
TƏBİİ SEÇİM
Azərbaycanın hakim partiyası İlham Əliyevi yekdilliklə prezidentliyə namizəd elan edib
Müəllif: Çingiz MƏMMƏDOV Bakı
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbəti, sayca 5-ci qurultayında partiya üzvləri oktyabrda keçiriləcək prezident seçkisinə namizədlərini müəyyənləşdirməli idilər. Düzü, bu məsələdə hər hansı intriqa gözlənilmirdi. Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi və siyasi uğurlar özü-özlüyündə bir şeydən xəbər verirdi: hakim partiyanın funksionerləri əhalinin sosial sifarişini nəzərə alaraq, İlham Əliyevi yenidən partiya sədri və prezident görmək istəyəcəkdilər.
Bu gözləntilər özünü doğrultdu. Qarşıdan gələn seçkidə qələbə qazanacağına əmin olan İlham Əliyevin çıxışı Azərbaycanın yaxın perspektivdəki prioritetlərinin açıqlanması ilə maraqlı idi.
Ötən 20 ildə Azərbaycan hərtərəfli inkişaf yolu keçib. Bu gün respublika etibarlı beynəlxalq tərəfdaş kimi tanınır. Həm xarici siyasətdə, həm də iqtisadi sahədəki ciddi uğurlar isə son 10 ilə təsadüf edir.
"Son on il ərzində Azərbaycan dünyada ən sürətli templərlə inkişaf edib. İkinci belə ölkə dünya xəritəsində tapılmaz ki, Azərbaycan qədər uğurlar əldə edə bilsin. Bu uğurlar çoxşaxəlidir, bütün sahələri əhatə edir. Həm beynəlxalq, həm daxili siyasətlə, iqtisadi islahatlarla, siyasi islahatlarla bağlı hara baxsan, Azərbaycan uğurla, inamla, sürətlə inkişaf edir", - deyə İ.Əliyev bildirib.
Bu inkişafı heç də yalnız Azərbaycan statistikası göstərmir. Ölkənin iqtisadi inkişaf templəri artıq ən nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də qiymətləndirilir. Azərbaycanın təcrübəsi inkişaf etməkdə çətinlik çəkən ölkələr üçün ən müsbət nümunə kimi öyrənilir.
Azərbaycan iqtisadi islahatlar sayəsində dünyada ən sürətli iqtisadi inkişafa nail olub: 10 ildə ölkə iqtisadiyyatının artımı 3 dəfədən çox təşkil edib, əhalinin, təxminən, yarısını əhatə edən yoxsulluq 6%-ə, işsizlik isə 5,2%-dək azalıb. 1,1 milyondan artıq yeni iş yeri açılıb. Ölkənin qızıl-valyuta ehtiyatları (QVE) 46,5 milyard dollara çatıb. Bu, ÜDM-in, təxminən, 70%-i deməkdir. QVE 3 il ərzində məhsul və xidmətlərin idxalını maliyyələşdirmək üçün kifayət edir, halbuki, dünya standartlarına görə, bu göstəricinin 3-4 ay olması normal sayılır. Bununla yanaşı, QVE-nin həcmi dövlət borcunu 10 dəfə üstələyir. Halbuki, demək olar ki, bütün inkişaf etmiş ölkələrdə bu nisbət əksinədir.
Bütün beynəlxalq reytinq agentliklərinin Azərbaycanın kredit reytinqini yüksəltməsi təsadüf deyil. Respublika rəqabət qabiliyyətlilik reytinqində artıq dünya miqyasında 46-cı pillədədir. Son 10 ildə Azərbaycanda orta aylıq əməkhaqqı 5, orta pensiya isə 8 dəfə artıb.
"Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Azərbaycanda aparılan islahatlar çox ciddi xarakter daşıyır və köklü islahatlardır. Biz tarixdən və bəzi ölkələrdə gedən bugünkü proseslərdən də bilirik ki, köklü iqtisadi islahatlar bir çox hallarda kütləvi etirazlara səbəb olur. Çünki bu islahatlar bir çox hallarda insanların maraqları hesabına aparılır. Bizdə isə həm iqtisadi islahatlar aparılıb, - bu gün iqtisadiyyatımızın 83 faizi özəl sektorda formalaşır, - eyni zamanda, çox güclü sosial proqramlar da icra edilib. Sovet dövründən qalmış əmanətlərin insanlara verilməsi də bu siyasətin təzahürüdür", - deyə dövlət başçısı qeyd edib.
Azərbaycan vacib Şərq-Qərb yolunun kəsişməsində yerləşir, böyük bir regionun nəqliyyat və enerji təhlükəsizliyinin təmini üçün addımlar atır. Bu baxımdan Bakı-Tiflis-Qars dəmir yolunun inşasının başa çatdırılması regionun, qitənin, qitələrin nəqliyyat xəritəsini dəyişdirəcək.
"Yenə də Azərbaycan burada təşəbbüskardır və əsas tərəfdaşdır. Enerji siyasətimizlə bağlı bütün addımlar düşünülmüş qaydada atılır. İndi Avropanın enerji təhlükəsizliyi məsələlərinin həllində də Avropa ilə bu istiqamətdə tərəfdaş kimi işləyirik. Azərbaycan "Cənub qaz dəhlizi"nin əsas iştirakçısıdır, əsas təşəbbüskarıdır. Azərbaycanda qəbul edilən qərarlar gələcəkdə enerji təhlükəsizliyi ilə bağlı olan bütün yeni məsələlərə əsas istiqamət verəcək", - deyə prezident qeyd edib.
Xarici siyasətə gəlincə, son 10 ildə Azərbaycan beynəlxalq arenada ən yüksək zirvələri fəth edə bilib, BMT Təhlükəsizlik Şurasının üzvü seçilib. "Bu, bizim diplomatiyamızın, siyasətimizin, dövlətçiliyimizin qələbəsidir, təntənəsidir. Dünyada bu qurumdan ali qurum yoxdur. Keçən ilin mayında Azərbaycan bu mötəbər quruma sədrlik edib", - deyə İlham Əliyev bildirib: "Biz bu gün qlobal problemlərin həlli ilə məşğuluq. Bizim mövqeyimiz, səsimiz böyük əhəmiyyətə malikdir. Biz digər beynəlxalq təşkilatlarda uğurlu fəaliyyət göstəririk, mövqeyimizi müdafiə edirik. Biz üzv olduğumuz təşkilatlarda maraqlarımızı müdafiə edirik, eyni zamanda, həm siyasi cəhətdən, həm də bütün başqa cəhətlərdən o təşkilatların inkişafına böyük töhfə veririk".
İkitərəfli münasibətlərdə Bakının siyasəti bərabərhüquqluluq, qarşılıqlı faydalılıq, qarşılıqlı hörmət və bir-birinin işlərinə qarışmamaq prinsipləri ilə qurulur: "Hər bir ölkə maraqlı olmalıdır ki, onun ətrafında vəziyyət sabit, sülh, əmin-amanlıq olsun ki, ölkə daxilində proseslər daha da normal şəraitdə getsin".
Əlbəttə ki, ötən 20 ildə olduğu kimi, qarşıdakı dövrlərdə də əsas məsələ Ermənistan tərəfindən işğal olunmuş torpaqların boşaldılmasına, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə nail olmaq olacaq.
"Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti deyil və olmayacaq. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Azərbaycan öz ərazi bütövlüyünü istənilən yolla bərpa edəcək. Bu münaqişənin həlli yalnız beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi əsasında öz həllini tapa bilər. Heç bir başqa variant qəbul edilə bilməz. Mən inanıram və əminəm ki, biz bu məsələni həll edəcəyik. Çünki bizim artan xarici və daxili gücümüz, artan ordu potensialımız və iqtisadi inkişaf qələbəmizi şərtləndirəcək", - deyə dövlət başçısı bildirib.
Ermənistan isə Azərbaycanın artan qüdrətinə qarşı ortaya heç nə qoya bilmir və getdikcə daha dərin uçuruma yuvarlanır.
Ermənistan iqtisadiyyatının acınacaqlı durumda olması hər il 100 minədək vətəndaşın ölkəni tərk etməsinə səbəb olur. Bütün bu amillər Azərbaycanın artan potensialı ilə birlikdə Dağlıq Qarabağın və digər əzəli Azərbaycan torpaqlarının tezliklə geri qaytarılmasında böyük rol oynayacaq.
"Sadəcə olaraq buna vaxt və güclü siyasət lazımdır. Güzəştsiz, kompromissiz, milli maraqlara söykənmiş siyasət ki, bu gün bizim iqtidar və yalnız bizim iqtidar bunu təmin edə bilər. Yalnız bizim iqtidar bütün təzyiqlərə, təhdidlərə, təxribatlara dözə bilər" - deyən İlham Əliyev seçicilərin bu ilin oktyabrında etməli olacaqları seçimin çox vacib olduğunu bir daha hər kəsin nəzərinə çatdırıb.
İ.Əliyev ümumilikdə öz çıxışında qarşıdan gələn seçkidə qələbəyə tam inanaraq, yalnız partiyanın tərəfdarlarının yox, əhalinin əksər hissəsinin də dəstəyinə arxalanaraq getdiyini göstərib.
İlham Əliyev artıq 10 ildir ki, bütün sosioloji sorğularda dəyişməz lider olaraq qalır. Bu, həm Azərbaycan, həm də xarici mərkəzlərin və mətbuatın apardığı sorğularda belədir. Prezidentin reytinqi sabit olaraq 70% civarındadır və onun heç bir rəqibi bu dərəcədə ciddi dəstəyə arxalana bilməz.
Prezidentlik yarışındakı müxalifətçi rəqiblərindən fərqli olaraq, dövlət başçısı yaxın perspektiv üçün dövlətin konkret inkişaf proqramını da ortaya qoyub.
"Bizim bütün istiqamətlər üzrə konkret proqramlarımız, planlarımız, konsepsiyalarımız, icra mexanizmlərimiz var. O cümlədən regionlarda gedən işlərlə bağlı gələn ilin əvvəlində üçüncü Dövlət Proqramı icra ediləcək. Birinci və ikinci proqramların icrası nəticəsində bölgələr canlandı, şəhərlər abadlaşdı, gözəlləşdi, müasir infrastruktur yaradılır, kəndlərimiz çiçəklənir, qalxır, yollar, məktəblər, xəstəxanalar, Olimpiya kompleksləri, qazlaşdırma, elektrik enerjisi, su xətləri, bütün infrastruktur yenilənir. Biz bütün infrastruktur sistemimizi tamamilə yeniləşdiririk ki, bundan sonra ən azı 50-100 il bu qurduğumuz infrastruktur insanlara xidmət göstərsin", - deyə İlham Əliyev qeyd edib.
İqtisadi siyasətdə əsas istiqamət əvvəlki illərdəki kimi, yenə də şaxələndirmə olacaq: "Bu ilin dörd ayında qeyri-neft sektorumuz 11 faiz artıb. Bu il artıq ümumi daxili məhsulumuzda neft sektoru azlıq təşkil edir. Bundan sonra sənayeləşmə prosesi daha da sürətlə gedəcək. Böyük sənaye kompleksləri yaradılacaq. Bir neçə il bundan əvvəl qarşıya vəzifə qoyulmuşdu ki, biz özümüzü əsas ərzaq məhsulları ilə tam şəkildə təmin edək. Biz bu hədəfə də yaxınlaşırıq. Sosial məsələlərin həllində bundan sonra da çox ciddi addımlar atılacaq. Maaşlar, pensiyalar, müavinətlər artırılacaq. Məcburi köçkünlərin yaşayış səviyyəsini qaldırmaq üçün bundan sonra da işlər görüləcək".
Göründüyü kimi, hakim partiya qarşıdan gələn seçkidə növbəti dəfə qələbə qazanmaq üçün ilk ciddi addımını atıb. Hakimiyyət seçkiyə yalnız bəyanatlarla yox, saysız-hesabsız uğurla gerçəkləşdirilmiş təşəbbüslərlə, gələcəyə hesablanmış konkret proqramlarla gedir. Hazırkı prezidentin potensial rəqibləri çətin ki, bu qədər əsaslandırılmış, reallığa əsaslanan konkret fəaliyyət proqramı ortaya qoya bilsinlər.
MƏSLƏHƏT GÖR: