25 Noyabr 2024

Bazar ertəsi, 09:21

ŞƏBƏKƏ DİVERSİFİKASİYASI

EPEG magistralının istismara başlaması internet-trafikin ucuzlaşmasına gətirib çıxaracaq və Azərbaycana tranzit bonusları verəcək

Müəllif:

04.06.2013

Azərbaycanın telekommunikasiya bazarının inkişafında yaxın gələcəkdə çox səviyyəli və müxtəlif istiqamətli internet-infrastrukturun formalaşması əsas trend kimi qəbul olunur. Bu sistemin əsas komponenti Rusiya, İran və Omanın təşəbbüsü ilə tikilən və ölkə ərazisindən keçən Europe Persia Express Gateway (EPEG) fiber-optik kabel magistralıdır. Bu yaxınlarda Azərbaycan beynəlxalq rabitə xətlərinin operatoru-Delta Telecom şirkəti bu rabitə xəttinin kommersiya istismarının başlandığını elan etdi. 

Dörd il bundan qabaq Azərbaycan Persia Express Gateway (EPEG) fiber-optik kabel magistralının çəkilməsi üzrə iri beynəlxalq layihənin reallaşdırılmasına cəlb edildi. Dəyəri, təxminən, 250 mln. dollar olan layihənin təşəbbüskarları Rusiyanın "Rostelekom", İranın Telecommunication Infrastructure Company (TIC), Omanın Omantel, eləcə də B. Britaniyanın Cable &Wireless (C&W) şirkəti ötən ilin payızında keçirmə qabiliyyəti 3,2 Tbit/s və ümumi uzunluğu, təxminən, 6 min km olan kabelin çəkilməsini yekunlaşdırıblar. Almaniyanın Frankfurt şəhərindən başlanğıc götürən bu xətt Omana qədər uzadılıb və üç tranzit dövlət- EPEG konsorsiumunun bilavasitə iştirakçıları olmayan Polşa, Ukrayna və Azərbaycanın ərazisindən keçir. Cari ilin əvvəlində rabitə xəttində nəzarət-sınaq işləri həyata keçirilib. 

"Bu yaxınlarda EPEG fiber-optik kabel magistralı rəsmi şəkildə istismara verildi və konsorsiumun iştirakçıları onun kommersiya istismarına başladılar. Kabel magistralının tutumunun bir hissəsi artıq aktivləşdirilib. Layihənin səhmdarları Cable &Wireless və Omantel şirkətləri tranzit trafikin cəlb olunması üçün fəal kampaniyaya start veriblər",- deyə Delta Telecom şirkətinin baş direktoru Ramazan Vəliyev bildirib. 

2016-cı ilə qədər səhmdarlar kabel magistralının ümumi tutumunu 15 terabitə çatdırmaqla onu beşqat artırmağı planlaşdırırlar. Bu da EPEG-in böyük kommersiya potensialını sübut edən faktdır. R. Vəliyevin sözlərinə görə, EPEG-in heç də pis olmayan ilkin imkanları layihənin yüksəkrentabelli gələcəyindən xəbər verir və Azərbaycanın dövlət büdcəsinə gəlirlərin əhəmiyyətli artımını vəd edir. Bu, ilk növbədə, tranzit bonuslar, eləcə də ölkəyə daxil olan internet-trafikin nəzərəçarpacaq dərəcədə ucuzlaşması hesabına baş verəcək. 

Sonuncu olduqca əhəmiyyətlidir və nəzərə alsaq ki, Avropa və Asiyanın qovşağında yerləşən əlverişli coğrafi mövqeyinə baxmayaraq, Azərbaycan dünyanın internet-mərkəzlərindən kənarda qalır. Eyni zamanda Azərbaycan ərazisindən internetin yüklənməsi üçün xüsusi olaraq nəzərdə tutulan bəkbounlar (fibro-optik magistral İP-kanallar) keçmirlər. Ona görə də Azərbaycan uzun illər bir sıra dövlətlərin daxili kabel şəbəkələri vasitəsilə ötürülmüş internet-trafikdən istifadə etmək məcburiyyətində qalıb. Bu isə istər-istəməz rabitə prosesinin çətinləşməsinə gətirib çıxarırdı və əhəmiyyətli dərəcədə şəbəkə trafikinin qiymətini qaldırırdı. İndi isə EPEG magistralını işə salmaqla Azərbaycan beynəlxalq "hörümçək toru"na qoşulmaq üçün daha sadələşdirilmiş tariflərə ümid edə bilər. 

Trafikin ucuzlaşması və internet-əlaqənin texniki sabitliyinə nail olmaq məqsədilə keçən ilin avqust ayında rabitə operatoru Delta Telecom-un Frankfurtda öz magistral internet-qovşağının  yaradılması üzrə işlərini yekunlaşdırması olduqca təqdirəlayiqdir. Çünki bu internet-qovşaq Avropadan Azərbaycana trafikin 1,4 terabayt həcmində ötürülməsini həyata keçirməyə imkan verir. 

"Bu cür platforma yaratmaqla ölkəmiz Tier1 operatorlarına (əsas provayderlərə) birbaşa giriş əldə etdi. Texniki sabitliyi əhəmiyyətli dərəcədə gücləndirdi və Azərbaycanın Avropadan  internet-trafiklə təmin olunma xərclərini dəfələrlə azaltdı. Əvvəllər biz trafikin ötürülməsini müxtəlif Tier1 operatorlar vasitəsilə 300 kontent-provayderlərin hər biri ilə reallaşdırırdıqsa, indi bütün bu trafik Frankfurtdakı magistral qovşaqdakı rutora toplanır və cəm şəklində Azərbaycana göndərilir",- deyə Delta Telekom şirkətinin texniki direktoru Rahid Ələkbərli bildirib. 

Azərbaycanın şəbəkə imkanlarının yaxşılaşdırılması Frankfurt habının Azərbaycandakı aparıcı bəkbounlara, o cümlədən EPEG xətlərinə də qoşulmasına yardım edir. 

"Azərbaycan şirkəti Delta Telecom-un EPEG layihəsinin reallaşdırılmasında iştirakı yeni tranzit marşrutunun yaradılması üçün Azərbaycanın fiber-optik infrastrukturundan yetərincə istifadə etməsinə imkan verəcək, eyni zamanda ölkəmizin beynəlxalq internet-şəbəkəyə qoşulmasını nəzərəçarpacaq dərəcədə yaxşılaşdıracaq",- deyə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov söyləyib. 

Onun sözlərinə görə, bu marşrut Avropa və Yaxın Şərqi yeraltı kabellər vasitəsilə birləşdirən ən qısa alternativdir. Bu, çox əhəmiyyətlidir. Çünki bu layihə Azərbaycanın technology hub- Xəzəryanı regionun əsas informasiya mərkəzinə çevrilməsi strategiyasının bir hissəsi kimi qiymətləndirilir. Ölkənin EPEG layihəsində iştirakını təmin edən digər bir aşkar üstünlük isə müasir şəbəkə infrastrukturunun formalaşdırılması və layihədə işlənmiş kommutasiya obyektlərinin yenilənməsindən ibarət oldu. 2009-cu ilin may ayında C-Ring-Telecom ilk Azərbaycan-Rusiya-İran birgə müəssisəsinin (BM) qurulması haqda razılaşma bağlandıqdan daha sonra isə Azərbaycanda EPEG seqmentinin yaradılması, eləcə də Xəzəryanı region dövlətlərinin fiber-optik ötürücü xətlərinin halqalanması üzrə irimiqyaslı işlərə başlandı.

Ötən illər ərzində BM Azərbaycan seqmentinə 17,5 mln. dollardan artıq vəsait yatırıb, Dərbənd-Quba məntəqəsində transsərhəd fiber-optik keçidi salınıb, keçirmə qabiliyyəti 10 Qbit/s olan beynəlxalq rabitə xətti yaradılıb. Müasir avadanlıqla təchiz edilən şəbəkələrarası qovşaq beynəlxalq rabitə, magistral kanalların icarəsi, IP MPLS şəbəkəsinin bazasında xidmətlər, internetə giriş, VEM (verilənlərin emalı mərkəzi) şəbəkəsinin resurslarına və paylayıcı məlumat-mərkəzlərinə girişi təmin edir. 

Eyni zamanda Azərbaycanın EPEG layihəsində uğurlu iştirakı digər beynəlxalq təşəbbüsün - TransAvrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinin reallaşdırılmasına böyük dəstək olacaq. Bu layihə,  təxminən, 4,5 il bundan öncə RİTN (Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi) tərəfindən təklif edilib. O, Avropa və Asiyanın 20-dən artıq ölkəsini yüksəksürətli informasiya şəbəkəsi ilə birləşdirməyi nəzərdə tutur. 2009-cu ilin noyabr ayında və 2012-ci ilin dekabr ayında TASİM layihəsini BMT Baş Assambleyası yekdilliklə qəbul edib. Bu təşəbbüsün reallaşmasına Rusiya ("Rostelekom" operatoru ilə təqdim olunub), Qazaxıstan ("Kaz-TransKom"), Türkiyə (TurkTelecom), Çin (ChinaTelecom), eləcə də Azərbaycanın "Aztelekom" kimi şirkətləri cəlb olunublar. Cari ilin sonunda bitəcək birinci mərhələdə regionun aparıcı ölkələri və operatorları Şərq və Qərbi birləşdirəcək əsas tranzit internet-infrastrukturu yaratmağı, eləcə də onun kommersiya cəlbediciliyinə nail olmağı planlaşdırırlar. İkinci mərhələdə yaradılmış infrastrukturdan  istifadə edərək beynəlxalq internet-qovşaqlarına birbaşa çıxışı olmayan Avrasiya ölkələri üçün  münasib qiymətlərə internet-birləşməsi ilə təmin olunma ehtimal edilir. Növbəti  addım yeni fiber-optik xətlərin çəkilməsi, mövcud olanlarının təkmilləşdirilməsi və TASİM şəbəkələrinə birləşdirilməsi olacaq. 

Bununla da, EPEG və TASİM bəkbounları Azərbaycanı dünya "hörümçək toru"na  sabit və ucuz çıxışını təmin edəcək. Lakin ölkə istehlakçıları arasında yüksəksürətli, genişzolaqlı internetin paylaşdırılmasını isə bu il start götürən optik infrastrukturun inkişafını nəzərdə tutan Fiber to Home ("evə optika") dövlət proqramı təmin edəcək. Bu irimiqyaslı layihə İP-kanalların bölüşdürücü sistemlərini əsaslı şəkildə yeniləmək və ölkənin bütün regionlarında fiber-optik infrastrukturlarının yaradılmasını nəzərdə tutur. 


MƏSLƏHƏT GÖR:

352