
SÜLH ŞANSI QIRILMA NÖQTƏSİNDƏ
Suriya münaqişəsi tədricən bütün regiona yayılır
Müəllif: Natiq NAZİMOĞLU Bakı
Suriyada münaqişənin getdikcə qızışması fonunda onun sülh yolu ilə həllinə cəhdlər davam edir. Bu baxımdan, ABŞ-la Rusiyanın Suriya münaqişəsinin həllinə yönəlmiş beynəlxalq konfrans keçirməklə bağlı razılaşmasına böyük ümidlər var.
Rəsmi Dəməşq beynəlxalq konfransda iştiraka prinsipial razılıq verib. Tədbirin ABŞ-ın dövlət katibi Con Kerrinin bu yaxınlarda Rusiyaya etdiyi səfər zamanı əldə edilmiş razılaşmaya uyğun olaraq təşkili nəzərdə tutulur. Moskva öz növbəsində konfransın keçirilməsinə "Suriyada qan tökülməsinin önlənməsi, suriyalıların iztirabına son qoyulması, Suriyanın dinc və demokratik gələcəyinin təmini üçün real şans" kimi baxır.
Suriya müxalifəti isə ilkin şərt olmadan konfransa qatılmaqdan imtina edib. Müxalifət öz təmsilçilərini konfransa yalnız bir şərtlə göndərməyə razıdır: Suriya prezidenti Bəşər Əsəd istefa verməlidir. Beləliklə, Rusiya-ABŞ razılaşmasının reallaşdırılması imkanı faktiki olaraq, qopma nöqtəsinə gəlib.
Suriyada münaqişə bütünlükdə regiona yayılmaqdadır. İsrailin bu yaxınlarda Dəməşq ətrafındakı qəsəbələrə aviazərbələr endirməsinin ardından Livanın paytaxtı Beyrut da hücuma məruz qalıb. Partlayış şiələrin "Hizbullah" hərəkatının mənzil-qərargahı yaxınlığında baş verib. Yeri gəlmişkən, hərəkatın lideri Həsən Nəsrullah bu günlərdə "Hizbullah"ın Bəşər Əsədə hərbi yardım göstərdiyini rəsmən bəyan edib. Bu, Beyruta hücumların "Hizbullah"ın əleyhdarları tərəfindən təşkil edildiyini düşünməyə əsas verib.
Nəzərə almaq lazımdır ki, hazırda Suriyanın cənubunda, Livanla sərhəddə Əl-Kusayr şəhəri uğrunda döyüşlər gedir. Məlumata görə, Suriya ordusu orada "Hizbullah"ın dəstəyilə uğur qazanmaqdadır. Yaşananlar Livanda vəziyyəti son dərəcə gərginləşdirir. Ölkədə şiələrlə sünnilər arasında qarşıdurma qızışır (sonuncular Suriya müxalifətini dəstəkləyir).
Qanlı silahlı toqquşmalar Livanın Tripoli şəhərində də qeydə alınmaqdadır. Bu şəhərdə əhalinin əksəriyyətini sünnilər təşkil edir. Ələvilər isə orada azlıqdadır.
Bu arada Ərəb Dövlətləri Liqasının (ƏDL) rəhbəri Nabil əl-Arabi "Hizbullah"ı Suriyadakı vətəndaş müharibəsinə müdaxilə etməməyə çağırıb. Hərəkat üzvlərinin Suriyadakı hərbi əməliyyatlarda fəal iştirakından BMT-nin baş katibi Pan Gi Mun da narahatlığını dilə gətirib. Bütün Livan liderlərini "region dövlətlərinin milli suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşmağa" çağıran baş katib onları BMT-nin məlumatına görə, artıq 70 mindən çox insanın həyatına son qoymuş münaqişəni öz tərəflərinə çəkməməyə səsləyib. BMT-nin İnsan Haqları Şurası isə "Suriya rejiminin döyüşlərdə əcnəbi muzdlulardan istifadə etməsini" pisləyən qətnamə qəbul edib.
Amma, əslində, Suriyadaxili münaqişəyə "Hizbullah"dan daha çox beynəlxalq ekstremist və terrorçu qruplaşmaların müdaxilə etdiyini söyləmək üçün kifayət qədər əsaslar var. Onlar Suriya müxalifəti tərəfindən döyüşürlər. Suriya müxalifətində əsas təşəbbüskarın "Cebhat ən-Nusra" qruplaşması olduğu heç kəsə sirr deyil. O isə "Əl-Qaidə" terror şəbəkəsilə əlaqəyə malikdir. Pan Gi Munun dediyi "ölkələrin milli suverenliyi və ərazi bütövlüyü" anlayışı bu qüvvələr üçün heç bir dəyər daşımır. Amma bu, Bəşər Əsəd hakimiyyətini "qeyri-legitim" elan etmiş Qərbin planlarını Suriya müxalifətinə birbaşa və rəsmi hərbi dəstək göstərmək yolu ilə gerçəkləşdirməsinə mane olmur (müxalifət Qərb mərkəzlərinin maliyyəsi hesabına kənardan qeyri-qanuni yolla yardımları çoxdan alır).
Müvafiq qanunvericilik aktının ABŞ Konqresində də hazırlanmaqda olduğu bəllidir. Üstəlik, Avropa İttifaqı da Suriya müxalifətinə leqal şəkildə hərbi yardım göstərmək qərarına gəlib. Aİ ölkələrinin XİN başçıları Suriya müxalifətindəki qruplaşmaların silahla təmin olunmasına qoyulmuş qadağanın uzadılmamasını qərara alıblar. Amma məsələ Aİ üzvləri arasında ciddi fikir ayrılığına səbəb olub. Suriya qiyamçılarının silahla təmin edilməsinə qoyulmuş embarqonun təcili olaraq aradan qaldırılmalı olduğunu düşünən Böyük Britaniya və Fransadan fərqli olaraq, Almaniya bunun perspektivinə şübhə ilə yanaşdığını gizlətmir. Embarqo məsələsinə Avstriya, Belçika, Rumıniya kimi dövlətlər də sərt yanaşıb. Nəticədə Aİ ölkələrinin XİN başçılarının Brüssel görüşündə qəbul edilən yekun kommunikedə Avropa İttifaqının silah embarqosunun uzadılması istiqamətində atmaq niyyətində olduğu addımlar dəqiq göstərilməyib.
Aİ-nin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Ketrin Eşton bildirib ki, "Avropa İttifaqı üzvləri bu mərhələdə Suriyaya hərbi texnika göndərməyəcəklər". Bununla yanaşı, o, deyib: "2013-cü il avqustun 1-dək Aİ-nin xarici məsələlər şurası mövqeyinə yenidən baxacaq". Aİ rəhbərliyi bununla tezliklə Suriya müxalifətinə birbaşa və rəsmi hərbi yardımın göstərilməsilə bağlı qərarın qəbulunun qaçılmaz olduğunu da etiraf edir.
Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq isə hesab edir ki, Aİ-nin məsələ ilə bağlı tam razılığa gələ bilmədiyindən, indi quruma üzv olan hər bir ölkə necə davranacağını özü müəyyənləşdirəcək. O, Brüssel iclasında qəbul edilmiş qərardakı əsas fikri dəqiq tutub: "Biz Suriya müxalifətinin silahlandırılmasına qoyulmuş embarqonu aradan götürdük".
Aİ-nin qərarı Rusiya tərəfindən mənfi qarşılanıb. Moskva hesab edir ki, Suriya ilə bağlı Rusiya və ABŞ-ın birgə sülh konfransı keçirməyə hazırlaşdığı bir şəraitdə Suriyadaxili qüvvələri dialoqa yox, silahlı qarşıdurmaya yönəldən addımların atılması yolverilməzdir.
Bu arada Suriyadakı vətəndaş müharibəsilə bağlı müzakirə olunan daha bir önəmli məsələ Rusiyanın rəsmi Dəməşqə S-300 zenit-raket kompleksləri vermək niyyətidir. Rusiyanın Suriyaya 4 ədəd S-300 batareyası satması haqda razılaşma tərəflər arasında hələ 2010-cu ildə imzalanıb. Rusiyanın XİN başçısı Sergey Lavrov bu yaxınlarda verdiyi açıqlamasında bildirib ki, Moskva Suriyaya yeni silah partiyası göndərmək niyyətində olmasa da, artıq mövcud olan razılaşmalara əsaslanan öhdəliyini yerinə yetirməyə hazırdır.
Rusiya ilə Suriya arasındakı silah razılaşmasının reallaşdırılması prosesi İsrail tərəfindən son dərəcə diqqətlə izlənilir. Yəhudi dövlətinin baş naziri Binyamin Netanyahu Moskvaya bu yaxınlarda etdiyi səfəri zamanı Rusiya prezidenti Vladimir Putini Suriyaya S-300 komplekslərinin verilməsi fikrindən daşındıra bilib. Amma Kreml Dəməşqlə müqaviləni pozmaq niyyətində deyil. İsrail rəsmilərinin "Putinlə Netanyahu arasında heç bir razılaşma əldə edilməyib" bəyanatı da bunu təsdiqləyir.
Suriyanın dünyanın ən müasir HHM komplekslərinə sahib çıxması təhlükəsi Bəşər Əsəd rejiminin güclənməsində maraqlı olmadığını gizlətməyən İsraili ciddi şəkildə narahat edir. Yəhudi dövlətinin strateji planlaşdırma naziri Yuval Ştaynits bildirib ki, S-300 komplekslərinin fəaliyyət radiusu 200 kilometrə çatır və bu, Suriyaya İsrailin dərinliklərində belə, təyyarələrə hücum etmək imkanı verəcək.
Rusiyanın isə Suriya ilə silah alverinə dair müqaviləyə əməl etməyi həm də İsrailin bu yaxınlarda Dəməşqə qarşı həyata keçirdiyi aviareydlərlə bağlıdır. İsrailin Dəməşq yaxınlığındakı strateji obyektlərə aviazərbələr endirməsi Moskvanın Yaxın Şərqdəki müttəfiqi olan Suriyanın hava hücumundan müdafiə potensialını artırmaq niyyətini gücləndirib.
MƏSLƏHƏT GÖR: