26 Dekabr 2024

Cümə axşamı, 22:03

DAHA BİR KRIM MÜHARİBƏSİ?

Ukrayna böhranı beynəlxalq təhlükəsizlik sisteminə zərbə oldu

Müəllif:

04.03.2014

Yazın ilk günündə xəbər buraxılışları Rusiya prezidenti Vladimir Putinin Federasiya Şurasına müraciətinə dair təcili xəbərlə başladı. Putin Şuradan Ukraynada ictimai-siyasi vəziyyətin sabitləşməsinədək bu ölkədə Rusiya Silahlı Qüvvələrindən istifadəyə icazə verilməsini istəyirdi. Yuxarı palata, təbii ki, bu istəyə yekdilliklə müsbət cavab verdi. Onadək Kreml başçısına Krım Ali Şurası tərəfindən Krımın baş naziri təyin olunmuş Sergey Aksenov da  müvafiq müraciət ünvanlamışdı.

Bu hadisədən cəmi bir neçə gün əvvəl Ukraynada gərginlik  gözlənildiyi kimi, Kiyevdən Krıma keçdi. Əhalisinin yarıdan çoxunu etnik rusların təşkil etdiyi və Sevastopolda 2042-ci ilədək Rusiyanın icarəsində olan hərbi-dəniz bazasının yerləşdiyi yarımadada Ukrayna inqilabı yeni səviyyəyə yüksəldi. Fevralın 27-də səhər Krımın inzibati binaları silahlı "Krımın rusdilli vətəndaşlarının özünümüdafiə" dəstələri tərəfindən ələ keçirildi, parlament və hökumət binalarının üzərində Rusiya bayrağı qaldırıldı. Simferopolda tatar icmasının nümayəndələri Krım Ali Sovetinin binasını ələ keçirməyə cəhd göstərsələr də, polis və yarımadanın Rusiyaya birləşdirilməsinin tərəfdarları onların  qarşısını aldı.

Krım parlamentinin Rəyasət Heyəti ölkədə hakimiyyətin "silahlı cinayətkar qrupların dəstəyilə radikal millətçilər tərəfindən qeyri-konstitusion yolla zəbt olunduğunu" bəyan edib. Bəyanatda bildirilir ki, "Ukraynanın "xaosa, anarxiyaya, iqtisadi fəlakətə yuvarlanması səbəbilə KMR Ali Radası... Krımın taleyinə görə bütün məsuliyyəti öz üzərinə götürür". Artıq regionun statusu ilə bağlı ümumkrım referendumunun keçirilməsi təklifi də səsləndirilib. 

Bütün bu günlər ərzində Rusiya ordusu Ukrayna sərhədi yaxınlığında tammiqyaslı hərbi təlimlərini davam etdirib.

Moskva dəfələrlə qeyd edib ki, Federasiya Şurasının qoşunların Ukrayna ərazisinə yeridilməsinə icazə verməsi hələ bu hüquqdan dərhal istifadə ediləcəyi anlamına gəlmir. Amma Qərbdən Rusiyanın niyyətinə gözlənildiyi kimi, ciddi reaksiya gəldi. NATO  bütünlükdə Avropada sülhə təhlükə yarandığını bəyan edib. ABŞ prezidenti Barak Obama isə Rusiyanın iqtisadi və siyasi təcridlə qarşılaşa biləcəyinə dair hədə səsləndirib. Ağ Ev sahibi bildirib ki, hadisələrin bu cür gedişi Rusiya rublunun daha da tənəzzülə uğramasına, adi rusiyalıların belə, ABŞ-a girişinə qadağa qoyulmasına səbəb ola bilər. Bundan başqa, "böyük yeddilik" ölkələri - ABŞ, Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Kanada və Yaponiya Soçidə keçirilməsi planlaşdırılan G8 sammitinə hazırlığı dayandırıb, Rusiyanın əməllərini pisləyən bəyanatla çıxış ediblər. Xatırladaq ki, bunadək Rusiya tərəfi müxtəlif səviyyələrdə Qərbi Ukraynada böhranı qızışdırmaqda, ekstremizmin təşfiqində və hakimiyyətin qeyri-qanuni yolla dəyişdirilməsində ittiham etmişdi.

Bütün bunların fonunda daha bir nüfuzlu beynəlxalq gücün - Çinin davranışı maraqlıdır. Ölkənin aparıcı qəzeti olan "Jenmin Jibao" Vaşinqtonun "soyuq müharibə" dövrünün dünya görüşündə batıb qaldığını" bəyan edib. Bununla yanaşı, unutmaq olmaz ki, Çinin Ukraynada öz iqtisadi maraqları var - Pekin Ukraynanın xarici avrobondları (yeri gəlmişkən, onların əksəriyyəti ABŞ-a məxsusdur) alan ölkələrin "dördlüyünə" daxildir. Üstəlik, Çin Ukraynaya taxıl tədarükünə 3 milyard dollar kredit də ayırıb.

Bəs, Rusiya nəyə nail olmağa çalışır? Susqunluğu ilə Viktor Yanukoviçi təəccübləndirən Putin  danışmağa başlayıb və o, son qərarı ilə nə demək istəyir? Rusiya xarici işlər nazirinin müavini Karasin bildirir ki, "Moskva Ukraynanın suverenliyini sual altına almayacaq və müharibə istəmir". Bundan başqa, Rusiya prezidenti Vladimir Putin də Almaniya kansleri Angela Merkel ilə telefon danışığında, sanki, Krımdakı vəziyyətin araşdırılması üçün ATƏT-in himayəsi altında xüsusi qrupun yaradılmasına razılıq verib. Digər tərəfdən məqalənin çapa hazırlandığı saatlarda Ukraynada vəziyyətin hərbi ssenari ilə inkişaf etməsinin mümkün olduğunu təsdiqləyən məlumatlar da  yayılmışdı.

Hələlik, təəssüf ki, yalnız bir şeyi əminliklə söyləmək olar: bu günlərdə Ukraynanı müstəqil, daxili vəziyyətə tam nəzarət edən dövlət adlandırmaq mümkün deyil.

Birincisi, etiraf edilməlidir ki, Ukrayna artıq iqtisadi, maddi fəlakətin astanasında yox, çoxdandır ki, onun içərisindədir. Ölkənin xarici borcunun dəqiq məbləğini müəyyənləşdirmək çətin olsa da, onun on milyardlarla dollar təşkil etdiyi aydındır. Artıq Kiyevin yardım üçün BVF-yə müraciət etməli olacağı şübhə doğurmur. Bu qurumun isə yardımın qarşılığında, adətən, sərt tələblər irəli sürdüyünü hər kəs bilir. Məsələn, təqaüdlərdən tutmuş, ictimai nəqliyyatdakı qiymətlərə qədər - sosial siyasət tamam dəyişdirilməlidir. Ukraynanın yeni baş naziri Arseni Yasenyuk hökumətin kredit almaq üçün qeyri-populyar addımlar atmağa hazır olduğunu bildirib. O, artıq hökumət üzvlərini "kamikadzelər komandası" adlandırıb. Amma hələlik Ukraynaya yardımın həcmi və şərtlərini nə BVF, nə Aİ nə də bir başqası müəyyənləşdirib. ABŞ  Kiyevə 1 milyard dollarlıq yardım vəd edir və artıq məsləhətləşmələr üçün  Kiyevə ekspertlər qrupu göndərib. Beləliklə, onsuz da borc içərisində olan Ukrayna ağır şərtlərlə daha bir neçə milyard da borc etməyə hazırlaşır. Əlbəttə, ölkə xaricdən kömək olmadan keçinə bilməz. Amma bunun fonunda bir məşhur deyim daha xoşagəlməz çalar alır: pulu kim verirsə, mahnını da o sifariş edir.

Nəticədə, ortaya sual çıxır: Ukraynada inqilab nə üçün baş verdi? Xalqın yaşayış şəraitinin yaxşılaşması, yoxsa kiminsə mahnısının səslənməsi üçün?

Buradan daha bir sual yaranır: maydanda mitinq edənlər kimlər idi? Ukraynanın hazırkı hökumətinin bildirdiyinə görə, onlar əsasən gənclər idilər. Bəs, bu gənclər harada və hansı vəzifədə işləyirlər ki (yaxud oxuyurlar), bu qədər müddət ərzində Kiyevin mərkəzində yaşaya, nəticədə, iş və ya təhsil yerlərinə getməyə bilirlər? Daha da maraqlı məqam maydanda şaxtaçıların olub-olmamasıdır. Bəs, orada müəllimlər, böyük yük avtomobillərinin sürücüləri, çörəkçilər, elektriklər nə qədər idi? Maydanda sağıcı, aqronom, yəni əkinçilik sahəsinin təmsilçiləri də olubmu? Deyəsən, biz, həqiqətən də, tarixi hadisənin şahidi olmuşuq - müəyyən sayda insanların barrikadalar qurduğu, qalan insanların isə gündəlik işlərilə məşğul olduqları yeni xalq inqilabı forması.

Ukraynada yaşananlar Rusiyada 1917-ci ildə baş verənləri çox xatırladır. Həm inqilab Fevral inqilabıdır, həm müvəqqəti hökumət həddindən artıq müvəqqəti təsir bağışlayır, həm də büdcə boşdur... Yaranmış vəziyyətdən narazılığın nə vaxt baş qaldıracağını, daha qorxulusu isə, hərbi müdaxilənin olub-olmayacağını (Rusiya və ya NATO tərəfindən) proqnozlaşdırmaq çətindir. Kiyevin mərkəzində 100-dək insanın həlak olmasından, yüzlərlə insanın yaralanmasından sonra istənilən ssenarini mümkün saymaq olur.

Hazırda ölkədə hakimiyyət tamamilə desentralizasiya olunub.  Ukraynada anarxiyadır, bir çox şəhərlərin, xüsusilə cənub-şərqdə şəhər şuraları öz istədiklərini edir, ya Kiyevdə əyləşmiş yeni hakimiyyətin tərəfinə keçir, ya naməlum "yeni Ukrayna"ya, "Krıma" sadiq olduqlarını bildirir, ya da yardım üçün Rusiyaya müraciət edirlər. Ayrı-ayrı regionlar isə hətta Kiyevdən müstəqillik belə, istəyirlər.

Həqiqətən də, Ukraynada ikihakimiyyətliliyin hökm sürdüyünü demək, Rostov-na-Donuda "sığınacaq" tapmış Yanukoviçi həddindən artıq "şişirtmək" olardı. Yeri gəlmişkən, onun Rostovda keçirdiyi mətbuat konfransı insanlarda gülüşdən başqa heç nə yaratmadı. Devrilmiş prezident, əlbəttə ki, israrla öz legitimliyini nümayiş etdirməyə çalışırdı. Amma Yanukoviçin bu sözlərinə nəinki heç kim inanmadı, hətta ona, ümumiyyətlə, fikir verən belə, olmadı. Onun Kiyevə qayıtması üçün isə çətin ki, kimsə "müvafiq şərait" yaratsın. Rusiyanın baş naziri Dmitri Medvedyevin qeyd etdiyi kimi, Viktor Yanukoviçin nüfuzu "pratiki olaraq, yoxdur". Medvedyev hesab edir ki, Yanukoviç Ukrayna qarşısında günahkardırsa, Ukrayna qanunvericiliyində nəzərdə tutulmuş impiçment proseduru və məhkəmə prosesi baş verməlidir. Odur ki, hələlik Yanukoviç üçün Rostovu Haaqaya dəyişmək təhlükəsi yoxdur.

Hazırda "Batkivşşina" və "Sağçı sektor" faktiki olaraq, Ukraynanın aparıcı siyasi qüvvələrinə çevriliblər. Prezident səlahiyyətlərinin icraçısı, Ali Radanın spikeri Timoşenkonun yaxın  silahdaşı olan Aleksandr Turçinovdur. Partiyanın lideri Arseni Yasenyuk isə baş nazirdir. Daxili işlər naziri Arsen Avakov da onun yaxın silahdaşıdır. Aydındır ki, "boz kardinal" Yuliya Timoşenko hələ özünü siyasi hadisələrin mərkəzinə atmaq istəmir.  Güman ki, Timoşenko "kamikadzelər komandası"nın xalq nifrəti qarşısında yox olacağı, böhranın aradan qalxmaqda olduğunu göstərən ilk əlamətlərin seziləcəyi məqamı gözləyir. "The Daily Mail" qəzetindən olan ekspert Edvard Lukasın yazdığı kimi, qoroskoplara və ekstrasenslərə inanan Timoşenko özünü "Eva Peronun reikarnasiyası" sayır. Ona Marqaret Tetçerin şöhrəti də rahatlıq vermir və xanım Yuliya "dəmir ledi", "xalqın xilaskarı" rollarını öz üzərinə götürməyi çox istəyir.

Amma "hörüklü xanım" bu ssenarini həyata keçirə biləcəkmi? "Sağçı sektor"un təmsilçiləri sosial şəbəkələr vasitəsilə yaydıqları müraciətlərində maydana "Timoşenko, Turçinov, Yasenyuk və ya Kliçko uğrunda çıxmadıqlarını" bildirirlər.  Onlar sabiq baş nazirə yaxın 5 ildə siyasətə qarışmaması üçün müalicəsini haradasa Karlovı Varıda almasını məsləhət görürlər. 

Bəs, Vitali Kliçkonun UDAR partiyası? Yanukoviç rejiminin əsas opponenti nəsə gözə dəymir. Sanki, UDAR-ı bilərəkdən "kamikadzelər komandası"ndan kənarda saxlayırlar. Bu ləkələnməmiş qüvvə - maydanın qəhrəmanı oyuna bir müddət sonra qoşula bilər.  Digər məlumata görə, Kliçko mayın 25-nə təyin olunmuş növbədənkənar prezident seçkisində namizədliyini irəli sürmək fikrindədir.

Bütün bunların fonunda cansıxıcı əlamətlərdən biri də Ukrayna ordusunun kimə tabe olduğunun bilinməməsi, bəzi regionlarda fərarilik və təxris haqda müraciətlərin artıq kütləvi hal almasıdır. Ölkə ərazisinin bir hissəsində hərbçilər tanınma əlamətləri olmadan dolaşırlar. Onları ya "özünümüdafiə qüvvələri", ya da artıq Ukrayna ərazisinə daxil olmuş Rusiya desantı adlandırırlar. Bu hərbçilər yarımadada istər mülki, istərsə də hərbi obyektləri mühasirəyə alırlar. Ukrayna daxili işlər nazirinin səlahiyyətlərini  icra edən Andrey Deşşisa isə Rusiyanın Qara dəniz donanmasının Krımdan çıxarılmasının mümkün olduğunu bildirir. Artıq "Krım Hərbi Dəniz Qüvvələrinin yaradıldığına" dair məlumat da yayılıb.

Kiyev isə ümumi səfərbərlik elan edib. Prezident səlahiyyətlərini icra edən Aleksandr Turçinov Ukrayna Silahlı Qüvvələrinin tam hərbi hazırlıq vəziyyətinə gətirilməsi əmrini verib. Ukrayna hakimiyyətində nizamsızlığın olduğunu göstərən daha bir məqam: bir tərəfdən istənilən yolla məsələnin dinc yolla həllinə, yaxud NATO qoşunlarının köməyə çağırılmasına çağırışlar edilir, digər yandan isə Ukrayna millətçilərinin liderlərindən olan Dmitri Yaroş beynəlxalq terrorçu Doku Umarovdan kömək istəyir.

Ukraynanın nüvə statusunu geri qaytarmasına dair bəyanatlar da vəziyyətin nə qədər gərgin olduğunu göstərən daha bir məqamdır. Bu haqda fikir səsləndirənlər, guya, Kiyevin 3-6 ay ərzində bu statusunu bərpa edə biləcəyini söyləyirlər. Məsələ ondadır ki, 1994-cü ildə Ukrayna, ABŞ, Rusiya və Böyük Britaniya Budapeştdə Ukraynanın nüvə tərk-silahı haqda memorandum imzalayıblar. O zaman tərəflər Ukraynanın müstəqilliyinə, suverenliyinə, mövcud sərhədlərinə hörmətlə yanaşacaqlarına, ona iqtisadi təzyiqlər göstərməyəcəklərinə dair öhdəlik də götürüblər.

Bir şey aydındır ki, Ukraynada yaşananların necə nəticələnəcəyindən asılı olmayaraq, bundan sonra dünya əvvəlki dünya olmayacaq. BMT-nin yaradılmasından 70, "soyuq müharibə"nin başa çatmasından isə 25 il keçir. Amma görünən odur ki, beynəlxalq təhlükəsizlik sisteminə təcili olaraq, yenidən baxılmalıdır. Çünki nə qədər sənəd, beynəlxalq zəmanət və konvensiyalar qüvvədə olsa da, dünyada  ikili standartlar bitmək bilmir. İqtisadi təzyiqlərdən istifadə olunur, qətnamələrə bir çox hallarda əməl olunmur, müqavilələr pozulur, qloballaşma və multikulturalizm kimi proseslər isə bəzən acı nəticələr verir, radikal əhvalın meydana çıxmasına yol açır, özü də elə həddə gəlib çatır ki, imkanlı orta siniflə yoxsul mühacirlərin maraqları belə üst-üstə düşməyə başlayır. Təəssüf ki, hələ də riyakar hakimiyyət formullarının, sərt realizm ideyalarının tətbiqinin, hər bir dövlətin yalnız öz maraqlarını təmin etməyə çalışdığını görürük. Dövlət hakimiyyəti isə ilk növbədə, iqtisadiyyata ciddi nəzarətlə, həyat qabiliyyətli ideologiya və güclü ordu ilə təmin olunur. Siyasi və biznes elitası iqtisadiyyata, ideologiyaya və orduya nəzarəti itirirsə, ölkə "xırda pul"a çevrilir.

Təəssüf ki, insanların ayıldılması aktı bu dəfə, məhz, Ukraynanın payına düşdü - dinc, gözəl, çoxmillətli, zəngin mədəniyyətə və tarixə malik, təəssüf ki, Çernobıl AES-dəki qəza kimi faciəni yaşamış Ukraynanın. İndi Ukrayna və onunla yanaşı, hamımız özünəməxsus geosiyasi Çernobıl faciəsini yaşayırıq. Dünya dəyişir və hər zaman olduğu kimi, bu, çox qorxuludur.  Lap atom partlayışı kimi.



MƏSLƏHƏT GÖR:

713