14 Mart 2025

Cümə, 20:48

HARMONİYA VƏ DAHİLİK

Dahi rejissor Şəmsi Bədəlbəylinin anadan olmasının 103-cü ili tamam oldu

Müəllif:

04.03.2014

Nədənsə incəsənət haqda danışarkən daha çox bəstəkarlara, aktyorlara, yazıçılara, dramaturqlara diqqət yönəldilir. Onları bir araya toplayaraq harmonik və dahiyanə bir şey yaradan şəxslər, sanki, diqqətdən kənarda qalır. Yaxın günlərdə Azərbaycanın görkəmli teatr rejissorlarından biri olmuş Şəmsi Bədəlbəylinin anadan olmasının 103-cü ildönümü tamam oldu.

Teatr rejissoru üçün ən böyük dəyərlərdən biri insanları bir araya toplamağı, təşkilatçılıq etməyi bacarması, hər kəsi başa düşməsi, bir çox məsələlərdə onlar üçün əsl "atalıq" etməsidir. Şekspirin "Qlobus"undan tutmuş, müasir eksperimental teatrlaradək, bütün teatrlarda intriqa olub. Etiraf etmək lazımdır ki, bu, təəssüfləndirici də olsa, teatr üçün normal haldır. Bu halda rejissorun görə biləcəyi yeganə iş insanları başa düşmək və barışdırmaqdır. Bu, yalnız teatrın fəaliyyətini davam etdirə bilməsi üçün yox, həm də onun hər zaman yüksək səviyyədə qalması üçün vacibdir. İngilis Pratçettin öz kitabında yazdığı kimi, "teatrda yalnız bir dəyişməz qayda var: şou davam etməlidir".

 

Təşkilatçı

Şəmsi Bədəlbəyli işi yalnız təşkilatçı kimi deyil, həm də dahiyanə şəkildə görən şəxs kimi, bütün həmkarlarından fərqlənirdi. "O, nadir insan idi", - deyə "R+" jurnalına açıqlamasında Dövlət Musiqili Komediya Teatrının aktrisası Afaq Bəşirqızı bildirib: "O, aktyorlara hər zaman diqqətlə yanaşır, onların həyatı, problemləri ilə maraqlanır, hər zaman aktyorlara kömək etməyə çalışırdı".

Aktrisanın sözlərinə görə, aktyorların əməkhaqlarının həddindən artıq az olduğu dövrdə Bədəlbəyli qurumları gəzir, pul axtarır,  aktyorlara güzəştlər, məzuniyyət və s. "qoparırdı". Rejissor aktyorların hər zaman sərbəst şəkildə öz işlərilə məşğul ola bilməsi üçün çalışırdı ki, onlar heç nədən narahatlıq keçirməsinlər: "O, qızıl insan idi. Heç zaman heç kimə köməklik göstərməkdən imtina etmirdi".

Bədəlbəylinin rejissorluq karyerası kifayət qədər uzun çəkdi. 50-ci illərdə o, Opera və Balet Teatrında Hacıbəyovun "Koroğlu" "Əsli və Kərəm"ini, Rossininin "Sevilya bərbəri"ni səhnələşdirib.

1949-cu ildə Bədəlbəyli Musiqili Komediya Teatrına rəhbərlik etməyə başlayıb. Bununla yanaşı, o, Milli Akademik Dram Teatrında da tamaşalar qoyurdu. Bu teatrda o, M.F.Axundovun "Müsyö Jordan və dərviş Məstəli şah", Cəlil Məmmədquluzadənin "Ölülər", Şekspirin "Kral Lir" və bir çox digər əsərləri səhnələşdirmişdi. Bədəlbəylinin istedadı o qədər yüksək qiymətləndirilirdi ki, onu digər teatrlara da dəvət edirdilər. Rejissor karyerası boyunca Türkmənistan Opera və Balet Teatrında da çalışıb.

Bədəlbəylinin böyük, son dərəcə vacib dəyəri onun hər zaman istedadı hiss edə bilməsində, bu zaman qətiyyən mükafatlara, diplomlara, adlara fikir verməməsi idi. Məhz, bu səbəbdən, onun doğma Musiqili Komediya Teatrında adı-sanı olmayan çoxlu istedadlı şəxslər çalışırdılar. Həmin insanlar, məhz, bu teatrda çalışmaqla məşhurlaşmış, ad-san qazanmışdılar. "O, aktyorlardakı istedadı qeyri-adi həssaslıqla duyurdu. Məhz, bu səbəbdən, Musiqili Komediya Teatrını yeni səviyyəyə yüksəlmiş, səyyar tamaşalar verirdi və sonda bu zirvəyə yüksəldi", - deyə Afaq Bəşirqızı bildirir. 

 

Rejissor nəsli

Şəmsi Bədəlbəyli, sanki, ailəsinin ənənəsini davam etdirirdi. Onun atası Bədəl bəy, əmisi Əhməd bəy də Milli Musiqili və Dram Teatrının yüksəlişi üçün çox işlər görmüşdülər. Şəmsinin həm də müəllim olan atası operalarda, operettalarda və dramlarda aktyor kimi səhnəyə çıxırdı.

Dram teatrında onun ilk işi Mirzə Fətəli Axundovun "Müsyö Jordan və dərviş Məstəli şah" komediyası olub. Bu tamaşa Bədəlbəyliyə böyük uğur gətirib. Şəmsi Bədəlbəylinin tamaşaları parlaq, gözəl kaloriti ilə, zərif musiqi tərtibatı və mükəmməl aktyor heyətilə fərqlənirdi.

O, dövrün bütün məşhur yaradıcılıq insanları ilə işləyə bilirdi - istər bəstəkarlarla, istər dramaturqlarla, istərsə də yazıçı və şairlərlə; rejissor fəaliyyəti zamanı Sabit Rəhmanla, Mirzə İbrahimovla, Səid Rüstəmovla, Fikrət Əmirovla, Süleyman Ələsgərovla məsləhətləşirdi. Bədəlbəyli tamaşaya elə bir həyat verirdi ki, onu yalnız tamaşaçılar deyil, ən sərt tənqidçilər də gurultulu alqışlarla qarşılayırdılar.

Ş.Bədəlbəylinin tamaşalarında baş rolları dövrün Lütfəli Abdullayev, Əlihüseyn Qafqazlı, Münəvvər Kələntərli, Nəsibə Zeynalova, Bəşir Səfəroğlu kimi məşhur aktyorları oynayıblar.

Bədəlbəyli xarici görünüşcə ciddi, hətta sərt insan təsiri bağışlasa da, əslində, yumoru çox sevir, onun tamaşalarında sağlam yumora, gülüşə böyük yer verilirdi.

Həyatını incəsənətə xidmətə həsr etmiş Şəmsi Bədəlbəyli kinematoqrafiyanın inkişafında da öz izini qoyub. O, hətta bir sıra bədii və sənədli filmlərdə çəkilib. Bədəlbəylinin obrazları yanaşmanın ciddiliyi və ifanın təbiiliyi ilə seçilir. "O qızı tapın", "Axırıncı aşırım" və digər məşhur filmlərə bu gün də baxdıqda dahi və təkrarolunmaz Şəmsi Bədəlbəylinin oynadığı rollar bizi heyrətləndirir.

Moskvada aldığı teatr təhsili Bədəlbəyliyə tamaşalarla yanaşı, operaları da səhnələşdirmək imkanı verirdi. Amma şübhəsiz ki, onun əsas töhfəsi doğma Musiqili Komediya Teatrına olub. Faktiki olaraq Bədəlbəylinin dövründə formalaşmış həmin gənc teatr elə onun dövründə də daha adlı-sanlı "həmkarlar"la bir sıraya yüksəlib, faktiki olaraq, tamaşaçıların ən sevimli teatrına çevrilib. Bədəlbəylinin həm rejissor, həm bədii rəhbər, həm də bu gün deyildiyi kimi, menecer kimi gördüyü ən böyük iş, məhz, budur.

 

 

HAQQINDA

Şəmsi Bədəlbəyli. 23 fevral 1911-ci ildə doğulub. Azərbaycan SSR-in xalq artistidir. SSRİ xalq artisti Fərhad Bədəlbəylinin atası, bəstəkar Əfrasiyab Bədəlbəylinin qardaşıdır. 1927-1932-ci illərdə Dövlət Konservatoriyasında təhsil alıb. 1932-1942-ci illərdə Azərbaycan Dövlət Dram Teatrında rejissor köməkçisi və rejissor kimi çalışıb. 1943-1949, 1956-1961, 1963-1974-cü illərdə filarmoniyanın bədii rəhbəri, 1974-1976-cı illərdə direktoru olub. 1976-cı ildə Teatr Cəmiyyətinin sədri postunu tutub. 23 may 1986-cı ildə dünyasını dəyişib.


MƏSLƏHƏT GÖR:

690