
REYHANLININ QORXULU ƏLAMƏTLƏRİ
Türkiyədə törədilən terror aktları Suriyaya kənar hərbi müdaxilə üçün dönüş anı ola bilər
Müəllif: Natiq NAZİMOĞLU Bakı
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri başa çatdı. Suriya prezidenti Bəşər Əsədin dərhal hakimiyyətdən getməsini tələb edən "Suriyanın dostları" arasında daha fəal olan Vaşinqton və Ankara artıq bu ölkəyə kənar hərbi müdaxilənin mümkün olduğuna açıq eyham vururlar.
Ankara ilə ABŞ-ın Suriya ilə bağlı mövqeyində bu qədər sərt dəyişikliyə Türkiyənin Reyhanlı şəhərində törədilmiş terror aktları səbəb olub. Qeyd edək ki, ölkənin cənubunda, Suriya ilə sərhəddə yerləşən bu şəhərdə törədilmiş terror aktları 50 nəfərin həyatına son qoyub, 155 insan yaralanıb.
Rəsmi Ankara dərhal baş verənlərdə Suriya xüsusi xidmət orqanlarını günahlandırıb. Baş nazir Rəcəb Tayyib Ərdoğan deyib: "Terror aktları Suriya rejimi ilə tam bağlıdır. Bu, Türkiyədəki suriyalı qaçqınlara yönəlmiş təxribatdır".
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu isə Reyhanlıda törədilmiş partlayışlara cavab olaraq istənilən vasitəyə əl atmaq hüququnu özlərində saxladıqlarını bildirib.
Dəməşq isə ittihamları rədd edir. Suriya hökuməti, hətta terror aktları ilə bağlı araşdırmanın aparılmasında Ankaraya yardım etməyə hazır olduğunu bəyan edib. Lakin Türkiyənin baş naziri Dəməşqin bu təklifini rədd edib: "Bizi bu rejimlə birləşdirən heç nə yoxdur".
Reyhanlıda terror aktının Ərdoğanın ABŞ səfəri ərəfəsində törədilməsi diqqət çəkən məqamdır. Türkiyənin "Hürriyet" qəzeti yazır ki, bununla əlaqədar olaraq, "Ərdoğanın ABŞ-a səfəri daha böyük əhəmiyyət daşıyır. Səfər çərçivəsində beynəlxalq ictimaiyyətin Suriya ilə bağlı atacağı addımlar razılaşdırılmalıdır".
Həqiqətən də, Reyhanlı faciəsi Türkiyə baş nazirinin Amerika səfərinə xüsusi ton verdi. Səfərin nəticələri bu partlayışların Suriyaya kənar hərbi müdaxilə üçün dönüş nöqtəsi ola biləcəyini düşünməyə imkan verir.
Türkiyənin baş naziri Ərdoğan və ABŞ prezidenti Barak Obama ölkələrinin Suriya ilə bağlı mövqeyini bir daha təsdiqləyiblər: Bəşər Əsəd siyasi arenadan getməlidir. "Biz Əsəd rejiminə təzyiqlərin artırılması və Suriya müxalifəti ilə işləmək haqda razılığa gəldik... Biz hesab edirik ki, Əsəd getməlidir", - deyə Obama qeyd edib. Bununla yanaşı, ABŞ prezidenti ölkəsinin Suriya münaqişəsinin həlli üçün həm diplomatik, həm də hərbi addımlar atmaq hüququnu özündə saxladığını bəyan edib. Onun fikrincə, Suriyada indiyədək on minlərlə insanın dünyasını dəyişməsi dünya ictimaiyyətinin bu ölkədəki münaqişənin həllilə bağlı tədbir görməsi üçün kifayətdir.
Ərdoğan isə öz növbəsində Suriya məsələsində ABŞ-la Türkiyə arasında heç bir fikir ayrılığının olmadığını bildirib.
Dünya KİV-nin Obama-Ərdoğan görüşü haqda yazdıqlarından belə qənaətə gəlmək olar ki, Ankara ilə Vaşinqton Suriya rejiminin hərbi mövqelərini ciddi şəkildə zəiflədəcək bir sıra addımlar atmaq fikrindədirlər. Güman ki, söhbət Suryia ilə həmsərhəd rayonların uçuşsuz zona elan edilməsindən, Suriya müxalifətinin birləşmələrinə daha fəal dəstək verilməsindən, onların silahla təchizatından gedir. Türkiyənin Suriyaya qarşı "qisas aksiyası" həyata keçirmək qərarına gələcəyi təqdirdə, ABŞ-ın onu dəstəkləyəcəyi də istisna deyil.
Bəzi türkiyəli analitiklər isə Ankaranın Suriya ilə silahlı münaqişəyə getməyəcəyini düşünür. Onların fikrincə, Türkiyə yalnız Suriyaya qarşı ABŞ və NATO ilə birlikdə addımlar atmağa çalışacaq.
İstənilən halda, aydındır ki, Reyhanlıda törədilmiş terror aktlarının təşkilində Dəməşqin ittiham olunması Əsəd rejiminə xarici təzyiqlərin artırılması və Suryiadaxili münaqişəyə birbaşa müdaxilə edilməsi üçün optimal vasitədir. Suriya rejimi ilə mübarizədə Qərb liderlərinin Dəməşqi kimyəvi silahdan istifadədə ittiham etməsilə müqayisədə "terrorçuluq fəaliyyəti" daha ciddi arqumentdir.
Türkiyənin məsələ ilə bağlı mövqeyinin sərtləşməsinə gəlincə, yəqin ki, Ankaranın Suriya hökumət qüvvələrinin mövqelərinə zərbələrin endirilməsi işində az qala əsas alət olmaq niyyətinin (və ya buna razılıq verməsinin) arxasında onun müəyyən maraqları dayanır. Ankara Qərbdən, ilk növbədə isə, ABŞ-dan sonradan "Suriya piroqu"nun bölüşdürülməsi zamanı onun da maraqlarının nəzərə alınacağına qəti zəmanət əldə etmək istəyir. Söhbət yalnız maddi-iqtisadi məsələlərdən yox, həm də kürd problemilə bağlı məqamdan gedir. Türkiyə Suriyanın əhalisi kürd olan rayonlarının suverenliyinə yol verilməməsini vacib hesab edir.
İstənilən halda, son hadisələr Suriya böhranının aradan qaldırılması üçün beynəlxalq konfransın keçirilməsi imkanlarını ciddi şübhə altına qoyub. Xatırladaq ki, belə konfransın keçirilməsinə dair razılıq ABŞ dövlət katibi Con Kerrinin Rusiyaya bu yaxınlarda etdiyi səfər zamanı əldə olunmuşdu. Konfransın təşkilində məqsəd Suriyada "bütünlükdə Suriya xalqının razılığına əsaslanaraq" keçid hökumətinin formalaşdırılması yollarının müzakirə edilməsi idi. Məsələ Böyük Britaniyanın baş naziri Devid Kemeronun Rusiyaya səfəri zamanı da müzakirə olunmuşdu. Həmin səfər zamanı Kemeron Amerika ilə Rusiyanın beynəlxalq konfransın təşkili təklifinə dəstək də vermişdi. Lakin Qərbin Ərdoğanın ABŞ səfəri zamanı da təsdiqlənən tələbi - Bəşər Əsədin dərhal istefa verməsi - faktiki olaraq, "Suriya xalqının iradəsinə uyğun olaraq" hər hansı qərarın çıxarılması üçün foruma heç bir şans yeri qoymur.
ABŞ və onun "Suriyanın dostları" qrupundakı müttəfiqləri Suriya düyününün açılması prosesini sürətləndirməkdə israrlıdırlar. Bu düyün son zamanlar Suriya hökumət qüvvələrinin silahlı müxalifət üzərində üstünlüyü getdikcə daha ciddi şəkildə ələ alması ilə antiəsəd koalisiyası üçün daha da çətinləşib. İndi ABŞ prezidentinin Suriya probleminin həlli üçün hərbi yola da əl ata biləcəklərini açıqlamasının nə ilə nəticələnəcəyi yaxın zamanlarda məlum olacaq. Hələlik bir şey aydındır ki, Suriyada baş verənlər Britaniyanın baş naziri Kemeronun bir fikrini təsdiqləyir: "Suriyanın tarixi xalqın qanı ilə yazılır".
MƏSLƏHƏT GÖR: