15 Mart 2025

Şənbə, 00:32

TATAMİ HƏLƏLİK BİZİMDİR

Azərbaycanın cüdo üzrə millisi Bakıda keçirilən "Böyük Dəbilqə" turnirinin qalibi oldu

Müəllif:

14.05.2013

Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turniri yığma komandamızın aktivinə yazıldı. Doğma divarlar arasında xüsusilə yaxşı təsir bağışlayan cüdoçular 7 medal qazanmaqla komanda hesabında da 1-ci yeri tutdu. Millimiz üç qızıl, bir gümüş və üç bürünc medala sahib çıxaraq, Monqolustan və Braziliya komandalarını arxada qoydu. 

Ölkəmizdə baş tutan mötəbər yarışda 30 idmançımız iştirak etdi. Onların arasında çoxlu sayda gənc və perspektivli cüdoçular da var idi. Məşqçilərin əsas hədəfi onların gələcəkdə yığmaya layiq idmançı olub-olmayacağını aydınlaşdırmaq idi. Fikrimizcə, məşqçilər korpusu istəyinə çatdı. 

60 kq.-da təmsilçilərimiz İlqar Müşkiyev, Vüqar Şirinli, Oruc Vəlizadə mübarizəni vaxtından əvvəl dayandırmaqla mükafatsız qaldılar. 66 kq.-da Tərlan Kərimovla Turan Seyidov ümidləri doğrultmadı. Yalnız Nicat Şıxəlizadə azarkeşləri sevindirdi. İlk görüşdə alman Entoni Zinqanı üstələyən həmyerlimiz ardınca rusiyalı Şamil Yakubov, daha sonra isə gürcü Şalva Kardavanı sıradan çıxardı. Finalda onun rəqibi monqol Tumurxuleq Davadorj oldu. Həlledici görüşə yaxşı başlayan Nicat sonradan üstünlüyü itirərək məğlubiyyət acısı yaşadı. Bununla həmyerlimiz turnirin gümüş medalçısı oldu.

73 kq.-da Rüstəm Orucov əvvəlcə Qazaxıstanla Gürcüstan idmançılarına qalib gəldi, yarımfinalda isə komanda yoldaşı Hüseyn Rəhimlidən güclü oldu. Finalda idmançımız BƏƏ-nin təmsilçisi Viktor Skvortsova gücünü göstərdi. Görüşü yüksək səviyyədə keçirən Rüstəm turnirin qızıl medalına layiq görüldü. Bu çəkidə Hüseyn Rəhimli təsəlliverici görüşlərdə uğur qazanaraq 3-cü yeri tutdu. 

Komandamıza qizil medalı, həmçinin 90 kq.-da Şahin Qəhrəmanov qazandırdı. İlk görüşdə braziliyalı Nəsif Eliasa qalib gələn həmyerlimiz komanda yoldaşı Ramin Qurbanovdan güclü oldu. Yarımfinalda Rusiya idmançısı Kamil Maqomedovu üstələyən cüdoçu finalda ukraynalı Valentin Qrekovu məğlub etdi. Qəhrəmanovun qələbəsi onun yığmada sözünü deyə biləcəyinə sübutdur. Məşqçilər bu qələbədən sonra onu əsas komandaya dəvət etməyə borcludur. 

100 kq.-da Elxan Məmmədov çempion oldu. Bütün rəqiblərinə aşkar üstünlüklə qalib gələn idmançımız finalda monqol həmkarına yerini göstərdi. Elxan bu uğur sayəsində 100 kq.-da ölkədə ən güclü idmançı olduğunu nümayiş etdirdi. 

Təcrübəli Elmar Qasımov isə həmin çəki dərəcəsində bürünclə kifayətləndi. Cəmi iki görüşdə qalib gələn Elmar, yalnız təsəlliverici görüşdə rəqibi zədələndiyinə görə 3-cü yer tutdu. Əslində, böyük potensiala malik Qasımovdan daha yüksək nəticə gözlənilirdi. Sadəcə ardıcıl müxtəlif turnirlərdə iştirak edən Elmar gücünü düzgün istifadə etməyərək tez-tez səhvlərə yol verir. 

Təəssüf ki, 100 kq.-dan yuxarı çəkidə uğurumuz olmadı. Emil Tahirovla İsa Hüseynov daha təcrübəli həmkarlarıyla bacarmayaraq, "Böyük Dəbilqə" turnirində medalsız qaldı.   

Qadınların yarışında yenə təcrübəlilər uğur qazandı. 48 kq.-da Aişə Qurbanlı, Çinarə Quliyeva və Şəfəq Məmmədova hələ də böyük yarışa hazır olmadığını göstərdi. 52 kq.-da Turanə Seyidi bürünc medalın bir addımlığında büdrədi. Bu çəkidə yarışan Vəfa Zeynalova, Nəzakət Xəlili və Gülşən Nəzərova ümidləri doğrultmadı. 63 kq.-da Xanım Hüseynovayla Nuriyə Axundova alman rəqiblərinə uduzaraq turniri tərk etdi. Zərif cinsin nümayəndələri arasında Kifayət Qasımova sözünü dedi. 57 kq.-da çıxış edən cüdoçu ilk görüşdə uduzsa da, tez bir zamanda toparlanmağı bacardı. Təsəlliverici görüşlərdə qələbə qazanan Kifayət bürünc medalı bayram etdi. 

Xanımların heyətində ciddi problem olduğu vurğulanmalıdır. Uzun müddətdir, qızlar arasında beynəlxalq arenada yalnız Kifayət Qasımova medal qazanır. Digərləri ümidləri doğrulda bilmirlər. Güclü rəqabətdən məhrum olan Kifayətin layiqli əvəzedicisi yoxdur. Qasımova karyerasını başa vuracağı halda, xanımlar arasında kimin medal qazanacağına cavab vermək çətindir. 

Oğlanlara gəldikdə Emil Tahirovla İsa Hüseynovun təcrübəsiz olduğunu deməliyik. Təcrübə baxımından problemi olmayan Elmar Qasımov isə qeyri-stabil çıxışıyla diqqəti cəlb edir. Zədəli Elnur Məmmədlinin yoxluğunda Elxan Məmmədov çempion olmaqla millidəki yerini möhkəmlətdi. Ümumilikdə, cüdoçuların mötəbər yarışda iştirakını yüksək qiymətləndirmək olar. 

"Böyük Dəbilqə" turniri komandamız üçün uğurlu olsa da, baş məşqçi Peter Zayzenbaherin hələ də özünü göstərmədiyini deməliyik. Bakıda keçirilən yarış mötəbər turnir olsa da, qitənin əsas komandalarının yarışa ikinci heyətlə gəldiyini qeyd etməyə borcluyuq. Adətən, Olimpiadadan sonrakı il ölkələrin çoxu belə yarışlarda liderlərini tatamiyə buraxmır. Zayzenbaher perspektivli idmançıları milliyə cəlb etməklə yanaşı, əsas cüdoçuların dünya çempionatına hazırlığına fikir verməlidir. Avqust ayında Braziliyada keçiriləcək dünya çempionatı Azərbaycan üçün çox əhəmiyyətlidir. Çünki cüdoçularımız heç vaxt dünya çempionu olmayıblar. 



MƏSLƏHƏT GÖR:

679