26 Dekabr 2024

Cümə axşamı, 18:13

PÜŞKƏ RƏĞMƏN

Azərbaycan yığması Avro - 2016-nın seçmə mərhələsində güclü rəqiblərlə mübarizə apara biləcəkmi?

Müəllif:

04.03.2014

Fransanın Nitsa şəhərində futbol üzrə 2016-cı il Avropa Çempionatının təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. Püşk Azərbaycan millisinə heç də asan olmayan rəqiblər bəxş edib. 

Püşkatma nəticəsində 54 Avropa millisi 9 təsnifat qrupuna bölünüb. Avropa Çempionatının final mərhələsinə ilk dəfə 24 komanda vəsiqə qazanacaq. Öz qrupunda ilk iki yeri tutan komanda avtomatik final mərhələyə vəsiqə qazanır. 3-cü yeri tutacaq ən yaxşı göstəriciyə malik yığma birbaşa AÇ-yə yollanacaqsa, 8-i digər komanda bir-biriylə pley-off görüşləri keçirib qalan 4 vəsiqənin sahibinin adına aydınlıq gətirəcək. Ev sahibi Fransa müsabiqədənkənar iştirakçı kimi İ qrupunda yer alıb. Ancaq fransızların seçmə mərhələdəki oyunları yoldaşlıq xarakteri daşıyacaq. Turnir cədvəlində bu komandayla matçların nəticələri nəzərə alınmayacaq. AÇ-nin final mərhələsinin 2016-cı ilin 10 iyun - 10 iyul aralığında keçiriləcəyi gözlənilir. 

Azərbaycan yığması İtaliya, Xorvatiya, Norveç, Bolqarıstan və Malta ilə birgə H qrupunda yer alıb. 

 

Nəhəng İtaliya haqda...

1978-ci ildə öz ölkəsində keçirilən Avropa Çempionatının qalibi olan İtaliya həmişə olduğu kimi, yenə əsas favoritlərdəndir. 2004-cü il Avropa birinciliyinin seçmə mərhələsində Azərbaycan millisi İtaliya ilə görüşdüyü hər iki oyunda 6 top buraxaraq uduzub (0:2; 4:0).

Çezare Prandellinin yetirmələrinə rəqib olmaq, şübhəsiz, nəticə baxımından yaxşı sonluğa ümid etməyə imkan vermir. "Böyük beşlik" ölkələri Azərbaycan səviyyəsində komandalarla duellərdə nadir hallarda xal itirir. Dördqat dünya çempionlarından evdəki oyunda 1 xal "qoparmaq" belə sensasiya sayılacaq. Sevindirici məqamdır ki, İtaliya kiçik futbol ölkələrini darmadağın edən insafsızlardan deyil. Bu rəqiblə görüşdə yalnız möcüzəyə ümid etmək olar. 

 

İddialı xorvatlar 

İlk dəfə qarşılaşacağımız Niko Kovaçın yetirmələrini münasib rəqib adlandırmaq olmaz. Xorvatiya futbol ölkələri sırasında nəhəng sayılmasa da, güclü heyətə malik komandalardandır. Bununla belə, Xorvatiyanı məğlubedilməz adlandırmaq olmaz. Avropanın məşhur klublarında çıxış edən təcrübəli futbolçulardan formalaşan Xorvatiya İtaliya ilə yanaşı qrupun favoritlərindəndir. 

 

Skandinaviya futbolu

Rəsmi matçlarda millimizə heç vaxt şans verməyən skandinaviyalılardan çəkinməməliyik. 1998-ci il Dünya Çempionatının seçmə mərhələsində Norveçdən milli iki oyunda 6 top buraxıb (5:0; 0:1). 

Əlbəttə, Norveç yığması  millimizlə bir tutula bilməz. Norveç özünə hörmət edən ortababdı və bu komandanı xüsusi istək və əzmkarlıq hesabına Bakıda yenmək mümkündür. Foqts şimallılarla səfər oyununda da yetirmələrindən xal istəməlidi. Rəqibin soyuqqanlılığı ev-səfər prinsiplərini heçə endirdiyindən, hər iki oyunun oxşar ab-havada keçməsi millinin psixoloji hazırlığından asılıdır. Millimiz rəqibdən çəkinməsə, Norveçdən xal almağı bacaraq.

 

İnkişaf edən bolqarlar

Yetərincə gəncləşmiş heyətə malik bolqarlar Lüboslav Penevin rəhbərliyi altında məzmunlu oyun sərgiləyir. Dünya futboluna Xristo Stoiçkov, Dimitar Berbatov kimi ulduzlar bəxş edən ölkə futbol ənənələrinə görə Azərbaycandan azı bir addım öndədir. Bu komanda ilə Azərbaycan millisi yalnız yoldaşlıq görüşləri keçirib, bunların da ikisində uduzub (2:1; 3:0), birində isə qolsuz heç-heçəyə razılaşıblar. 

AÇ-2016-nın final mərhələsinə vəsiqə qazanacağını söyləyən Foqts bu səviyyədə rəqiblərlə oyunlara qələbə istəyi ilə çıxmalıdır. Bolqarıstanı üstələməyən komandanın çalışdırıcısının ciddi nəticədən danışmağa haqqı yoxdur. Başqa sözlə, Norveç və Bolqarıstanı udmağa gücümüz çatmasa, Foqtsun qrupda 3-cü yer tutmaq iddiasına ciddi yanaşılmayacaq. 

 

Maltaya "cırtdan" demək olar?

Malta ilə Azərbaycan yığması 4 dəfə yoldaşlıq görüşü keçirib, bunun 3-də uduzub (5:0, 3:0, 1:0), 2013-cü il avqustda keçirilən sonuncu görüşdə isə 3:0 hesabı ilə qalib gəlib. 

Və bu son oyunun nəticəsi aldadıcı ola bilər. Millinin bu komandadan 6 xal almalı olduğunu əminliklə söyləmək çətindir. Foqtslu milli Lixtenşteynlə öz meydanında "quru sülh"ə razılaşmış, Lüksemburqa hər iki matçda heç-heçə sevinci yaşatmış komandadır. Tanış "cırtdan"ın son turda yeganə qələbəsini səfərdə ermənilər üzərində qazanması maraqlı faktdır. Azərbaycan favoriti olduğu görüşlərdə Maltaya göz açmağa imkan verməməlidir. Əlbəttə, rəqibi "cırtdan" adlandırıb asan qələbə barədə düşünmək yanlışlıqdır. Malta Bakıya uduzmağa gəlməyəcək. Millimiz hər iki görüşdə qələbə üçün çalışmalı olacaq.

 

Yeni rekorda doğru

Hamı püşkdən razı qala bilməz. Sifarişlə püşk olmur. Ona görə rəqiblərin güclü olduğunu bəhanə etmək olmaz. Hər oyuna yüksək səviyyədə hazırlaşmaqla güclü rəqiblərdən xal almaq mümkündür. 

Təqvimlə bağlı onu söyləmək olar ki, Azərbaycanın istəyi o qədər də hesaba alınmayıb. Adətən, baş məşqçilərin müzakirəsi zamanı dəqiqləşdirilən təqvimdə favorit ölkələrin istəyi həlledici olur. Oktyabrda 4 gün ərzində İtaliya və Xorvatiya ilə səfər matçlarına çıxmaq uğurlu seçim sayıla bilməz. Ardıcıl səfər oyununa hansı səviyyədə hazır olacağımızı əvvəlcədən söyləmək çətindir. 

Amma buna baxmayaraq, seçmə mərhələlərdəki son rekord (9 xal) mütləq yenilənməlidir. Berti Foqts yaxşı başa düşür ki, azarkeşlər rəqiblərini özüylə hesablaşmağa məcbur edən yığma görmək istəyir. Yaradılan şəraitlə qrupda 3-cü yer uğrunda mübarizəyə qoşulmaq mümkündür. Bunun üçün milli favoritlərlə görüşdə belə maksimum güc sərf etməyə hazır olmalıdır. 

 

 

İLK MƏNBƏDƏN

 "Bizə çox güclü komandalar düşüb. İtaliya nəhəngdir. Xorvatiya və Norveç səbətinin ən güclüləridir. Bolqarıstan həmişə iddialıdır. Biz onlara qarşı yaxşı futbol göstərməyə çalışacağıq".

Berti FOQTS, Azərbaycan millisinin baş məşqçisi 

 

 "Azərbaycan yığması haqda əsas məlumatı Braziliyada keçiriləcək DÇ-dən sonra toplamağa başlayacağıq. Ancaq indidən deyə bilərəm ki, komandanızda çoxlu yaxşı futbolçular cəmləşib. Əminəm ki, Azərbaycanın güclü yığması var. Hər halda, məşqçiniz adlı-sanlıdır".  

Çezare PRANDELLİ, İtaliya yığmasının baş məşqçisi

 

"Bizə asan olmayan, ancaq kifayət qədər bərabər qrup düşüb. Güman ki, əsas favorit İtaliya yığmasıdır. Azərbaycan millisinə qarşı hər bir komanda üçün asan olmayacaq. Ancaq biz AÇ-2016-ya düşmək istəyirik və bunun üçün bizə hər rəqibi məğlub etmək lazımdır. Düşünürəm ki, İtaliya millisindən başqa, hamı 2-3-cü yerlər uğrunda mübarizə aparacaq". 

Lyuboslav PENEV, Bolqarıstan yığmasının baş məşqçisi


MƏSLƏHƏT GÖR:

604