24 Noyabr 2024

Bazar, 12:03

AZƏRBAYCAN PARLAMENTİNİN İLK SPİKERİ

Əlimərdan bəy Topşubaşov son nəfəsinədək öz xalqının müstəqilliyi üçün çalışıbƏlimərdan bəy Topşubaşov son nəfəsinədək öz xalqının müstəqilliyi üçün çalışıb

Müəllif:

28.05.2013

Bu il Azərbaycan Demokratik Respublikasının (ADR) yaranmasından 95 il ötür. Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin siyasi elitasının görkəmli nümayəndələrindən biri də Əlimərdan bəy Topçubaşov idi. Azərbaycan Prezidenti İlham Əliyevin fevral ayında imzaladığı sərəncamla bu il Əlimərdan bəyin 150 illik yubileyi də qeyd edilir. 

Onun babaları "Topçubaşı" soyadını topçuluq haqqında mükəmməl bilgilərinə və topçubaşı vəzifəsini daşıdıqlarına görə almışdırlar. Bu vəzifəni o zaman yalnız zadəgan nəslindən olanlar daşıya bilərdilər. 

Gəncə xanlarının topçu alaylarının başçıları da Topçubaşılar nəslindən olanlar idi. Onlardan biri - Əlimərdan bəy Əliəkbər bəy oğlu Topçubaşı Gəncə hakimi Cavad xanın şəxsi katibiydi. Ərəb, fars, rus dillərini mükəmməl bilən Əlmərdan  bəy öz mədrəsəsində savadlı gənclər yetişdirirdi. Gəncə uğrunda son döyüşlər ərəfəsində Cavad xanın general Sisianova mübarizə, əzmkarlıqdolu məktublarını da Əlimərdan bəy Topçubaşı tərtib etdi. Onun oğlu, Peterburq Universitetinin professoru, London Asiya Kral Cəmiyyətinin üzvü Mirzə Cəfər bəy rus şərqşünaslığının banilərindəndir. 

Belə alicənab, mübariz nəslin nümayəndəsiydi Əlimərdan bəy Topçubaşov. O, Tiflis şəhərində dünyaya göz açmışdı. Doğum günü bütün mənbələrdə eyni - 4 may kimi qeyd olunsa da, il fərqli göstərilib. 1862, 1863 və 1865... Ona verilən şəhadətnamədə yazılırdı: "Verilir Əlimərdan bəy Topçubaşova ol xüsusda ki, o, podporuçik Ələkbər bəy Topçubaşovun qanuni oğludur və onun şəriətlə nikahda olduğu Məhəmmədhəsən bəy Vəkilovun qızı Sevər xanımdan 1863-cü il mayın 4-də İslam dininin Əli məzhəbində təvəllüd tapıbdır". Sankt-Peterburq Universiteti İdarə Heyətinin 22 dekabr 1887-ci ildə Əlimərdan bəyə verdiyi 10638 saylı arayışda da 4 may 1863-cü ildə doğulduğu qeyd olunurdu. Bu iki sənədə əsaslanan araşdırmaçılarının bir çoxu Əlimərdan bəy Topçubaşovun təvəllüd tarixinin 1863-cü il olduğunu bildirirlər. 

Əlimərdan bəy ilk təhsilini I Tiflis gimnaziyasında aldı. 1884-cü ildə həmin məktəbi bitirdikdən sonra Peterburq Universitetinin tarix-filologiya fakültəsinə qəbul olundu. Birinci semestrdən sonra hüquq fakültəsinə keçdi. O dövrdə çar Rusiyasının ərazilərində artıq siyasi dirçəliş duyulmaqdaydı. Əlimərdan bəy də tələbə iğtişaşlarında iştirak etməyə başladı. Buna görə 1887-ci ilin 17 dekabrında universitetdən xaric olunması barədə əmr verildi. Çox keçmədi ki, xüsusi hazırlığı, imtahan qiymətləri, istedadı nəzərə alınaraq, ona təhsilini davam etdirməyə icazə verildi. Ancaq iğtişaşlarda iştirakı diplom almasına da əngəl yaratdı. Əlimərdan bəyin mübarizliyi sonunda qalib gəldi. Təhsil Nazirliyinə müraciətindən sonra diplomunu ona verdilər.

İmtahanlarda fərqlənən Əlimərdan bəy Topçubaşova hüquq elmləri namizədi dərəcəsi verildi. Peterburq Universitetinin hüquq fakültəsinin Elmi Şurası onun mülki hüquq kafedrasında saxlanılması və professor vəzifəsi almaq üçün hazırlaşması haqqında qərar qəbul etdi. Ancaq 1889-cu ildə qəbul edilən universitet haqqında çar qanunu xristian olmayan Əlimərdan bəy Topçubaşova müvafiq vəzifəni tutmağa icazə vermədi. Tiflisə gəldi, məhkəmədə, vəkil vəzifələrində çalışdı, Tiflis gimnaziyasında hüquqdan dərs dedi.

Özünün mələk simalı xilaskarı adlandırdığı Pəri xanımla da Tiflisdə qarşılaşdı. Pəri xanım Həsən bəy Zərdabinin böyük qızı idi. O illərdə ailəsinin maddi vəziyyəti ağır olsa da, Həsən bəy qızının təhsil almasına çalışmış, Azərbaycanda qız məktəbi olmadığı üçün Pəri xanımı Tiflisə aparmışdı. Tiflisdə rus qız gimnaziyasında ilk təhsil alan azərbaycanlı qız idi Pəri xanım. Gözəlliyi, sadəliyi, məsumluğu ilə Əlimərdan bəyin diqqətini çəkdi. Əvvəlcə dost oldular. Bu dostluq məhəbbətə çevrildi. Əlimərdan bəy Həsən bəylə Hənifə xanımın razılığını aldıqdan sonra Tiflisdə Pəri xanımla ailə həyatı qurdu.

Pəri xanım gimnaziyanı bitirdikdən sonra da həyat yoldaşının, ata-anasının dəstəyi ilə təhsilinə davam etdi. Peterburq Universitetinin hüquq fakültəsində əla qiymətlərlə oxudu. Tiflisdə, Bakıda məhkəmə köməkçisi, dairə məhkəməsinin katibi, vəkil və başqa vəzifələrdə işlədi. Azərbaycanın inkişafı uğrunda çalışanların sırasında həyat yoldaşı Əlimərdan bəy, anası Hənifə xanım, atası Həsən bəy Zərdabi ilə yanaşı Pəri xanım da  var idi.

Bakıya 1896-cı ildə Həsən bəyin və Hənifə xanımın təklifi ilə gəldilər. Burda da Əlimərdan bəy vəkilliklə məşğul oldu. Bir sıra səsli-küylü məhkəmə proseslərini udması ona Bakıda böyük nüfuz qazandırdı. Bacarıqlı hüquqşünas Vətəninin gələcəyini düşünən digər Azərbaycan ziyalıları kimi fəal mübarizəyə başladı. Soydaşlarının maariflənməsi, milli kimliklərini dərk etmələri naminə yorulmadan çalışdı. 1901-ci ildə Tağıyevin maliyyə dəstəyi ilə açılan Qızlar məktəbinin üç qəyyumundan biri oldu.

O illərdə artıq jurnalistliklə də məşğul olurdu. 1897-ci ildən "Kaspi" qəzetinin  redaktorlarından biriydi. 1905-ci ildə Bakıda nəşrə başlayan ilk anadilli gündəlik qəzetin - "Həyat" qəzetinin fəaliyyətində də Əlimərdan bəyin böyük rolu oldu. O, məqalələrində çarizmin ayrı-seçkilik siyasətini tənqid edirdi.

1905-1907-ci illər rus inqilabı dövründə Azərbaycanın digər qabaqcıl ziyalıları kimi yığıncaqlarda, mitinqlərdə çıxış etdi. Bakı Dumasının üzvü, sonralar sədri oldu. 1905-ci ilin avqustunda "İttifaqi-Müslümün" xeyriyyə və maarifləndirmə cəmiyyətinin yaradılmasında, fəaliyyətində böyük işlər gördü, onun proqram sənədlərini tərtib etdi, Nijni-Novqorodda, Sankt-Peterburqda keçirilən I-IV qurultaylar demək olar ki, onun sədrliyi ilə keçdi.  

1906-cı il aprelin 27-dən iyulun 8-nə qədər Sankt-Peterburqda Birinci Dövlət Dumasının bir sıra müzakirəsində iştirak edən Əlimərdan bəy Topçubaşov hökumətin aqrar və köçürmə siyasətini tənqid etdi, Rusiyadakı azsaylı xalqlara, əsasən, müsəlmanlara muxtariyyət verilməsi tələbinin tərəfdarı oldu. Dövlət Dumasında Rusiyanın müsəlman əyalətlərinin deputatları Əlimərdan bəy Topçubaşovun başçılığı ilə Müsəlman fraksiyası yaratdılar.

Çar hökuməti onun fəaliyyətini tənqid edən inqilabi mövqeli Dumanı 72 gündən sonra qovdu. 200-ə yaxın deputat Dumanın qovulmasına etiraz edərək 1906-cı il iyulun 9-10-da Vıborqda iclas keçirdilər və müraciətnamə qəbul etdilər. Bu müraciətnaməni imzalayanlardan biri də Əlimərdan bəy oldu. "Vıborq müraciətnaməsi" ilə bağlı çarizmin atdığı sərt addımlar da Əlimərdan bəyi seçdiyi müqəddəs yoldan döndərə bilmədi.

Onun siyasi və ictimai fəaliyyəti 1917-ci illər Fevral inqilabından və Oktyabr çevrilişindən sonra daha da genişləndi. 1917-ci il avqustun 12-15-də Moskvada keçirilən dövlət müşavirəsində Azərbaycanı  Əlimərdan bəy Topçubaşov təmsil edirdi. Sentyabr ayında isə Bakı Müsəlman İctimai Təşkilatları Komitəsinin növbəti iclası çağırıldı. İclasda Komitənin sədri Əlimərdan bəy Topçubaşov, sədrin müavinləri Məhəmmədəmin Rəsulzadə və Fətəli xan Xoyski seçildi. Oktyabr-noyabr aylarında Əlimərdan bəy ümumi seçki hüququ əsasında Bakı Şəhər Dumasına keçirilmiş seçkilərdə iştirak etdi və Dumaya üzv seçildi.

1918-ci ilin 30 mart - 1 aprelində Bakıda bolşevik-daşnak birləşmələrinin azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınların yatırılmasında Əlimərdan bəy Topçubaşovun da böyük xidmətləri oldu.

Azərbaycan Xalq Cümhuriyyəti qurulanda Əlimərdan bəy Topçubaşovun sevincinin həddi-hüdudu yox idi. Fətəli xan Xoyskinin başçılığı ilə qurulan ikinci hökumətdə "portfelsiz nazir" vəzifəsi aldı. Avqustun 22-də Azərbaycan Cümhuriyyətinin fövqəladə və səlahiyyətli naziri kimi Osmanlı imperiyasına danışıqlara göndərildi. Fətəli xan Xoyski o zaman Məhəmmədəmin Rəsulzadəyə göndərdiyi teleqramda yazırdı: "Hökumətin 1918-ci il 20 avqust qərarı ilə Azərbaycan hökumətinin üzvü Əlimərdan bəy Topçubaşov Osmanlı imperator hökumətinə Azərbaycan Respublikasının mənafeyinə aid bütün məsələlər üzrə fövqəladə səlahiyyətli nazir kimi göndərilir".

1918-ci ilin oktyabr-noyabr aylarında o, Osmanlı sultanı, bir neçə nazir və diplomatla görüşdü, müxtəlif məsələlər ətrafında fikir mübadiləsi apardı. Mondors müqaviləsinin Azərbaycana aid hissəsi ilə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinə etiraz notası verdi. O, bildirirdi ki, müqavilə "Azərbaycanın işğalını asanlaşdırır və bu, ölkəni təhlükə qarşısında qoyur".

Oktyabrda Milli Hökumət Topçubaşovun diplomat bacarığını nəzərə alıb, ona xarici işlər naziri vəzifəsini tapşırdı.  Azərbaycan parlamenti ölkədə çox ağır siyasi şərait hökm sürdüyü bir vaxtda - 1918-ci il dekabrın 7-də fəaliyyətə başladı. Əlimərdan bəy Topçubaşov yekdilliklə Azərbaycanın ilk parlamentinin sədri seçildi. Dekabrın 28-də isə parlament Paris sülh konfransına gedəcək nümayəndə heyətinin tərkibini seçdi. Heyətin sədri Əlimərdan bəy Topçubaşov, sədr müavini Məmmədhəsən Hacınski oldu.

Lakin Fransa Rusiyanın yenicə müstəqilliyə qovuşmuş ölkələrini qəbul etmək istəmədi. Azərbaycan nümayəndə heyəti də 3 ay Parisə viza ala bilmədi. Əlimərdan bəy Topçubaşov həmin müddət ərzində İstanbulda müxtəlif ölkələrin diplomatları ilə görüşdü, danışıqlar apardı.

Paris sülh konfransı yanvarın 18-də açıldı. Vizanın gecikdirilməsi səbəbindən Azərbaycan nümayəndə heyəti bu şəhərə mayın 7-də gedə bildi. Parisdə bir ay ərzində Polşa, Gürcüstan, İran, ABŞ, İngiltərə və başqa ölkələrin nümayəndə heyətləri ilə görüşdülər, siyasi-iqtisadi vəziyyətlə əlaqədar söhbətlər apardılar. 1919-cu il mayın 28-də Azərbaycan nümayəndələri dövrünün görkəmli siyasi xadimi, ABŞ prezidenti Vudro Vilsonla görüşə də nail oldular. Görüşdə Vilson onları bundan sonra Azərbaycan xalqının öz azadlıq və müstəqilliyini qoruyub- saxlamaq işində böyük Amerikanın köməyini və yardımını alacaqlarına əmin etdi. Gərgin çalışmalar, ağır zəhmət gözəl nəticələrini verməyə başladı. 1920-ci ilin 11 yanvarında Azərbaycanın müstəqilliyi de-fakto  tanındı.

1920-ci ilin 28 aprelində Azərbaycan bolşeviklərin XI ordusu tərəfindən işğal olundu. Ancaq Parisdə olan Əlimərdan bəy Topçubaşov fəaliyyətini dayandırmadı.   1922-ci ildə London, Genuya, 1923-cü ildə Lozanna konfranslarında da o, Azərbaycanın işğal olunduğunu, bolşeviklərin törətdikləri vəhşilikləri bəyan edirdi.

Bununla belə, Azərbaycanın işğalı Əlimərdan bəyi də millətin bir çox təəssübkeş övladı kimi Vətəndən didərgin saldı. O, 1919-cu ildə Paris sülh konfransına yola düşərkən ailəsini də özü ilə birlikdə aparmışdı. Qürbətdə Vətənin azadlığı uğrunda mübarizə aparan Əlimərdan bəyə Pəri xanım dəstək verirdi. Hətta çox vaxt sənədlərin hazırlanmasında da Pəri xanım Əlimərdan bəyə yardımcı olurdu.

Vətəndən ayrı düşmək, maddi çətinliklər Əlimərdan bəyin həyatını çətinləşdirirdi. Avropada təhsil alan tələbələrdən tutmuş, Azərbaycanın keçmiş dövlət xadimlərinədək hər kəs ondan - sabiq parlament sədrindən, Azərbaycanın Parisdəki nümayəndəliyinin rəsmi və səlahiyyətli rəhbərindən maddi yardım istəyirdi. Əlimərdan bəyin bütün xahişləri yerinə yetirməsi mümkünsüz idi. Bəzən buna görə onun barəsində müxtəlif şayiələr yayılırdı. Belə söhbətlər Əlimərdan bəy Topçubaşovu çox incidirdi.

O, Parisin Sen-Deni rayonunda ağır və uzun sürən xəstəlikdən sonra, 1934-cü ilin 5 noyabrında vəfat etdi, Müqəddəs Kloud qəbiristanlığında dəfn olundu. Dəfn mərasimində azərbaycanlı mühacirlərin böyük hissəsi, Türküstan, Gürcüstan, Ukrayna, Şimali Qafqaz mühacirləri iştirak etdilər.

Məhəmmədəmin Rəsulzadə Əlimərdan bəyin vəfatı xəbərindən doğan kədərini belə qələmə aldı: "O, sözü ilə, qələmi ilə, bitmək-tükənmək bilməyən həvəsi ilə ömrünün son günlərinə qədər öz xalqının azadlıq və milli məsələsi uğrunda yorulmadan mübarizə aparıb... Biz Əlimərdan bəyin timsalında milli hərəkatımızın ziyalı nümayəndəsini, görkəmli dövlət xadimini, milli müstəqillik uğrunda mübariz döyüşçüsünü itirmişik... Vaxt gələcək, ölkəmiz azad olacaq, parlamentinin ilk sədrinə minnətdarlıq hissi nümayiş etdirən xalqımız onun müstəqilliyi uğrunda yorulmadan döyüşən insanın adını yaddaşlara əbədi həkk edəcək".



MƏSLƏHƏT GÖR:

602