25 Noyabr 2024

Bazar ertəsi, 10:38

QURĞU TƏLƏB OLUNUR

SOCAR ilk dəfə olaraq sonuncu nəsil yeni 4 qazma qurğusunun tikintisini planlaşdırır

Müəllif:

04.06.2013

Sirr deyil ki, Azərbaycanın neft layihələrinin reallaşmasından əldə etdiyi gəlirlər ölkə iqtisadiyyatının praktiki olaraq bütün sahələrinin, ilk növbədə isə, əlbəttə ki, neft-qaz sektorunun özünün inkişafına təkan verdi. Əgər lap başlanğıcda respublikanın neft strategiyasının reallaşması praktiki olaraq tamamilə xarici investisiyadan asılı idisə, bu gün SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) artıq fəal şəkildə xaricdə olan layihələrə kapital yatırır, xüsusən də müstəqil perspektiv strukturlar işləyib hazırlamaq qabiliyyətinə malikdir. Bunun üçün artıq müfaviq təcrübəmiz də var və lazımlı infrastruktur yaradılır. 

 

Böyük qaza doğru yol 

Məlum olduğu kimi, Azərbaycandan dünya bazarlarına qazın böyük həcmdə nəqlinin başlanması ilə bağlı olan bütün gözlənilməz dəyişikliklər məntiqi sonluğa yaxınlaşır. "Mavi yanacağ"ın Avropaya (Transadriatik qaz kəməri və Nabucco West boru kəməri layihələri) nəql olunmasının yekun sxemi təsdiq olunduqdan sonra qaz kəməri xətləri və qaz hasilatı üzrə tikinti işləri bilavasitə başlayacaq. Xatırladaq ki, bugünkü gündə Azərbaycanın sübut olunmuş qaz ehtiyatları 2,5 trln. kubmetrdən artıqdır. Onun 1,2 trln-u isə dəniz qaz-kondensat yatağı "Şahdəniz"in payına düşür. Lakin proqnozlaşdırılan qaz ehtiyatları xeyli çoxdur. Əgər Azərbaycanın sübut olunmuş hasil edilən neft və qaz ehtiyatları ümumilikdə 4,5 mlrd. ton şərti yanacaq təşkil edirsə, proqnozlaşdırılan ehtiyatlar 10 mlrd. tonu ötür.  

Qeyd etmək lazımdır ki, Azərbaycanın 2020-ci ilə kimi qaz ixrac potensialını 25 mlrd., 2040-cı ilə qədər isə 40 mlrd. kubmetrə kimi çatdırılmasına dair ambisiyalı planları var. Bu, son bir neçə il ölkədə "Ümid" (yatağın ehtiyatı 200 mlrd. kub.m) və "Abşeron" (yatağın ehtiyatı 350 mlrd. kub.m) qaz-kondensat yataqlarının açılması ilə izah edilir. Həmçinin hazırda "Şahdəniz" yatağının mənimsənilməsinin ikinci fazası çərçivəsində işlər həyata keçirilir. "Şəfəq-Asiman", "Naxçıvan", "Zəfər", "Məşəl", "Babək" strukturları  və digər perspektivli strukturlarının, eləcə də  "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqlar blokunda dərin qatda olan qazın mənimsənilməsinə dair planlar mövcuddur. Bütün bunlar istər istismar, istərsə də kəşfiyyat qazma işlərinin aparılmasını tələb edir. Bax, bu prosesdə də hazırda çətinlik yaranıb. Belə ki, üzən qazma qurğularının mövcud sayında dəhşətli dərəcədə çatışmazlıq var. Deməli, hazırda Xəzərin Azərbaycan hissəsində fəaliyyət göstərən neft-qaz layihələrinin reallaşmasına cəlb edilən üç müasir üzən qazma qurğularımız ("İstiqlal", "Dədə Qorqud" və "Heydər Əliyev") mövcuddur. O cümlədən iki qazma qurğusu "Şahdəniz" yatağında, biri isə AÇG (Azəri-Çıraq-Günəşli neft-qaz yatağı) blokunda işləyir. 

Müvafiq olaraq yeni yataqların inkişaf etdirilməsi, eləcə də digərlərinin axtarışı  və açılması üçün sonuncu nəsil qazma qurğularına böyük ehtiyac duyulur. Azərbaycandakı üzən qazma qurğularının kifayət qədər uzun müddət istismar olunduqları və texniki baxımdan köhnəldikləri mütləq nəzərə alınmalıdır. Bununla bağlı olaraq, platformaların modernləşməsi və yenilənməsinə dair işlər aparılarkən onlarda son dərəcə müasir avadanlıqların yerləşdirilməsi bəzən mümkünsüz olur. 

 

Bir, iki, üç, dörd

Neft-qaz sektorunun inkişaf perspektivlərini və qazma qurğularına olan tələbatı nəzərə alaraq, SOCAR yeni infrastrukturların tikintisi üzrə işlər aparır. SOCAR-ın mütəxəssislərinin hesablamalarına  görə, dəniz yataqlarının axtarışı və işlənməsi üçün dörd müasir qurğunun tikintisinə ehtiyac var. Söz gəlişi, bu, heç də ucuz əyləncə deyil. İlkin hesablamalara əsasən, 2018-2019-cu illərə qədər müddət ərzində Azərbaycanda dörd yeni üzən qazma qurğularının tikintisinə 4 mlrd. dollara kimi vəsait yatırılacaq. 

SOCAR yaxın vaxtlarda Azərbaycanın "Ümid", "Babək", "Qarabağ",  "Əfşari" və digər perspektivli struktur və yataqlarında qazma işlərinin aparılması üçün belə bir qurğunun tikintisinə dair tenderin qalibi olan Sinqapurun Keppel FELS Limited şirkəti ilə müqavilə imzalamağı planlaşdırır. 

Yeni qazma qurğusunun operatoru SOCAR-ın 92,44 faiz pay hissəsinə sahib olan Caspian Drilling Company Ltd (CDC) olacaq. CDC dəniz yataqlarında qazma işlərinin aparılması üzrə böyük təcrübəyə sahibdir, xüsusilə də AÇG və "Şahdəniz" yataqlarında aparılan qazma işlərində fəal şəkildə iştirak edir.  Şirkət, həmçinin "Dədə Qorqud" və "İstiqlal" yarımbatan qazma qurğularının da operatorudur. 

İlk qazma qurğusunun tikintisinin 90%-i Azərbaycan Dövlət Neft Fondunun (ADNF) hesabına maliyyələşəcək, qalan 10% isə SOCAR-ın investisiyaları hesabına reallaşacaq.  Deməli, bu il Dövlət Neft Şirkətinə lazım olan qazma qurğusunun tikintisinə ADNF-in büdcəsindən 388,575 mln. manat nəzərdə tutulub. 

Yeni qurğu dərinliyi 8 min metr və qalın su layı 1000 metr olan quyuların qazılmasına hesablanacaq. Bu, prinsipcə Xəzərin istənilən nöqtəsində qazma işlərinin aparılmasına kifayət edir. Qazma qurğusunun tikintisi tenderin təqdim olunan təkliflərinə əsasən, 3,5 ilə hazır olacaq. Tikinti işlərinə 2013-cü ilin sentyabr ayında SOCAR-ın Bakıda inşa etdirdiyi gəmiqayırma zavodunda başlanılacaq. 

Ultra-müasir altıncı nəsil qazma qurğusu quyuları yüksək təzyiqlə qazarkən təhlükəsizliyin təmin olunması üçün onun modernləşməsi və avadanlığın quraşdırılması imkanlarına hesablanacaq. SOCAR prezidenti Rövnəq Abdullayevin əvvəl bildirdiyi kimi qısa zamanda tikintisi paralel olaraq birinci ilə eyni aparılacaq ikinci qazma qurğusunun məsələsinin də həll olunması planlaşdırılır.  Sonuncu nəsil ikinci üzən qazma qurğusunun tikintisi şelfdə quyuların qazılmasına ehtiyac duyan neft şirkətlərinin daxil olacağı qazma klubunun bazasında həyata keçiriləcək. R.Abdullayevin sözlərinə görə, bundan başqa, hazırda 3-cü və 4-cü qazma qurğularının tikinti layihələrinin işlənib hazırlanması üzrə işlər gedir. 

Bu tələskənlik tamamilə izah ediləndir. Belə ki, artıq deyildiyi kimi, əlavə qazma qurğularına tələbatın olması tamamilə aydındır.

Üzən qazma qurğuları parkının təkmilləşdirilməsi və yenilənməsi Azərbaycanın iri qaz resurslarının işlənməsi, "mavi yanacağ"ın sübut edilmiş ehtiyatlarının artırılması, ölkənin ixrac imkanlarının möhkəmləndirilməsi və respublikanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı əhəmiyyətinin artmasına imkanlar yaradacaq. 


MƏSLƏHƏT GÖR:

371