Müəllif: Turan ŞAKİR Bakı
Xanəndə Fərqanə Qasımova ilə görüşüm solo-konsertinə hazırlaşdığı vaxta təsadüf etdi. Xanəndənin danışığı ilə yanaşı, konsert məşqində ifası, improvizələri, yenilikləri fikrimdən hər saniyəsi üçün yalnız bu sözləri keçirtdi: "Ot kökü üstündə bitər".
Bu fikir mənim dünya şöhrətli muğam ifaçısı, Xalq artisti Alim Qasımovun qızı, Azərbaycanın Əməkdar artisti Fərqanə Qasımovaya verdiyim sualların əsasını təşkil edib.
- Bu yaxınlarda sizin "Yalnız ona doğru" adlı ilk solo-albomunuzun təqdimatı oldu, fevralın 28-də isə Heydər Əliyev sarayında solo-konsert verəcəksiniz. Bir ayda iki böyük layihə təqdim etmək fikri haradan qaynaqlandı? İdeya kimindir və nə ilə bağlıdır?
- Albom 2013-cü ildən hazırdır. Sadəcə, bəzi maliyyə məsələlərindən dolayı təqdimat bu ilə qaldı. Elə albomun arxasında da çıxarılma ili 2013-cü il kimi göstərilib. Çünki diskin təqdimatını keçirən şirkət təqdimatı öz işlərinə uyğun olaraq, fevral ayına saldı. Konsertə gəlincə isə, hazırlıqlara keçən ildən atamla birgə başlamışdıq. Bizim yaradıcılıq həvəsimiz sonradan bu konserti başqa üslubda yaratmağa istiqamətləndirdi. Bu konsert proqramında çox böyük dəyişikliklər etdik, əlavə alətlər gətirdik. Atam da bir gün gəlib dedi ki, madam, belə həvəslisiniz, onda dəfini də götür get. Səhnəyə tək çıxacaqsan. Və elə o vaxtdan qərar verildi ki, solo-konsertim olacaq. Əslində, iki layihənin eyni ayda olması planlaşdırılan bir şey deyildi. edim. Bu diskdə muğamlara özüm yer vermədim. Çünki muğam həddindən ağır musiqidir. Onu hazırlamaq, oxumaq və disk halında təqdim etmək daha böyük məsuliyyət tələb edir. Biz aranjmançı Rüstəm Zeynallı ilə "Durnalar" mahnısını bərabər hazırladıq, bundan başqa, həmin albomda iki öz bəstələdiyim mahnı ilə yanaşı, bir türk ilahisi, "Oxu, Alim" mahnısı, bir xarici mahnı da var. Bütün mahnılar hazır olduqdan sonra isə atamdan xahiş etdim ki, bu diskdə onun da səsi olsun. Ona görə də Cahangir Cahangirovun "Sevgilim" mahnısını "Natiq" ritm qrupunun müşayiəti ilə hazırladıq və bərabər ifa etdik.
- Bəs bu solo-layihələrdən sonra necə olacaq? Artıq atanız sizi muğam kimi okeana tək üzməyə buraxıb deyə bilərikmi? Bundan sonra Alim müəllim səhnədə sizin yanınızda deyil, biz tamaşaçıların yanındamı oturacaq?
- Həqiqətən, muğam okeandır. Amma tək üzsəm belə, yanımda qoruyucu atam olacaq. Hər zaman yanımda olacaq, məni müşahidə edəcək və istiqamət verəcək. O ki qaldı həmişə tək ifa edəcəyəm fikrinə, bu, belə olmayacaq. Bu, sadəcə kiçik bir layihədir. Əslində, atam həmişə mənə deyib ki, çıx tək ifa elə. Olub ki, telekanallarda çıxıb təkbaşına "Ca-hargah", "Mahur-Hindi" dəsgahlarını ifa etmişəm. Xarici ölkələrdə də solo-ifa ilə konsertlərdə olmuşam. Amma düşünürdüm, yəqin ki, solo ifa lazım deyil. Çünki bizim gedəcəyimiz bu yolu həmişə bir görmüşəm. Hiss etmişəm ki, bu yolu ikimiz bərabər, çiyin-çiyinə gedəndə daha böyük zirvələr fəth edə bilmişik. İçimdə tək yerimək istəyi yoxdur. Bəlkə də bir başqası olsaydı düşünərdim ki, artıq özümü göstərməliyəm, amma bu yolda məqsəd özünü göstərmək deyil; məqsəd muğamdan bir dünya yaratmaq, muğamı insanlara çatdırmaq və bu yolda uğurla addımlamaqdır. Əgər nə vaxtsa, atamın belə bir məqsədi olsaydı ki, tək addımlasın, onda heç bir zaman məni öz yanına qoymazdı, öz şanına, şöhrətinə, uğuruna şərik qoşmazdı. Bu yolda bizim üçün "MƏN" sözü yoxdur, yalnız "BİZ" varıq. İndi solo-konsert verməyim mənim Alim Qasımovdan ayrılmağım deyil; bir ustadım kimi onun tərəfindən həvəsləndirici bir addım kimi qiymətləndirmək də olar. Hər zaman mənə deyirdi ki, sən də bu yolu get, gör nə, necədir. Məni göyərçin kimi səmalara buraxdı və dedi ki, get görüm, haralara uçub gələ bilirsən.
- Müsahibələrinizin birində demişdiniz ki, "Mənim rəqibim Alim Qasımovdur" və Alim müəllim də bunu inkişafa xidmət edən bir addım kimi qiymətləndirmişdi. Niyə məhz Alim Qasımov? Axı hamı sizi onun rəqibi deyil, qızı, şagirdi, tərəf-müqabili kimi tanıyır. Bu rəqabət sənin üçün çətin olmaz ki? Uduzmaqdan qorxmursunuz?
- Özüm də bu sözü eşitmişəm, amma heç vaxt belə şey deməmişəm. Əksinə, atam həmişə deyir ki, Fərqanə mənim tərəf-müqabilim yox, rəqibimdir. Mən isə belə şeyi heç ağlımdan da keçirməmişəm. Atam mənim canımdır, belə şey ola bilməz. Onun qayğısın çəkirəm, o da mənim. Nə vaxtsa atama çata bilərəm, hansı ki, desinlər: necə də Alim Qasımov kimi ifa edir?! Alim Qasımov döyünən ürəyim, nəfəs aldığım havadır. Amma rəqibim heç vaxt, ola bilməz. Ata ilə bala arasındakı məqam - tamam başqa bir dünyadır.
- Bir halda ki, Alim Qasımov zirvəsini özünüzə hədəf seçmisiniz, demək olarmı ki, Fərqanə Qasımova qadın muğam ifaçıları arasında "Alim Qasımov" olmaq istəyir?
- Bəli, o zirvə mənim üçün hədəfdir. Çünki görüb-götürdüyüm insan elə mənim atamdır. Kimin muğam yolunu götürə bilərdim ki? Təbii ki, Alim Qasımovun. Əgər muğam zirvəsi deyiləndə Alim Qasımov yada düşürsə, istər ifası, istər yeniliyi, istər enerjisi, istər qeyri-adiliyi ilə onun adı çəkilirsə, demək, ondan sonra da kişi, ya qadın fərq etməz, bu yolla onun övladı gedəcək. Çünki onun yanında olan, onun yaradıcılığını canına süngər kimi çəkən bir nəfər var - o da mənəm. Ona görə də bu yolda kişi, ya qadın məsələlərini bir qırağa qoyub, hədəfimiz yalnız muğam, muğamı sevmək, muğamı oxumaq, muğamı təbliğ etmək, muğama xidmət etmək olsun.
- Azərbaycanda muğam ifaçıları çoxdur, lakin Alim Qasımov qeyri-adi ifa tərzi ilə beynəlxalq aləmdə, demək olar ki, inqilab etdi. Sizdə necə, hədəf beynəlxalq aləmdir, yoxsa daxili auditoriya?
- Təbii ki, daxili auditoriya. Atam muğam ifa edərkən auditori- yadan əvvəl öz daxili aləminə xidmət edir. Daxilindən gələn muğamı sonra auditoriyaya təqdim edir. Onun öz əhatəsində isə əlbəttə ki, həmişə Azərbaycan durur. O öz sevgisini Azərbaycanın sevgisi ilə üst-üstə qoyub, daha sonra xaricə çıxarır. Hər barədə olduğu kimi, bu barədə də ona oxşamışam.
- Müsahibələrinizin birində demisiniz ki, atanızın uğurlarını həzm edə bilməyənlər sizə də sədd olmağa çalışır. Solo-konsertinizi həm də həmin insanlara mesaj olaraq dəyərləndirmək mümkündürmü?
- Atamı sevməyənlər, bu o demək deyil ki, onlar atamın ifasını bəyənmədilər. Sadəcə, atamda yaradıcılıq baxımından tamam başqa şeylər var. O, bəzi sədləri aşırdı, muğama çox yenilik gətirdi. Bunun üçün də ona qarşı qısqanclıqlar var idi. Mən bu məqam haqqında danışanda atam sonradan başa saldı ki, onları da anlamaq lazımdır. Onlar öz dövrlərinin böyük sənətkarları olublar. Sonradan kiminsə gəlib onların qoyduqlarını aşırması, ola bilsin, onlarda hansısa sıxıntılar yaradıb. Buna paxıllıq da demək olmaz. Bu, həyatın gedişidir. Amma indi mənə qarşı belə problem ola bilməz. Çünki mənə deyiləcək sözlər artıq atama deyilib, deyiləsi qədər. O deyilənlər də artıq unudulub, həmin torpağa yağışlar çoxdan yağıb, artıq orada yaşıl çəmənliklər var. İndi bu solo-konsert mənim üçün çox böyük məsuliyyətdir.
- Olubmu ki, səhnədə hansısa məqamda “atam da yanımdadı” deyib, nəyinsə üstündən keçəsiniz? Ona arxayın olasınız ki, sizi vəziyyətdən çıxaracaq?
- Yox, əgər səhnədəyiksə, ikimiz də nə gücümüz varsa, onu da edirik. Amma atamla olanda çox arxayın oluram. Atam bəzən bu arxanlığa əsəbiləşir. Deyirəm, sən varsan, mənə yol göstərəcəksən. O, bununla razılaşmır. O istəyir ki, mən onun varisi olum. Ona görə də məndən çox şey tələb edir. Allah atama 100 il ömür versin. Amma bu bir mərhələdir. Atam istəyir bilsin ki, onun muğamı, onun yolu etibarlı əllərdədirmi? Atam muğamın üstündə çox əsir.
- Axı, Alim müəllimin başqa tələbələri də var. Niyə ümidi tək sizədir?
- Düzdür, var, məsələn, Zabit Nəbizadə. Amma Zabit Nəbizadə onun keçmişini öyrəndi, onunla da qaldı. Mənim atam el şənliklərindən uzaqlaşanda Zabit müəllimə "bala Alim" deyirdilər. Amma mənim atam dayanmadı, irəli getdi, inkişaf etdi. Ona görə, bu baxımdan həmişə onun yanında olmuşam, məni o aləm ovsunlayıb.
- Konsert proqramında nələr ifa edəcəksiniz? Tamaşaçılar sizdən nələri gözləyir?
- Bu barədə atama oxşamışam. Əvvəlcədən çox şeyi danışmağa qorxuram. Amma konsertdən sonra ürəklə danışaram nə olduğunu və necə olduğunu. Bircə onu deyim ki, bu konsertdə muğamlarımızla yanaşı, bəstəkar mahnıları, öz bəstələdiyim mahnılar, türkülər və eyni zamanda, kompozisiyalarımızda qabarıq şəkildə olmasa da, caz olacaq. Çünki cazı uşaq vaxtından çox sevirəm.
MƏSLƏHƏT GÖR: