Müəllif: Nərminə VƏLİYEVA Bakı
Mziya Qambaşidzeni Azərbaycanın bütün ulduzları tanıyır. Müasir vokal üzrə tanınmış pedaqoq 2008-ci ildə Gürcüstandan Azərbaycana köçüb və qısa müddətdə ifaçıları səsin kamilliyinə aparan yolda əsl təlimatçıya, ustaya çevrilib. Mziya Qambaşidze "R+" jurnalına müsahibəsində musiqiyə, müasir şou-biznesə münasibətindən, istedadlı tələbələrdən və bir çox digər məsələlərdən danışıb.
- Mziya, musiqi sizin üçün nədir?
- Bu, mənim həyatımdır. Musiqisiz yaşaya bilmərəm. O, mənə enerji verir, uğursuzluqların, iztirabların öhdəsindən gəlməyimə kömək edir. Uşaqlıqdan musiqinin əhatəsində olmuşam. Kutaisidə doğulmuşam. Valideynlərim musiqi ilə əlaqəli şəxslər olmasalar da, oxumağı sevirdilər. Artıq 90 yaşında olan anam hələ də ailə tədbirlərində hamımız bir araya toplaşdıqda mahnılar ifa edir. Qardaşım və bacım karaokedə oxumağı çox sevirlər. Mən Vano Saracişvili adına Tiflis Dövlət Konservatoriyasının xor dirijorluğu fakültəsini fərqlənmə ilə bitirmişəm. Uzun müddət bədii gimnastika üzrə Gürcüstan yığmasında musiqi müşayiəti ilə məşğul olmuşam, incəsənət məktəbində dərs demişəm və Gürcüstanın bir çox ifaçıları ilə işləmişəm. Müasir Britaniya musiqisinin ulduzları Keti Melua, "A-Studio" qrupunun solisti Keti Topuriya, İtaliyanın "La Skala" opera teatrının solisti Nino Surquladze, müğənni İrakli Pirsxalava, "Seyşn" və "Dia Miks" qrupunun üzvləri mənim tələbələrim olublar. Yeri gəlmişkən, Nino Surquladze ilə düz 12 il məşğul olmuşam! Keti Melua isə 6 yaşından mənim dərslərimə gəlib. Tələbələrimlə fəxr edirəm! Onların uğurları və yaradıcılığı mənə daha da irəli getmək üçün güc verir.
- Necə oldu ki, Bakıya gəlib çıxdınız?
- Bu, 2008-ci ildə Gürcüstanda vəziyyətin çox ağır olduğu dövrdə baş verdi. İqtisadi və siyasi əngəllər bir çox insanın işsiz qalmasına səbəb olmuşdu. İşıq və qaz tez-tez kəsilirdi. Mənim isə işə və sakitliyə çox ehtiyacım var idi. Buna olan ümidlərimi itirdikdə Bakıdakı dostuma - bəstəkar və pianoçu Givi Usenaşviliyə zəng vuraraq, kömək istədim. Givi bir neçə gündən sonra mənə zəng etdi, yaxın günlərdə çox istedadlı Azərbaycan ifaçısı Sevda Ələkbərzadənin yanıma gələcəyini dedi və ona vokal üzrə bir neçə dərs keçməmi istədi. Sevda, həqiqətən də çox xeyirxah və əməksevər qız imiş. Onunla hər gün bir neçə saat məşğul olurduq və bu, təxminən ayyarım belə davam etdi. Sonra o, Bakıya qayıtdı. Bir müddət sonra Givi yenidən mənə zəng etdi. Onlar Seva ilə birlikdə belə qərara gəlmişdilər ki, mən Bakıya köçməli, orada işləməyə başlamalıyam. Mən çox düşünmədən çamadanımı yığdım, Juji adlı pişiyimi də götürüb bura gəldim (gülür). İndi burada Juji ilə birlikdə yaşayırıq. Dəvətə görə, mənə özümü Bakıda reallaşdırmaq imkanı yaratdıqlarına görə Giviyə və Sevaya çox minnətdaram.
- Bakıda sizi necə qarşıladılar?
- Təsəvvür edin ki, əvvəllər heç zaman burada olmamışdım. Məktəbdə və konservatoriyada Azərbaycan musiqisini dinləmişdim. Azərbaycan muğamı və Vaqif Mustafazadənin mahnıları məni valeh etmişdi. Bakıda ilk tələbəm çox çalışqan, istedadlı müğənni Tünzalə Ağayeva oldu. Sonra digər ifaçılar da yanıma gəlməyə başladılar - Samirə Allahverdiyeva, Natavan Həbibi, Nura Suri, Roza Zərgərli, Günay İbrahimli, Aynişan Quliyeva, Günel Qurbanova, Azad Şabanov, "Eurovision ulduzları" Səfurə Əlizadə, Aysel Teymurzadə, Samir Cavadzadə, Suada Ələkbərova, həmçinin Rüfət Məmmədov və Səbinə Məmmədova kimi balacalar. Hamısını yadda saxlamaq çətindir...
- Sizin hər hansı xüsusi tədris metodunuz varmı?
- Xüsusi bir metodika yoxdur. Peşəkar ifa, xora dəstək əsasında oxumaq və xüsusi nəfəsalma qaydalarından ibarətdir. Səsə tembr və gücü məhz bu verir, ifaçının bədənini böyük bir rezonatora çevirir. Məndə səsin sınaqdan çıxmış, işlək texnologiyası var. İfaçıya özünü, səsini, bütünlükdə ürəyini açmağa imkan yaradıram. Ən vacib olanı ürəkdən oxumağı öyrənməkdir.
- İstənilən şəxsə oxumağı öyrətmək olarmı?
- Əgər adam nəsə etmək arzusu ilə gəlirsə, deyilənləri yaxşı qavrayırsa, çox çalışırsa, bu halda səsi o qədər yaxşı olmayan şəxslə də işləmək olar. Düzgün tənəffüs qurmaq, musiqi və ritm duyumunu inkişaf etdirmək - bu, mümkündür. Amma əlbəttə ki, az da olsa, elə insanlar var ki, onlar sadəcə eşitmirlər: Allah onlara bunu verməyib. Belə halda dərhal deyirəm ki, "özünüzə başqa iş tapın". Mən sərt və tələbkar müəlliməm. Tənbəllik edənləri, işə gücünün yarısını sərf edənləri xoşlamıram.
- Siz "Eurovision"un azərbaycanlı finalçıları Səfurə Əlizadə və Aysel Teymurzadə ilə də məşğul olmusunuz. Tələbələrinizin bu cür nüfuzlu müsabiqədə iştirakından fəxr hissi duyursunuzmu?
- Böyük fəxr hissi duyuram. Hər iki qız çox istedadlı və perspektivlidir. Səfurə və Aysel istənilən hava şəraitində dərsə gəlir, saatlarla məşğul olurdular. Təəssüf ki, indi onlar oxumurlar.
- "Eurovision"a yollanarkən onlara necə xeyir-dua verdiniz?
- Onlara dedim: "Mahnıya bütün ürəyinizi qoyun". Axı, musiqi, sanki, danışıq dilidir. Bu, insanın öz hisslərini, emosiyalarını ifadə edə bildiyi ünsiyyət formasıdır.
- "Eurovision"un milli seçim turu hələ başa çatmayıb. Prosesi izləyirsinizmi? İştirakçılardan hansını fərqləndirərdiniz?
- Hər bir buraxılışı izləyirəm. Axı, iştirakçılar arasında mənim tələbələrim - Fuad Əsədov və Samirə Əfəndiyeva da var. Vaxtilə Azad Şabanova da ayyarım dərs demişəm, konsultasiyalarımda olub. Fuad Əsədov "X-faktor" beynəlxalq vokal layihəsinin 4-cü mövsümünün Ukrayna versiyasının iştirakçısıdır. O, ingilis dili müəllimidir. Fuadın əla səsi və böyük cazibəsi var. Samirə Əfəndiyeva Asəf Zeynallı adına Musiqi Məktəbinin estrada vokalı fakültəsini bitirib. Bir neçə il əvvəl yerli "Yeni ulduz" telelayihəsində iştirak edib. Unudulmaz səsə malikdir və özünü səhnədə inamlı aparır. Azad Şabanov da səhnə üçün doğulanlardandır. Azad kimilərini bütün tamaşaçılar bəyənir. Onların hamısı mənim üçün doğmadırlar və hər birini sevirəm. Odur ki, bu uşaqlar arasında seçim etmək mənim üçün çox çətindir...
- Azərbaycanı "Eurovision" müsabiqəsində təmsil edən ifaçı hansı keyfiyyətlərə malik olmalıdır?
- Onun gözəl xarici görünüşü, gözəl səsi, səhnədə bütün bir həyatı "yaşamaq" bacarığı olmalıdır. 2008-ci ildən avrosonqu izləyirəm. Köhnə dostum Manananın mənə "Eurovision"u televizordan izləməyi məsləhət gördüyü anı xatırlayıram: "Bax, gör, orada necə səslər var". Ekran qarşısında əyləşdim və yerimdə donub qaldım. Məni ən çox valeh edən Elnur Hüseynov ilə Samir Cavadzadə idi. Möhtəşəm mahnı, güclü ifa, gözəl şou - bir sözlə, "Eurovision" səhnəsi üçün tələb olunan hər şey. İlk dəqiqələrdə, hətta düşündüm ki, bu, hardasa Avropadan "dəvət olunmuşlar"ın duetidir. Onların Azərbaycanı təmsil etdiklərini bildikdə sözün yaxşı mənasında təəccübləndim. Düşünürəm ki, "Eurovision" səhnəsindəki həmin çıxış Azərbaycanın müsabiqədə iştirak etdiyi dövrdən ən parlaq və yaddaqalan nömrələrdən biridir. Eyni sözləri Aysel Teymurzadə - Araş dueti haqda, həmçinin Fərid Məmmədovun mahnısı haqda da demək olar.
Yeri gəlmişkən, Moskvadakı çıxış zamanı dueti 2-ci pilləyə məhz Aysel çıxardı. Araş səhnədə o qədər həyəcanlanırdı ki, hətta bəzən kupletdə falşa da yol verirdi. Aysel dərhal vəziyyəti düzəltdi, mahnını sonadək bircə qüsur belə olmadan ifa etdi. Beləcə cazibədar Aysel bütün Avropanın ürəyini fəth elədi.
- Bəs, Azərbaycan şou-biznesinin hazırkı vəziyyəti haqda nə deyə bilərsiniz?
- Şou-biznesdə baş verənlər xoşuma gəlmir. O, sanki bayağı, hətta şit vəziyyətdədir. Bu, yalnız Azərbaycan şou-biznesinə aid deyil. Anlamıram ki, ifaçının səhnədə soyunması nəyə gərəkdir. Yaxşı artist, ilk olaraq, səsini təqdim etməlidir. Musiqinin bədənin çılpaqlaşdırılmasına, özünü göstərməyə ehtiyacı yoxdur. Musiqi bunsuz da hisslərin kifayət qədər intim ifadə vasitəsidir - emosional, ehtiraslı, həssas. Bu, biz insanlara Allahın bəxşişidir. Şou-biznesə gəlincə, hesab edirəm ki, o, Azərbaycanda çox ləng və düzgün olmayan istiqamətdə inkişaf edir. Azərbaycan müğənnilərinin əksəriyyəti toylardan qazanır. Onlar üçün televiziya kanallarına çıxmaq daha çox toya, məclisə dəvət almaları üçün lazımdır. Halbuki, ifaçı, ilk növbədə, yaradıcılıqla məşğul olmalıdır. Artist öz üzərində işləməli, peşəkarlıq baxımından inkişaf etməli, yeni albomlar yazdırmalı, solo konsertlər verməli, beynəlxalq festivallarda və müsabiqələrdə iştirak etməlidir. "Şou-biznes" sözü nə deməkdir? Bu, ifaçılar arasında təmiz yarışdır. Söhbət daha yüksək toy qonorarı uğrunda deyil, yaradıcılığın inkişafı yarışından gedir. Bir də istərdim ki, Azərbaycanda, nəhayət, musiqi tənqidçiləri meydana gəlsin. Məhz, onların sayəsində müğənnilər "tərpənir" və sağlam rəqabət yaranır.
- Maraqlıdır, vokal müəlliməsi boş vaxtlarında hansı mahnıları dinləyir?
- Müxtəlif. Yaxşı və keyfiyyətli mahnıları. Caza, soula, popa qulaq asıram. Maykl Ceksonun, Stiv Uanderin, Maysın vurğunuyam. Alim Qasımovu dinləməyi də çox sevirəm. O, dahidir və ikinci belə ifaçı dünyaya gəlməyəcək! Bəzən onun nə haqda oxuduğunu anlamasam belə, oxuduğu musiqinin əzəmətini hiss edirəm. Musiqi valehedici olur! Alim Qasımovun ifasında muğam sanki duadır - son dərəcə səmimi və dərin. O, çox böyük ifaçıdır! Alimin qızı Fərqanə ilə tanışam. O da çox istedadlı ifaçıdır. Onunla layihələrinin birində birlikdə çalışmışıq. Muğamın nəsildən-nəslə ötürüldüyünə görə çox şadam. Muğam sənəti Azərbaycan xalqının mənəviyyatının ən yüksək pilləsidir.
- Fikrinizcə, müasir pop musiqi ilə xalq melodiyalarının sintezi necə alınır?
- Niyə də olmasın? Əsas odur ki, melodiya şikəst edilməsin, təhrif olunmasın. Belə sintez nəticəsində mahnı keyfiyyətli və mükəmməl səslənirsə, mən buna yalnız "hə" deyirəm!
- Bakı sizin üçün nədir?
- Təxminən, 6 ildir ki, burada yaşayıram və bu müddətdə Bakı mənim ikinci vətənimə çevrilib. Bu şəhəri Kutaisi qədər sevirəm. Gürcüstana qonaq getdikdə Bakı üçün darıxmağa başlayıram. Məni nəsə geri çəkir. Burada özümü rahat və sakit hiss edirəm. Bakının gözəlliyinə, memarlığına məftunam. İnanılmaz dərəcədə gözəl şəhər, mehriban, qonaqpərvər insanlar mənim vətənimdə olanları xatırladır. Məni dəstəkləyən, başa düşən azərbaycanlı dostlarıma minnətdaram. Səbirlərinə görə qonşularıma xüsusi təşəkkür (gülür). Yaşadığım evdə səs izolyasiyası çox zəifdir. Amma qonşularım talelərinə fəlsəfi yanaşırlar: şükür ki, baraban və ya truba səslənmir. Tələbələrimlə fasiləsiz məşğul oluram. Nəticədə, qonşular saatlarla davam edən məşqləri, ifaları dinləməli olurlar. Amma bu qədər müddət ərzində onların heç biri musiqinin və ya ifanın səsinin yüksək olmasından şikayətlənməyiblər. Dostlarla olduğu kimi, qonşularla da bəxtim çox gətirib.
MƏSLƏHƏT GÖR: