
İXRACA ÜSTÜNLÜK VERİLMƏSİ
ASK-nın gələcək inkişafının prioriteti Azərbaycanın ixrac potensialının artırılmasıdır
Müəllif: Abbas AXUNDOV Bakı
Kənd təsərrüfatının Azərbaycan iqtisadiyyatında rolunun artması, yeni biznes imkanlarının yaranması, dövlət tərəfindən diqqət ölkənin aqrosənaye kompleksinə sərmayələrin gəlməsinə imkan yaradır. Həm dövlət, həm də özəl sərmayə yatırımları artır. Qeyd etmək lazımdır ki, bu sərmayələr istehsalat, emal və tədarük kimi istehsalat-istehlak zəncirinin bütün elementlərinə yönəlir və burada iri müəssisələr yaradılır.
Bununla yanaşı, bu inkişafın əks tərəfləri də var: kiçik fermerlər və kənd təsərrüfatı istehsalçıları müəyyən problemləri və bu istehsalat-istehlak zəncirinin vacib bəndindən xaric olmaq risqi ilə üzləşirlər.
Vahid zəncir
Bu gün dünyanın heç bir ölkəsi səmərəli aqro-ərzaq zəncirinin yaradılmasında bütün problemlərini həll edə bilməyib. Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal edilməsi sahəsində rəqabət digər sahələrlə müqayisədə yüksəkdir. Ölkədə çoxlu sayda istehsalçılar fəaliyyət göstərir, amma hələ də zəncirin logistika, emal, kənd təsərrüfatı məhsullarının satışı kimi halqalarında çalışan istehsalçılar arasında rəqabəti inkişaf etdirmək vacibdir.
"Azərbaycanda aqrar məhsulların 95%-i kiçik təsərrüfatlarda istehsal olunur və onlarla iri holdinqlər arasında əməkdaşlığı möhkəmləndirmək vacibdir", - deyə aqro-ərzaq zəncirinin inkişafına özəl sektorunun cəlb edilməsi üzrə beynəlxalq forumda çıxışı zamanı Azərbaycan Prezidenti Administrasiyasının kənd təsərrüfatı siyasəti üzrə şöbə müdiri Azər Əmiraslanov bildirib. Onun sözlərinə görə, Azərbaycanda kənd təsərrüfatı satışın şaxələnmiş kanallarına sahib deyil, bundan əlavə, istehsalçı ilə alıcı arasında çoxsaylı vasitəçi halqaları mövcuddur.
"Bu gün ölkənin aqrar siyasətinin əsas məqsədi kənd təsərrüfatı zəncirinin səmərəliliyini təmin etməkdir. Bu zəncirin müxtəlif halqalarında müşahidə olunan bütün maneələri aşmaq, bir halqadan o birisinə keçid zamanı əlavə dəyərin ədalətli bölünməsini təmin etmək vacibdir. Hər halqanın özəl sektoru təmsil etməsi də vacibdir. Zəncir məhsulun xaricə ixracına qədər davam etməlidir, biz yalnız daxili bazarla kifayətlənməməliyik", - deyə Prezident Administrasiyasının şöbə müdiri deyib.
Onun sözlərinə görə, prioritet istiqamətlərdən biri "elektron kənd təsərrüfatı"nın tətbiqidir və onun tətbiq olunması formal xarakter daşımamalıdır.
Şöbə müdiri bildirir ki, "elektron kənd təsərrüfatı" dedikdə, fermerlərin və fermer torpaqlarının və s. elektron qeydiyyatı nəzərdə tutulur.
"İnstitusional inkişaf dedikdə, aqroparkların yaradılması, kooperasiyanın gücləndirilməsi nəzərdə tutulur. Amma bu o demək deyil ki, biz kiçik təsərrüfatları unuduruq. Əksinə, biz onları holdinqlərə və iri müəssisələrə inteqrasiya etməyə çağırırıq", - deyə A. Əmiraslanov qeyd edib.
Bununla bərabər, iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənovanın fikrincə, kənd təsərrüfatı dünya iqtisadiyyatının çətin dövründə artım göstərməyə davam edən çoxsaylı sahələrdən biri olub və nəzərə almaq lazımdır ki, ölkədə aqrar istehsalatın, demək olar ki, 100%-i özəl sektor təmin edir. İndi isə ölkənin aqrosənaye kompleksinin gələcək inkişafının prioriteti Azərbaycanın ixrac potensialının artırılmasıdır. "Bunun üçün ölkə daxilində və xaricində iri logistik mərkəzləri inşa olunur. Biz analoji obyektlərin MDB ölkələrində də, məsələn, Rusiyada tikintisini təklif edirik. Bu layihələr FAO (BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatı) və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) kimi beynəlxalq təşkilatlardan dəstək ala bilərlər", - deyə nazir müavini bildirib.
Məqsəd - özünü təmin etmək
Bütün bu məqsədlər Azərbaycanın aqrosənaye kompleksinin yeni strategiyasını əhatə edəcək. Bunun hazırlanması Prezident İlham Əliyevin kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər barədə fərmanında nəzərdə tutulur. Strategiya aqrar siyasətin əsas prinsiplərini, strateji məqsədlərini və kənd təsərrüfatının əsas istiqamətlərini əhatə edəcək.
Əsasən Bakıda və ölkənin iri şəhərlərində və eyni zamanda, kənd təsərrüfatı yarmarkalarında daimi əsasla fəaliyyət göstərəcək xüsusi fermer mağazaları və "yaşıl" marketlərin yaradılması nəzərdə tutulur.
Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik məhsulları istehsalı və emalına nəzarət üzrə şöbə müdiri Sabir Vəliyev "R+"a bildirib ki, fermer mağazaları və "yaşıl" marketlərin bu il Azərbaycanda kənd təsərrüfatı yarmarkalarında fəaliyyət göstərməsi gözlənilir.
Nazirlik nümayəndəsi qeyd edib ki, məhsulun bu mövsümə kimi özəl kənd təsərrüfatı məhsullarının saxlanılma və satışı bazaları fəaliyyətə başlaya bilər, bunu yuxarıda qeyd edilən prezidentin fərmanı da nəzərdə tutur. "Onlar Azərbaycan məhsullarını planetin istənilən nöqtəsinə çatdıra bilərlər. Bu bazalar əvvəlcə alıcılarla müqavilələr imzalayacaq və bu müqavilələr əsasında istehsalçılara bazarlığın qrafikini təqdim edəcəklər. Dövlət özəl sektora bu cür bazaların yaradılmasına yardım edəcək", - deyə S.Vəliyev qeyd edib.
Kənd təsərrüfatı zəncirinin digər vacib elementi, kənd təsərrüfatı məhsullarının emalıdır. "Azərbaycan-2020: gələcəyə baxış" konsepsiyasında qeyd olunduğu kimi, müasir texnologiyaların tətbiq edilməsi vasitəsilə fəaliyyət göstərən kənd təsərrüfatı emal müəssisələrinin istehsalat güclərinin artırılmasına və yeni müəssisələrin inşasına yönələn kompleks tədbirlər görüləcək. Təbii ki, bu sahədə məşğul olan sahibkarlara dövlət dəstəyi davam etdiriləcək. "Bu dəstək Sahibkarlara Kömək Milli Fondunun xətti ilə güzəştli kreditlərin verilməsi və kənd təsərrüfatı texnikasının güzəştli lizinq mexanizmləri, vergi "tətillər"i və digər vasitələri sayəsində göstərilir", - deyə S. Həsənova bildirir.
Bundan əlavə, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin sözlərinə görə, dövlət son illərdə kənd təsərrüfatı məhsullarının dəyər zəncirinin zəif halqalarının inkişaf etdirilməsi üzrə artıq ciddi iş görüb. Belə ki, kənd təsərrüfatı istehsalçılarını yüksək məhsuldar toxumlar, damazlıq cins heyvanlar, mineral gübrələr, texnika, avandanlıqla təmin edilməsinin yaxşılaşdırılması üzrə irimiqyaslı tədbirlər görülüb. "Dövlət həm bazar iştirakçılarını həvəsləndirir, həm də "Aqrolizinq" Dövlət Lizinq Şirkəti vasitəsilə birbaşa dəstək göstərir. Bununla yanaşı, kənd təsərrüfatı istehsalçılarının rəqabətliliyini artırmaq məqsədilə dövlət onlara müxtəlif təyinatlı subsidiyalar verir", - deyə nazir müavini bildirib.
İş orasındadır ki, FAO-nun məlumatına görə, 2050-ci ilə qədər ərzaq məhsullarına olan qlobal tələbat 2006-cı illə müqayisədə 70% artacaq. Bu, ərzaq təhlükəsizliyinin təminatı məsələsini daha da aktual edir. Bütün sadalanan tədbirlər yekun olaraq məhz İlham Əliyevin təyin etdiyi əsas tapşırığın yerinə yetirilməsinə yönəlib: ölkənin özünü ərzaq məhsulları ilə təminetmə səviyyəsini 100%-ə çatdırmaq. Onların ixracını təmin etmək və stabilləşdirmək mümkün olsa, sözsüz, bu, əsas məqsədin - milli iqtisadiyyatın şaxələnməsi və onun qeyri-neft seqmentinin inkişafının reallaşdırılmasına böyük töhfə verəcək.
RƏQƏMLƏR VƏ FAKTLAR
Azərbaycanda 2013-cü ildə kənd təsərrüfatı məhsulları istehsalı 4,9% artıb və 52 44,6 mln dollar təşkil edib. Bitkiçilik sahəsində istehsal 4,2, heyvandarlıq sahəsində 5,5 faiz artıb.
MƏSLƏHƏT GÖR: