14 Mart 2025

Cümə, 23:36

BRİTANİYA QALMAQALINDA "ERMƏNİ İZİ"

Britaniya Nümayəndələr Palatasının iki kişini zorlamaqda ittiham olunan vitse-spikeri Ermənistanla dostluq qrupunun üzvü imiş

Müəllif:

14.05.2013

Böyük Britaniyada böyük bir qalmaqal baş qaldırıb. Zarafat deyil: Nümayəndələr Palatasının vitse-spikeri Naycel Evans iki kişini zorlamaqda şübhəli bilinərək həbs olunub. Doğrudur, o, dindirildikdən sonra iyulun 19-da sərbəst buraxılıb. Amma bu, qalmaqal ətrafında səs-küyü azaltmayıb.

Mətbuatın yazdığına görə, Evansın həbsinə səbəb olmuş epizodların 2009-cu ilin iyulunda və 2013-cü ilin martında Lankaşir qraflığının Pendlton şəhərində baş verdiyi güman edilir. İnsidentlə bağlı digər detallar açıqlanmır. Jurnalistlər isə xatırladır ki, Evans hələ 2010-cu ildə qeyri-ənənəvi seksual orientasiyaya malik olduğunu etiraf edib.

Ekspertlər hələ ki, məhkəmə prosesinin necə cərəyan edəcəyini, onun siyasi fəsadlarının necə olacağını proqnozlaşdırmaqda çətinlik çəkirlər. Rusiyanın "Kommersant" qəzeti isə "isti iz"lərlə müəyyənləşdirib ki, Nümayəndələr Palatasının spikeri postuna ən real namizəd məhz Evans sayılırmış. Amma bu qalmaqal Böyük Britaniya hökumətinin reytinqinə ciddi zərbə vurub.

Cənubi Qafqazda isə məsələnin başqa tərəfinə diqqət çəkirlər. Naycel Evans "Ermənistan - Böyük Britaniya" parlamentlərarası dostluq qrupunun çox fəal üzvüdür və "erməni soyqırımı"nın tanınmasının tərəfdarıdır. Hətta o, bir dəfə Ermənistanda keçirilmiş seçki zamanı müşahidə missiyasına başçılıq da edib.

İrəvan üçün ən xoşagəlməz olanı isə bu hadisənin  baş rolda məşhur, fəal erməni lobbiçilərinin çıxış etdiyi ilk qalmaqal olmamasındadır.

Əksər ekspertlər hesab edir ki, "erməni lobbisi" ətrafında ən ciddi qalmaqal 1996-cı ildə ABŞ-ın Ohayo ştatının əhalisi 15 mindən bir qədər artıq olan Bedford şəhərində yaşanıb. Şəhərin ətrafındakı anbarların icarəyə verilməsi  ilə məşğul olan menecer müştərilərdən birinin uzun müddət icarəhaqqını ödəməməsi və sonda isə ümumiyyətlə, yoxa çıxmasından qəzəblənərək, 1996-cı il sentyabrın 13-də qarajın kilidini sındırıb və oraya polis çağırıb. Orada həqiqətən də insanı dəhşətə gətirəcək mənzərə var imiş: polis agentləri və alkoqol, tütün və odlu silaha nəzarət bürosunun müstəntiqləri anbarda 50 kiloqram partlayıcı, detonator, 18 ədəd odlu silah - avtomat, tüfəng, tapança və revolverlər aşkarlayıb. Anbarda aşkarlanmış dinamit xüsusilə təhlükəli olub: o, təxminən, 15 il əvvəl hazırlanıbmış. Halbuki, partlayıcı 1 ildən artıq saxlanıla bilməz. Bu müddət başa çatdıqda dinamitdən nitroqliserin ifraz olunmağa başlayır. Bu, onu təhlükəli, qeyri-sabit qurğuya çevirir. Bu halda dinamit hər hansı ciddi kənar təsir olmadan özbaşına partlaya da bilir. Bütün bunların aşkarlandığı anbarın yaxınlığında isə uşaq bağçası, avtomobillər üçün yanacaqdoldurma məntəqəsi və məktəb var idi...

Tezliklə müəyyənləşdi ki, "bomba qarajı"nın sahibi... Murad Topalyandır. Söhbət kifayət qədər müvəffəqiyyətli, hörmətli vətəndaşdan, ABŞ-ın erməni lobbisinin əsas simalarından birindən gedirdi. Həbs olunduğu zaman Topalyan ABŞ-ın ən böyük lobbiçi strukturlarından olan "Amerika erməni milli komitəsi"nin rəhbəri idi. Onu Konqresdə də yaxşı tanıyır, qəbullara dəvət edirdilər. Topalyan Ağ Evdə keçirilən "çay axşamları"na da dəvət alırdı...

İstintaq müəyyənləşdirdi ki, Topalyan hələ 80-ci illərdə ən təhlükəli erməni terror təşkilatlarından olan "Erməni soyqırımı uğrunda ədalət mühakiməsi komandosu" qruplaşması ilə sıx əlaqələrə malik olub. Xatırladaq ki, bu qruplaşma bir neçə türk diplomatının qətlini təşkil edib. Türkiyənin BMT və Nyu-Yorkdakı nümayəndəlikləri qarşısında törədilmiş partlayışlar da həmin qruplaşmanın işidir. İstintaqın versiyasına görə, Topalyan ABŞ-dan gənc etnik ermənilərin hərbi hazırlıq keçmələri üçün Yaxın Şərqə göndərilməsi ilə də məşğul olub. Onda istintaq terrora cəlb olunmuş bir çox şəxsə çıxa bilib. Artıq ağıllanmış, ailə qurmuş, iş-güc sahibi olan həmin insanlar "maraqlı gənclik illəri"ni xatırlamaq istəmirdilər, istintaqda isə "sınaraq" ağlayırdılar.

Bütün bunlara rəğmən, Topalyan haqqında çıxarılan məhkəmə qərarı təəccüb yaradacaq dərəcədə yumşaq oldu - istintaqın tələb etdiyi 31 ilə qarşı, 37 ay. Məhkəmə qərarı çıxaran zaman Topalyanın qarajda gizlətdiyi "arsenal"dan "birbaşa təyinatı üzrə" istifadə etməyə çalışmamasını nəzərə aldı.

ABŞ-dakı erməni lobbisinin mövqelərinə növbəti zərbə 2010-cu ildə "Pzo işi" ilə dəydi. Xatırladaq ki, 2010-cu ilin oktyabrında Nyu-York və Los-Ancelesdə cinayətkar qrupun 40-dan artıq üzvü həbs edilidi. Qruplaşmanın özəyini Ermənistandan olan immiqrantların və ya ABŞ vətəndaşı olan ermənilərin təşkil etdiyi üzə çıxdı. Onlara qarşı minlərlə həkim və pasientin şəxsi məlumatlarını oğurlanması ilə bağlı ittiham irəli sürüldü. Cinayətkarlar ələ keçirdikləri bu məxfi məlumatlardan yararlanaraq, yaşlılara tibbi yardımın göstərilməsi  ilə məşğul olan "Mediker" sistemindən milyonlarla dollar çıxarmışdılar. Bütün bunları Nyu-Yorkda keçirdiyi mətbuat konfransında federal prokuror Prit Bxarara bəyan etdi.

Bundan başqa, Ohayo, Nyu-Meksiko və Corcia ştatlarında da şübhəli şəxslərə qarşı ittihamlar irəli sürüldü. Xüsusi xidmət orqanları fırıldaqçı sistemin 46 yaşlı erməni "qanuni oğru", kriminal dairələrdə daha çox Pzo ləqəbilə tanınan Armen Kazaryan tərəfindən yaradıldığını müəyyənləşdirdi.

Sonradan daha maraqlı məqamlar üzə çıxdı. ABŞ-da cinayətkar yolla vəsait əldə edən "Pzo"nun dəstəsi reketçilik, silah alveri, qiymətli metalların qaçaqmalçılığı ilə də məşğul olur, sonradan bu çirkli pulları Ermənistanda yuyurmuş. Bunlar Serj Sarqsyanın yaxın ətrafının iştirakı ilə baş verirmiş. Bu işdə xüsusilə prezidentin qardaşı Aleksandr (Saşik) Sarqsyanın adı çəkilirdi. Qeyd edək ki, həmin vaxt onun ABŞ-da biznesi də üzə çıxmışdı - "Qlendeyl Hills" tikinti şirkəti.

Ermənistan KİV-in məlumatına görə, Serj Azatoviç yaxınlarını Yerevan restoranlarından birinə toplayaraq əməlli-başlı bağırırmış: "Bir şey edin! Heç olmasa, istintaqçılarda türk kökü tapın!".

İrəvandakı mənbələrin bildirdiyinə görə, "Pzo işi"nin istintaqı ilə əlaqədar olaraq Ermənistanın baş prokuroru Aqvan Ovsepyan 2010-cu ilin dekabrında ABŞ-a yollanmış, o, geri qayıtdıqdan sonra isə ədliyyə naziri Gevorq Daniyelyan isteyaya göndərilmişdi. ABŞ Konqresindəki aparıcı erməni lobbiçiləri isə müstəqil Ermənistanın hökumət nümayəndələrilə əlaqələrini dərhal kəsmişdilər. Onlar sonradan bu əlaqələrə görə utanmaq istəmirdilər.

"Erməni qalmaqalı" Fransada da yaşanıb. 2012-ci ilin yanvarında Fransa Senatının üzvü, Klamar bələdiyyəsinin rəhbəri, Ermənistanda "erməni soyqırımı" qurbanlarının abidəsini ziyarət etmiş, Fransada "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunun qəbulu üçün əldən-ayaqdan gedən Filipp Kaltenbax bayağı şəkildə rüşvət alarkən həbs edilib. Milli.Az Türkiyənin "Hürriyyət" qəzetinə istinadən xəbər verir ki, tanışından 1000 avro rüşvət alan Kaltenbax ona yoxsullar üçün inşa olunan binadan mənzil verəcəyini vəd edibmiş.

Nəhayət, baronessa Koksla bağlı qalmaqal. Lordlar palatasının vitse-spikeri və Ermənistanla dostluq qrupunda Evansın həmkarı olan Koksun başçılıq etdiyi "Xristian həmrəyliyi" xeyriyyə təşkilatı yalnız Dağlıq Qarabağda fəaliyyət göstərmir. O, məsələn, Sudanda qulların pul müqabilində azad olunmasında fəal iştirak edib. Sxem sadə idi: əvvəlcə Avropa ölkələrində ianələr toplanılır, baronessanın silahdaşları Qərbi Afrikaya yollanırdılar. Orada xristian kəndlərinə hücumlar nəticəsində ələ keçirilmiş qullar yerli qul alverçilərindən alınaraq (Koksun iddiasına görə, Sudandakı qul alverçilərinin əksəriyyəti müsəlmanlardır və onlar qullara zorla islamı qəbul etdirirlər) azadlığa buraxılırdı. Paralel olaraq azad edilmiş qullarla müxtəlif ölkələrə turnelər, hətta mətbuat konfransları təşkil edilirdi. Belə mətbuat konfranslarından biri də Kanadanın Ottava şəhərində təşkil olunmuşdu: jurnalistlərə baronessanın şəxsən savannaya necə getdiyi, belə işlərdə vasitəçilik edən qul alverçilərilə gizli görüşlər keçirdiyi haqda danışılırdı. Amma onlar gözlənilmədən çox xoşagəlməz sualla qarşılaşdılar: baronessanın "xeyriyyəçiliyi" qul alverinə investisiya yatırılması kimi qiymətləndirildi. Ekspertlər hesab edir ki, onun bugünkü sistemi özünəməxsus zənciri xatırladır: başda bilavasitə qulları ələ keçirən başkəsənlər, ortada vasitəçi qul alverçiləri, sonda isə "alıcılar" gəlir. Onların hamısı, ilk növbədə isə qulları ələ keçirən banditlər sonuncuların pulları hesabına fəaliyyət göstərir. Burada qul alverçilərinə kimin və hansı məqsədlə ödəniş etməsinin, sonradan təşkil olunan mətbuat konfranslarında nələr söyləməsinin heç bir əhəmiyyəti yoxdur. Daha açıq gözlü ekspertlər xatırladır ki, eyni səbəblərdən terrorçulara girovlara görə ödəniş edilməsi qəbul olunmur. Mütəxəssislər isə tarixi faktla danışır: Şimal ilə Cənub arasındakı vətəndaş müharibəsindən öncə ABŞ abolisionistçilər hərəkatının fəalları, yəni quldarlığın aradan qaldırılmasının tərəfdarları heç zaman onların azad edilməsi üçün pul ödəməyib və bunu əxlaqsızlıq sayıblar. Onlar quldarlar üçün maksimum ağrılı olan başqa yola əl atırdılar: Cənubdan qulların artıq quldarlığın mövcud olmadığı ştatlara qaçmasına şərait yaradılırdı. Amerika məhkəmə sisteminə əsasən, bu hallarda aradan çıxa bilmiş qulu həbs etmək, geri qaytarmaq olmazdı.

Əlbəttə ki, siyasi maraqlar tələb etdikdə, bütün bunları "təsadüflər silsiləsi" saymaq olar. Amma ekspertlər daha bir xatırlatma edir. "Dostunu göstər kim olduğunu deyim" misalı çoxdan yeni forma alıb: "Lobbiçinin kim olduğunu de, nəyə layiq olduğunu söyləyim". Əslində lobbiçiliyə görə cəza nəzərdə tutulmur. Amma bir  var, məsələn, Avropaya ciddi enerji təhlükəsizliyi vəd edən boru xəttinin çəkilməsinə, Vaşinqton, London, Paris, Brüsselin maraqlarına tam cavab verən dövlətlərarası münasibətlərin inkişafına lobbiçilik etmək, bir də var, 100 il əvvəl baş verən hadisələr haqda danışaraq, NATO-nun cənub cinahının altına mina qoyulmasına, Türkiyəyə qarşı ərazi iddialarına əsas verə bləcək ideyalara "dəstək verilməsinə", Topalyan kimi terrorçuların müdafiəsinə, seçkilərdə etnik ermənilərin səslərini qazanmaq üçün, Fransada olduğu kimi, demokratiya və plüralizm nomaralarını kobudcasına pozan qanunun qəbuluna lobbiçilik etmək.

Yəni, burada söhbət müxtəlif lobbiçilk texnologiyalarından yox, ümumiyyətlə fərqli "lobbiçilər"dən gedir. 

Buna görə də Evansla bağlı qalmaqal çətin ki, erməni lobbisi üçün son "sürpriz" olsun.



MƏSLƏHƏT GÖR:

645