26 Dekabr 2024

Cümə axşamı, 18:34

EV SAHİBİNİN QƏLƏBƏSİ

Ardıcıl ikinci Qış Olimpiadasıdır ki, qələbəni ev sahibi əldə edir

Müəllif:

25.02.2014

Həyəcan, azart, qalibi məğlubdan ayıran saniyələri hesablamaq - 2 həftədən bir qədər artıq müddətdə bütün dünya Soçidə keçirilən Qış Olimpiya Oyunlarındakı mübarizəni seyr etdi. Azərbaycan üçün isə bu, bizim yadlara azarkeşlik etdiyimiz növbəti Olimpiada idi. Nəzərə alsaq ki, ölkədə qış idman növləri azərbaycanlı idmançıların dünyanın bu sahədəki məşhur liderləri ilə rəqabət aparacaqları dərəcədə inkişaf etməyib, hokkey, biatlon, xizək, konkisürmə və digər idman növlərinin həvəskarları özləri üçün azarkeşlik edəcəkləri komanda və ya idmançıları seçə bilirdilər.

Bütün Olimpiya Oyunları kimi, Soçidəki yarış da sürprizsiz ötüşmədi. O, kimlər üçünsə xoş, kimlər üçünsə əksinə oldu. 

 

Doğma meydan amili

Soçi Olimpiadasının əsas nəticəsi ardıcıl olaraq ikinci dəfə Qış Olimpiya Oyunlarında meydan sahiblərinin qələbə qazanmasıdır. 4 il əvvəl də Vankuverdə kanadalı idmançılar 14-ü qızıl olmaqla, 26 medal qazanaraq, inamla qazanılmış "qızıl"ların sayına görə, 1-ci yeri tutmuşdular.

Oxşar vəziyyət bu dəfə Soçidə yaşanıb. Yarışdan əvvəl medal hesabında 3-4-cü yeri tutacağı ehtimal olunan Rusiya yığması Olimpiadanın sonunda möhtəşəm çıxışı hesabına qeyri-rəsmi olaraq, komanda hesabında qalib gəldi. Yığma Soçi Olimpiadasında 33 medal qazandı və onların 13-ü qızıl medal idi. Bunadək nə sovet, nə də sonralar Rusiya yığmaları heç bir Olimpiadada bu qədər medal qazanmamışdı. Yalnız 1976-cı ildə İnsbrukda SSRİ yığması 13 qızıl medal əldə etmişdi.

Prinsipcə, 2006-cı ildə Turində də doğma meydan ev sahiblərinə kömək etmiş, italiyalılar 6 qızıl medal əldə etmişdilər. Soçidə isə məsələn, itali-yalılar "qızıl"sız qaldılar.

Rusların Vankuverdəki çıxışına qayıtsaq, Kanadadakı Olimpiada Rusiya yığması üçün görünməmiş iflas olmuşdu. 4 il əvvəl Rusiya idmançıları turnirdə cəmi 15 medal qazanmışdılar və onun yalnız 3-ü qızıl idi. Nəticədə, Rusiya ümumi hesabda 11-ci yeri tutmuşdu.

Amma Rusiya yığmasının Soçidəki uğuru yalnız doğma meydan amili ilə bağlı deyil. Bunun səbəbi həm də düzgün milliləşdirmədir. Müasir idmanda idmançıların vətəndaşlığını dəyişməklə çox az adamı təəccübləndirmək olar. Amma bu, heç də həmişə müsbət effekt vermir. Soçidə isə Rusiyanın "özününküləşdirdiyi" Viktor An və Vik (Viktor) Uayld ölkəyə şort-trek və snoubordda 5 qızıl medal qazandırıblar.

Ümumilikdə Soçidə 26 ölkədən olan idmançılar medal qazanıb. Onlardan 21 ölkə təmsilçisi qızıl medal əldə edib. 2010-cu ildə Kanadada 25 ölkə medal qazana bilmişdi və onların 19-u qızıl medal qazananlar idi. 2006-cı ildə İtaliyada keçirilən Olimpiadada medal əldə etmiş 26 ölkənin 18-i qızıl medala layiq görülmüşdü.

 

Olimpiadanın qəhrəmanları

İstənilən Olimpiadanın öz qəhrəmanları olur. Soçidə də qəhrəman sayılacaq çox idmançı var. Buraya fərdi yarışlarda, ən azı, 2 qızıl medal əldə etmiş idmançılar aiddir.

Zərif  cins nümayəndələri arasında, əlbəttə ki, Soçi Olimpiadasının priması belaruslu biatlonçu Darya Domraçovadır. O, 4 fərdi yarışın 3-də qələbə qazandı. Domraçova yüksək sürətli hərəkətinə dəqiq atışları da əlavə etməklə, dünyada fərdi yarışda 3 qızıl medal qazanmağa nail olmuş ilk biatlonçu oldu.

Soçidən 3 qızıl medal apara bilən daha bir idmançı norveçli xizəkçi Marit Borqendir. O, fərdi yarışda 2 qızıl medala daha bir "qızıl"ı komanda sprintində əlavə etdi.

Soçi Olimpiadasının qəhrəmanları arasında sloveniyalı dağ xizəkçisi Tina Maze və hollandiyalı konkisürən İren Vyust da var. Vankuverdə T.Maze 2 dəfə "qızıl"ın 1 addımlığında qalmışdı. Soçidə isə o, 2 qızıl medal əldə etməklə, Sloveniyanın tarixində ən uğurlu idmançıya çevrildi. İ.Vyust isə Soçidə 2 qızıl, 2 gümüş medal qazandı.

Kişilər arasında Soçi Olimpiadasının qəhrəmanları daha çox oldu. Bu mənada ilk olaraq Rusiya təmsilçisi Viktor Anın adını çəkmək olar. 2006-cı ildə Turində o, Cənubi Koreya yığmasının heyətində üçqat Olimpiya çempionu adını qazanıb. Bu dəfə An şort-trekdə daha 3 qızıl medalı Rusiya təmsilçisi kimi qazanıb. Bu dəfə idmançı fərdi yarışda 2 qızıl və 1 gümüş medalına 5000 metrə estafetdə daha 1 "qızıl" əlavə etdi.

Soçi Olimpiadasının qəhrəmanları sırasında daha 2 rusiyalı var - snoubordçu Vik Uayld və bobsleyçi Aleksandr Zubkov. Eks-amerikalı Uayld snoubordla məşğul olmağı davam etdirmək üçün vətəndaşlığını dəyişib və sonda Soçidə qızıl medal qazanıb. Daha 2 "qızıl" A.Zubkova qismət olub. O, bobsley üzrə yarışların ən yaxşısı oldu.

Soçidən adama 2 qızıl medalı fransalı biatlonçu Marten Furkad, isveçrəli xizəkçi Dario Kolonya və polşalı tramplindən tullanma ustası Dario Kolonya aparıblar. Furkad, hətta het-trikə çox yaxın olsa da, finişde norveçli Svedsenə məğlub oldu.

Olimpiadanın qəhrəmanları siyahısına  konkisürmə üzrə Niderland yığmasını da əminliklə daxil etmək olar. Onların Soçidəki çıxışlarını misilsiz saymaq olar - "narıncılar" bütün rəqiblərini əzib keçdilər. Təsəvvür edin ki, bu idman növü üzrə Soçidə oynanılan 32 medalın 23-nü məhz hollandiyalılar qazandılar. Üstəlik, bu idman növündə qazanılmış 12 qızıl medalın 8-i hollandlara qismət oldu. Niderland yığması Soçidə 24 medal qazanıb və onların 23-ü məhz konkisürmə üzrə yarışda əldə olunub. Yalnız bu idmanda göstərdiyi nəticəyə görə, Hollandiya yığması Soçi Olimpiadasında komanda hesabında 5-ci yeri tutub və qış idman növləri üzrə liderlərdən olan Almaniyanı geridə qoyub. Vankuverdə hollandlar cəmi 8 medal əldə etmişdilər və onlardan cəmi 4-ü qızıl idi. Almanlar üçün isə Soçi Olimpiadası əməlli-başlı iflas oldu: 8-i qızıl olmaqla, 19 medal. Bu, alman funksionerlərin ümid etdiklərindən xeyli azdır.

"Əsas iştirakdır" 

Hələlik azərbaycanlı idmançıların qış olimpiadalarında iştirakı "Əsas qələbə yox, iştirakdır" Olimpiya şüarı ilə məhdudlaşır.

Amma Vankuver Olimpiadası ilə müqayisədə Soçidə Azərbaycan idmançıları daha yaxşı çıxış etdilər. Bu, ilk növbədə fiqurlu konkisürmə üzrə rəqs cütlüyünə aiddir: Yuliya Zlobina - Aleksey Sitnikov cütlüyü 12-ci yeri tutdular. 4 il əvvəl Kanadada Azərbaycan fiqurlu konkisürmə yarışında ümumiyyətlə təmsil olunmamışdı.

Dağ xizəkçiləri Patrik Brehner və Qai Bassari-Antivariyə gəlincə, onlar üçün Soçi yolu çox çətin oldu. Brehner yarışların birində 53-cü yeri tutdu, slalomda isə ilk cəhddə uğursuzluqla üzləşdiyindən, ikinci mərhələyə çıxmadı. Q.Bassari-Antivari isə ümumiyyətlə Soçidə starta çıxmadı və onu əminliklə turistlərin sırasına aid etmək olar.

Növbəti - XXIII Qış Olimpiya Oyunları 2018-ci il fevralın 9-dan 25-dək Cənubi Koreyanın Pxyonçxan şəhərində keçiriləcək.



MƏSLƏHƏT GÖR:

634