
"QIZIL DÖVR" İNSANININ ETİRAFI
Litvanın sabiq prezidenti Valdas Adamkus "R+" jurnalına müsahibəsində maraqlı faktlar açıqlayıb
Müəllif: Çingiz MƏMMƏDOV Bakı
Valdas Adamkus hazırda Avropa İttifaqı ilə Xəzər regionunun hasilatçı ölkələri arasında gedən enerji dialoqunun təşəbbüskarlarından biridir. O, Litva prezidenti olarkən ölkəsi ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi istiqamətində də ciddi işlər görüb. Görünür, ekspertlərin onun Litvaya rəhbərlik etdiyi 10 ili Azərbaycan-Litva münasibətlərində "qızıl dövr" adlandırmaları heç də təsadüf deyil. Mayın əvvəlində Litvanın eks-prezidenti Bakıda keçirilən I Cənubi Qafqaz Forumunun qonaqları sırasında idi. Odur ki, bizi maraqlandıran bəzi suallarla Valdas Adamkusa müraciət etmək imkanını əldən vermədik.
- Cənab Adamkus, bu səfəriniz zamanı gördükləriniz sizdə Azərbaycanın inkişaf perspektivləri haqda hansı təəssüratı yaratdı?
- Azərbaycan son 10 ildə inanılmaz inkişafa nail olub. Bakıya hər səfərimdə burada yeniliklərə şahid oluram. İndi hamı Avropa İttifaqı ölkələrinin - Yunanıstan, İspaniya, İtaliya və s. üzləşdiyi problemlərdən danışır. Mən Avropa ölkələrinə Azərbaycana nəzər salmalarını, bu ölkənin iqtisadiyyata, maliyyəyə necə nəzarət etməsindən nümunə götürmələrini məsləhət görərdim. Əlbəttə ki, sizdə inkişafa xeyli köməklik göstərən təbii resurslar da var. Amma onlardan lazımi qaydada istifadə olunması, doğru qərarların qəbulu və gələcək inkişafın lazımi şəkildə planlaşdırılmasını da qeyd etmək lazımdır. Bu baxımdan, Azərbaycana yalnız gələcək inkişafında və çiçəklənməsində uğurlar diləyə bilərəm. Qısa desəm, Azərbaycan düzgün yolda, doğru istiqamətdə gedir.
- Bəs Azərbaycan-Litva münasibətlərinin perspektivi haqda nə deyə bilərsiniz?
- Şəxsən mən dövlət başçısı postundakı 10 illik fəaliyyətimi münasibətlərimizin real olaraq inkişafına həsr etmişəm və buna görə həqiqətən qürur hissi keçirirəm. Bəzi insanlar bu 10 ili ölkələrimiz arasında münasibətlərin inkişafı baxımından "qızıl dövr" adlandırır.
Mən sadəcə onu istərdim ki, şərait bizə Azərbaycanın təbii resurslarından istifadə etmək imkanı versin. Amma burada müəyyən problemlər var. Azərbaycanla Litva bir-birindən uzaqda yerləşdiyindən mən prezidentliyim dövründə həmin problemləri həll edə bilmədim.
Ümid edirəm ki, gələcəkdə bu problemləri çözəcəyik. Biz durulaşdırılmış qaz terminalı tikməyə hazırlaşırıq. Ola bilsin, nəqllə bağlı müəyyən problemləri aradan qaldırdıqdan sonra, Azərbaycandan müəyyən həcmdə neft də ala bildik.
Ümid edirəm, ikitərəfli münasibətlərimiz indiyədək olduğu istiqamətdə inkişaf edəcək. Düşünürəm ki, biz münasibətlərin qurulması və inkişaf etdirilməsi məsələsində digər dövlətlərə nümunə ola bilərik.
- Litvanın Bakıdakı birinci səfəri Kestutis Kudzmanas bildirib ki, Vilnüs Avropa İttifaqı ilə yaxınlaşmada Azərbaycanın vəkili kimi çıxış edə bilər. Bu məsələdə Litva hansı rolu oynaya bilər?
- Öz təcrübəmdən danışım: mən 10 il ərzində Ukrayna və Gürcüstanın Avropa İttifaqı ilə yaxınlaşması istiqamətində çox fəal iş aparmışam. Azərbaycanın tezliklə bu inteqrasiyanı arzulayıb-arzulamadığını isə bilmirəm. Siz Aİ üzvü olmaq üçün müəyyən meyarlara cavab verməlisiniz. Görsəm ki, Azərbaycan həqiqətən Avropa İttifaqına üzv olmaq istəyir, lazımi meyarlara uyğun gəlir, şəxsən mən buna nail olmanız üçün bütün imkanlarımdan istifadə edəcəyəm.
- Azərbaycan ərazilərinin bir hissəsinin işğalı bütünlükdə regionun inkişafına mane olur. Bu, şübhəsizdir. Amma nədənsə Avropa problemin həllinə praktik töhfələr verməyə ciddi maraq göstərmir. Fikrinizcə bu, nə ilə bağlıdır?
- Diqqət etsəniz, Avropa İttifaqı bu məsələ ilə məşğul olmaq istəmədiyini bildirir. Sizin hisslərinizi başa düşürəm. 20 ildən artıqdır çözülməyən probleminiz var. Amma buna heç kəs kömək edə bilmir. Problemi özünüz həll etməlisiniz.
Ümid edirəm, iki ölkə öz aralarında problemin həllini tapacaq.
Prezidentinizlə söhbət etmişəm. Əvvəllər Ermənistan prezidenti ilə də danışmışdım. Prezident Əliyevdə xoş məram, münaqişənin danışıqlar yolu ilə həllinə cəhdlər gördüm. Amma Ermənistan prezidentindən bunu eşitmədim. Halbuki, ən vacibi problemi həll etmək arzusunun olmasıdır. İki ölkə öz aralarında hər hansı razılığa gələrsə, inanıram ki, Avropa da, dünya da bunu alqışlayacaq.
MƏSLƏHƏT GÖR: