Müəllif: Nurlanə QULİYEVA Bakı
Keçən həftə Bakıda Dünya Bankının (DB) və Beynəlxalq Valyuta Fondunun (BVF) parlament şəbəkəsinin illik konfransı keçirilib. Bu müstəqil qeyri-hökumət təşkilatı öz ölkələrində şəffaflığın artırılması, həmçinin inkişaf proseslərində hesabatlılıq sahəsinin genişləndirilməsi məqsədi ilə öz platformasında 140-dan artıq ölkədən olan 1500-dən artıq parlamentarini birləşdirir. Təşkilatın məqsədləri sırasına parlamentarilərin və vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi daxildir. Azərbaycan paytaxtında keçirilmiş iclasda dünyanın müxtəlif ölkələrinin parlamentlərini təmsil edən deputatlar dünya iqtisadiyyatında gedən böhran proseslərinin fonunda makroiqtisadi sabitliyin qorunması, neftdənkənar bölmənin inkişafı, həyat şəraitinin yaxşılaşdırılması məsələləri və s.-i müzakirə ediblər. Yəni Azərbaycanın öz müsbət təcrübəsini ötürə bildiyi sahələr müzakirə obyekti olub.
Təmkinli yanaşma
Azərbaycan tərəfindən konfransın təşəbbüskarı qeyri-hökumət təşkilatı olan Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasıdır. Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov konfransda çıxışında bildirib ki, müstəqillik illəri ərzində Azərbaycanda bazar iqtisadiyyatına sürətli keçid, dayanıqlı sabitlik və inkişaf təmin edilib, həmçinin yoxsulluq səviyyəsi aşağı salınıb.
"Bizim ölkənin timsalında təbii resursların rasional inkişafı üzrə yeni maraqlı təcrübə formalaşıb. Yalnız son 10 il ərzində ölkə iqtisadiyyatı 3 dəfədən çox artıb, adambaşına gəlir səviyyəsi paritet qiymətlərlə $10 minə çatıb. Artıq 15 ildir ki, ölkədə iqtisadi sabitlik təmin edilir və dəstəklənir. Ölçülüb-biçilmiş büdcə, aşağı səviyyəli xarici borc, aşağı səviyyəli inflyasiya və valyuta ehtiyatlarının yüksək həcmləri bu sabitliyin əsasını təşkil edir", - deyə E.Rüstəmov vurğulayıb.
Onun sözlərinə görə, ölkənin xarici borcunun ümumi daxili məhsulda (ÜDM) payı cəmi 8% olduğu halda, ölkənin xarici valyuta ehtiyatları ÜDM-in 70%-dən artıqdır. Ən önəmli məsələ odur ki, bu gün dünyanın çox ölkələrinə xas olan yoxsulluq problemi cəmi on il ərzində həll edilib və 8 dəfə azaldılaraq 6%-ə qədər düşüb. Beləliklə, Azərbaycanda yoxsulluq səviyyəsi göstəricisi 21%-ə bərabər qlobal göstəriciyə baxanda 4 dəfə aşağıdır. "Ölkənin dayanıqlı inkişafı böhran illərində də səmərəli böhranəleyhinə strategiya hesabına davam edib. Bunun hesabına 2008-2010-cu böhran illərində Azərbaycan öz iqtisadiyyatını qoruya bilib və inflyasiyanı aşağı səviyyədə saxlamağı bacarıb. Bu zaman iqtisadiyyat 20% səviyyəsində artım nümayiş etdirib", - deyə Azərbaycanın baş bankiri bildirib.
Şübhəsiz, bu uğurların əsasında neft amili durur. Amma bu faktı təkzib etmək olmaz ki, hazırda Azərbaycan neft gəlirlərinin savadlı paylanmasına örnək ola biləcək azsaylı ölkələrdən biridir. ""Holland sindromu"ndan qaçmaq məqsədi ilə Dövlət Neft Fondu yaradılıb və bu mərhələdə neft gəlirlərinin effektiv idarə edilməsi iqtisadiyyatın önəmli inkişafı ilə üst-üstə düşür", - deyə E.Rüstəmov bu prosesin şəffaflığını xüsusi vurğulayıb.
Çoxistiqamətli inkişaf
Bildirmək gərəkdir ki, Azərbaycan iqtisadiyyatının birtərəfli inkişafı barədə ən çox ehtiyatlanma məhz BVF və DB tərəfindən bildirilmişdi və çox vacibdir ki, bu gün məhz bu təşkilatlar ölkə hökumətinin iqtisadi proseslərdə neft sektorunun həddində dominantlıq etməsinin qarşısının alınması səylərini etiraf edirlər.
Dünya Bankının beynəlxalq işlər üzrə vitse-prezidenti Siril Müller bildirib ki, Azərbaycan dayanıqlı iqtisadi artımın bütün əlamətlərini nümayiş etdirir və böyük potensiala malikdir. "Mən Bakı ilə artıq çox illərdir tanışam. Dünya Bankının SSRİ dağılandan sonra ölkəyə gəlmiş ilk təmsilçilərindən biri mənəm. Azərbaycan müstəqillik qazandıqdan sonra inanılmaz inkişaf yolu keçib", - deyə o bildirib.
BVF-nin Azərbaycan iqtisadiyyatının illik icmalı üzrə bəyanatının IV bəndində deyilir ki, fondun direktoru ölkə hökumətinin maliyyə sektorunda sabitliyin qorunması, o cümlədən bankların təkrar kapitallaşdırılması və istehlak kreditlərinin artımının cilovlanması üzrə prudensial tədbirlərin qəbul edilməsi vasitəsilə səylərini alqışlayır. Daha sonra bildirilir ki, Azərbaycanın yaxın iqtisadi perspektivləri müsbətdir və 2013-cü ildə 4,1% həcmində ÜDM artımı gözlənilir, orta müddətli perspektiv üçün analoji göstərici proqnozlaşdırılır.
Azərbaycan hökuməti beynəlxalq maliyyə təşkilatları, o cümlədən BVF və DB ilə əməkdaşlığa böyük önəm verir. "Bu institutlar bazar iqtsadiyyatına keçid, iqtisadiyyatın sabitləşməsi və inkişafın təmin edilməsi məsələsində Azərbaycana maliyyə dəstəyi və intellektual dəstək veriblər. Əminliklə demək olar ki, bu sahələrdə önəmli nəticələr əldə edilib", - deyə E. Rüstəmov bildirib və əlavə edib ki, BVF və DB respublikada islahat proqramlarının və müxtəlif layihələrin maliyyələşdirilməsi üçün Azərbaycana ümumi məbləği $3,6 mlrd olan kreditlər verib. Onun sözlərinə görə, Azərbaycan, o cümlədən 2020-ci ilə kimi respublikanın inkişaf strategiyası çərçivəsində məqsədlərə çatmaq üçün indən belə də fondla və bankla əməkdaşlıq etmək niyyətindədir. "Bu strategiya ölkənin yüksək gəlir səviyyəsi olan ölkələri sırasına keçməsini nəzərdə tutur", - deyə o vurğulayıb.
Bir sözlə, yuxarıda qeyd edildiyi kimi, iqtisadiyyatın dayanıqlılığının qorunması sahəsində Azərbaycanın təcrübəsi "holland sindromu"nun inkişaf riski olan ölkələr üçün yararlı ola bilər. Ümumiyyətlə, DB və BVF-nin parlament şəbəkəsi bu cür tədbirlər məqsədilə yaxşı həllərin alınması üçün məhz mövqelərin və əldə edilən nəticələrin mübadiləsi deməkdir. Axı hökumətlərin bütün səylərinin son nəticəsi əhalinin sosial və məişət şəraitinin yaxşılaşdırılması, ümumi rifah səviyyəsinin qaldırılması olmalıdır və bu qlobal tapşırığın yerinə yetirilməsi üçün birlikdə fəaliyyət göstərmək lazımdır.
MƏSLƏHƏT GÖR: