
"QANUNİ HÜQUQ"UN DƏYİŞKƏNLİYİ
İsrailin Suriyaya endirdiyi zərbələr dönüş anı ola bilər
Müəllif: Natiq NAZİMOĞLU Bakı
Suriya artıq, az qala, iki ildir davam edən vətəndaş müharibəsində dönüş nöqtəsi ola biləcək məqamı yaşayır. İsrail Suriya ərazisinə bir neçə aviazərbə endirib. Bu, yəhudi dövlətinin arxasında dayanan ABŞ-ın tezliklə Bəşər Əsəddən yaxa qurtarmaq məsələsində səbrinin tükənməkdə olduğunu göstərir.
İsrail Hərbi Hava Qüvvələri Dəməşq yaxınlığında, Camrayya, Kaddasiya, Əl-Ham və Sabur rayonlarındakı hərbi obyektlərə aviazərbələr endirib. Nəticədə, 300-dək hərbçi həlak olub, yüzlərlə insan yaralanıb.
Suriya prezidenti Bəşər Əsəd İsrail tərəfindən növbəti belə addımın "dərhal cavabını alacağını" bildirib. Suriya XİN öz növbəsində "İsrail biabırçı təcavüzünün Suriya hökumətinə qarşı mübarizə aparan terrorçu qruplara birbaşa hərbi yardım olduğunu" bəyan edib.
İsrail özü isə Suriyaya hava zərbələri endirməsini öz təhlükəsizliyi nöqteyi-nəzərindən əsaslandırır. Təl-Əviv hesab edir ki, Dəməşq yaxınlığında yerləşdirilmiş İran istehsalı olan "Fateh-110" raketləri Livanın radikal "Hizbullah" qruplaşması üçün nəzərdə tutulubmuş. Amma İsrailin aviazərbələrinin arxasında bunun dayanmadığı bəllidir. Ola bilsin, Təl-Əviv bu yolla Tehran, Dəməşq və "Hizbullah" hərəkatı arasında hərbi birliyin yaranmasına mane olmaq haqda ümumiyyətlə düşünməyib. Güman ki, İsrail bununla daha çox ABŞ və bütünlükdə Qərbin Suriya ilə bağlı bir sıra qərarları daha tez qəbul etməsinə çalışır.
İsrail HHQ-nin Suriya ərazisinə aviazərbələri ABŞ-ın razılığı ilə endirdiyi də aydındır. Əvvəla, Vaşinqton Təl-Əvivin bu addımına haqq qazandırıb və "İsrailin terrorçuların silahlanmasından özünü qorumaq hüququ"nun olduğunu bəyan edib. Üstəlik, İsrail güman ki, Suriyanın bombalanmasına İrana qarşı eyni addımın atılmasının müqəddiməsi kimi baxır. Vaşinqton isə Tehranın Suriya münaqişəsinə müdaxilə etməsinə nail olmaq üçün Təl-Əvivin "özfəaliyyət"indən yararlanmağın əleyhinə deyil. Çünki İran münaqişəyə müdaxilə edərsə, ABŞ-ın ona "simmetrik cavab" (yəni, islam respublikasının hərbi və sənaye obyektlərinə zərbələrin endirilməsi) verməkdən başqa yolu qalmayacaq.
Bütün bunlarla yanaşı, İsrailin Suriyaya zərbələr endirməsində, şübhəsiz, bilavasitə hədəf hakim rejimin zəiflədilməsidir. Zərbələrə Prezident Qvardiyasının iki briqadasının hədəf götürülməsi təsadüf deyil. Bu briqadalar Əsədə sadiqliyiilə seçilir. Aviazərbələrin müəllifləri hesab edir ki, Suriya ordusunun elit hissəsinin məhvi hökumətin tezliklə devrilməsinə imkan verəcək.
İsraili və onun arxasında dayanan ABŞ-ı belə sərt addımlara sövq edən amil isə Suriya ordusunun son uğurları olub. Bu yaxınlaradək Suriya daxilindəki silahlı qarşıdurmada pat vəziyyəti yaranmışdı - prezident silahlı müxalifətin Türkiyə və İraqla sərhəddəki müqavimət ocaqlarını söndürmək üçün lazımi resurslara malik deyildi. Qeyd edək ki, müxalifətə dəstək üçün muzdlu döyüşçülər, silah-sursat məhz bu bölgədən gəlir.
Qiyamçılar isə öz növbələrində mərkəzi və sahilyanı əraziləri hökumət qüvvələrindən qoparmaqda çətinlik çəkirdilər.
Lakin apreldə vəziyyət hökumət qüvvələrinin xeyrinə ciddi şəkildə dəyişməyə başladı. Ötən ayın sonlarında Suriya ordusu strateji əhəmiyyəti olan Otaybah yaşayış məntəqəsini nəzarətinə götürdü. Buranın strateji əhəmiyyəti Dəməşqi paytaxtın beynəlxalq aeroportu ilə birləşdirən şossenin yaxınlığında yerləşməsindədir.
Mayın ilk günlərində isə Suriya ordusu qiyamçıları daha bir strateji əhəmiyyəti olan Hirbet Qazali şəhərindən (ölkənin cənubunda yerləşən Darya əyaləti) çıxardı.
Hadisələrin bu cür inkişafı təbii ki, "Suriya inqilabı"nın xarici ruhlandırıcılarının planlarına uyğun deyildi. Bu üzdən də vətəndaş müharibəsində dönüş yaratmaq üçün qəti addımların atılması qərara alındı. Bu baxımdan yaxın günlərdə Əsəd hökumətini tam taqətdən salmağa hesablanmış sırf "Amerika avialentləri"nin keçiriləcəyi istisna olunmur.
İstənilən halda, ABŞ-ın bir çox nüfuzlu siyasətçiləri antiəsəd kampaniyasının perspektivini məhz bu cür görür. Məsələn, son yaşananlardan məmnun olan senator Con Makkeyn hesab edir ki, İsrailin aviazərbələri Suriya HHM sisteminin bu ölkəyə müdaxilə üçün ciddi maneə olmadığını göstərib. Qeyd edək ki, Vaşinqtonun Suriya ilə "məşğul olmasına" maneə məhz Barak Obama administrasiyasının Suriya HHM sistemindən çəkinməsidir. Makkeynin fikrincə, indi Amerika qanadlı raketlərdən istifadə etməklə Suriya HHM sistemlərini sıradan çıxara bilər - bunun üçün "Suriyanın İran və Rusiyadan tədarüklərin qəbul edildiyi aerodromu darmadağın edilməlidir".
Vaşinqtondakı "qırğılar" hesab edir ki, İsrailin aviahücumundan sonra Obama administrasiyasına təzyiq etmək imkanları da artır və indi onu Suriyada dərhal uçuşsuz zonanın elan olunmasına, müxalifətçilərə silah-sursat göndərilməsinə məcbur etmək mümkün olacaq.
Əsas məqsədə gəlincə, Ağ Ev Suriya müxalifətçilərini çoxdan silahlandırardı və bunu gizlətmir. Vaşinqton bildirir ki, sadəcə Suriya müxalifətinin sıralarında "çoxlu sayda cihadçının" olması onu ehtiyatlı davranmaq məcburiyyətində qoyur. Barak Obama Suriyaya göndərəcəkləri silah-sursatın sonradan ekstremistlərin əlinə keçə biləcəyindən, sonda ABŞ və müttəfiqlərinə qarşı istifadə olunacağından ehtiyatlanır.
Əslində, bu narahatlıq üçün ciddi əsaslar da var. Suriya müxalifətinin sıralarında təşəbbüs əsasən "Cebhat ən-Nusra" qruplaşmasındadır. O, "Əl-Qaidə" terror şəbəkəsilə əlaqəli təşkilatdır.
Bununla yanaşı, Əsəd rejiminin devrilməsi hədəfi bütün digər məsələləri kölgədə qoyur və bu üzdən Amerika rəhbərliyi artıq suriyalı müxalifətçilərin silah-sursatla təchizatının vacib olduğunu düşünür.
Doğrudur, hazırda müvafiq qanunvericiliyin hazırlanması ilə məşğul olan ABŞ Konqresi silah-sursatın Suriya müxalifətindəki qərbpərəst qüvvələrə göndərilməsinin, terrorçu təşkilatlara daxil olan qruplara verilməməsinin vacibliyini də bildirir. Lakin amerikalıların bu düşüncəni necə gerçəkləşdirəcəyi, əksəriyyəti fanatik dindar olan yaraqlılar arasında qərbpərəstləri necə tapacağı hələ ki, məlum deyil.
Hər halda, artıq qeyd edildiyi kimi, hazırda amerikalılar, ilk növbədə, "Bəşər Əsəd rejiminin devrilməsini necə tezləşdirmək və Suriyada qan tökülməsinin qarşısını necə almaq" haqda düşünür. Pentaqon rəhbəri Çak Heygelin sözlərinə görə, ABŞ-ın Suriya müxalifətini silahlandırmaq qərarına gəlməsi məhz bununla bağlıdır.
Bütün bunlarla yanaşı, Suriyada kimyəvi silahdan istifadə olunması mövzusu da gündəmdən düşmür. ABŞ ötən ilin dekabrında Homsda, bu ilin martında isə Hələbdə Əsədə sadiq qüvvələrin kimyəvi silaha əl atdıqlarına əmin olsa da, BMT-nin müstəqil komissiyası bu silahdan Suriya müxalifətinin istifadə etdiyi haqda dəlillər tapıb. Komissiya üzvlərindən Karla del Ponte bildirib ki, "Bu qazdan hökumət qüvvələri yox, müxalifətçilər istifadə edib".
Lakin bu, ABŞ-ın fikrini dəyişdirməyib. Vaşinqtonda yenə də hesab edirlər ki, Suriyada kimyəvi silahdan yalnız Bəşər Əsəd rejimi istifadə edə bilər. Bununla da ABŞ mövqeyini bir daha aydın şəkildə ortaya qoyub: onun üçün Suriya hökumətinin devrilməli olduğunu şübhə altına alacaq heç bir arqumentin əhəmiyyəti yoxdur. Suriyada hələ də dünyəvi olaraq qalan müsəlman ölkələrinə "Əl-Qaidə"nin nüfuzunu yayacaq "islam terroru"nun kök salmasına məhz Əsədin mane olması da Vaşinqton üçün keçərsiz arqumentdir. Bu, göstərir ki, Vaşinqton öz fövqəldövlət maraqlarını təmin etmək üçün məşhur islamçıların belə, xidmətindən yararlanmağın əleyhinə deyil. Axı, Amerika eyni qaydada "ərəb inqilabı"nın dəstəklənməsi və onun "idealları"nın daha geniş yayılması üçün Fars körfəzinin neft monarxiyaları - Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyndən də istifadə edir. Halbuki, bu inqilabın başında duranlar "Əl-Qaidə"nin əsas qüvvəsi olan sələfizm cərəyanının təmsilçiləridir.
ABŞ-ın "terrorçu elementlər"ə bu cür arxalanmasının səbəbləri bəllidir. Bu qüvvələr onsuz da möhkəm, effektiv hakimiyyət formalaşdırmaq iqtidarında deyillər. Əvəzində onlar qorxu, təxribat, xaos atmosferi - yəni, qlobalizm dövrünə uyğun gəlməyən dövlət və rejimlərin sonuna çıxacaq şəraiti yaratmağı yaxşı bacarırlar.
Qərbin dikbaş Bəşər Əsədə qarşı ittihamları hələ Suriyanı terrorizmin bürüməsindən xeyli əvvəl ortaya atılıb. Və Vaşinqton hesab edir ki, Əsəd getməlidir. Hətta Suriya dövlətinin parçalanması, məhv olması, onun Əfqanıstan, İraq və Liviya kimi formallığa çevrilməsi hesabına olsa belə, getməlidir...
MƏSLƏHƏT GÖR: