqqəti dünyanın hər yerindən neft erasının yarandığı şəhərə cəlb edəcək.



MƏSLƏHƏT GÖR:

355