Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
Narkomaniya aclıq və sağalmaz xəstəliklərlə birlikdə bu gün dünyanın əsas problemləri sırasındadır. Azərbaycanda rəsmən 28 min narkoman qeydiyyata alınıb və onların hamısı reabilitasiyaya ehtiyac duyurlar və təəssüf ki, müxtəlif səbəblərdən bu, hamıya nəsib olmur.
Xəstəlik
BMT-nin 2012-ci ilə olan məlumatına görə, dünyada 200 milyon narkoman var. Yeddi milyardlıq əhalinin bu təxminən 3%-i deməkdir. Və bu say durmadan artmaqdadır. Azərbaycanda da statistika az qorxuducu deyil. Dövlət Statistika Komitəsinin 2012-ci ilə olan məlumatına görə, rəsmi qeydiyyatda olan narkomanların sayı 27 900 nəfər olub. Səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib ki, hər il bu rəqəm 1000 nəfər artır. Təbii ki, burada söhbət rəsmi rəqəmlərdən gedir. Narkotik asılılıq olanların dəqiq sayını isə kimsə bilmir.
Bütün dünyada narkomanların əsas statistikasını yüngül narkotiklərin, əsasən marixuananın "həvəskarları" təşkil edirlər. Azərbaycanda isə əksinədir. Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə dövlət komissiyasının işçi qrupunun rəhbəri Araz Əliquliyev qeyd edir ki, burada qeydiyyatdan keçmişlərin əksəriyyəti ağır narkotik vasitələri istifadə edirlər. Bundan başqa, bu fəlakətli asılılığa düçar olmuşların kontingentində də bizim ölkədə güclü gəncləşmə gedir. Hələ 2011-ci ildə narkotik asılılıqların orta yaşı təxminən 30 yaş təşkil edirdisə, indi bizim ölkədə on yeddi yaşlılar da bu fəlakətli alışqanlığa düçar olublar.
Narkotik vasitə istifadəçilərinin kontingenti də dəyişib, - deyə "R+"la söhbətində Bakı şəhərinin baş narkoloqu Lüdmila Cəfərova bildirib. Əvvəllər narkomanların 90%-i imkanlı adamlar idi, preparatların bahalılığı nəzərə alınarsa, əks halda bu fəlakətli tələbatı necə təmin etmək mümkün olardı. İndi isə narkomaniya artıq orta sinifin, həmçinin yetərincə aztəminatlıların da arasında yayılıb. "Problem ondadır ki, dərmanlar bahalaşır, narkotiklər isə ucuzlaşır. Həm də bütün apteklərdə reseptsiz sərbəst satışda analgetik preparat "Lirika", göz damlaları "Tropin" var. Narkomanlar onları iynə üçün istifadə edirlər. Onları iynə kimi istifadənin nəticələri dəhşətlidir",- deyə Lüdmila xanım vurğulayır.
Bərpa
Narkomaniyanın müalicəsində əsas problem fiziki və psixoloji bərpa mərkəzlərinin olmamasıdır. "Dünyada narkomanların müalicəsində böyük rol onlarla psixoloji və psixoterapevtik işə ayrılır", - deyə Lüdmila Cəfərova bildirir. Bu zaman o vurğulayır ki, dəqiq deyilsə, heç kim tam "müalicəyə" zəmanət verə bilməz. "Bu, istənilən xroniki xəstəlik, şəkər diabeti, QİÇS və başqaları kimidir: düzgün dietə və uyğun həyat tərzinə riayət etdikdə bu xəstəliklərlə yetərincə uzun yaşamaq mümkündür". Bu narkomaniyaya da aiddir. "Belə halda biz uzunmüddətli remissiyadan danışırıq; onların fərqi yalnız ondadır ki, mən bunu öz pasientlərimə də deyirəm, onların qüsurunun inkişafı və ya dayandırılması öz əllərindədir". Narkoloq bu məsələdə əsas rolu ailəyə ayırır.
"Profilaktika, uşağın potensial təhlükələrə yaxın buraxılmaması da böyük önəm daşıyır. Amma burada qeyd etmək lazımdır ki, yaxınların bu xəstəliyə dözümlü yanaşması çox vaxt xoşagəlməz nəticələr verir: qohumları narkomanın öhdəsindən gələ bilmirlər, onun əməllərinə göz yumurlar, halına acıyaraq ona yeni doza üçün pul verirlər. Narkoman isə onlardan pul diləndiyinə ürəyində onlara nifrət edir və zəifliklərinə görə onlara həqarətlə baxır. Eyni zamanda valideynlərinin sərtliyi ilə rastlaşanda, o, istənilən halda, onlarla razılaşmağa məcburdur. Buna görə də valideynlər düzgün siyasət yürütmək üçün taktik olmalıdırlar", - deyə müsahibimiz vurğulayır.
Xəstələrin reabilitasiyasında önəmli vasitə yalnız fiziki əzablardan xilas etmək və normal maddələr mübadiləsini bərpa etmək deyil, həm də onlarla psixoloji işdir. Təəssüf ki, Azərbaycanda narkomaniyanın müalicəsi istiqamətli mütəxəssis psixoterapevtlər yoxdur. Narkomana real yardım göstərməyə qadir həkimlər də elə çox deyil. Bunun ucbatından xəstələrin müalicəyə və tamkeyfiyyətli həyata qayıtmağa ümidi azalır. Doktor Cəfərovanın statistikasına görə, xəstələrin 50-60%-də uzunmüddətli remissiya müşahidə edilir, onlar yenidən normal şəxsiyyətə çevrilirlər, sağlam həyat sürürlər, ailə qururlar.
Qərb ölkələrində reabilitasiya mərkəzləri geniş yayılıb. Onlarda gerçəkləşdirilən xüsusi tədbirlər vasitəsi ilə narkomaniyadan müalicə olunanları normal həyat tərzinə qaytarırlar. "Narkotiklərin yoxa çıxması ilə onların həyatında boşluq yaranır ki, bunu doldurmaq lazımdır. Bunun üçün onlar ağır fiziki əməklə məşğul olurlar; bundan başqa hər bir pasient üçün fərdi yanaşma tətbiq edilir, məsələn, rəssama rəsm çəkmək, musiqiçiyə musiqi bəstələmək üçün imkan yaradılır. Beləliklə, onlar yalnız əvvəlki bacarıqlarını qaytarmaqla yanaşı, yeni bacarıqlar da əldə edirlər ki, mərkəzdən xüsusi ixtisasla çıxsınlar və sürətlə normal həyata qayıtsınlar",- deyə narkoloq bildirir.
Azərbaycanda hələ belə praktika yoxdur. Dövlət orqanları da narkomanların tam keyfiyyətli reabilitasiyası proqramının qayğısına qalmalıdır. Bura bu fəlakətli alışqanlıqdan yaxa qurtarmağı fizioloji aspektləri ilə yanaşı, psixoloji aspektləri də daxil olmalıdır. "Öz uşaqlarınıza qarşı ayıq və diqqətli olun, narkomaniya elə bir bədbəxtlikdir ki, praktiki olaraq, istənilən qapını döyə bilər. Amma eyni zamanda unutmayın ki, bu problemin həlli xeyli dərəcədə də sizdən asılıdır", - deyə mütəxəssis bildirib.
Əgər narkoman regionda yaşayırsa, reabilitasiya ilə bağlı problemlər daha kəskin olur. Qardaşı narkoman olan Aytən bildirir: "Havanın necə olmasından asılı olmayaraq, biz səhər tezdən acqarına duraraq, terapiya üçün gedib növbə tutmalı idik. Narkoman, özü də QİÇS-ə tutulmuş üçün bu böyük sınaqdır". Aytənin sözlərinə görə, Sumqayıtın özündə narkoloji mərkəz olsa da, orada şərait dəhşətdir: preparatla yetərincə təchiz edilmir, tibbi personal çatışmır, həkimlər lazımi diqqət göstərmirlər. "Mənim qardaşım Respublika Narkoloji Dispanserində müalicə olunurdu. Amma orada da çox ağır idi. Həkim çatışmır. Bundan başqa, onlar xəstələrə diqqət göstərmirlər, onları taleyin və tibb bacılarının ümidinə buraxırlar. Tibb bacıları da elə çox deyil".
Tətbiq edilən terapiyaya gəldikdə isə, psixiatr-narkoloq Asif Kəngərlinin sözlərinə görə, metadon da daxil olmaqla, onun bütün növləri elə də təskinlikverici nəticələr vermir. "Preparatlar tutmalardan xilas edə, normal yuxunu daxili orqanların funksiyasını bərpa edə bilər, amma insanı asılılıqdan qurtara bilməz. Bundan ötrü insanın bütün iradəsi və kişiliyi lazımdır", - deyə həkim qeyd edir.
Yerli narkomaniyanın xüsusiyyətləri
Sirr deyil ki, şərq mentaliteti bizim cəmiyyətin həyatının çox sahələrində öz izini qoyur və narkotiklər də istisna deyil. Lüdmila xanımın sözlərinə görə, bizim düşüncə tərzimizin bir cəhəti odur ki, narkomanları nadir halda xəstə adam kimi qəbul edirlər, əksinə narkotik asılılığı olanları cəmiyyətdən çıxdaş sayırlar, məcburi şəkildə "narkoman" və "kriminal" sözləri arasında bərabərlik işarəsi qoyurlar. "Tam mənada bunu təkzib etmək mümkün deyil, narkotik asılılığı olan insanların çoxu çox vaxt kriminala sürüklənirlər, növbəti dozaya pul tapmaq üçün onlar oğurlamalı və hətta öldürməli olurlar", - deyə həkim aydınlıq gətirir.
Amma eyni zamanda ekspert qeyd edir ki, bizim şərq dəyərləri narkomanların evdə reabilitasiyası baxımından onlara yardım etməyə və çox yaxşı xidmət etməyə qadirdir. "Müxtəlif ölkələrdən, Qərbdən mənim yanıma həmkarlarım gəlir. Onlar heyran olurlar ki, çox vaxt bizdə narkomanlar cəmiyyətin tullantısına çevrilmirlər. Onlar evdə yaşayırlar, qərb düşüncə tərzinə görə heyrətamizdir ki, valideynləri onlara qarşı dözümlü davranırlar, təmiz saxlayırlar, hətta müalicə etdirmək istəyirlər. Elə olur ki, yetmiş yaşlı qocalar az qala qırx yaşlı oğullarını müalicəyə gətirirlər. Bu, çox müsbət faktdır", - deyə narkoloq bildirir. Qərbdə belə qəbul olunub ki, uşaq on səkkiz yaşı çatanda ailədən gedir, narkomanlar daha çox qrup halında kənarlarda toplaşırlar, toplumdan kənar yaşayırlar. Təbii ki, belə şəraitdə onları oradan çıxarmaq çətindir.
Həkimin fikrincə, ailə və onun dəstəyi narkomaniyadan müalicə məsələləri ilə yanaşı, onun profilaktikasında da əsas rol oynayır. "Narkomanlar üçün bu həyata necə düşdüklərini danışmağa ehtiyac duyurlar, doğmaları isə çox vaxt bu açıqlamalardan dəhşətə gəlirlər və heç də həmişə bunu eşitməyə hazır deyillər. Əslində isə narkotikdən asılı yaxınlar nəsə danışmaq istəyəndə hər şeyi dinləmək lazımdır",- deyə həkim vurğulayır.
MƏSLƏHƏT GÖR: