15 Mart 2025

Şənbə, 00:37

KÖHNƏ HADİSƏ HAQDA YENİ NAĞILLAR

Qondarma erməni soyqırımının yüzüncü ildönümü ərəfəsində erməniliyin çirkin niyyəti üzə çıxmış oldu - Türkiyədən maddi kompensasiya və ona qarşı ərazi iddiaları irəli sürmək!

Müəllif:

21.05.2013

Hər il aprelin sonlarında guya 1915-ci ildə baş vermiş qondarma "erməni soyqırımı"nın tanınması istiqamətində fəallığın artması bu il həmişəki qədər hiss edilmədi. Bunun bir neçə səbəbi var: regional və beynəlxalq siyasi arenada Türkiyə ilə Azərbaycanın əhəmiyyətinin artması; Türkiyə ilə  ABŞ-ın yaxınlaşması; Türkiyənin İsraillə və müvafiq olaraq yəhudi lobbisi ilə münasibətlərinin yenidən ilıqlanması və s.

Prezident Obama aprelin 24-dəki ənənəvi müraciətində yenə "soyqırımı" sözünü işlətməsə də, "milyon yarım erməninin Osmanlı İmperiyası tərəfindən kütləvi qətliama məruz qaldığını" söyləyib. Ağ Ev sahibinin bu fikri Ankaranın təəssüfünə səbəb olub. Türkiyənin Xarici İşlər Nazirliyi bu bəyanatı "mübahisəli tarixi hadisələrə birtərəfli şərh" kimi qiymətləndirib.

Bununla yanaşı, ABŞ parlamentinin hər iki palatasının xarici məsələlər komitələrində "erməni soyqırımı"nın tanınması məqsədilə hər hansı bir qanun layihəsi hazırlanmayıb.

Fikrimizcə, bu il "erməni soyqırımı" məsələsi ətrafında ajiotajın olmamasının əsas səbəblərindən biri dünya erməniliyinin bütün gücünü hadisənin 2015-ci ildə qeyd olunacaq 100 illiyinə yönəltməsidir.

Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, 2015-ci il ermənilik üçün qarşıya qoyulmuş hədəflərə nail olunması baxımından son tarix deyil. Əksinə, bu il onların genişmiqyaslı təbliğat müharibəsinə start verdikləri il olacaq. Nəticədə, Türkiyə beynəlxalq arenada görünməmiş təzyiqlərlə üzləşəcək. İndiyədək ermənilik ayrı-ayrı ölkələrdə çalışır, həmin ölkələrin rəhbərliyindəki antitürk və ermənipərəst qüvvələr bu prosesə qoşulurdusa, indi bütünlükdə dünya ictimaiyyətində antitürk əhvalının yaradılmasına nail olunması üçün ümumi səfərbərlik elan olunacaq. Bu proseslərin piki isə, güman ki, Türkiyə Cümhuriyyətinin 100 illiyinə - 2023-cü ilə təsadüf edəcək.

 

Yüzillik avantüranın tarixi

XX yüzilliyin ilk yarısında ermənilik quya Osmanlı Türkiyəsində Birinci Dünya müharibəsi zamanı erməni xalqının soyqırımına məruz qaldığına dair saxtakarlığı "əsaslandırmaq" üçün "elmi" əsas hazırladı.

Psevdoalimlər "gənc türklər" hökumətinin ermənilərə münasibətdə çox sərt olduğunu sübut etməyə çalışırdılar. Amma bu zaman onlar erməni terrorçuları və Osmanlı İmperiyasının əleyhdarlarından ibarət qeyri-nizami ordu tərəfindən saysız-hesabsız müsəlman əhalinin qətlə yetirilməsi haqda susurdular.

Ötən əsrin 70-ci illərinin əvvəllərində erməni və ermənipərəst saxtakarların köməkliyi ilə "soyqırımı" haqqında mifin yaradılması işində yeni mərhələyə start verildi. Bu mərhələ qanlı qisas aksiyaları, yəni terror vasitəsilə diqqətin "iztirablı" erməni xalqına cəlb olunmasına yönəlmişdi.

1973-cü ildən başlayaraq, 80-ci illərin sonunadək beynəlxalq erməni terrorizmi ASALA və CSAQ kimi təşkilatların vasitəsilə türk diplomatlarına və dövlət rəsmilərinə yüzlərlə hücum təşkil edildi. Bu terror hücumlarının məqsədi dünya ictimaiyyətinə "erməni soyqırımı"nın xatırladılması idi.

Terrorçu təşkilatların məhv edilməsindən sonra ermənilik fəaliyyət istiqamətini dəyişdi. 1990-cı illərin ortalarında biz dünya ölkələrinin 1915-ci il hadisələrini soyqırımı kimi tanımasına yönəlmiş siyasi aksiyaların şahidi olduq. Bu məqsədlə erməni diasporu xüsusi təşkilatlar yaratdı və ayrı-ayrı ölkələrdə onların fəaliyyəti kifayət qədər uğurlu alındı.

 

"Xatırlamaq, xatırlatmaq, tələb etmək" 

Erməni millətçilərinin "soyqırımı"nı yüz illiyi ərəfəsindəki strategiyasına qayıdaraq qeyd etmək lazımdır ki, onlar eyni vaxtda bir neçə istiqamətdə fəaliyyət göstərirlər.

İlk növbədə bu, Xolokostun inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanuna uyğun qanunların qəbulu məqsədilə kampaniyanın aparılmasıdır.

Belə qanun yalnız İsveçrədə qəbul edilib. Ötən il onun Fransada da təkrarlanması cəhdi iflasa uğrayıb. Lakin qanun layihəsinin müəllifi Valeri Buaye Azərbaycanın işğal altındakı ərazilərinə etdiyi qeyri-qanuni səfəri zamanı bildirib ki, onlar "Avropa Parlamentinin deputatları ilə birlikdə məsələnin yenidən qaldırılması üçün səyləri davam etdirəcəklər".

"Soyqırımı"nın tanınması və buna görə üzr istənilməsi tələbilə Türkiyə rəhbərliyi və ictimaiyyətinə təzyiqlərin artdığı da müşahidə olunur. Bu mənada 2000-ci ildə Türkiyə ziyalılarının bəzi marginal nümayəndələrinin (onların arasında erməni əsillilərin sayı heç də az deyil) ermənilərdən üzr istənilməsi kampaniyasına başlaması, həmçinin zaman-zaman Ermənistanla münasibətlərin normallaşdırılması, sərhədlərin açılması siyasətinin aktuallaşması da sadəcə erməniliyin strategiyasıdır.

Erməni təşkilatlarının ABŞ prezidentinin "soyqırımı" sözünü işlətməməsindən narazılığı, "soyqırımı"n inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunun qəbuluna cəhdləri, Türkiyə rəhbərliyini guya "tarixi ədalətin zəfər çalması" üçün 100 il əvvəl baş vermiş hadisəyə görə ermənilərdən üzr istəməyə çağırmasında məqsəd birdir: qondarma soyqırımının qanuniləşdirilməsi.

"Soyqırımı" anlayışı hər şeydən əvvəl hüquqi termindir və müvafiq olaraq, onun qəbulu özü ilə hüquqi məsuliyyət də gətirəcək. Məhz bu yerdə erməniliyin əsas məqsədi aydın olur - Türkiyədən pul təzminatının tələb edilməsi və ərazi iddialarının təmini...

Erməniliyin məqsədi "tarixi ədalətin zəfər çalması" və ya faciə qurbanlarının xatirəsinə hörmət yox, məhz bu iki məsələdir.

Xatırladaq ki, Ermənistan rəhbərliyi tərəfindən Türkiyəyə ərazi iddiaları əvvəllər də irəli sürülüb. 2011-ci il iyulun 23-də Ermənistan prezidenti Serj Sarqsyan Saxkadzorda (1947-ci ilədək -  Dərəçiçək) "Qərbi Ermənistan"ın (Şərqi Anadolu) geri qaytarılması ilə bağlı sualı belə cavablandırıb: "Bütün bunlar gələcək nəsildən asılıdır". Sarqsyan bununla Ermənistan gənclərini faktiki olaraq, Türkiyənin beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazisinin bir hissəsini işğal etməyə səsləyib.

Ərazi və maddi tələblər haqda "erməni soyqırımı"nın 100 illiyi ilə bağlı tədbirlərin koordinasiyası üzrə ümumerməni komissiyasının bu günlərdə İrəvanda keçirilmiş iclasında da açıq şəkildə danışılıb.

Xatırladaq ki, bu komissiya Ermənistanda iki il əvvəl yaradılıb. Ermənistan və separatçı "Dağlıq Qarabağ respublikası"nın rəhbərləri, dini liderlər və əsas siyasi qurumların, xeyriyyəçi və mədəni diaspor təşkilatlarının üzvləri bu komissiyada təmsil olunurlar. Ayrı-ayrı yerlərdə yerli komitələr də yaradılıb. Komitə üzvləri bu yaxınlarda İrəvanda bir araya gələrək xüsusi proqramın hazırlanması ilə məşğul olublar. O, mayın 30-da ümumerməni komissiyasının iclasına təqdim edilməlidir.

Bu toplantıda ayrı-ayrı ictimai xadimlərin çıxışları və bəyanatları erməniliyin 2015-2023-cü illər üçün hansı strategiyanı hazırladığını açıq şəkildə göstərir.

Məsələn, toplantıya sədrlik edən Kilikiya Katolikosu I Aram  bu strategiyanı 3 sözlə ifadə edib: "Xatırlamaq, xatırlatmaq və tələb etmək". Kompensasiya tələbinə də əhəmiyyət verilməli olduğunu deyən I Aram ötən il təşkil edilmiş, Türkiyəyə təzyiqlərin hüquqi yollarının müzakirə edildiyi  "Tanınmaqdan ödəməyə" forumunu  xatırladıb.

Komissiyanın katibi Ayk Demoyanın da fikirləri maraqlıdır: "Bilirik ki, erməni soyqırımının bəzi nəticələrilə bağlı heç nə edə bilmərik - qurbanlar, kilsələrin dağıdılması və s. Əsas məsələ ərazilərin itirilməsidir".

Beləliklə, erməniliyin əsas məqsədi göz qarşısındadır - kompensasiya şəklində ciddi məbləğ və ərazilər. Son illər ayrı-ayrı erməni komitələrinin, həmçinin fiziki şəxslərin xüsusilə Amerikanın məhkəmə orqanlarına bu mövzuda ünvanladıqları iddiaların sayı artıb. Onlar XX əsrin əvvəllərində Osmanlı İmperiyasında maddi zərərə məruz qaldıqlarını iddia edirlər. Əvvəllər bu iddialar absurd olduğu üçün təmin edilmirdisə, indi daha yüksək məhkəmə instansiyalarına müraciətlər hazırlanır. Ayk Demoyanın sözlərinə görə, Ermənistanın məsələ ilə bağlı Beynəlxalq Məhkəməyə müraciət edəcəyi də istisna deyil. Həmin iddiada ərazi iddiaları ilə yanaşı, maddi təzminat da tələb oluna bilər.

Aprelin 24-də isə ermənilərin iki dini lideri - II Qaregin və I Aram Türkiyədən erməni kilsəsinin əmlakının geri qaytarılmasını tələb ediblər.

Ermənilərin Türkiyəyə qarşı ərazi və maddi iddiaları müxtəlif şəxslər tərəfindən mütəmadi şəkildə səsləndirilir. Bu iddiaları irəli sürənlər arasında "Daşnaksutyun" terrorçu partiyasının nümayəndəsi Kiro Manoyan və partiyanın lideri Vaan Ovannisyan da var. Onlar ərazi iddialarının aspektlərinin aydın şəkildə göstərilməsi üçün araşdırmanın aparıldığını bildirirlər. Ermənistan müxalifətinin məşhur lideri Raffi Ovannisyan isə ölkəsinin Türkiyənin dövlət sərhədlərini hələ də tanımadığını bəyan edir. Bundan başqa, Ermənistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru Ruben Safrastyan da analoji iddiaları səsləndirənlər sırasındadır. O, Ermənistanın ərazi iddialarını açıq şəkildə ortaya qoymalı olduğunu bildirir. 

Siyahını uzatmaq da olar. Görün-düyü kimi, ermənilər arasında xəyalpərəst və avantüristlərin sayı kifayət qədər çoxdur.

Ermənistandakı ağır iqtisadi vəziyyəti nəzərə alsaq, onların maddi kompensasiyaya, əlbəttə ki, ehtiyacları var. Görünür, ermənilər boş dövlət büdcəsini digər ölkələrin vergi ödəyiciləri hesabına doldurulmasından başqa heç nə düşünə bilmirlər.

Ərazi iddialarına gəlincə, bunu başa düşmək daha çətindir. Ölkə əhalisinin kütləvi immiqrasiyasının qarşısını ala bilməyən Ermənistan rəhbərliyi hansı məntiqlə başqasına məxsus torpaqlara iddia edir?

İstənilən halda, bütün bunlar göstərir ki, yaxın illərdə erməniliyin sərsəm ideyalarının gerçəkləşdirilməsi məqsədilə Türkiyəyə qarşı gücləndirilmiş və geniş kampaniyaya şahidlik edəcəyik - həqiqətdə baş verməmiş soyqırımından tutmuş, ərazi iddiaları və maddi təzminat tələbinədək.



MƏSLƏHƏT GÖR:

719