
MİLYONLAR “ÜÇLÜK”ə QARŞI
Kütləvi sosial etirazların bürüdüyü Avropa ölkələrinin sayı getdikcə artır
Müəllif: Natiq NAZİMOĞLU Bakı
Köhnə Dünyada sosial etirazların bürüdüyü ölkələrin sayı getdikcə artır. Etirazlar hökumətin iqtisadi və immiqrasiya siyasətindən narazılıq nəticəsində baş qaldırır. Bundan başqa, Avropa İttifaqı institutlarının xüsusilə sosial-iqtisadi sahədə qeyri-effektiv, bəzən isə son dərəcə müvəffəqiyyətsiz fəaliyyəti nəticəsində avroskeptizmin güclənməsi də bu narazılığın artmasına yol açır.
Maliyyə böhranı içərisində çapalayan Aİ-də son zamanlar etiraz aksiyalarının episentri Piriney ölkələridir - İspaniya və Portuqaliya. Bu ölkələrdə keçirilən nümayişlər insanların Beynəlxalq Valyuta Fondu (BVF), Avropa İttifaqı (Aİ) və Avropa Mərkəzi Bankının (AMB) iqtisadi siyasətini qəbul etmədiklərinin göstəricisidir. Qeyd edək ki, böhran yaşayan ölkələrin hökumətlərinin sərt iqtisadi tədbirlər görməsində məhz bu "üçlük" israr edir və bu, "böhranlı" ölkələrin əhalisinin böyük bir hissəsinin sosial vəziyyətini ağırlaşdırır. "Üçlük" sonunculara maliyyə yardımı göstərməklə və hökumətləri dövlət xərclərinin ixtisarı siyasətinə məcbur etməklə kütləvi etiraz aksiyalarına yol açır.
İspaniyanın nəhəng şəhərlərində iyunun əvvəllərində ""Üçlük"ə qarşı birləşmiş xalqlar" Ümumavropa təşəbbüsü çərçivəsində keçirilən etiraz aksiyalarında dövlət xərclərinin ixtisarı, vergilərin artırılması pislənilib. İnsanların fikrincə, işsizliyin artmasına, vətəndaşların həyat səviyyəsinin aşağı düşməsinə məhz bu qərarlar səbəb olur. Madriddə küçələrə şüarlarla çıxmış insanların əllərindəki plakatlarda ""Üçlük"ün diktaturasına yox!", "Bizim onlara borcumuz yoxdur!", "Hamı sosial hüquqlarımızın azaldılması ilə mübarizəyə!" yazılıb.
Almaniyanın Frankfurt-na-Mayne şəhərində keçirilən etiraz aksiyası da ciddi rezonans yaradıb. Bu şəhərdə bir neçə gün ərzində AMB-nin mənzil-qərargahı mühasirədə saxlanılıb. Polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib, yüzlərlə insan həbs olunub.
Aksiyanın təşkilatçılarından biri Aİ, AMB və BVF-nin siyasətinə etiraz edən "Blockupy" Ümumavropa hərəkatıdır. Hərəkat üzvləri hesab edir ki, "üçlük" "problemli" ölkələr üzərində nəzarəti ələ almaq üçün Avropada böhranı dərinləşdirir.
Son günlərdə etiraz aksiyaları yalnız "Blockupy" hərəkatı tərəfindən "Avropanın avtoritar rejiminin ürəyi" adlandırdığı Frankfurtda, "problemli" İspaniya və Portuqaliyada keçirilmir. Artıq nisbətən sakit həyat sürən İsveçrə və İsveç də etiraz aksiyalarına səhnə olub. Halbuki, maliyyə böhranının bu ölkələrə ciddi təsir göstərdiyini demək mümkün deyil. Buna baxmayaraq, İsveçrənin paytaxtı Börndə nümayişçilər parlamentin binasına hücum ediblər. Polis onların qarşısını almaq üçün su şırnaqlarından, rezin güllələrdən, gözyaşardıcı qazdan istifadə edib. Bununla yanaşı, asayiş keşikçiləri kütlənin qarşısını alması üçün 1 saatdan artıq vaxtı gedib.
Mayın sonu, iyunun əvvəlində İsveç paytaxtı Stokholmda da bir həftə boyunca etiraz aksiyaları davam edib. Nümayişçilər gecə saatlarında avtomobillərə və polis məntəqələrinə od vurub. İsveç mətbuatı iğtişaşların təşkilində immiqrantların maraqlarını müdafiə edən hərəkatları günahlandırır.
Avropada ən nüfuzlusu BVF olan aparıcı maliyyə mərkəzlərinin siyasətinə etiraz olaraq nümayişlərin qızışdığı bir vaxtda, Yunanıstana yardımın göstərildiyi üçillik dövrlə bağlı məruzə açıqlanıb. Fondun analitikləri etiraf edirlər ki, BVF Yunanıstan iqtisadiyyatının üzləşdiyi böhranın dərinliyini düz qiymətləndirə bilməyib. Nəticədə, Yunanıstanda ÜDM-in 2012-ci ildə 5,5% azalacağı proqnozlaşdırılsa da, ölkə iqtisadiyyatında geriləmə düz, 17% olub. Yəni Afinaya qəbul etdirilən sərt iqtisadi siyasət və dövlət xərclərinin mümkün qədər azaldılması BVF üçün gözlənilməz nəticələr verib. Yunanıstan iqtisadiyyatı sabitləşməkdənsə, daha ağır vəziyyətə düşüb. Əvəzində, məruzə müəlliflərinin də məmnunluqla qeyd etdikləri kimi, "Yunanıstana yardım proqramı" avrozonanın "böhranla mübarizə mexanizmlərinin yaradılması üçün vaxt udmasına" imkan verib. Yunanıstanın özündə isə büdcə xərclərinin kəskin şəkildə azaldılması və əhalinin əksər hissəsinin qəbul etmədiyi tədbirlərə əl atılması kütləvi etiraz aksiyalarına yol açıb.
Amma bundan sonra böhran içərisində çapalayan Avropada sosial etiraz ocaqları heç də yalnız Yunanıstan, İspaniya, Portuqaliya, Kipr və digər "problemli" ölkələr olmayacaq. Beynəlxalq Əmək Təşkilatının hesabatına əsasən, işsizlər kütləsinin durmadan artması nəticəsində Aİ-nin digər ölkələrində də nümayişlər gözlənilir. Bu, ilk növbədə, Sloveniya və Çexiyaya aiddir.
Nüfuzlu "Forbes" jurnalının iddiasına görə, Çexiyada artıq "depressiya daxilində resessiya" əlamətləri hiss edilməkdədir. Halbuki, bu yaxınlaradək Çexiya nümunəvi dövlət kimi göstərilir, onun sözügedən "üçlük" də daxil olmaqla, avro-atlantik mərkəzlərin bütün göstərişlərinə, tapşırıqlarına əməl etdiyi bildirilirdi. Avropa İttifaqı və NATO-ya üzv olan Çexiya sosial proqramların dayandırılması hesabına sərt iqtisadiyyat həvəskarlarının reseptləri əsasında bir sıra iqtisadi islahatlar həyata keçirmişdi. Beləliklə, o, "kommunist zülməti" erasından "parlaq liberal gələcək"ə uğurlu keçid nümayiş etdirmiş nümunə sayılırdı. İndi isə "Forbes" Çexiya üçün pis nəticəyə gəlib: bu ölkə sərt iqtisadiyyatın şərtlərinə birmənalı şəkildə əməl etməklə, 2009-cu ilədək müşahidə olunmuş sabit iqtisadi inkişafı təmin etmək iqtidarında deyil. Bu üzdən də qənaətə əsaslanan iqtisadiyyatın davam etdirilməsi "bitmək bilməyən durğunluğun tezliklə tənəzzüllə əvəzlənməsinə" aparıb çıxara bilər.
Avropada böhranın getdikcə dərinləşməsi Aİ ölkələrində etirazçı hərəkatların artmasına səbəb olur, müxtəlif sosial tədqiqatların nəticələrində özünü göstərir. Aparılan tədqiqatlar zamanı gəlinən əsas nəticə ondan ibarətdir ki, böhran avropalıların iqtisadi inteqrasiyaya və ümumilikdə, Avropa layihəsinin məqsədəuyğunluğuna inamını qırır.
Aİ-nin lokomotivlərinin, ilk növbədə, Almaniyanın iqtisadi təsir imkanlarını artırmaq cəhdləri də bu əhvalın güclənməsinə səbəb olan amillərdəndir. İnsanlar hesab edir ki, bu cür dövlətlər qitənin "ikinci dərəcəli" ölkələrini tamamilə öz nəzarətlərinə götürməyə çalışırlar. Bu düşüncə isə nəinki Avropa iqtisadiyyatının gələcəyini, bütövlükdə Aİ-nin siyasi simasını sual altına qoyur.
Bu yerdə məşhur italiyalı siyasətçi və publisist Culyetto Kyezanın fikrini xatırlatmaq yerinə düşər: "Avropada sosial vəziyyət çox gərgindir. Bunun mənbəyi insanların gələcəklərindən narahat olmasıdır. Avropanın tarixində ilk dəfədir ki, yeni nəsil gələcəklərinin keçən nəsillərlə müqayisədə daha pis olacağını anlayır. Bu, İtaliyada da, İspaniyada da, digər ölkələrdə də hiss olunur. Əslində, söhbət Avropanın sivilizasiya modelindəki böhrandan gedir... Köhnə siyasi strukturlar yeni çağırışlarla ayaqlaşa bilmir".
MƏSLƏHƏT GÖR: