14 Mart 2025

Cümə, 22:43

QOBUSTANIN CANLANMIŞ KÖLGƏLƏRİ

İlk dəfə: UNESCO-nun Dünya İrsi abidəsinin qayaüstü rəsmləri qayalar arasında baletlə canlandı

Müəllif:

04.06.2013

Qobustan. Boz rənglər, səma, qayalar, torpaq. Qayalarda sirli cizgilər və siluetlər. Bu, qədim rəsmlərdir. Rəsmlərdə ov və rituallar əks olunub. Qaranlıqdır. Hərəkətlər "qaval" daşının "daş" səsləri ilə açılır. Fantastik formada olan qayalar gecə səmasının ümumi fonunda qeyri-müəyyən şəkildə təsvir edilib. Diqqətlə baxanda, başa düşürsən ki, qayalar böyük mozaik qrupda birləşdirilmiş nəhənglərin heyrətə gəlmiş vücudlarına bənzəyir. Bir az keçəndən sonra qaya sanki hərəkətə gəlir. Bu, soyuqla mübarizə aparan ibtidai insanlar qrupudur. İnsanlar əllərini ocaqda çırtıldayan alova uzadırlar. Od-istilikdir, od-həyatdır. İnsanlar ondan asılı olduqlarını anlayırlar və onun keşiyində dururlar...

Bu şəkildə "Qobustan kölgələri" baleti mayın 31-də Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun qonaqlarına təqdim olundu. Qobustanın açıq səması altında qonaqlar 1969-cu ildə əməkdar incəsənt xadimi, professor Qara Qarayevin yazdığı baletin müstəsna və misilsiz nümayişinin şahidi olublar. Amma balet Qobustanın qayaları və axşam kölgələri arasında ilk dəfə idi ki, nümayiş olunurdu. Baleti tanınmış ingiltərəli xoreoqraf Maksin Brahman qoymuşdu.

Bu birpərdəli xoreoqrafik poemaya qeyri-adi yanaşmanı qonaqlar böyük maraq və gur alqışlarla müşayiət etdilər. "Əhsən!"- deyə Bakıya mədəniyyətlər arasında dialoq problemini müzakirə etmək üçün gələn nüfuzlu tamaşaçılar əsəri belə qarşıladılar. Baletin ideyası-təbiətlə ünsiyyət, onun insan tərəfindən ram edilməsi nəticəsində yaranan ictimai şüurla ilkin əcdadımızdakı şüuraltı xaosa qalib gəlinməsinin nümayişidir. 

Musiqidə heç bir etnoqrafiya yoxdur. İztirablı, gursəsli zərb alətləri, nəfəsli musiqi alətlərinin virtuoz passajı, melodiyaların zərif gözəlliyi, partituranın şaxələnən çoxsəsliliyi - bütün bunlar "eşidilən təbiət"in obrazları ilə assosiasiya olunaraq, "insanın doğulma" vəzifəsinə tabe olur. Bütün əsər boyu özünün emosional parlaqlığı və milli müəyyənliyi ilə formalaşaraq, o, sonuncu "yallı" ilə qələbə çalır.

Baletdən öncə forum iştirakçılarını Qobustan Milli Tarixi-Bədii Qoruğu ilə tanış ediblər. Qeyd olunub ki, Qobustan paleolit, mezolit və neolit dövrlərində Azərbaycan ərazisində ən qədim insan məskənlərindən biridir. İbtidai insanların istifadə etdikləri özünəməxsus "musiqi aləti"- "Qaval daşı" (daş-qaval) qonaqlar üçün xüsusi maraq kəsb etdi. Qobustan Milli Tarixi-Bədii Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib, 2013-cü ildə isə "Avropada ilin muzeyi" müsabiqəsinin qalibi olub.



MƏSLƏHƏT GÖR:

402