14 Mart 2025

Cümə, 23:38

AVROPAYA ÜÇ BİLET

Yüksək reytinqinə uyğun olaraq, Azərbaycanı Çempionlar Liqasında üç komanda təmsil edəcək

Müəllif:

14.05.2013

Qadın voleybolçuların Azərbaycan çempionatı gözlənildiyi kimi sürprizsiz başa çatdı. "Rabitə" növbəti dəfə çempion olmaqla gücünü göstərdi. Lakin mövsüm başa çatandan sonra klubların özündə proseslər ənənəvi axarında getmədi. Əksər hallarda heyətdə islahatlar edən komandalar bu dəfə məşqçilərini dəyişməyə başlayıb. 

İlk məşqçi dəyişikliyini "Lokomotiv" rəsmiləşdirib. İtaliyalı mütəxəssis Covanni Kuçarinini istefaya göndərən komanda rəhbərliyi tez bir zamanda ona əvəzləyici də tapıb. Yeni ildən komandanı meydana argentinalı Kladio Kuello çıxaracaq. Super Liqa tarixinə ilk argentinalı kimi düşəcək baş məşqçi ilə 2 illik müqavilə imzalanıb.Yeri gəlmişkən, 2 illik müqavilə Azərbaycan voleybol tarixində yenilikdir. Adətən, çempionatda yarışan klublar məşqçilərlə 1 illik razılaşma rəsmiləşdirir. Kuellonun karyerasına gəlincə, təcrübəli mütəxəssis vətəni ilə yanaşı, ölkə xaricində də tanınıb. O, 2007-2009-cu illərdə Avstriya millisini, 2010-2012 İtaliyanın "Peruca" klubunun "sükanı arxası"nda olub. Son mövsümə isə A seriyasında "Modena"da başlayıb. Lakin klub maliyyə problemləri nəticəsində mövsümün gedişində bağlandığından "Pomi Kasalmaggiore"ni çalışdırmağa başlayıb. Kuello hazırda bu klubla A2 seriyasında pley-offda mübarizə aparır.

Azərbaycan voleybolunun flaqmanı "Azərreyl" də yeni baş məşqçiylə anlaşıb. Superliqa başa çatan kimi baş məşqçi postunu icra edən Aleksandr Çervyakovla vidalaşan paytaxt təmsilçisi Covanni Kaprara ilə müqavilə imzalayıb. Yeri gəlmişkən, yeni mövsümdən "Azərreyl"in adı dəyişdirilərək "Azəryol" adlandırılacaq. "Azərreyl" adıyla fəaliyyət göstərəcək ikinci komandada yalnız gənclər məşq edəcək. Kapraranın karyerasına gəlincə, fəaliyyətə "Foppapedretti"də ikinci məşqçi kimi başlayan  çalışdırıcı burada Çempionlar Kubokunu, İtaliya çempionluğunu və ölkə kubokunu  qazanıb. Sonra təcrübəli mütəxəssis "Bergamo" komandasıyla Çempionlar Liqasının, CEV kubokunun, iki dəfə İtaliya A seriyasının və iki dəfə ölkə kubokunun qalibi olub. O, həmçinin 2002-ci ildə "Sassuolo"nu A2 Seriyasından güclülər dəstəsinə çıxarıb.  İtaliyadan kənarda Kaprara yalnız Rusiya millisində işləyib. 2005-2008-ci illərdə şimal qonşularımızın qadınlardan ibarət komandasını çalışdıran mütəxəssis onlara dünya çempionluğunu, Qran-prinin gümüş, iki dəfə Avropa Çempionatının bürünc medalını qazandırıb. Ölkə çempionu "Rabitə" də baş məşqçi dəyişir. Komandayla böyük uğur qazanan Marçello Abbondanza müqavilə başa çatandan sonra Türkiyəyə üz tutub. Abbondanza növbəti mövsümü "Fənərbağça"da keçirəcək. Azərbaycan çempionu Abbondanzanı komandada saxlamağa çalışsa da, istəyinə nail ola bilməyib. Ona görə "Rabitə"nin oyununda geriləmə ola bilər. Klub rəhbərliyi yeni məşqçi axtarışını davam etdirir. Ən real namizəd kimi Braziliya millisinin çalışdırıcısı göstərilir.

Məşqçi dəyişikliyi "İqtisadçı"dan da yan keçməyib. Universitet klubu mövsüm ərzində ikinci dəfə baş məşqçi dəyişikliyinə əl atıb. Bu dəfə paytaxt təmsilçisi Kiattiponq Radçataqriaqkranı istefaya göndərib. Baş məşqçinin qovulmasına səbəb komandanın uğursuz çıxışı olub. Tailandlı mütəxəssis baş məşqçi təyin olunanda komanda 1-ci pillədə qərarlaşmışdısa, sonda mükafatçılar sırasına belə düşə bilməyib. Xatırladaq ki, Radçataqriaqkra bu postda türkiyəli Bülənt Karslıoğlunu əvəzləmişdi. Superliqanın son 5 turunda isə "İqtisadçı"ya həm türk, həm də tailandlı mütəxəssisin köməkçisi olmuş Fərid Cəlalov rəhbərlik edib. Bu isə rəhbərliyin hələ məşqçi axtarışında olduğu deməkdir. 

Bununla belə sevindiricidir ki, yeni avrokubok mövsümündə Çempionlar Liqasına yenə də 3 klubumuz qatılacaq. Azərbaycanın Avropa reytinqində yüksək mövqeyinə uyğun olaraq, ölkəni Super Liqanın ilk iki yerinin sahibləri "Rabitə" və "Azərreyl", həmçinin onunla "gümüşü" yarı bölən "İqtisadçı" təmsil edəcək. "İqtisadçı"nın Çempionlar Liqasında iştirakı Avropa Voleybol İttifaqının güzəştli kartı (wild card)  sayəsində mümkün olacaq. 



MƏSLƏHƏT GÖR:

529