25 Noyabr 2024

Bazar ertəsi, 09:19

ƏZİZ XATİRƏSİNƏ HƏSR OLUNUR

"Bakıelektrikşəbəkə" ASC ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar bir sıra tədbirlər həyata keçirib

Müəllif:

21.05.2013

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda geniş şəkildə qeyd olunan 90 illik yubileyi ictimai-mədəni xarakterli bir çox tədbirlərin təşkilinə stimul verib. Hər bir təşkilat, müəssisə, struktur yalnız parlaq, təntənəli bayram təşkil etməklə kifayətlənməyib, humanitar, sosial istiqamətli tədbirlər də təşkil edib. Axı, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün illərdə əsas hədəfi respublikanı ümumilikdə inkişaf etdirmək, vətəndaşların həyat şəraitini yaxşılaşdırmaq, onun qeydinə qalmaq olub.

Bu baxımdan, "Bakıelektrikşəbəkə" ASC-nin təşkil etdiyi silsilə tədbirləri xüsusi qeyd etmək lazımdır. Qurum ümummilli liderin yubileyilə bağlı talassemiyalı xəstələrə qanvermə aksiyası, həvəskarlar arasında futbol turniri, gənc rəssamların rəsm müsabiqəsi və "Heydər Əliyev - Azərbaycanın müstəqil enerji sisteminin banisi" adlı konfrans təşkil edib.

Heydər Əliyevin adı Azərbaycan iqtisadiyyatının bütün sahələrinin inkişafı ilə birbaşa bağlıdır. Elektrik enerjisi sektoruna gəlincə, məhz ümummilli liderin ölkəyə ilk rəhbərliyi dövründə yeni elektrik stansiyalarının tikintisi sahəsində həyata keçirdiyi işlər bu gün respublikanın elektrik enerjisi idxalçısından ixracatçısına çevrilməsinə imkan verib.

Məhz Heydər Əliyev Bakı şəhərinin elektrik şəbəkəsinin genişləndirilməsinə imkan yaradıb, "Abşeron", "Xırdalan", "Müşfiq", "Nizami", "Hövsan", "Binəqədi", № 205, 203 (BTK), ETK-4, "Radiozavod", "Həzi Aslanov", "BMKZ", "Yasamal-1", "Yasamal-2", "Dağlıq" və sair kimi podstansiyaların tikintisinə köməklik göstərib.

"Bakıelektrikşəbəkə" ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev bildirir ki, Heydər Əliyev 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra da ölkənin elektrik enerjisi sektorunun inkişafına xüsusi diqqət göstərib: ümummilli liderin göstərişi ilə elektrik şəbəkələrinin müasirləşdirilməsi onun 1990-cı ildə 4503 MVt olan gücünün 1998-ci ildə 4933,1 MVt-a çatdırılmasına imkan verib.

Heydər  Əliyevin şəxsi təşəbbüsü və bilavasitə nəzarətiylə  ölkəyə rəhbərlik etdiyi  hər iki dövrdə Azərbaycanın enerji sistemində, təxminən, 3500 MVt generasiya gücləri və 70 min kilometr ötürücü xətlər istismara verilib. Bundan başqa, elektrik enerjisi istehsalı 1,8 dəfə artaraq 1970-ci ildə 12 027 milyon kVt/s-dan 2000-ci ildə 21 286 kVt/s-ya çatıb.

"Bakıelektrikşəbəkə"nin "Heydər Əliyev - Azərbaycanın müstəqil enerji sisteminin banisi" mövzusunda təşkil etdiyi konfransında da ölkədə, xüsusilə Bakıda elektrik enerjisinin istehsalı və bölüşdürülməsi sahəsində əldə edilmiş bu uğurlardan danışılıb. Konfransda Azərbaycanda elektrik enerjisi sahəsində fəaliyyət göstərən aparıcı şirkətlər (Caspian Energy Engineering, Legrand, Tyco Electronics, "Bauer", "Schneider Electric", "SCS" və s.), həmçinin yerli şirkətlərin rəhbərləri, ali məktəblərin və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

Qurumun müasir Tədris Mərkəzində keçirilən konfransında çıxış edənlər Heydər Əliyevin həyatı haqqında müxtəlif hadisə və faktlar əsasında danışaraq onun Azərbaycan dövlətinin qurulmasında, iqtisadiyyatının və rifahının təminindəki rolunu qeyd edib, elektrik enerjisi sektorunun inkişafı sahəsindəki fəaliyyətindən bəhs ediblər. Daha sonra "Bakıelektrikşəbəkə" ASC tərəfindən hazırlanmış sənədli film nümayiş olunub. Filmdə Heydər       Əliyevin həyatının müxtəlif illərini, onun həyat yolunu, Azərbaycanın çiçəklənməsi uğrunda göstərdiyi fəaliyyəti özündə əks etdirən maraqlı və nadir fotolar, şəkillər yer alıb.

"Bakıelektrikşəbəkə" ASC-nin idarə heyəti sədrinin müavini Zaur Hüseynovun Heydər Əliyevin həyatı haqda səsləndirdiyi faktlar da qonaqlarda böyük marağa səbəb olub: Rusiyada "Exo Moskvı" radiosunun "2012-ci ilin dahisi" mövzusunda apardığı sorğuya qatılan respondentlərin əksəriyyəti birinci yerdə Heydər  Əliyevin adını çəkib.

"Ümummilli liderin həyatına aid faktlar və hadisələrlə tanış olduqda anlayırsan ki, parlaq diplomatik bacarıqla, analitik düşüncə tərzi, eləcə də rəhbərlik istedadı, natiqlik məharətilə yanaşı, Heydər Əliyevə güclü yumor hissi də xas idi", - deyə Zaur Hüseynov bildirib.

 

Sosial-mədəni tədbir

Artıq qeyd edildiyi kimi, "Bakıelektrikşəbəkə" ASC Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar, bir sıra çox maraqlı humanitar aksiyalar, sosial-mədəni tədbirlər təşkil edib.

İstənilən kampaniyanın əsasında  "İnsanların sağlamlığı hər şeydən önəmlidir" şüarı dayanmalıdır. Bu insanpərvər  prinsipə "Bakıelektrikşəbəkə" ASC-də sadiqdir. Qurumun əməkdaşları bu prinsipə əsaslanaraq  talassemiyalı xəstələrə könüllü qanvermə aksiyası keçiriblər.

Bundan başqa, aprelin 13-21-də Bakının müxtəlif rayon və qəsəbələrindən olan gənclərdən ibarət həvəskar komandalar arasında təşkil edilmiş futbol turniri də gənclər tərəfindən böyük maraqla qarşılanıb. Turnir Xəzər rayonundakı "Zirə" idman kompleksində AFFA nümayəndələrinin də iştirakı ilə keçirilib. Turnirin açılış mərasimində çıxış edən "Bakıelektrikşəbəkə" ASC-nin İnsan resurslarının və xidmətlərin idarə olunması idarəsinin rəhbəri Tərlan Dadaşov Heydər Əliyevin fəaliyyətindən söz açıb, onun strateji kursunun Prezident İlham   Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın müxtəlif sahələrdə, xüsusilə idmanda daha yüksək nailiyyətlər əldə etdiyini söyləyib. İdmançılarımızın müxtəlif yarışlardakı uğurları, xüsusilə Olimpiya Oyunlarında qazanılan qızıl və gümüş medallar bunun parlaq göstəricisidir.

Turnirdə 8 komanda iştirak edib. Finalda "Hövsan" və "Zirə" komandaları qarşılaşıb və matç kifayət qədər maraqlı alınıb. Qarşılaşmanın əsas və əlavə vaxtı heç-heçə bitdiyindən çempion penalti zərbələrilə müəyyənləşib. Sonda "Zirə" rəqibini 4:2 hesabı ilə məğlub edərək qalib gəlib.

İkinci  yer  müvafiq olaraq "Hövsan", üçüncülük isə "Sabunçu" gənclərinə qismət olub. Turnirin Təşkilat Komitəsi yarışın ən yaxşı qapıçısı, ən yaxşı oyunçusu və ən yaxşı bombardirini də elan edib. Turnirdə ilk 3 pilləni tutmuş komandaların üzvləri təşkilatçılar tərəfindən fəxri fərman və pul mükafatı ilə təltif olunublar.

Ölkənin yaradıcılıq həyatında "Bakıelektrikşəbəkə" ASC-nin gənc rəssamlar (18-35 yaş) arasında təşkil etdiyi rəsm müsabiqəsi (yağlı boya ilə çəkilmiş əsərlər, qrafika, dekorativ tətbiqi incəsənət) də böyük hadisə olub. "Heydər Əliyev - müstəqil Azərbaycanın memarı" mövzusunda təşkil olunmuş müsabiqə Səttar Bəhlulzadə adına mərkəzi Sərgi Zalında keçirilib.  Müsabiqədə çıxış edən "Bakıelektrikşəbəkə" ASC-nin rəhbəri Baba Rzayev bu hadisənin önəmini qeyd edib: "Əhalinin elektrik enerjisilə təmin edilməsi kollektivimizin birbaşa borcudur. Amma ölkənin gənc istedadlarının qəlbindəki nuru üzə çıxarmaq da az əhəmiyyət daşıyan məsələ deyil. Düşünürəm ki, biz buna nail olmuşuq. Gələcəkdə bu rəsmlər müəssisəmizin muzeyini bəzəyəcək".

Azərbaycanın xalq rəssamı Tahir Salahov gənc rəssamların əl işlərindən razı qalıb: "Bu önəmli hadisə Azərbaycan xalqının istedadına səmimi olaraq inanmış insanın yubileyi ilə əlaqədar təşkil olunub. Bu insan incəsənət mesenatı, poeziyanın, musiqinin, əsl sənətin böyük pərəstişkarı idi. Heydər Əliyev rəssamları ən fədakar insanlar adlandırırdı. Çünki bu insanlar daimi alqışlara öyrəncəli deyillər və onlara hörmət-izzət də, təəssüf ki, bəzən, çox gec gəlib çatır və artıq heç özlərinin də bundan xəbəri olmur".

Müsabiqəyə 48 rəsm əsəri təqdim olunmuşdu. Onlardan 24-ü boya ilə çəkilmiş rəsm, 24-ü qrafika, 11-i isə dekorativ tətbiqi incəsənət nümunəsi idi. Rəsmlərdə Heydər Əliyevin Azərbaycanın çiçəklənməsi, müstəqilliyinin möhkəmlənməsi, sosial-iqtisadi inkişaf konsepsiyası, neft strategiyası sahəsindəki fəaliyyəti əks olunub.

Yarışın qalibləri rəsm əsərinin yaradılmasındakı peşəkarlıqları nəzərə alınmaqla,  əlbəttə ki, şəffaflıq prinsipi ilə müəyyənləşdirilib. Münsiflər heyətinin qərarına əsasən, ilk yerləri Ayan Əziz ("Mənim Azərbaycanım" əsəri), Turan Muxtarzadə ("Heydər Əliyev") və Nizar Məmmədov ("Simfoniya") tutublar. 48 işin 23-nün sərgilənməsi qərara alınıb. Bakıdakı sərgi başa çatdıqdan sonra əsərlər İstanbulun Dolmabağça muzeyinin qalereyasında, həmçinin Almaniyanın müxtəlif qalereyalarında da nümayiş etdiriləcək.

Bir sözlə, "Bakıelektrikşəbəkə" ASC təşkil etdiyi tədbirlərlə Heydər Əliyev tərəfindən əsası qoyulmuş strateji kursa - Azərbaycanda idmanın və mədəniyyətin dəstəklənməsi kursuna sadiq olduğunu bir daha göstərib. Bu, ümummilli liderin xatirəsinin əbədiləşdirilməsi işinə ən yaxşı töhfələrdən  biridir.



MƏSLƏHƏT GÖR:

590