Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
Dünya idmanı inkişaf etdikcə, hər bir ölkənin komandasında əcnəbi idmançılar yer alır. Müasir dünyamızda yalnız yerli idmançılara güvənən çox az ölkə var. Hamıya məlumdur ki, Rusiyada həm güləşdə, həm də boksda ciddi rəqabət var. Bəzən bir çəkidə eyni gücdə olan 2-3 idmançı mübarizə aparır. Mötəbər yarışlarda millinin şərəfini hər çəkidə yalnız bir idmançı qoruya bilər. Digərləri karyerasını ehtiyatda qalmaqla keçirir. Məhz bu amil həmin idmançıları başqa ölkələrin vətəndaşlığını qəbul etməyə məcbur edir. Son illər bir sıra məşhur idmançıların Azərbaycan yığmasının şərəfini qoruması da adi hal alıb. Bəziləri bu qərarı maddi rifahını yaxşılaşdırmaq, di-gərləri isə Vətəndə müəyyən problemlər yaşadığı üçün edir. Belə idmançılardan biri də boks üzrə dünya və Avropa çempionu Albert Səlimovdur. Vaxtı ilə mötəbər yarışlarda boksçularımızın prinsipial rəqibi olan Səlimov ötən il "Baku Fires" klubu ilə müqavilə imzaladı. Bir neçə görüşdə qələbə qazanan titullu boksçuya 5 ay əvvəl Azərbaycan yığmasının şərəfini qorumaq təklif olundu. "R+"a müsahibəsində Albert Səlimov Azərbaycan yığmasını seçməsinin əsl səbəbini açıqlayıb.
- Cari mövsüm Ümumdünya Boks Seriyasında yarışan "Baku Fires" komandasının hədəfi nə olacaq?
- Biz hər zaman yüksək hədəflər uğrunda mübarizə aparırıq. İlk olaraq qrupdan çıxmaq barədə düşünürük. Sonra isə finala qədər irəliləmək istərdik. Hissə-hissə bu barədə düşünəcəyik. Hazırkı hədəfimiz qalan qrup matçlarında qələbə qazanmaq və xal sayını artır-maqdır. Hazırda klubumuz 1/4 finala vəsiqəni təmin edib. Ona görə indi yarımfinala, ardınca isə finala çıxmaq üçün mübarizə aparacağıq.
- Siz Azərbaycan millisində çıxış etmək istədiyinizi demişdiniz. Bu məsələ nə yerdədir?
- Azərbaycan tərəfi məni yığmada görmək istədiyini deyəndə razılaşdım. Fikrimcə, heç bir problem qalmayıb. Klubun baş meneceri Rizvan Gənciyevə qərarımı açıqlamışam. Heç bir problem olmamalıdır. Mən, hətta yanvarın 26-da start götürən Azərbaycan çempionatında iştirak etmək istəyirdim. Sadəcə, "Bakı Fires"in vacib görüşlərində iştirak edəcəyimdən icazə verilmədi. Məqsədim 2016-cı ildə keçiriləcək Olimpiadaya lisenziya qazanmaqdır. Bakıda keçiriləcək Avropa Oyunlarında da iştirak etmək barədə düşünürəm.
- Axı Rusiya tərəfi sizi Azərbaycan yığmasına buraxmayacaqlarını deyib...
- Rusiya tərəfi istədiyini deyə bilər. AİBA (Beynəlxalq Həvəskar Boks Assosiasiyası) qanunları var. 3 illik fasilədən sonra boksçu başqa ölkənin şərəfini qoruya bilər.
8 il Rusiya yığmasının şərəfini qorumuşam. Dünya və Avropa çempionu olmuşam. Hər zaman Rusiya bayrağını yüksəltdiyim üçün fəxr etmişəm. Lakin mənə qarşı düzgün hərəkət etmədilər. "Baku Fires"lə müqavilə imzalayan kimi, Rusiya yığmasından aldığım məvacib kəsildi. Mənlə maraqlanmadılar. Bəzilər hesab edir ki, Səlimov artıq ən yaxşı günlərini arxada qoyub. Amma bu belə deyil.
Çətin günlərimdə Azərbaycan klubu mənə dəstək oldu. Yığma komandaya dəvət etdilər. Ən əsası mənə inandılar. Mən bu diqqətin qarşılığını verməliyəm. Hazırda bütün diqqətim klubumdadır, bundan sonra isə Azərbaycan yığmasına yönələcək.
- Azərbaycan yığmasında çıxış etməyinizlə bağlı sənədlər hazırdır?
- Əlbəttə. Gələn ildən yığmanın şərəfini beynəlxalq turnirlərdə qoruya biləcəyəm. Məşqləri davam etdirirəm. Çünki hədəfə çatmaq üçün çalışmalıyam. Rusiyanın Vətənim olmasını qətiyyən unutmuram. Amma Azərbaycana mənə yaratdığı şəraitin və güvənməsinin əvəzini veməliyəm. Bu əvəzi yalnız qələbələrlə, yaxşı nəticələrlə vermək olar.
- Deyəsən, kimlərəsə özünüzü sübut etmək istəyirsiniz....
- Hamıya hörmətlə yanaşıram. Sadəcə, bəzilərinə hələ tükənmədiyimi göstərmək istəyirəm. Gücüm olduğunu hiss edirəm. Olimpiadaya vəsiqə qazanmaq arzusundayam. Fərq etmir, yığma ilə birgə turnirlərində, yoxsa "Baku Fires"in heyətində. Əsas, lisenziya qazanmaqdır. 2016-cı ildə keçiriləcək Olimpiadada iştirak etmək istəyirəm. Orada sözümü deyəndən sonra, ola bilsin, karyeramı başa vurmaq barədə düşünüm.
- Sözlərində aqressivlik var. Siz sanki incimisiniz...
- Bu barədə danışmaq istəməzdim. Sadəcə, hər bir insanın həyatında çətin anlar olur. Bizə məhz həmin anlarda dəstək lazımdır. Çox sevinirəm ki, "Baku Fires" kimi klubun heyətində çıxış edirəm. Cari mövsüm məqsədimizə çatmalıyıq. Hər bir idmançı qələbə üçün yarışır. Mənim də hədəfim uğur qazanmaqdır.
- Sonda Azərbaycanda boksun vəziyyəti barədə fikirlərinizi öyrənmək maraqlı olardı...
- Azərbaycanda boks sürətlə inkişaf edir. Bunu yığmanızda çıxış edəcəyim üçün demirəm. Ölkəniz hər zaman boksla tanınıb. Rusiya yığmasında olduğum vaxtlarda sizin güclü milli komandanız var idi. Hazırda da milliniz güclüdür. Heyətdə dünya və Avropa çempionları var. Rəqabət daha da güclənib. Ölkədə boksun daha da sevilməsində "Baku Fires" klubunun rolu böyükdür. Komandamız qələbə qazanmaqla azarkeşlərin rəğbətini qazanıb. Hər il finala çox yaxınlaşmışıq. Bu il artıq baş mükafatı Azərbaycana gətirməliyik.
MƏSLƏHƏT GÖR: