15 Mart 2025

Şənbə, 00:38

"EUROVİSİON" BELƏSİNİ GÖRMƏMİŞDİ

Azərbaycan növbəti dəfə Avropaya gözəl mahnı və əla ifa hədiyyə etdi

Müəllif:

21.05.2013

Azərbaycan növbəti dəfə Avropaya gözəl mahnı və əla ifa hədiyyə etdi. İdeyanın əsasını sevgi və ehtiras təşkil edirdi. Şüşə düzbucaqlı konstruksiya - həyatın məntiqidir. Onun daxilində baş verənləri isə məntiqlə anlamaq mümkün deyil. Ehtiras və emosiya ilə dolu sevgi dünyanı alt-üst edir. Şəffaf konstruksiyanın daxilində  ruhun kölgəsi görünür - axı, biz aşiq olanda adi həyat çərçivəsindən çıxırıq. 

Və məsələ heç də əfsanəvi quruluşçu rejissor Fokas Yevangelinosun möhtəşəm nömrə hazırlamasında deyil. "Hold Me" mahnısının ifaçısı da inamlı çıxışı ilə yadda qaldı. Sanki bu gənc illərdir səhnədədir. Onun gözlərində təlaş, səsində isə əsəbi titrəmə yox idi. Fərid Məmmədov texniki baxımdan kifayət qədər çətin olan nömrədə gözəl plastika və xoreoqrafiya nümayiş etdirdi.

Səsvermənin sonunda Azərbaycan təmsilçisi ikinci yeri tutdu. O, özündən qabağa yalnız 20 yaşlı danimarkalı Emmeli de Foresti buraxdı. Müsabiqənin "bürünc"ünü isə ukraynalı Zlata Oqneviç əldə etdi.

 

Gözlənilən qələbə

"Eurovision-2013"ün qalibinin məhz Emmeli de Forest olacağını lap əvvəldən proqnozlaşdırırdılar. İki ən məşhur bukmeker kontorları - William Hill və Ladbrokes favorit kimi məhz onun adını çəkirdi.

Emmeli de Forest 9 yaşından kilsə xorunda oxuyub. 14 yaşında o, 4 il ərzində Danimarka ərazisində şotlandiyalı musiqiçi Nil Freyzer ilə qastrollara gedib, öz bəstələdiyi mahnıları oxuyub, Con Keşdən tutmuş "Nirvana"ya qədər müxtəlif hitlərinin folk və blyüz versiyalarını ifa edib. 2011-ci ildə Emmeli Kopenhagen Vokal Sənəti İnstitutuna qəbul olunub. İsveçli və danimarkalı ailəsində dünyaya göz açmış Emmeli həyatının böyük hissəsini İsveçdə keçirib. O, İsveç dilində sərbəst danışır və bu, Emmeliyə Malmödə böyük populyarlıq qazandırıb. Danimarka mətbuatı iddia edirdi ki, Emmeli de Forest Böyük Britaniyanın kral ailəsilə qohumluq əlaqələrinə malikdir. Guya,  onun babası kral VII Edvardın nikahdankənar oğlu olub. Lakin sonradan qəzetlər, güman ki, piar olan bu mövzuya bir də qayıtmadılar. Danimarkanın "Danimarka melodiyaları Qran-prisi" adlı seçmə mərhələsində Emmeli məşhur favoritləri xeyli üstələyib. Deyilirdi ki, adətən, ayaqyalın ifa edən gənc ifaçı "sadəlövh, saf görüntüsü ilə uşaqların qəlbini fəth edib". O, "Eurovision"un finalında ciddi, eyni zamanda effektiv nömrə ilə çıxış edib. Ayaqyalın Emmeli səhnəyə məşhur Su pərisi obrazında çıxıb. Onu müşayiət edən barabançılar və fleytaçılar da Hans Xristian Andersenin nağıl obrazlarında olublar.

 

"Xeyirxahlar"sız mümkün deyil

Bu il Avropanın ən populyar mahnı müsabiqəsini dünyanın müxtəlif ölkələrindən 120 milyondan artıq tamaşaçı izləyirdi. Azərbaycan səsvermədə 10 ölkədən ən yüksək - 12 xal aldı: Avstriya, İsrail, Macarıstan, Bolqarıstan, Rusiya, Malta, Yunanıstan, Çernoqoriya, Litva və Gürcüstan. Qalib Danimarkaya isə maksimal xalı cəmi 8 ölkə verdi. Güman ki, məhz bu məqam qısqanclığa, bəzən isə Azərbaycanın səsləri, guya, pulla aldığına dair ittihamlara yol açdı. Litvada, guya, insanların pulla ələ alındığını əks etdirən saxta videogörüntülər haqqında danışmaq belə, artıqdır. Çünki bu qədər ciddi ittiham irəli sürmək üçün "faktları" daha peşəkarcasına hazırlamaq olardı.

"Eurovision-2013" mahnı müsabiqəsində qazandığımız ikinciliklə bağlı bütün şübhələri aradan qaldırmaq üçün Fərid Məmmədovun çıxışına və səsvermənin nəticələrinə diqqətlə baxmaq kifayətdir. Bu zaman bəzi detallara xüsusi diqqət yetirmək lazımdır. Qalib Danimarkaya müsabiqədə iştirak edən ölkələr arasında yalnız San-Marino, ümumiyyətlə, xal verməyibsə, "xeyirxahların" iddia etdiyi kimi, az qala bütünlükdə Avropanı pulla almış Azərbaycana 9 ölkə xal verməyib. Danimarkaya 7 ölkə 10 xal veribsə, bizə 10 xal verən ölkələrin sayı cəmi 3-dür...

Ümumiyyətlə, layiq olduğumuz ikinciliyi qazanmağımıza niyə haqq qazandırmağa çalışmalıyıq ki? Dostlar, biz "Eurovision"da artıq qələbə qazanmışıq və daha bir qələbəyə ən azı maddi nöqteyi-nəzərindən o qədər də ehtiyacımız yoxdur. Bu il Türkiyə, Bosniya və Herseqovina, Çexiya, Polşa, Portuqaliya, Lixtenşteyn, Lüksemburq, Slovakiya və Kipr kimi ölkələr müsabiqəyə qatılmaqdan imtina edib. Türkiyə istisna olmaqla, digər ölkələrin hamısı bu qərarını iqtisadi çətinliklərlə əsaslanlandırıb. Hazırkı ağır dövrdə onlar yarışa qatılmamaqla qənaət etməyə üstünlük veriblər. Hər ölkənin yarışa qatılmaq üçün ödəməli olduğu məbləğ 100 min funt- sterlinqdir. Məsələn, ciddi iqtisadi böhran yaşayan Yunanıstan üçün bu, böyük puldur. Üstəlik, bir sıra Avropa ölkələri qələbə qazanacağından... ehtiyat edir: 2014-cü ildə "Eurovision"un təşkili ciddi xərclər tələb edəcək və bu, dövlət büdcəsinə baha başa gələcək. Bu il Azərbaycanın müsabiqəyə xüsusi diqqət göstərmədiyinin daha bir göstəricisi "Eurovision"da ifa olunan mahnıya klipin belə, çəkilməməsidir. Halbuki bu, ənənəvi hal sayılır.

Azərbaycanın "gümüş"ə layiq olduğunu bukmeker kontorlarının təsdiqini tapmış  proqnozları da təsdiqləyir. Builki yarımfinalda ilk beşliyə məhz bukmekerlərin proqnozlaşdırdığı ölkələr düşüb. Onların arasında Fərid Məmmədov da var idi.

Yeri gəlmişkən, Azərbaycanın "Eurovision"da iştirak etdiyi 6 ildə ilk beşlikdəki bütün pillələri tutmağımızı rəmzi məqam saymaq olar. İndiyədək bu müsabiqənin tarixində heç bir ölkə bu göstəriciyə sahib deyil.

Builki "Eurovision"la bağlı daha bir anlaşılmazlıq Azərbaycanın Rusiya təmsilçisinə verdiyi xallarla bağlıdır. Finaldan dərhal sonra elan edilmiş nəticələr həm Rusiyada, həm də Azərbaycanda çoxları üçün gözlənilməz oldu. Yaranmış vəziyyət Rusiya ictimaiyyətində incikliyə yol açdı. Azərbaycandan Rusiyaya bir xalın belə, verilməməsi elementar məntiqə sığmırdı. Ən azı ona görə ki, Azərbaycan MDB-də insanların övladlarını həvəslə rus məktəblərinə verdiyi azsaylı ölkələrdəndir. Bu, Azərbaycanda rus mədəniyyətinə böyük hörmətin olduğunun göstəricisidir. Rusiyalı müğənnilərin Bakıda təşkil olunan bütün konsertlərin anşlaqla keçdiyi məlumdur. Üstəlik, Rusiyanın "Eurovision-2013" təmsilçis, həqiqətən də, diqqətəlayiq ifaçı idi. Faktın Azərbaycanda anlaşılmazlıq yaratmasına səbəb olan daha bir neçə fakt sadalamaq olar. İş o yerə çatıb ki, Azərbaycan Prezidenti İlham Əliyev azərbaycanlıların Rusiyaya verdiyi xalların hara "itməsi"lə bağlı araşdırma aparılmasını tapşırıb. "Prezidentimiz məsələnin araşdırılmasını tapşırıb və hazırda bu istiqamətdə iş aparılır: Azərbaycandan Rusiyaya səslər verilib və müəyyən miqdarda səslər var. Məsələ ondadır ki, bu səslər Almaniyada hesablanır və yekun nəticə kimi oradan paylanılır", - deyə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.

Azərbaycan İctimai Televiziyasının direktoru Cəmil Quliyev isə bildirib ki, ölkənin mobil operatorlarından daxil olan məlumatlar rusiyalı ifaçı Dina Qaripovanın SMS səsverməsinin nəticələrinə əsasən, ikinci olduğunu göstərir. Bu isə sözsüz ki, Azərbaycanın səsverməsində Rusiyaya yüksək xal verilməsini təmin etməliydi. 

Qeyd edək ki, milli münsiflər heyəti də Rusiyaya yüksək xal verib.

Ümid edək ki, xoşagəlməz ab-hava yaratmış bu duruma tezliklə aydınlıq gətiriləcək. Bunda yalnız Azərbaycan və Rusiya deyil, Avropanın ən nüfuzlu mahnı müsabiqəsinin təşkilatçıları da maraqlı olmalıdırlar.

İstənilən halda, "Eurovision-2014" məşhur Su pərisinin vətəti olan Danimarkada keçiriləcək. Onun konkret hansı şəhərdə təşkil olunacağı bir aydan sonra müəyyənləşəcək. Hələliksə Avropa gənc Emmeli de Forestin layiqli qələbəsini bayram edir.



MƏSLƏHƏT GÖR:

499