15 Mart 2025

Şənbə, 00:31

TÜRKİYƏDƏ FIRTINA

Ədalət və İnkişaf Partiyasının başçılıq etdiyi flaqman qəzaya uğraya bilərmi?

Müəllif:

11.06.2013

Ötən il dünyada "ərəb baharı" adlandırılan kütləvi xalq etirazları ilə yadda qaldı. O, Tunis, Misir, Liviya, Yəmən kimi ölkələrdə avtoritar rejimləri devirdi, Suriyada isə qanlı vətəndaş müharibəsi davam edir. Avropa ölkələri - Yunanıstan, İspaniya, Böyük Britaniyada hökumətin iqtisadi böhranı aradan qaldırmaq niyyəti  ilə tətbiq etdiyi sərt iqtisadi siyasətinə etiraz olaraq minlərlə insan küçələrə axışdı. Bütün bunların fonunda Türkiyə uzun illər idi sabitlik və dayanıqlı inkişaf adası olaraq qalırdı. Lakin son həftədə yaşananlar ölkənin bu gözəl mənzərəsini pozdu.

Hər şey kiçik bir insan qrupunun İstanbulun Taksim rayonundakı Gezi parkında bir neçə ağacın kəsilməsinə etiraz olaraq keçirdiyi lokal nümayişdən başladı. Hökumət və İstanbul bələdiyyəsinin planına əsasən, insanların, xüsusilə gənclərin sevimlisi olan bu meydanda müasir ticarət mərkəzi inşa olunmalıdır. Amma polisin nümayişçilərə qarşı sərt davranışı on minlərlə insanın onlara qoşulmasına səbəb oldu. Tədricən ölkənin müxtəlif şəhərlərində radikal əhvallı yüz minlərlə insan, xüsusilə gənclər küçələrə axışmağa başladılar. İstanbul ilə yanaşı, Ankara, İzmir, Antalya şəhərlərində insanlarla polis arasında ciddi toqquşmalar baş verdi.

Daxili İşlər Nazirliyindən verilən rəsmi məlumata görə, iğtişaşlar zamanı 4 minədək insan xəsarət alıb (əsasən, gözyaşardıcı qazdan). 915 nəfər xəstəxanaya yerləşdirilib. Onların əksəriyyəti cüzi yardım aldıqdan sonra evə buraxılıb. Hazırda 79 nəfərin müalicəsi xəstəxana rejimində davam etdirilir. Onlardan 8-i intensiv terapiya palatasındadır. 4 nəfərin vəziyyətini həkimlər son dərəcə ağır qiymətləndirir. Daha 3 nəfərin həyatını isə təəssüf ki, xilas etmək mümkün olmayıb. Yaralananlar arasında 516 polis var. İğtişaşların ölkəyə vurduğu maddi zərərin həcmi 70 milyon türk lirəsini ötüb. Minlərlə həbs olunan var.

Bu miqyasda etirazı yalnız İstanbulun mərkəzindəki kiçik yaşıllığın taleyindən narahatlıqla əlaqələndirmək qeyri-ciddi olardı. Son illərboyu yığılan sosial və siyasi narazılıqlar artıq bütün çılpaqlığı ilə üzə çıxıb. Bu narazılıqların ifadəçiləri isə Ədalət və İnkişaf Partiyasının (ƏİP) və onun əvəzsiz lideri Ərdoğanın uzun illik hakimiyyətindən yorulmuş savadlı və həyatda uğur qazanmış vətəndaşlar oldular. Böyük şəhərlərdə yaşayan bu təbəqə arasında, xüsusilə, gənclər aktivdir. 

Ərdoğanın rəhbərliyi altında Türkiyə son onillikdə iqtisadi inkişaf baxımından sıçrayışa nail olub, öz geosiyasi mövqelərini gücləndirib. Avropada davam edən ciddi iqtisadi böhran fonunda xüsusilə Ankaranın Yunanıstan və Kiprlə rəqabət apardığı bir şəraitdə, Türkiyədə maliyyə sistemi yaxşılaşıb, sürətlə dərinləşməkdə olan inflyasiyaya son qoyulub, əhalinin real gəlirləri artıb. Bunu heç bir obyektiv müşahidəçi inkar edə bilməz. Eyni zamanda, ölkədə islamlaşma güclənib və bu, savadlı şəhər əhalisi, xüsusilə də gənclər tərəfindən mənfi qarşılanıb.

1990-cı illərin nəsli hərbçilərin sərt idarəçiliyini görməyib və xatırlamır. Onlar yenidirlər: daha yaxşı savad alıblar, sosial şəbəkələrə daha yaxşı bələddirlər, müasir informasiya texnologiyalarından valideynləri  ilə müqayisədə daha geniş istifadə edirlər, dünyanı görürlər, müasir mədəniyyətə, dəyərlər sisteminə daha yaxşı inteqrasiya olunublar. Bu dəyərlər içərisində əsas yeri isə fərdi azadlıq, seçim hüququ, insanın şərəf və ləyaqətinə hörmət edilməsidir. Əhalinin liberal düşüncəli hissəsi, hətta bir çoxlarının istifadə etmədiyi hüquqlar uğrunda da mübarizə aparmağa hazırdır. Məsələn, türklərin mütləq əksəriyyətinin alkoqoldan istifadə etməməsinə rəğmən, hökumətin spirtli içkilərin satışına ciddi məhdudiyyət qoymaq qərarı, hətta cüzi miqdarda spirtli içki qəbul edən şəxslər tərəfindən də etirazla qarşılanıb. Çoxlu sayda jurnalist həbsi, KİV-ə təzyiqlər də ziyalılar və tələbələr tərəfindən vətəndaş azadlıqlarının boğulması kimi qarşılanır.

Etirazçılar iddia edir ki, uzun illərdir hakimiyyətdə olan baş nazir Rəcəb Tayyib Ərdoğan sərt qərarlar verməyə başlayıb. O, hökumətə və ictimaiyyətə yalnız öz qərarlarını qəbul etdirməyə çalışır, ölkə üçün vacib məsələlərin geniş şəkildə müzakirəsindən yayınır. Hakim partiya və onun lideri ordu və məhkəmələr kimi ənənəvi özünüidarə, muxtar institutları özünə tabe etməyə çalışır. Bu, Atatürkün müasir Türkiyədə əsasını qoyduğu dünyəvilik, respublikaçılıq və millətçi ənənələrin müdafiəçilərində anlaşılan narahatlıq yaradıb. "Bilgi" Universitetinin müəllimləri tərəfindən İstanbulda 3 min etirazçı arasında bu yaxınlarda onlayn aparılmış sorğu göstərib ki, insanları ən çox narahat edən baş nazirin avtoritar mövqeyidir (92,4%). Polisin sərtliyi (91,3%), demokratik haqların pozulması (91,3%), KİV-in susması (84,2%) da insanları narahat edən məqamlardır. Parkda ağacların kəsilməsinə etiraz edənlər isə cəmi 56,2% təşkil edib.

Müxalifət, təbii ki, Ərdoğan hökumətinin sərtliyinin nəticəsi kimi qəfildən üzə çıxmış ictimai narazılıqdan öz partiya maraqlarına uyğun istifadə etməyə çalışır. Etirazlar başlayandan az sonra, Cümhuriyyət Xalq Partiyasının (CHP) deputatları mitinqçilərə qoşulublar. Bu partiya məhz tələbələrə ciddi təsir imkanlarına malikdir. Onun həmkarlar ittifaqı təşkilatlarına da təsir rçaqları var və kütləvi etirazların əsas özəyi, təşkilatçısı məhz CXP-dir. Etirazçılara Ərdoğandan narazı olan hərbçilərin gizli dəstək verdiyi də istisna olunmur. Amma bu amillərin, eyni zamanda, xarici qüvvələrin baş verənlərə təsir dərəcəsini şişirtməyə dəyməz. Yuxarıda qeyd olunan sorğuya qatılanların 7,7%-i etiraz aksiyalarına müəyyən siyasi hərəkatlar tərəfindən cəlb olunduqlarını bildirib. Yəni, etirazlar öz-özünə əmələ gəlib. O, qeyri-mütəşəkkil şəkildə baş qaldırıb.

Sorğuya qatılanların, təxminən, 80%-i ölkədə hərbi çevriliş əleyhinə olduğunu, 70%-i Türkiyədə ideyalarını bəyəndiyi heç bir siyasi partiyanın olmadığını bildirib. 37% isə yeni siyasi partiyaların yaradılmasını vacib hesab edir.

Ərdoğan isə etiraz aksiyalarının təşkilatçılarını harada gəldi axtarır, öz səhvlərinə diqqət yetirməyi lazım bilmir. "Türkiyədə sabitliyin pozulmasında maraqlı olan xarici qüvvələr var. Amma ölkədə "türk baharı" olmayacaq", - deyə Ərdoğan jurnalistlərə açıqlamasında bildirib. O, Taksim meydanında baş verənlərin arxasında CXP-nin dayandığını bəyan edib: "Demokratik yolla hakimiyyətə gələ bilməyən seçicilər buna ölkədə sabitliyi pozmaqla nail olmağa çalışır".

Amma bu, o qədər də inandırıcı səslənmir. Müxalifət özünü kifayət qədər proqnozlaşdırılan formada aparır. Xarici qüvvələrə gəlincə, Ərdoğan hökumətinin zəifləməsi, yəqin ki, Suriya və İrana sərf edir. Son illər kifayət qədər müstəqil xarici siyasət yürüdən Türkiyə, çətin ki, Vaşinqtonda, Avropa paytaxtlarında və İsraildə də məmnunluq yaratsın. Xarici qüvvələrin maliyyə, tibbi resurslar kanallarının qapadılması ilə Türkiyədə yaşananlara birbaşa və dolayısı ilə təsir göstərmək cəhdlərinin olduğunu istisna etmək olmaz.

Dünya liderləri hələlik yalnız ehtiyatlı bəyanatlarla kifayətlənir, baş verənlərdən narahat olduqlarını bildirir, tərəfləri təmkinə, dialoqa səsləyirlərsə, nüfuzlu xarici KİV-də kifayət qədər tənqidi fikirlərə rast gəlinir. Amerikanın işgüzar dairələrinin ruporu olan "The Wall Street Journal" yazır ki, Ərdoğan Türkiyəni yenidən qursa da, uğurlar onun başını gicəlləndirib: "Ərdoğan özündən həddindən artıq razılıqla hakimiyyəti əlində cəmləməyə çalışır, Türkiyəyə daha 10 il rəhbərlik etmək üçün Konstitusiyaya dəyişiklik etməyi düşünür". Qəzet Ərdoğana baş verənlərdən nəticə çıxarmağı məsləhət görür: "Türkiyədə orta sinif təkhakimiyyətllik yox, demokratiya tələb edir". Britaniyanın "The Financial Times" qəzeti də eyni fikirlərə yer ayırıb. Qəzetin Türkiyədə baş verənlərlə bağlı məqaləsinin başlığı belədir: "Dözümsüzlük Ərdoğanı məhv edə bilər". Fransa mətbuatında da Ərdoğan hökuməti haqqında son dərəcə sərt şərhlərə və məqalələrə rast gəlinir.

ƏİP-in hökumət komandasında isə iki fərqli davranış müşahidə olunmaqdadır. Hökumət nümayəndələrinin bir hissəsi daha ehtiyatlı və kompromislərə əsaslanan mövqe nümayiş etdirir. Bu mövqenin müəllifi prezident Abdullah Güldür. "Hakimiyyət yaxşı dərs aldı", - deyə dövlət başçısı xalqa müraciətində bildirib: "Demokratiya yalnız seçki deyil. Fikir ayrılığı, etiraz varsa, onları ifadə etməyin müxtəlif yolları da mövcuddur. Dinc aksiyalar bu vasitələrdən biridir. Son günlər baş verənlər də bunu sübut edir. Səmimi şəkildə deyirəm ki, bizə xoş niyyətlərlə yönəlmiş mesajları aldıq və lazımi tədbirlər görəcəyik. Hər kəs sakitləşməlidir".

Gül sakitləşdirici müraciətlə kifayətlənməyərək, polis və əyalət qubernatorlarını etirazçılara həddindən artıq sərt qarşılıq verməkdən çəkinməyə çağırıb. İyunun 3-də isə o, müxalifətçi CXP-nin lideri Kamal Kılıçdaroğlu ilə bir araya gəlib. Yəqin ki, baş nazirin müavini Bülənt Arıncın nümayişçilərin nümayəndələrini qəbul etməsi və polisin davranışına görə onlardan üzr istəməsi də Gülün müdaxiləsi  ilə baş verib. "İlk öncə ətraf mühitin qorunması məqsədilə nümayişə çıxmış insanlara polisin qeyri-adekvat güc tətbiqi doğru olmayıb. Bu, ədalətsiz idi. Həmin insanlardan üzr istəyirəm", - deyə Arınç keçirdiyi mətbuat konfransında bildirib. Amma o, başqalarının mülkiyyətini dağıdan insanlardan üzr istəməyəcəyini də söyləyib.

Nümayişçilərin "Taksim platforması" adı altında açıqladıqları tələbləri isə o qədər də radikal təsir bağışlamır. "Hürriyyət" "Daily News" xəbər verir ki, onların tələbləri 6 bənddən ibarətdir:

- Gezi parkı olduğu kimi saxlanılmalı, onun ərazisində tikintiyə icazə verilməməlidir;

- Atatürk Mədəniyyət Mərkəzi dağıdılmamalıdır;

- zorakılığa yol açmış hüquq-mühafizə orqanları əməkdaşları ilə bağlı tədqiqata başlanılmalı, onlar vəzifədən kənarlaşdırılmalıdırlar;

- gözyaşardıcı qazdan istifadə qadağan edilməlidir;

- həbs olunmuş nümayişçilərin hamısı azadlığa buraxılmalıdır;

- ifadə azadlığına qoyulmuş bütün məhdudiyyətlər aradan qaldırılmalıdır.

İlk baxışdan düşünmək olar ki, danışıqlar və bu tələblərin, heç olmasa, bir neçəsinin həyata keçirilməsi yolu ilə qarşıdurmanı azaltmaq, vəziyyəti polis müdaxiləsi  ilə deyil, siyasi yolla qaydaya salmaq olardı. Lakin baş nazir Ərdoğan Tunisə səfəri çərçivəsində bəyan edib ki, ölkəsində davam edən aksiyalara baxmayaraq, hökumət Gezi parkının ləğvi, onun yerində Xəlil Paşanın Osmanlı Ordu Kazarmasının bərpası planından imtina etməyəcək. Ərdoğan hökumətə bu layihənin referenduma çıxarılması təklifinin olunduğunu, lakin təşəbbüsün qəbul edilmədiyini də söyləyib.

Güman edirəm ki, hadisələr bəzi analitiklərin proqnozlaşdırdığı "türk baharı"na - hökumətin zor gücünə devrilməsinə aparıb çıxarmayacaq. Türkiyənin ərəb dövlətlərindən köklü şəkildə fərqi burada tam liberal olmasa da, işlək demokratiyanın mövcudluğundadır. Son parlament seçkisində ƏİP seçicilərin, təxminən, yarısının dəstəyini qazanıb. Hakim partiya parlamentdə böyük üstünlüyə (550 yerdən 327-nə) malikdir, bələdiyyələrin əksəriyyətinə başçılıq edir.

Hər şeyi öz adı ilə çağırsaq, Ərdoğan silahlı qüvvələrin rəhbərliyində və məhkəmə korpusunda "təmizləmə" aparıb, Atatürkün müdafiə etdiyi normalardan imtinaya ciddi müqavimət göstərən tanınmış şəxslər islamçılara loyal şəxslərlə əvəzlənib. Üstəlik, hökumət aparıcı elektron və çap KİV-də informasiya siyasətini birbaşa və dolayısı ilə idarə də edə bilir.

Bütün bunlarla yanaşı, Ərdoğan və komandası üçün hazırkı vəziyyətdən ciddi itkilər vermədən çıxmaq asan başa gəlməyəcək. Etirazçılar və müxalifətin fəaliyyəti  ilə yanaşı, ortaya digər mənfi amillər də çıxır. İlk növbədə, biznesdən, iqtisadiyyatdan gələn həyəcan siqnallarını qeyd etmək olar. Türkiyənin Fond bazarı iyunun 3-də 10% tənəzzül edib. Türk lirəsinin məzənnəsində də analoji kəskin azalma müşahidə olunur. Halbuki, bir neçə gün əvvəl "Moody's", ardınca isə "Fitch" beynəlxalq agentlikləri Türkiyənin suveren reytinqini 1 pillə artıraraq "Baa3"ə çatdırmışdı. Bu, reytinqin spekulyativ kateqoriyadan investisiya kateqoriyasına yüksəlməsi deməkdir. Onlar hələ ki, qiymətləndirmədə dəyişiklik etmək niyyətində deyillər. Agentliklər qərarlarını Türkiyədə dayanıqlı iqtisadi artımla yanaşı, dövlət borcunun da ÜDM-in 36%-nə enməsi  ilə əsaslandırırlar. Halbuki, avrozonada bu göstərici, təxminən, ÜDM-in 90%-i həddindədir.

 Bu arada Ərdoğanda çoxsaylı tərəfdarlarını etirazçılara qarşılıq göstərməyə çağırmaq həvəsi hiss olunur. Amma bu, Türkiyəni 1960-70-ci illərə qaytara bilər. O zaman ölkədə sağçı və solçu radikallar, liberallar və millətçilər arasında bitib-tükənməyən qanlı toqquşmalar yaşanırdı. Hadisələr bu istiqamətdə inkişaf edərsə, hərbçiləri kazarmalarda saxlamaq son dərəcə çətin olacaq. Ərdoğanın döyüşçü keyfiyyətləri məlumdur. Lakin o, indiyədək dəfələrlə, münaqşəli vəziyyətlərdən çıxış üçün Türkiyə vətəndaşlarının iradəsinə uyğun olaraq qeyri-ordinal qərarlar verə bilən şəxs olduğunu da nümayiş etdirib. Əgər geniş narazılığa səbəb olan məsələlərdə güzəştlərə getməklə ölkədəki gərginliyi aradan qaldırmaq mümkün olmursa, hökumətdə, polis idarələrində yerdəyişmələrə gedilə bilər. Böhrandan siyasi yolla çıxmaq üçün atıla biləcək ən son addım növbədənkənar parlament seçkisinin elan edilməsi də ola bilər. Ərdoğanın ehtiyatında istefa vermək üçün güclü gediş də var. Onun hər sözünə əməl edən parlamentdəki çoxluq Ərdoğana sərf edən şəxsin baş nazir postuna namizədliyini irəli sürməyə imkan verir. Ərdoğan bu qeyri-adi addımla ictimai rəyi öz xeyrinə dəyişə, diqqətini tamamilə qarşıdan gələn prezident seçkisinə yönəldə, bir müddət sonra ölkədə ali rəhbərliyi yenidən özünə qaytara bilər. Yəqin ki, vəziyyətdən çıxmaq üçün seçiləcək konkret yol mövcud qarşıdurmanın miqyası, sərtliyi və yaşananlara beynəlxalq reaksiyası ilə bağlı olacaq.

Qardaş Türkiyədə yaşananların Azərbaycana necə təsir göstərə biləcəyi haqda da bir neçə kəlmə danışmaq yerinə düşərdi. Hər dəfə buna bənzər hadisələr baş verdikdə (Ukrayna, Gürcüstan, Qırğızıstan, "ərəb baharı" və s.) Azərbaycan müxalifəti coşur. Payızda ölkədə prezident seçkisinin keçiriləcəyini nəzərə alsaq, siyasi həyatdakı canlanmaya təəccüblənmək olmaz. Amma yuxarıda qeyd olunan ölkələrdə yaşananları heç zaman Azərbaycana "uyğunlaşdırmaq" mümkün olmayıb və o, bu dəfə də çətin ki, mümkün olsun. Nəzərdə tutulmuş nəhəng birgə enerji layihələrinin (TANAP, Petkim) reallaşdırılmasına və Ankaranın Azərbaycana xarici siyasi dəstəyinə gəlincə, istənilən halda onlar üçün risk minimaldır. Əvvəllər də istər Türkiyədə, istərsə də Azərbaycanda hakimiyyət dəyişikliyi ölkələrimiz arasındakı ənənəvi möhkəm, müttəfiq münasibətlərinə heç bir təsir göstərməyib. Bununla yanaşı, Türkiyənin müvəqqəti olsa belə, zəifləməsi, əlbəttə ki, Azərbaycan üçün arzuolunmazdır.



MƏSLƏHƏT GÖR:

618