
QAZ İSTERİKASI
Rusiyanın təbii qazın qiymətini artırması Ermənistanda siyasi böhrana səbəb olub
Müəllif: NURANİ Bakı
Ermənistanın bugünkü vəziyyətini əksər ekspertlər "qaz həyəcanı" adlandırır. Növbəti siyasi və iqtisadi böhrana Rusiya qazının qiymətinin 64% artırılmasına dair açıqlama səbəb olub. NEWS.am saytı yazır ki, istehsal olunan elektrik enerjisinin balansında proqnozlaşdırılan dəyişiklikləri, təbii qaza olan tariflərdəki mümkün yenilikləri, Amerika valyutasının drama nisbətdə dəyişə biləcəyini və digər faktorları nəzərə alan İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyası (İXTK) öz təşəbbüsü ilə elektrik enerjisinin istehsalı və enerji sistemindəki şirkətlərin göstərdikləri xidmət, həmçinin istifadəçilərə verilən elektrik enerjisinin tariflərinə yenidən baxılması prosesinə start verib. Bunun fonunda ekspertlər ilkin tələbat mallarının qiymətində də ciddi artımın olacağını proqnozlaşdırır.
İrəvanda artıq bir neçə müxalifət partiyasının təşkilatçılığı ilə etiraz aksiyası keçirilib. Narazıların küçələrə çıxması ilə diskussiyalara Ermənistan hökumətinin başçısı da qoşulub. Baş nazir Tiqran Sarqsyan İXTK-ya qazın qiymətinə yenidən baxılması ilə əlaqədar məktub ünvanlayıb. Baş nazir xatırladıb ki, "ArmRosqaz-prom"un ərizəsi əsasında Rusiyadan qaz 1000 kubmetrə görə 270 dollardan alınacaq. "Mənim məktubumda Ermənistan hökumətinin qazın qiymətinin 30%-ni subsidiyalaşdıracağı əks olunub. Bundan başqa, sosial təminatı zəif olan ailələr qazın qiymətindəki artımın onların ailə büdcəsinə mənfi təsir göstərməməsi məqsədilə dövlətdən dəstək də alacaqlar", - deyə Tiqran Sarqsyan qeyd edib. Baş nazir məsələ ilə bağlı açıq müzakirələrin aparılacağını, bütün siyasi və ictimai təşkilatların müzakirədə iştirak edə biləcəyini də söyləyib. O, "heç bir qapalı məsələnin olmayacağını" bildirib.
Bununla yanaşı, İrəvanda hələ qazın qiymətinin necə hesablanacağına dair dəqiq fikir yoxdur. Populyar "Novoe vremya" qəzeti yazır: "ArmRosqazprom"un ("Qazprom"un törəmə şirkəti) mətbuat xidmətindən bildirirlər ki, abonentlər üçün yeni qiymət müəyyən olunarkən, qazın Ermənistanla sərhədə gəlib-çıxdığı qiymət - min kubmetrə 270 dollar götürüləcək. İndiki tariflər müəyyən olunarkən isə bu qiymət 180 dollar təşkil edirdi. Yəni, faktik olaraq söhbət Rusiyadan alınan qazın qiymətində 50%-lik artımdan gedir. Bəs, əlavə 17%? Yəni, doğrudanmı, bu göstərici artıq "mavi yanacaq"ın evlər və istehsalat birliklərinə ötürülməsi zamanı üzə çıxacaq? Bu artım həcmi nə dərəcədə əsaslandırılıb? Axı indiyədək yeni tariflərin (su, qaz, elektrik enerjisi) müəyyənləşdirilməsi zamanı komissiya üzvlərinin təkidi ilə əlavə artırmaların olması yaxşı məlumdur. Odur ki, bəzi ekspertlər buna bədbin yanaşır".
Ermənistan İstehlakçılar Birliyinin rəhbəri Armen Poqosyan Panorama.am saytına müsahibəsində deyib: "İddia təmin olunacaq. Lakin tariflər bir qədər aşağı salınacaq. Ola bilsin, 12-15%. Amma bu, problemin həlli deyil".
Göründüyü kimi, Ermənistanda qazın qiymətindəki artımı neytrallaşdırmaq üçün aydın yol yoxdur. Təcavüzkar siyasəti nəticəsində Ermənistan Azərbaycan qazından ümumiyyətlə məhrumdur. Nəzəri baxımdan bahalı Rusiya qazına İran qazı alternativ ola bilərdi. Lakin praktiki olaraq bu, mümkün deyil. Məsələ ondadır ki, Rusiyanın "Qazprom" şirkəti nəinki qaz tədarükündə monopoliyaçıdır, üstəlik o, törəmə şirkəti olan "ArmRosQazprom" vasitəsilə Ermənistanın qaz paylanması sisteminə də sahib çıxıb. Ermənistanla İran arasında qaz boru xətti mövcud olsa da, vaxtilə elə həmin "Qazprom"un israrı ilə onun ötürücülük qabiliyyəti o qədər azaldılıb ki, indi Rusiya qazına alternativ "mavi yanacaq" haqda hətta danışmaq mümkün deyil. Beləliklə, "Qazprom" özünü əsl monopoliyaçı kimi aparır: öz kommersiya maraqlarına istinad edərək, qiymətləri artırır.
Ermənistanda isə qazın qiymətinin artımından artıq siyasi nəticələr çıxarılır. Hökumət strukturları məsələ ilə bağlı kəskin bəyanatlardan çəkinir. Lakin müstəqil ekspertlər fikirlərini açıq şəkildə söyləməkdən qorxmurlar. Lragir.am informasiya portalı bildirir ki, "Qazprom"un qərarı Ermənistanda anti Rusiya əhvalının baş qaldırmasına səbəb olub. "Beləliklə, Ermənistan əhalisi son illər xilaskar Rusiya mifinə inamını itirməyə başlayıb. Moskvanın siyasəti isə ona qarşı son dərəcə azalmış inamı getdikcə daha da məhv edir. Moskva özü Ermənistanı özündən kənara itələyir. Halbuki, Ermənistan əhalisi ənənəvi olaraq, Rusiyaya dost münasibətində olub. Bu iki ölkəni saysız-hesabsız tellər bağlayır - insanlar, işgüzar, iqtisadi əlaqələr. Amma Moskva bu telləri bir-birinin ardınca qırır".
Müxalifətçi 1in.am saytının analitiki Musa Mikayelyan isə Rusiya qazının qiymətinin artırılmasını "Ermənistana qarşı strateji təcavüz" adlandırıb. Onun fikrincə, "strateji tərəfdaş olan Rusiyanın Ermənistanda həyata keçirdiklərini strateji avantüradan başqa bir şey adlandırmaq olmaz. Rusiyanın Ermənistan üçün müəyyənləşdirdiyi qaz tarifi ölkə iqtisadiyyatını ciddi problemlərlə üz-üzə qoyur. Bu, yeni emiqrasiya dalğasına yol aça, yaxud dövləti sosial problemləri önləmək üçün yeni xarici borclar yığmağa məcbur edə bilər. Bir sözlə, Rusiya Ermənistanın təhlükəsizliyinə elə bir iqtisadi zərbə vurur ki, o, bundan hələ uzun müddət özünə gələ bilməyəcək. Üstəlik, bütün bunlar Ermənistan iqtisadiyyatının böhrandan sonra yeni-yeni ayağa qalxmağa başladığı, regionda İrana qarşı iqtisadi sanksiyaların davam etdiyi, Suriyadan olan qaçqınların Ermənistana axışdığı, hətta yeni qaçqınlar dalğasının gözlənildiyi bir vaxtda edilir". Müəllifin qənaətinə görə, Rusiya bununla sadəcə Ermənistanı Avropa ilə əlaqələri dərinləşdirdiyi üçün cəzalandırmağa çalışır və bu cür hərəkət edən ölkə Ermənistanın strateji tərəfdaşı sayıla bilməz.
Gözlənildiyi kimi, Rusiyanın bu addımlarla Ermənistanı Avrasiya İqtisadi Birliyinə qoşulmağa məcbur etməyə çalışdığına dair də fikirlər ortaya çıxıb. Bu arada "Kavkaz online" analitik informasiya portalındakı "Ermənistan Rusiyanın tərkibinə daxil ola bilər" başlıqlı yazı ermənilər tərəfindən sosial şəbəkələrdə ciddi şəkildə müzakirə olunmağa başlayıb. Məqalənin müəllifi, MDB məsələləri üzrə şərhçi Roman Aqarunov bildirir ki, artıq Rusiyanın siyasi kluarlarında Ermənistanın bu ölkənin tərkibinə daxil olunması məsələsi ətrafında diskussiyalara başlanılıb. Bəzi məlumatlara görə, guya Moskva artıq məsələ ilə bağlı Ermənistan prezidenti Serj Sarqsyandan ilkin razılıq da alıb.
"Son illər Ermənistan Rusiyadan iqtisadi asılı duruma düşüb. Bir sıra sahələr, müəssisələr borc qarşılığında Rusiyaya verilib. Ermənistanın nəzarətində olan nəhəng müəssisələr tədricən Rusiyanın nəzarətinə keçir. Bu yaxınlarda fəaliyyətini dayandırmış milli daşıma şirkəti olan "Armavir" də eyni taleyi yaşayıb. Onun yeganə alıcısı Rusiya hesab olunur", - deyə müəllif qeyd edir.
Ermənistan Xarici İşlər Nazirliyi isə məqaləni "qeyri-ciddi" adlandırıb, bu "sensasiyanı" şərh etməyə belə, ehtiyacın olmadığını bəyan edib.
İstənilən halda, bu gün Ermənistanın Rusiyadan incik olduğu aydındır. Burada məsələ heç də yalnız qazın qiymətində deyil. Moskva ilə İrəvan arasında, deyəsən, ciddi anlaşılmazlıq da var. Onlar iki ölkə arasında kommersiya sahəsində əməkdaşlığın nəyin əsasında qurulmalı olduğunu müəyyənləşdirə bilmirlər.
Məlum olduğu kimi, Ermənistanın nəinki qaz şəbəkəsi, hətta enerji sistemi, dəmir yolu, mobil rabitəsi də Rusiyanın nəzarətindədir... Rusiya isə vaxtilə İrəvanla əldə olunmuş bütün bu razılaşmalara sırf kommersiya razılaşmaları kimi baxır. Amma məsələ bundadır ki, hazırkı "qaz isterikası"nın da göstərdyi kimi, Ermənistan "siyasi avans" kimi bütün sahələri Rusiyanın nəzarətinə verib. Bunun əvəzində ermənilər siyasi imtiyazlara ümid edirdilər. İrəvanın anlamında bu, ən azı hazırkı Türkiyə-Ermənistan sərhədini müəyyənləşdirən Qars və Moskva müqavilələrindən açıq şəkildə imtina olmaldı idi. Üstəlik, İrəvan inanırdı ki, "tarixi öhdəliklər", "tarixi əlaqələr" və s. heç zaman Rusiyanın Ermənistan üçün qazın qiymətini artırmasına imkan verməyəcək.
Amma qazın bahalaşmasının reallığa çevrilməsi ilə Ermənistan şok vəziyyətinə düşüb. Burada söhbət yalnız ölməkdə olan Ermənistan iqtisadiyyatının bu yükü qaldıra bilməyəcəyindən getmir. İrəvanın Rusiyaya olan ümidləri də puça çıxıb. Bu incikliyin nə ilə bitəcəyi isə hələ məlum deyil.
MƏSLƏHƏT GÖR: