24 Noyabr 2024

Bazar, 10:27

"ÖZÜNÜ ASMIŞ ADAMIN EVİNDƏ KƏNDİRDƏN DANIŞMAZLAR"

"Transparency International" təşkilatının "qüsursuz məlumatları" və "etibarlı üsulları" haqqında

Müəllif:

14.05.2013

Məlum olduğu kimi, 2012-ci ilin sonunda məşhur beynəlxalq təşkilat olan "Trans-parency International" (TI) növbəti Korrupsiya Qavrama İndeksini (KQİ) açıqlayıb. Bu təşkilat illik hesabatı korrupsiyanın yayılma səviyyəsinə dair qurumun rəyinə və  çoxsaylı tədqiqatlara əsasən hazırlayır. TI xüsusi olaraq vurğulayır ki, hesabatda ən aşağı reytinqi olan dövlət ümumilikdə dünyada yox, yalnız qurumun indeksinə düşənlər arasında ən korrupsiyalaşmışıdır. 

Biz reytinqlərin təhlili üzərində dayanmayacağıq. Çünki TI-nin metodologiyasına nəzər salmaq daha maraqlıdır.

1995-ci ildə KQİ ilk dəfə açıqlandıqdan sonra TI birmənalı şəkildə "nöqsansız, yanlışlığın olmadığı və ən etibarlı üsullarla təhlil edilmiş məlumatlara" əsaslandığını, metodologiyasını təkmilləşdirməklə maksimum dəqiqliyə nail olmağa çalışdığını bildirirdi. KQİ -də 2012-ci ildə də yeniliklər var. Ötən 17 ildə metodologi-ya, ən azı, 3 dəfə radikal şəkildə dəyişdirilib. Əslində, bunu ideala nail olmaq cəhdləri kimi yüksək qiymətləndirmək də olardı. Amma... 

Vaxtından əvvəl irəli  qaçmadan və KQİ-nin necə tərtib edildiyinə nəzər salaq.

Lap əvvəllər TI 3 il ərzində keçirilmiş müxtəlif rəy sorğularının nəticələrini və ekspert qiymətləndirmələrini toplayırdı. O zaman qəribə bir ənənə də qoyuldu: nədənsə KQİ-yə daxil edilən dövlətlərin siyahısı hər il dəyişirdi. Bu isə bir ölkədə vəziyyətin digərlərinin fonunda necə göründüyünü müşahidə etməyə imkan vermirdi. Üstəlik, TI ictimai rəyin öyrənilməsindən geniş istifadə edirdi və bu, elə ilk andan şübhələrə səbəb olurdu. Çünki onlar "küçədən keçən"in yalnız məişət korrupsiyası haqda danışa biləcəyindən xəbərdar idilər. Bu insanlar hakimiyyətin yuxarı eşalonlarında, parlamentdə və ya partiyalarda baş verənlərdən məlumatlı ola bilməz.

Yalnız 2004-cü ildə "ayılan" TI bundan sonra  KQİ-nin yalnız ekspert qiymətləndirmələrilə tərtib olunmasını qərara aldı və təşkilatın yaydığı press-relizdə bu, belə əsaslandırıldı: "Biznes nümayəndələri adi vətəndaşlarla müqayisədə yuxarı səviyyədə baş verən korrupsiya hallarından daha çox məlumatlıdırlar. Vətəndaşların əksəriyyəti yalnız aşağı səviyyədə baş verən korrupsiya hallarından xəbərdardırlar".

Amma TI-nin ictimai rəyin öyrənilməsindən tam imtina etdiyini düşünürsünüzsə, yanılırsınız. Onlar daha bir "alət" - Qlobal Korrupsiya Barometri (QKB) yaratdılar və bu zaman da əsas kimi müxtəlif səviyyələrdə korrupsiyanın həcminə dair əhalinin rəyini götürməyə başladılar. Maraqlıdır ki, KQİ-2007 press-relizində Barometrin "vətəndaşların gündəlik həyatda üzləşdiyi korrupsiya hallarına münasibətinin öyrənilməsinə, belə halların üzə çıxarılmasına" yönəldiyi bildirilir. Amma TI bizi yanıldır:  QKİ-2007 vətəndaşlara onların məlumatları olmayan sahələrdəki korrupsiya hallarına dair suallar ünvanlayırdı: partiyalar, parlament və QHT-lər. 

Deyəsən, TI "olmaz, amma çox istəyirsənsə, olar" prinsipi ilə işləyir.

Daha bir nümunə: 2002-ci ildə ABŞ-da 60 milyardlıq enerji nəhəngi Enron müflis oldu. Amma məsələ heç də yalnız hadisənin miqyasında deyil. Məlum oldu ki, dünyanın sahəsinə uyğun 5 əsas şirkətlərindən biri olan auditor Artur Andersen səhmdarları təhlükə haqda xəbərdar etmək əvəzinə Enron menecerlərinə zərərin gizlədilməsi yollarını öyrədirmiş!  Bu, korrupsiyanın vəziyyətilə bağlı reytinqdə ABŞ-ın mövqeyinə təsir göstərdimi? TI-nin məlumatına görə, 2002-ci ildə bu reytinq 7,7 bal olub, bir il sonra isə yalnız 7,5-ə düşüb. Elə həmin il Azərbaycan da reytinqdə eyni dərəcədə - 0,2 bənd düşmüşdü. Bəs, bizdə buna nə səbəb olmuşdu? Heç nə. KQİ-də bu qərəz nə ilə bağlıdır? Üsullardakı nöqsanlarla, yoxsa?..

TI-nin 1990-cı illərin ortalarında utanmadan bəyan etdiyi kimi, KQİ "vəziyyətin ani görüntüsünü, korrupsiyanın səviyyəsinə dair bir anlıq qiymətləndirməni özündə əks etdirir və illik dəyişiklikləri nəzərə almır". 

Amma KQİ 3 il ərzində toplanmış məlumatlara əsaslanırsa, hansı ani görüntüdən danışmaq olar?! İllik dəyişiklikləri nəzərə almayan "bir anlıq qiymətləndirmə" nə olan şeydir?! Razılaşın ki, qəribədir (yeri gəlmişkən, nədənsə TI arxivdə əməlli-başlı "təmizləmə" də aparıb: köhnə press-relizlərdən metodika ilə bağlı çoxsaylı izahlar itib və yalnız quru cədvəllər qalıb).

TI bəzi hallarda səhvlərini etiraf edir. Sitat: "KQİ üçün keçən ekspert qiymətləndirməsi əsasən... inkişaf etmiş ölkələrin sahibkarları tərəfindən təqdim edilmişdi. İnkişaf etməkdə olan ölkələrin ekspertlərinin qiymətləndirmələrinə… xeyli az yer verilmişdi". Amma belə etiraflara istisna hallarda rast gəlinir.

Qeyd edək ki, TI əvvəllər də tənqidlərlə üzləşib. Hələ 2002-ci ildə analitiklər V. Baranov və D. Qorbatov "Metodoloji yanlış, yoxsa hesablama rasizmi?" adlı məqalələrində təşkilatın məlumatlarına şübhələrini ortaya qoymuşdular. Lakin təəssüf ki, metodikanın təkmilləşdirilməsi və KQİ-nin artımı ilə şübhələr daha da dərinləşdi. Necə deyərlər, "meşənin dərinliklərinə getdikcə, daha kök partizanlarla rastlaşırsan".

"Korrupsiyanın səviyyəsində ciddi dəyişikliklər ləng gedir", - deyə TI iddia edir. Onda hər il KQİ-nin açıqlanmasının mənası nədir? Bundan başqa, əgər KQİ-də illik dəyişiklik cüzi olursa, nədən, məsələn, 2001-ci ildə 2,3 bal toplamış Rusiya bir ildən sonra 12% "sıçrayaraq" 2,7 bal yığdı?! 2,3 balı 2,6 bala qaldıran (11%) Pakistanda da "sıçrayış" olub. Ukrayna və Gürcüstanın bir il sonra reytinqlərini xeyli yaxşılaşdırmaları üçün müvafiq olaraq "narıncı inqilab" və "qızılgül inqilabı" olmalı imiş. Halbuki TI israrla bir ildə KQİ-də dəyişikliyin çox cüzi olduğunu bildirir. Bütün bunlara rəğmən, TI ölçü qaydalarındakı nöqsanlarla bağlı susmağa üstünlük verir. Aydındır ki, KQİ və QKB real vəziyyətə yox, insanların təsəvvürlərinə əsaslanır. Amma bu parametrlər arasında birbaşa əlaqə heç də vacib deyil. Bunu 2000-ci ildə Latın Amerikasının 17 ölkəsində araşdırma aparmış Latinobarometro da təsdiqləyib. TI-nin Rusiya şöbəsinin rəhbəri Y.Panfilova Antikorrupsiya Şəbəkəsinin (İstanbul, 2003) görüşündə bildirmişdi ki, meksikalılar korrupsiyanı "çox ciddi" problem sayır. Amma korrupsiya səviyyəsinə görə Meksikadan xeyli aşağı olan Çilidə də qiymətləndirmə eyni olub. Yəni korrupsiyanın səviyyəsi aşağı ola, amma insanlar onun yüksək olduğunu düşünə bilər və ya əksinə.

Digər qitədə də analoji vəziyyətdir. "Afrobarometr" göstərib ki, bu ölkələrdə korrupsiyanın səviyyəsi onun insanlar tərəfindən təsəvvür edildiyindən aşağıdır. İnsanların korrupsiyanı ən vacib problemlər arasında eyni cür qiymətləndirmədikləri də məlum olub. Başqa sözlə, TI-də etno-mədəni amillərin korrupsiya haqda təsəvvürə təsir göstərdiyini yaxşı bilirlər, lakin buna o qədər də önəm vermirlər: KQİ "mədəni düşüncələr əsasında təhrif olunmayan kompleks düşüncələrə əsaslanır". Yəni tədqiqatların dəqiqliyi və etibarlılığı, çətin anlaşılan izahatların kölgəsində qalır.

Və nəhayət, məlum olduğu kimi, KQİ hazırlanarkən müxtəlif üsullarla aparılmış tədqiqatlar zamanı toplanmış rəqəmlərin cəmi əsas götürülür. Bu isə əlbəttə ki, xətaları azaldır (bir halda insandan rüşvət vermək məcburiyyətində tez-tez qalıb-qalmadığı soruşulur, digər variantda korrupsiyanın səviyyəsini qiymətləndirməsi istənilir, üçüncü halda korrupsiya ilə mübarizənin effektivliyi haqda fikri öyrənilir).

Mövzu eyni olmağına, eynidir. Amma əslində, qiymətləndirilən məsələ fərqlidir. Fil ilə bağlı hind hekayəsini xatırlayırsınızmı? Ömür boyu fil görməmiş korlar təsadüfən yolda bu canlı ilə qarşı-qarşıya gəlirlər. Onların hər biri filə toxunaraq fikrini söyləyir. Korun biri əli ilə filin dişinə toxunur: necə də şiş və möhkəmdir. Fil nizəyə oxşayır! İkincisi filin quyruğuna toxunur: sanki kəndirdir! Üçüncünün əli heyvanın qulağına dəyir: fil yelpiyə bənzəyir! Dördüncüsü ayağına toxunur: sanki ağacdır!

Burada da vəziyyət eynidir. Hər bir elementin ümumilikdə nəticəyə aidiyyəti var. Amma onları birləşdirərək reallığı əks etdirəcək mənzərə yaratmaq mümkündürmü? Başqa sözlə, istənilən göstəriciləri birləşdirmək olar, amma sonda bu, hansı xətaları meydana çıxaracaq? Axı, anketlərdəki suallar bir-birindən fərqli olduğundan, hər bir ölkədə KQİ üçün indikatorlar müxtəlif, spesifik ola bilər. Deməli, xəta o qədər böyük olacaq ki, məlumatların müqayisə edilməsinin mənası yoxdur. 

Beləliklə, söhbət yalnız heç də statistik səhvlərdən yox, həm də məna səhvindən gedir. Çünki hər yerdə tədqiqat predmeti fərqlidir. Onda "Transparency International" əslində nəyi ölçməklə məşğuldur?

TI ekspertləri bildirir ki, informasiya mənbələrinin azalması ilə etimad intervalının hesablanmasında dəqiqlik də azalır. Bu halda ilkin məlumatlara qayıtmaq lazımdır. Biz bu məsləhətə əməl etdik və… ilkin mənbələr arasında Azərbaycanın yaddaşlarda pis qalmış "Puls-R" xidmətinin keçirdiyi sorğunun nəticələrini tapdıq. Onun sorğularında, bir qayda olaraq, kişilər qadınlardan çox olur. Statistikaya görə isə bu, əksinə olmalıdır! Yəni bu xidmətin, demək, həm də TI-nin məlumatlarına inanmaq olmaz. 

Bunu oxumaq (və inanın ki, həm də yazmaq) heç də xoş deyil. Amma reallıq budur.

Gəlin söhbəti yekunlaşdıraq. "Transparency International" lap əvvəldən məlumatlarının qüsursuz olması ilə öyünsə də, o, metodikasını dəfələrlə dəyişib. Yəni TI arxa tarixlə olsa belə, etiraf edir ki, "dünən" ideal kimi görünüb, "bu gün" isə belə deyil. TI-də metodika ilə bağlı narazılıqlar yaranır və o, təkmilləşdirilir. Bu, aydındır. "Centlmenlər həmişə qaydalara əməl edirlər və heç vaxt uduzmurlar. Onlar sadəcə hərdən qaydaları dəyişirlər". Amma belə olan vəziyyətdə ortaya sual çıxır: bu dəyişikliklər tədqiqatın dəqiqliyinə hansı təsiri göstərir? Cavab isə yoxdur. TI susur. Mənim dəfələrlə ünvanladığım suallara baxmayaraq, qurumun nə Azərbaycan, nə Rusiya, nə Qazaxıstan, nə də Ukrayna ofisləri suala cavab verib. Hətta TI-nin Berlin ofisi belə, bu ağrılı mövzunun müzakirəsinə maraq göstərməyib. 

"Özünü asmış adamın evində kəndirdən danışmazlar"? Sadalanan faktlara rəğmən, onların KQİ-nin yanlışlığı haqda danışmaq istəməmələri bizi pis bir nəticəyə gəlməyə vadar edir. İldən-ilə on minlərlə insanın rəyini soruşan "Transparency International" ortaya qarışıq məlumatlar əsasında hazırlanmış şübhəli indekslər çıxarır və ona inanmaq olmaz. Bütün bunlardan hansı nəticəyə gəlmək olar? Bu indekslər nəyə xidmət edir? Belə fikir yaranır ki, bu reytinqlər də "yol xəritələri", "country" risk və digər indekslər kimi, siyasi xarakterlidir. Bəli, bizdə korrupsiya var və effektiv mübarizə olmadan ondan tam yaxa qurtarmaq mümkün deyil. Bu "bədxassəli şiş"lə mübarizə aparmaq üçün bütün qüvvələr səfərbər olunmalıdır. Və reytinqlərin müqayisəsi, bu məsələdə müsbət təsir göstərə, korrupsiyaya qarşı adekvat mübarizə yolları tapmağa yardım göstərə bilər. 

Amma "Transparency Interna-tional", göründüyü kimi, bu işdə yardımçı deyil.


MƏSLƏHƏT GÖR:

539