
"ERMƏNİ KARTI"
Ondan növbəti dəfə Türkiyəyə qarşı istifadə etməyə çalışırlar
Müəllif: NURANİ Bakı
Mayın 28-də Azərbaycanla bərabər Ermənistan da öz dövlət bayramı - "Birinci respublika günü"nü qeyd edib. Bayram mərasimi bütün lazımi protokol tədbirləri və əlbəttə ki, dövlət başçısı Serj Sarqsyanın çıxışı ilə keçirilib.
İllərdən gələn ənənəyə əsasən, belə tədbirlərdə dövlət başçısı iqtisadi və sosial siyasətdə əldə olunmuş uğurlardan danışır, qarşıya qoyulmuş vəzifələri açıqlayır və s. Ermənistan prezidentinin bayram mərasimindəki çıxışı isə özünəməxsus olub. O, adının dəyişdirilərək "Sardarapat" adlandırılan Sərdarabada yollanıb, 1918-ci ildə Türkiyə ordusu ilə döyüşün olduğu bu bölgədə yenidən Türkiyə ilə müharibədən, "soyqırımı"ndan və s. bəhs edib.
Əlbəttə ki, hər bir dövlətin özü üçün "tarixi prioritetləri" öz istəyinə uyğun müəyyənləşdirmək, öz tarixinin əsas hadisələrini təbliğ eləmək haqqı var. Amma Sarqsyanın "bayram" çıxışı Ermənistanda Türkiyəyə qarşı "1915-ci il soyqırımı" haqqında söhbətlərə əsaslanan nifrətin rəsmi səviyyədə hansı dərəcəyə çatdığını göstərir və bu, düşünməyə kifayət qədər əsas verir. Doğrudur, keçən 100 ildə əvvəlki postulatlar artıq aktuallığını itirib və Ermənistanın özündə də çoxları bu tarixi faciəni qədim tarix kimi qəbul edir. Amma çoxsaylı dolayı əlamətlər göstərir ki, hazırda bu kult Ermənistanda yüksək səviyyədə "informasiya dəstəyi" almaqdadır.
Hər şeydən əvvəl Ermənistan KİV-də Suriyada baş verənlərin işıqlandırılmasındakı bəzi məqamları diqqətdən qaçırmaq olmaz. Suriyadakı erməni icmasının taleyinin diqqət mərkəzində olacağını gözləmək mümkün idi. Amma yerli analitiklər daha uzağa gedərək məntiqi zəncir qurmağa başlayıblar: guya Türkiyənin Suriya müxalifətini dəstəkləməsi yalnız oradakı yaraqlıların "erməniləri öldürməsi" məqsədi daşıyır, mənfur türk emissarlar isə az qala öldürülmüş hər etnik erməniyə görə pul mükafatı paylayır.
İrəvanın "siyasi texnoloqları" eyni zamanda Türkiyənin erməni icması ətrafındakı vəziyyəti də ciddi-cəhdlə və planlı şəkildə qarışdırmağa çalışır. Xatırladaq ki, hazırda yalnız İstanbulda ən azı 60 min etnik erməni yaşayır (son illərdə çörəkpulu qazanmaq üçün Ermənistandan Türkiyəyə üz tutmuş "qastarbayterlər" nəzərə alınmadan). İstanbulda Erməni Apostol Kilsəsinin öz patriarxı da var. Şəhərdə bir neçə erməni qəzeti çap olunur, məktəb fəaliyyət göstərir, etnik ermənilərə məxsus çoxlu sayda kommersiya və özəl müəssisələr var. Buna baxmayaraq, son illər Türkiyənin erməni icması ətrafında gərginlik yaratmaq üçün İrəvan durmadan çalışır. Əvvəlcə İstanbulda iki nəfər yaşlı erməninin qətlinə görünməmiş diqqət nümayiş etdirildi. Sonradan məlum oldu ki, bu, adi cinayətdir. Üstəlik, cinayətkarların özləri də etnik ermənilərdir.
Sonra daha bir hadisə ətrafında səs-küy yaradıldı: yerli erməni kilsələrindən birində naməlum şəxsin ətrafa atəş açması nəticəsində ölən və yaralanan olmasa da, erməni KİV-i baş verənləri görünməmiş həddə şişirtdi. Sonda Türkiyə polisi atəşin psixi problemli şəxs tərəfindən açıldığını, onun da etnik erməni olduğunu üzə çıxardı.
İndi erməni mətbuatı diqqəti "Sevan Nişanyan məsələsi"nə yönəldib: bu erməni əsilli Türkiyə jurnalisti indiyədək dəfələrlə mətbuatda təxribatçı bəyanatlarla çıxış edib. Gah "erməni soyqırımı" ilə bağlı araşdırma aparır, türklərin, ümumiyyətlə, müsəlmanların Anadoluya "təsadüfən gəlmə" insanlar olduğunu iddia edir, gah da guya həmin ərazilərin "tarixən" xristianlara (yəni ermənilərə) məxsus olduğunu bəyan edir... Əməllərinin Türkiyədən kənarda qalmaqal yaratmadığını görən Nişanyan sonda "dəbdə olan" mövzuya əl atır. O, bloqunda yazır ki, Məhəmməd Peyğəmbərin təhqiri cinayət sayıla bilməz - guya, bu, "söz azadlığı"dır. Yalnız mülahizələrini irəli sürməklə kifayətlənməyən Nişanyan peyğəmbəri təhqir etməkdən belə, çəkinməyir. Türkiyə ədliyyəsi məsələyə dərhal reaksiya verib, Baş Prokurorluq onun ilyarım müddətinə azadlıqdan məhrum edilməsini istəyib, məhkəmə isə onun haqqında 13 ay müddətinə azadlıqdan məhrumetmə qərarı çıxarıb.
Bununla yanaşı, Nişanyanın ən qatı tərəfdarları belə, Türkiyə məhkəməsinin qərarının Avropa İnsan Haqları Məhkəməsinin bir müddət əvvəlki qərarına uyğun olduğunu etiraf edir. Xatırladaq ki, Strasburq məhkəməsində bir neçə "presedent"in təhlilindən sonra söz azadlığının, əlbəttə ki, vacib və qiymətli olduğu, lakin dini hisslərin təhqirinin, ilk növbədə, yolverilməz, ikincisi isə cəzalandırılmalı olduğu qərarına gəliblər. Bu, laqeyd yanaşılması mümkün olmayan həssas və ağrılı məsələdir. Odur ki, Avropa İnsan Haqları Məhkəməsinin qərarından sonra beynəlxalq hüquq müdafiəçiləri Nişanyan ətrafında səs-küy yarada bilmədi. Amma əvəzində erməni lobbisi, o cümlədən ABŞ-ın erməni icması, erməni qəzetləri və internet saytlarının jurnalistləri məsələ ətrafında qalmaqala cəhd göstərdi. Məqsəd aydındır: liberal ictimaiyyətin məsələyə reaksiyasını təxmin etmək üçün qəzetlərdəki "Türkiyə məhkəməsi ermənini islamı təhqir etdiyi üçün cəzalandırdı" başlığını oxumaq kifayətdir.
Söhbətin məqsədli şəkildə vəziyyəti qarışdırmaq cəhdlərindən getdiyi tamamilə aydındır. Qoy İstanbulda yaşayan 60 min erməni və onların Türkiyənin digər şəhərlərindəki soydaşları sakit yaşamaqlarında, qonşuları ilə mehriban dolanmaqlarında, bazar günləri kilsələrə baş çəkməklərində, "Fənərbağça"nın, yoxsa "Qalatasaray"ın yaxşı oynadığını müzakirə etmələrində olsunlar. İnternet erasında təxribatçılıqla "məşhurlaşmaq" niyyətində olan 1-2 nəfər hər zaman tapılır. Sonradan məsələnin şişirdilməsi isə artıq sırf texniki məsələdir. Bu məqamda təəccüblü odur ki, baş verən bu "qlobal məsələ" türklərin "müasir tusovka"larında da əks-səda doğurub. Bu "tusovka" üzvləri "Avropa trendləri"ni duyaraq, "erməni dissidendlərə" simpatiyalarını ortaya qoyublar. İndi Türkiyə bloqlarında bu ölkəyə sevgisini ifadə edən, daha sonra isə Azərbaycan auditoriyasına məlum olan intonasiyada İstanbulun "müxtəlif gəlmələrədək" necə "Avropa" və "xristian" şəhəri olmasından dəm vuran Aren Vartanyan adlı birinin postu müzakirə olunmaqdadır.
Türkiyənin tarixində buna bənzər çox şeylər olub. Hazırda erməni dairələrində bunu xatırlamaq istəməsələr də, fakt faktlığında qalır: erməni liderlərin "qılığına girməyə"ilk cəhd edənlərdən biri 1908-ci ildə II Sultan Abdulhəmidi devirərək hakimiyyətə gəlmiş və Osmanlı İmperiyasında "Avropasayağı" islahatlara başlamış gənctürklər olublar. O zaman bu islahatlar, ilk növbədə, milli azlıqlara təsirini göstərmişdi - qeyri-müsəlmanların hüquqları rəsmi şəkildə müsəlmanların hüquqları ilə bərabərləşdirilmişdi. O dövr üçün bu, son dərəcə ciddi addım idi - məsələn, ABŞ-da hindulara vətəndaş hüquqları yalnız 1924-cü ildə verilib. Lakin artıq o zamanadək, avropalı siyasətçilərlə "sövdələşmələrə" gedən erməni liderləri daha çox şey istəyirdilər. Onların ilk tələbi isə "ərazi muxtariyyəti" idi. Bu, ermənilərə türk torpaqlarında erməni dövlətinin yaradılması üçün yol açacaqdı.
İndi herbində əvvəlkitək Türkiyədə yerləşən Ağrı dağının əks olunduğu, Türkiyəyə qarşı ərazi iddialarından imtina haqda düşünməyən Ermənistan, deyəsən, yenidən köhnə ssenarini işə salmağa hazırdır. Bu işdə Nişanyan kimi "nümunəvi qurbanlar"ın da, türklərin "qlamur tusovkaları"nın da öz rolu var.
Sadəcə, çoxları hələ məsələnin mahiyyətinə diqqət yetirmir...
MƏSLƏHƏT GÖR: